L. F. Baum oz ölkəsinin Qə



Yüklə 483,02 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix15.03.2018
ölçüsü483,02 Kb.
#32588
1   ...   15   16   17   18   19   20   21   22   23

     Doroti Papağı Taxt Otağına gətirdi, ovsunu oxudu və bir anda Uçan Meymunlar açıq 

pəncərədən içəri doluşmağa başladılar. Meymunların Başçısı qıza təzim edib soruşdu: 

     - Nə əmr edirsən? İkinci dəfədir bizi çağırırsan. 

     - İstəyirəm məni Kanzasa aparasız, - Doroti xahiş etdi. 

     Meymunların Başçısı başını buladı: 

     - Bu mümkün deyil. Biz bu ölkədə yaşayırıq və burdan kənara çıxa bilmərik. 

Kanzasda heç vaxt uçan meymun olmayıb, olmayacaq, çünki oralar bizim yerimiz deyil. Sənin 

bütün əmrlərini yerinə yetirərik, amma səhradan keçməyə ixtiyarımız yoxdur! Hələlik! 

     Bu sözlərlə Meymunların Başçısı pəncərədən uçub getdi, o biri meymunlar da onun 

dalınca uçdular. 

     Doroti peşman olmuşdu, az qalırdı ağlasın.  

     - İkinci arzumu əbəs yerə sərf etdim! Meymunlar mənə kömək etmədilər! – Doroti 

şikayətləndi. 

     - Hə..., bu çox pis oldu, - yumşaq ürəkli Dəmir Odunçu söylədi. 

     Bədheybət yenə də fikrə getdi. Fikirdən başı elə şişmişdi ki, Doroti partlayacağından 

qorxdu.  

     - Yaşıl saqqallı əsgəri çağıraq və ondan məsləhət alaq, - dedi. 

     Əsgəri çağırdılar, çəkinə-çəkinə qəbul zalına gəldi və dayandı, özünü narahat hiss 

edirdi, çünki heç vaxt burda olmamışdı. Bədheybət əsgərə dedi: 

     - Bu balaca qız Ölüm Səhrasından keçmək istəyir. Bunu necə edə bilər? 

     - Bilmirəm, - əsgər cavab verdi. – Bu vaxta qədər şəhərin heç bir sakini səhradan 

keçməyib, böyük Ozdan başqa. 

     - Yəni, mənə heç kim kömək edə bilməz? – Doroti həyəcanlandı. 

     - Qlinda kömək edə bilər... 

     - Qlinda kimdir? - Bədheybət soruşdu. 

     - Qlinda Cənub Pərisidir, pərilərin ən güclüsüdür, o, Kvodlinqlər ölkəsini idarə edir. 

Qlindanın sarayı səhrayla sərhəddir, bəlkə o bilər... 

     - Demək, Qlinda xeyirxah Pəridir? - Doroti soruşdu. 

     - Kvodlinqlər deyirlər ki, belədir. Eşitmişəm ki, çox gözəldir, əbədi cavanlığın sirrini 

bilir. 


     - Onun sarayına necə getmək olar? – Doroti əsgərdən soruşdu. 

     - Düz cənuba getmək lazımdır, - əsgər cavab verdi, -  amma oralar yaman təhlükəlidir. 

Meşələr yırtıcılarla doludur, yol əcayib canlıların yaşadığı yerdən keçir, həmin canlılar heç kimi 

öz torpaqlarına buraxmır, buna görə Kvodlinqlər Zümrüd Şəhərinə gələ bilmirlər. 

     Əsgər gedəndən sonra Bədheybət dedi: 

     - Yol təhlükəli olsa da, Doroti Qlindanı tapmalı və kömək istəməlidir. Doroti Zümrüd 

Şəhərində qalsa, Kanzasa heç vaxt qayıda bilməz. 

     - Bu fikrə gəlməkdən ötrü, yəqin, başını cox işlətmisən, - Dəmir Odunçu ehtimal etdi. 

     - Əlbəttə, - dedi Bədheybət. 

     - Mən Dorotiylə gedəcəm, - Aslan söhbətə qoşuldu. Şəhərdə yaşamaq zəhləmi töküb, 

yenidən təbiətə, meşəyə qayıtmaq istəyirəm, axı mən meşə heyvanıyam. Həm də Dorotini yolda 

kimsə qorumalıdır. 

     - Düzdür, - Dəmir Odunçu razılaşdı. - Baltam bizə kömək edər. Mən də cənuba 

gedirəm. 

     - Nə vaxt yola düşürük? – Bədheybət soruşdu. 

     - Sən də gedirsən? – hamı çaşqınlıq içərisində soruşdu. 

     - Bəs necə? Doroti olmasaydı, beynim də olmazdı. Doroti məni qarğıdalı tarlasındakı 

çubuqdan çıxartdı, özüylə Zümrüd Şəhərinə apardı. Mən ona çox borcluyam və Kanzasa 

qayıdana qədər həmişə yanında olacam. 

     - Minnətdaram! – Doroti kövrəldi. – Siz necə də yaxşı dostlarsız! Mən tezliklə yola 

düşmək istəyirəm. 

     - Sabah gedərik, - Bədheybət  qərara aldı, - gəlin, səfərə hazırlaşaq. Yol çox uzundur. 




 

 

19. Savaşan ağaclar 

 

     Ertəsi gün Doroti yaşıl qızla öpüşüb sağollaşdı və dostlar hamısı onları qapıya qədər 



ötürən yaşıl saqqallı əsgərin əlini sıxıb ayrıldılar. Şəhər Qapılarının Keşikçisi yolçuları görüb 

tanıdı və çox təəccübləndi ki, onlar yenə harasa gedirlər. Keşikçi açarla eynəklərin qıfıllarını 

açıb, onları yaşıl qutuya qoydu və yoçulara xoş arzularını bildirdi. 

     - İndi siz bizim hökmdarımızsız, - Keşikçi Bədheybətə dedi; - buna görə də mümkün 

olduğu qədər tez qayıtmalısınız. 

     - Bacardığım qədər tez qayıdacam, arxayın ol, - Bədheybət söz verdi, - ancaq əvvəlcə 

Dorotinin evə qayıtmasına kömək etməliyəm. 

     Doroti mehriban Keşikçiylə son dəfə sağollaşarkən dedi: 

     - Sizin gözəl şəhərinizdə məni yaxşı qarşıladılr, hamı çox xeyirxah və mehribandır. 

Mən hamıya təşəkkürümü bildirirəm. 

     - Bizimlə həmişəlik qalsaydın, sevinərdik, - Keşikçi dedi, - ancaq Kanzasa qayıtmağı 

bu qədər istəyirsənsə, sənə arzu edirəm ki, ora tez çatasan. - Bu sözlərlə Keşikçi qapıları taybatay 

açdı, dostlar şəhərdən çıxdılar. 

     Onlar Cənub Diyarına üz tutdular. Günəş saçırdı, hamının kefi kök idi, gülürdülər. 

Doroti evə qayıdacağını xəyal edirdi, Bədheybətlə Dəmir Odunçu bu arzunun həyata yetməsi 

üçün əlindən gələni etməyə hazırdı.  Aslan təmiz havanı fərəhlə ciyərlərinə çəkir, şən halda 

quyruğunu bulayırdı. Toto hürə-hürə kəpənəklərin dalınca qaçırdı. 

     Aslan dedi: 

     - Yox, şəhər həyatı mənlik deyil. Meşədən gedəndən sonra çox arıqlamışam və 

səbirsizliklə necə qoçaq olduğumu meşə heyvanlarına göstərmək istəyirəm. 

     Dostlar son dəfə Zümrüd Şəhərinə baxdılar. Burdan yalnız şəhərin damları və Oz 

sarayının günbəzi görünürdü. 

     - Hər halda, Oz o qədər də pis sehirbaz deyil, - sinəsində ürəyinin döyüntüsünü duyan 

Dəmir Odunçu dedi.  

     - Mənə  necə bir beyin verəcəyini bilirdi, özü də yaxşı beyin, - Bədheybət təsdiqlədi. 

     - Oz mənə verdiyi mərdlikdən özünə də bir az götürsəydi, heç nədən qorxmazdı., - 

Aslan əlavə etdi. 

     Doroti susmuşdu. Oz qıza verdiyi vədə əməl etməmişdi, amma var gücüylə buna 

çalışmışdı, odur ki, Doroti onu bağışlamışdı. Oz pis sehirbaz olsa da, pis adam deyildi. 

     Səfərin birinci günü dostlar əlvan güllü-çiçəkli yaşıl çəmənlikdən keçdilər. Bu 

çəmənliklər Zümrüd Şəhərini hər tərəfdən əhatə etmişdi. Yolçular otların üstündə, iri ulduzlarla 

dolu açıq səma altında gecələdilər, yaxşıca dincəldilər. 

     Səhər hamı yenə yola düşdü, gəlib qalın bir meşəyə çatdılar. Meşə çox böyük idi, hər 

iki tərəfdən üfüqə qədər uzandığına görə meşənin ətrafından dövrə vurub keçmək mümkün 

deyildi; bundan başqa, yollarını aza biləcəklərindən qorxduqlarına görə istiqamətlərini 

dəyişdirməyə də qorxurdular. Bu üzdən meşənin içərisinə girməkdən ötrü bir cığır axtarmağa 

başladılar. 

     İrəlidə gedən Bədheybət elə qollu-budaqlı böyük ağac gördü ki, onun altından rahat 

keçmək olardı. Bədheybət ağaca yaxınlaşanda, budaqlar aşağı endi, saman bədəni dövrəyə aldı. 

Bədheybət cınqırını çıxarmağa macal tapmamış, ağac onu geriyə, dostlarının yanına tulladı. 

Düzdür, Bədheybətə heç nə olmadı, lakin çox təəccübləndi. Doroti onu ayağa qaldıranda başı 

hələ də fırlanırdı. 

     - Baxın, oradan da keçmək olar! - Aslan ağacların arasını göstərdi. 

     - Qoy mən risq edim, - Bədheybət təklif etdi. – Axı yıxılmaqdan qorxmuram. – Bu 

sözlərlə o, ağacların arasına girdi, amma yenə də budaqlar onu kənara tolazladılar.  

     - Əcəb işdir! – Doroti çığırdı. – İndi biz neyləyək? 




Yüklə 483,02 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə