M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə59/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   55   56   57   58   59   60   61   62   ...   91
Muhazire fəlsəfə

Elmi idrakın nəzəri metodları.
Elmi idrakın istifadə etdiyi fikri proseslər içərisində ideallaşdırma xüsusi yer tutur. Nəzəri tədqiqatın səmərəli üsullarından olan ideallaşdırma abstraktlaşdırma əməliyyatı ilə üzvi surətdə bağlıdır. İdeallaşdırma prosesində varlıq “sadələşdirilir”, “yoxsullaşdırılır”, belə ki, baxılan halda predmetə xas olan az əhəmiyyətli və ya əhəmiyyətsiz parametrlər, əlamətlər ixtisar edilib nəzərə alınmır. Bu proses fikri elementlərin, ideallaşdırılmış, nəzəri obyektlərin yaradılması ilə bağlıdır. Ümumiyyətlə, elmi idrakda gerçəklikdə mövcud olmayan, əməli həyata keçirilə bilməyən “ideal” obyektlərdən geniş istifadə olunur. “Maddi nöqtə” “ideal qaz”, “sıxılmayan maye”, “mütləq bərk cisim”, “nöqtəvi yük”, “nöqtə”, “düz xətt”, “müstəvi”, “üçbucaq” və s. anlayışlar fizika və riyaziyyatda istifadə olunan ideal obyektlərdir. Gerçəklikdə bu cür obyektlər olmasa da, onların fikrən quraşdırılması mühüm idraki əhəmiyyət kəsb edir. Bu qəbildən olan obyektlərin quraşdırılması prosesi ideallaşdırma adlanır.
İdeal obyektlərin fikrən quraşdırılması prosesi hökmən şüurun abstraktlaşdırma fəaliyyətini tələb edir. Məsələn, “mütləq bərk cisim” ideal obyektini yaradarkən biz real cisimlərin kənar qüvvələrin təsirilə deformasiyaetmə qabiliyyətindən sərfnəzər etmiş oluruq.
İdeallaşdırma haqqında yuxarıda deyilənlərdən aydın olur ki, ideal obyektlərin quraşdırılması prosesində biz hökmən aşağıdakı məqsədlərə nail olmalıyıq:

  1. real obyektləri onlara məxsus bəzi xassələrdən sərfnəzər etməliyik;

  2. bu obyektlərə fikrən qeyri-real, praktiki reallaşa bilməyən hipotetik xassələr isnad etməliyik.

İdrakda ideallaşdırmadan yalnız o hallarda istifadə olunur ki, idrak obyekti kifayət qədər mürəkkəb olsun. Bu metod əsasında xəyalən yaradılan ideal obyektlər mürəkkəb proseslərə ilk yanaşma olub, bu sonuncuların obyektiv qanunauyğunluqlarının təxmini olsa da, əks etdirilməsi yolunda atılmış çox səmərəli bir addımdır.

M. 11. TEXNİKA FƏLSƏFİ DÜŞÜNCƏLƏRİN OBYEKTİ KİMİ

Texnika çox mühüm sosial törəmə və fenomendir. Müdriklərdən biri – Ernest Kann demişdir ki, bəşəriyyətin tarixini ciddi araşdırsaq, deyərdim ki, bu tarix son nəticədə daha yaxşı alətlərin kəşfi tarixidir. “Texnika” anlayışı ilk dövrlərdə Yunanıstanda sənət, ustalıq, bacarıq mənasında işlənilmişdir. Sonralar bu anlayış çox genişlənmiş və daha dərin, hərtərəfli əhəmiyyəti olan anlayışa çevrilmişdir. Artıq biz indi texnika dedikdə, maddi istehsal prosesini həyata keçirməyi və cəmiyyətin mənəvi, məişət və digər qeyri-istehsal tələbatlarını ödəmək üçün insanların yaratdığı vasitələri nəzərdə tuturuq.


Hər bir fəaliyyət, xüsusilə də maddi fəaliyyət gözlənilən nəticəyə nail olmaq üçün müəyyən vasitə və üsullara əsaslanmalıdır. Bu vasitə və üsullar sırasında mühüm yer texnikaya və texnologiyaya məxsusdur.
“Texnika” anlayışı yunan dilində “techne” sözündən götürülmüşdür, mənası bacarıq, ustalıq deməkdir. Texnikada mənəvi-ruhi və maddi vəhdətdə çıxış edir, onların bir-birinə qarşılıqlı nüfuz etməsi və birinin digərinə çevrilməsi məhz texnikada xüsusi proses kimi baş verir. Texnika bir tərəfdən, insanın özünün maddi və digər fəaliyyətinin vasitələri sistemidir, digər tərəfdən, istənilən fəaliyyət növündə onun bacarıq və vərdişlərinin müəyyən bir cəmidir. Texnikanın müxtəlif növlərinə müvafiq zəruri bilik, mənəvi-ruhi və istehsal vərdişləri xas olmalıdır. Texnikanın bu ikili təbiəti ona insan zəkasının, onun yaradıcı istehsalının və biliyinin təcəssümü kimi baxmağa imkan verir.
Texnikanın yaranması və inkişafının mühüm şərtlərindən birini texnologiya təşkil edir. Texnologiya texniki-istehsal funksiyaları həyata keçirməklə çox mühüm sosial-tarixi funksiyanı həyata keçirərək, insanların ətraf aləmə düşünülmüş fəal münasibətini əks etdirir. Texnologiyada insanların öz zəruri tələbatlarını təmin etmək üçün təbiətə və onda gedən proseslərə münasibətlərində texniki-istehsal və ictimai-sosial amilləri vəhdətdə ifadə olunur.
Texnologiya həmçinin təbiət qanunları haqqında biliklərdir, bu biliklərin maddi-praktiki fəaliyyətdə tətbiq edilməsidir. Texnologiya arzu olunan nəticəni əldə etmək üçün insanın texnika ilə birləşdirilməsidir.
Qədim dövrlərdən texnologiyanın, eləcə də texnikanın inkişafı elmi biliklərin səviyyəsindən asılı olmuşdur. Texnologiyalarda təbii proseslərin süni təkrar yaradılması insanın mənəvi-ruhi səyinin güclənməsini və təbiətşünaslığın inkişafını təmin etdi. Müasir lazer, nüvə. Elektron texnologiyaları təbiətin sirlərinə daha dərindən nüfuz etmək və onlardan istifadə etmək üçün materiallar və prinsiplər yaratmaqla əlaqədardır. Bunlar isə sözsüz ki, fundamental elmlərin inkişafı sayəsində mümkündür. İnsan fəaliyyətinin müxtəlif növlərinin texnoloji təkmilləşdirilməsi istehsalın və bütövlükdə cəmiyyətin inkişafının çox güclü stimuludur. Bəşəriyyətin sivilizasiyaya doğru inkişafı ictimai həyat töhfələrinin bir-birini əvəz etməsi, istehsalın texnoloji üsullarının dəyişməsi, elmdə və texnikada inqilabi dəyişikliklərlə bilavasitə əlaqədar olmuşdur.
Texnikanın və texnologiyanın ictimai inkişaf prosesinə təsirinə müxtəlif münasibətlər mövcuddur. Məsələn, antropoloji və instrumental münasibətə görə texnika insan varlığının atributudur, onun yaradıcı fəaliyyətinin ifadə üsuludur. Bu baxışın nümayəndələrinin rəyincə (M.Şeler, A.Helen, C.Dyun), texnika və texnologiya insan fəaliyyətinin həyati əhəmiyyət kəsb edən məqsədəuyğun, məqsədyönlü vasitələrinin cəmidir.
Texnika və texnologiyanın texniki-rasional təhlilinin nümayəndələri (H.Başlyar, P.Dokasse, E.Aqassi, B.Rassel) onların hər ikisinin tam avtonom və müstəqil olduqlarını söyləmişlər, texnikanın və texnologiyanın tarixi inkişafın və sosial tərəqqinin yeganə mühüm səbəbi olması rəyində qalmışlar.
Antitexnisizmin müxtəlif cərəyanları, o cümlədən evolyusionistlər və irrasionistlər (C.Bernal, A.Berqson, A.Veber, N.Berdyayev, O.Şpenqler, K.Yaspers, E.Fromm) texnika və texnologiyanı insanın total özgələşməsinin, mədəniyyətin məhvinin, insan mövcudluğunun əsaslarının dağılmasının, hətta bəşəriyyətin deformasiyasının ilkin səbəbi hesab etmişlər.
Deməli, bir qrup mütəfəkkirlər, texnikanın və texnologiyanın mövcud və gələcək problemlərin həllində rolunu mütləqləşdirir, digərləri isə bəşəriyyəti xilas etmək üçün geriyə - təbiətə, təbii həyat tərzinə qayıtmağı tövsiyə edirlər. Bunu da deyək ki, insan ilə texnika və texnologiya arasında qarşılıqlı təsirin əsasında təbii ilə (təbiət) insanın özü tərəfindən yaradılan ikinci təbiətin əlaqələndirilməsi durur.
Sosial tarixdə ikinci təbiət böyük əhəmiyyətə malikdir. Məhz o insanı təbiətdən, heyvanat aləmindən ayırır. Texnikanın və texnologiyanın özünün yaranması isə insanın mahiyyəti ilə bağlı olan qüvvənin, inkişaf prosesinin qavranılması ilə əlaqədar olmuşdur. Belə ki, texnika və texnologiyada insanın təbiətinə xas olan qabiliyyət və intellektual keyfiyyətlər cəmləşir. Onlarda təbiətin qanunauyğunluqları, həyata uyğunlaşma fəaliyyətinin təbii-bioloji qanunauyğunluqları və ətraf mühiti ağlabatan formada dəyişdirmək qanunauyğunluqları qarşılıqlı surətdə əlaqələndirilir. Təbii olanın bəşəriyə çevrilməsi də bundan ibarətdir.
Bununla belə, təbii olanla süni olan, insan ilə texnika arasında əlaqə çox ziddiyyətlidir. İnsanın texniki və texnoloji imkanlarını sonsuz artırmaq, onları ardıcıl olaraq mürəkkəbləşdirmək müasir bəşəriyyəti təbii olanla süni olan arasındakı nisbəti, müvazinəti pozmaq təhlükəsinə vardırmışdır. Bu isə bütün bəşəriyyətin məhvinə səbəb ola bilər.
Elmi-texniki inqilabın müasir ictimai inkişafa mənfi təsiri keçən əsrin 60-70-ci illərində “Roma klubunun” üzvlərinin diqqətini cəlb etmişdir. Onların fikrincə, texnoloji rasionallığın hökmranlığının artması, onun siyasi hakimiyyət formasına çevrilməsi, azadlığın itirilməsi, şəxsiyyətin özgələşməsi, ictimai münasibətlərin humanizmdən kənarlaşması, təbiətin məhvi bəşəriyyəti özünüməhvə doğru itələyir.
İstehsal və onun texniki-texnoloji təchizatı tarixi dövrləri və sivilizasiyaları fərqləndirməkdə mühüm meyardır. Texnika və texnologiyada tarixi müəyyənliyin mahiyyəti və dünya mədəniyyətinin inkişafında varislik məcmu halında ifadə olunur. Onların məzmunu insanların tələbatının zənginlik dərəcəsini və dəyişməsini əks etdirir. Bundan əlavə, cəmiyyətdə sosial əlaqələrin xüsusiyyəti, həyat tərzi, mənəvi-ruhi təkrar istehsalın dinamikası, təbiətə münasibətin üsulu, bütövlükdə gerçək həyatın prosesləri texnikanın və texnologiyanın məzmununun araşdırılması vasitəsilə öyrənilir.
Bəşəriyyətin inkişafı müxtəlif amillər əsasında baş verir. Lakin bütün hallarda tarixi inkişafda həlledici üstünlük istehsala məxsusdur. Elmi-texniki və texnoloji tərəqqi sosial tərəqqinin tərkib hissəsini təşkil edir. İnsanın mühitə fəal uyğunlaşması, onun məqsədəuyğun, məqsədyönlü fəaliyyəti, öz varlığını saxlamaq üçün şərait yaratması həyatın texniki-texnoloji sferasının yaradılmasının ilkin şərtləridir. Tarixi zaman daxilində texnikanın və ondan istifadə üsullarının dəyişməsi bəşəriyyətin sosial tərəqqisini əks etdirir. Texnika və texnologiya tarixində insanın keyfiyyətlərinin dəyişməsi, onun mənəvi-ruhi yaradıcı fəallığı öz əksini tapır. Keçmiş, indi və gələcək arasında əlaqə, başlıca olaraq, elm, texnika və texnologiya vasitəsilə yaranır.
Texnika və onun texnoloji təyinatının vəhdəti istehsalın texnoloji üsulu adlandırılır. Bu əlaqədə baş verən köklü dəyişikliklər tarixi zaman zərfində insan fəaliyyətinin forma və xarakterini müəyyən edir. Bu cəhətdən müxtəlif tarixi dövrləri fərqləndirmək olar. Məlumdur ki, texniki vasitələri təbiət materialından yaratmaqla onların cilalanması üsuluna görə tarixdə daş, tunc, dəmir dövrlərini bir-birindən fərqləndiririk.
Əmək predmetini və fəaliyyətin növünü dəyərləndirmək bizə texnoloji üsulların bir-birini əvəz etməsində epoxanı təşkil edən durumları fərqləndirmək imkanı verir. Məsələn, ibtidai icmada qida məhsullarının toplanılması, ov, maldarlıq, əkinçilik, sonralar sənətkarlıq, sənayeçilik, informasiya fəaliyyətləri.
Texniki vasitələrdən istifadə etməyin səviyyəsinə görə ictimai inkişafda sivilizasiyaları da fərqləndirmək mümkün olur. Vəhşilik və barbarlıqda sadə əl alətləri texnologiyasını; kosmogen sivilizasiyasında mürəkkəb alət texnologiyasını; texnogen sivilizasiyasında maşın texnologiyasını; antropogen sivilizasiyasında informasiya texnologiyasını misal göstərmək olar.



Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə