Мцндяриъат



Yüklə 302,32 Kb.
səhifə6/12
tarix06.05.2018
ölçüsü302,32 Kb.
#41527
1   2   3   4   5   6   7   8   9   ...   12

HESAB GÜNÜNÜN

PEŞMANÇILIĞI

Sur çalınacaq və Allahın istədiyi kəslərdən başqa göylərdə və yerdə kim varsa, düşüb öləcəkdir. Sonra sur bir daha çalınacaqdır, onlar qəbirlərindən çıxıb baxışacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməl kitabı ortaya qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcək. Onların arasında haqla hökm veriləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir. Hər kəsə etdiyi əməlin haqqı tam veriləcəkdir. Axı O, onların tutduqları əməlləri çox yaxşı biləndir (“Zumər”, 39/68-70)”.


Dünyaya gəlib-getmiş bütün insanlar hesab günü dirildiləcəklər. Ancaq inkar edənlər üçün diriliş anı çətin keçəcək. İnkarçıların diriliş anındakı çaşqınlıqları və o vəziyyətdəki danışıqları Quranda belə xəbər verilir:

Onlar deyərlər: “Vay halımıza! Uyuduğumuz yerdən bizi kim qaldırdı? Bu ki Mərhəmətlinin vəd etdiyidir, elçilər doğru deyirlərmiş!” (“Yasin”, 36/52)”.

Haqq olan vədə yaxınlaşanda kafirlərin gözləri bərələcək: “Vay halımıza ki, biz bundan bixəbər olmuşuq! Bəli, biz haqsız olmuşuq”, - deyəcəklər. (“Ənbiya”, 21/97)”.

“Vay halımıza!” nidası onların yaşadıqları böyük qorxu və peşmançılığın ifadəsidir. Çünki həyatları boyu onları axirətlə tənbeh edib, qorxudan insanların doğru söylədiklərini yenidən dirildikləri gün başa düşəcəklər. Dolayısı ilə onlara vəd edilən başqa nəsnələrin də başlarına gələcəyini artıq anlayacaqlar. Bir zamanlar həqiqət olduğuna inanmadıqları əzabı çəkməyə məcbur ediləcəklər və qurtulmaq imkanları da olmayacaq.

Inkar edənlər dirilişdən sonra Allahın hüzuruna gətiriləcəklər və bütün əməllərindən dolayı sorğu-suala çəkiləcəklər. Bu hesablara görə də barələrində hökm veriləcək. Bundan ötrü onlar kimi dünyada Allahın qoyduğu məhdudiyyətləri tanımayan, qürurlanaraq hərəkət edən insanların hamısı birlikdə Allahın hüzuruna gətiriləcəklər:

Sur səslənən gün bölük-bölük gələcəksiniz. (“Nəbə”, 78/18)”.

Bu hesab günü inkarçılar heç nəyin Allahın razılığını qazanmaqdan və Onun əzabından qorunmaqdan daha əhəmiyyətli olmadığını anlayarlar. Allahın gücünü və varlığını təsdiqləyən dəlillər açıq olduğu halda və Allah Onun razılığını qazanmağın yollarını göstərməsinə baxmayaraq, bu fürsətdən nə üçün yararlana bilmədiklərini fikirləşdikcə yaşadıqları peşmançılıq daha da şiddətlənər. Danışıqlarından içlərindəki peşmançılıq açıq-aşkar hiss edilər:

O gün haqsız kəs öz əllərini dişləyərək deyəcəkdir: “Kaş mən peyğəmbərlə birgə yol tutaydım! Vay halıma! Kaş filan-filan olmuşu özümə dost görməyəydim! Zikr mənə gəldikdən sonra o, məni ondan yayındırdı. Doğrudan da şeytan bərk ayaqda insanı qoyub qaçar” (“Furqan”, 25/27-29)”.

Inkar edənlər hesab günü bütün bunları düşünərkən tamamilə öz hallarının qeydinə qalarlar. Belə ki, nə uşaqlarını, nə həyat yoldaşlarını, nə analarını, nə də atalarını gözləri görməz. Allah bu vəziyyəti Quranda belə təsvir edir:

Qulaqbatırıcı səs gələndə, o gün insan öz qardaşından qaçar, öz anasından və atasından, həyat yoldaşı və oğlanlarından da. O gün onlardan hər kəsin özünə kifayət edəcək işi olacaqdır. (“Əbəsə”, 80/33-37)”.

Qohumluq əlaqələrinin daha onlar üçün heç bir əhəmiyyəti qalmamışdır. Bu adamlar üçün əsas olan yeganə məsələ Allahın əzabından qurtula bilməkdir. Bunun müqabilində isə övladlarını, həyat yoldaşlarını, bacı və qardaşlarını fidyə olaraq verməyi də təklif edərlər:

O gün səma ərimiş mis kimi, dağlar da lazımsız yun kimi olacaqdır və dost dostun halını soruşmayacaqdır. O gün onlar bir-birilərinə göstəriləcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyəcəkdir. Oğlanlarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş qohum-əqrəbasını, yerdə olan kimsələrin hamısını da, təki sonra bu, onu xilas etsin. Xeyr! O dəhşətli atəşdir! (“Məaric”, 70/8-15)”.

Əlbəttə, hesab günü inkar edənlərin sərf etdikləri bu əmək nəticəsiz qalacaq. Həmin insanların dünyada ikən mal, məqam və övlad sahibi olmaq ən böyük arzuları olmuşdu. Hətta bu məqsədlərinə çata bilmək üçün bütün həyatlarını sərf etmişdilər. Ancaq hesab günü bunların heç birinin dəyəri olmadığını başa düşəcəklər. Allahın yanına gətirildikləri an inkarçıların yox olmaq istədikləri, möminlərin isə həvəslə gözlədikləri və sevincli olduqları andır. Allah bu anı ayələrdə belə təsvir edir:

O gün parlaq üzlər, gülər və şən üzlər də olacaqdır. O gün üzərinə toz çökmüş üzlər, his basmış üzlər də olacaqdır. Bunlar isə kafirlər və pozğunlardır. (“Əbəsə”, 80/38-42)”.

O gün inkarçıların sahib olduqları ən qiymətli şey Allahın razılığını qazanmaq məqsədi ilə etdikləri yaxşı əməllərdir. Ancaq inkar edənlər əbədi həyatlarını qurtara biləcək bu qiymətli xəzinəyə malik deyillər. Həyatları boyu hesab günü Allaha təqdim edə biləcəkləri, ortaya çıxaracaqları bir yaxşılıq və xeyirxah iş etməmişlər. İman gətirmədiklərinə görə özləri yaxşı əməl kimi qəbul etdikləri işlər də hədər getmişdir. Allah bu həqiqətə Quranda belə diqqət çəkir:

De: “Əməllərinə görə ən çox ziyana düşənlər barədə sizə xəbər verəkmi? O kəslər ki, özləri yaxşı işlər gördüklərini güman etdikləri halda, onların dünya həyatındakı cəhdləri boşa çıxmışdır”. Bunlar öz Rəbbinin ayələrinə və onunla görüşə inanmayan, buna görə də əməlləri hədər getmiş kəslərdir. Qiyamət günü Biz onlar üçün heç mizan-tərəzi də qurmayacağıq. (“Kəhf”, 18/103-105)”.

Dini inkar edənlər axirət gününün mövcudluğuna həmişə şübhəylə yanaşdıqları üçün o günə hazırlanmağa ehtiyac hiss etməmiş, ancaq keçici olan həyatda mal toplamaqla, nəfslərinin istəklərinə tabe olmaqla ömürlərini keçirmişlər. İndi isə heç cür düzəldə bilməyəcəkləri bir peşmançılıqla qarşı-qarışyadırlar:

Deyəcəklər: “Vay halımıza, bu ki, haqq-hesab günüdür!” Onlara deyiləcək: “Bu, sizin yalan hesab etdiyiniz ayırdetmə günüdür.” (“Saffat”, 37/20-21)”.

Üstəlik, dünyada etmiş olduqları bütün vicdansızlıqlar, pisliklər və nankorluqlar Allah qatında nöqsansız olaraq ortaya çıxarılacaq. Və onlar da etdikləri günahlara şahidlik edəcəklər. Bu vəziyyət Quran ayələrində belə ifadə edilir:

Onlar sənin Rəbbinə cərgə-cərgə göstəriləcəklər (və onlara deyiləcək): “Hüzurumuza sizi ilk dəfə xəlq etdiyimiz görkəmdə gəldiniz. Siz isə iddia edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”. Əməl dəftəri ortaya qoyulacaq və sən günahkarların onda olanlardan necə qorxuya düşdüklərini görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə dəftərdir ki, nə kiçik, nə də böyük bir günahı buraxmadan hamısının hesabını aparmışdır!”. Onlar tutduqları əməllərini göz qabağında görəcəklər. Sənin Rəbbin heç kimə haqsızlıq etməz. (“Kəhf”, 18/48-49)”.



O gün insanlar əməlləri onlara göstərilsin deyə, bölük-bölük yerlərindən sıçrayıb çıxarlar: “O gün əməlləri özlərinə göstərilmək üçün insanlar qəbrlərindən dəstə-dəstə çıxacaqlar. Kim bir zərrə qədər xeyir iş tutubsa, onu da görəcəkdir. Kim bir zərrə qədər şər iş tutubsa, onu da görəcəkdir. (“Zilzal”, 99/6-8)”.

Allahın Quran ayələrində bildirdiyinə görə, bundan sonra növbə kitabların verilməsinə gəlir. Kitablar möminlərin sağ tərəflərindən verildiyi halda, inkar edənlərin sol tərəflərindən verilir. İnkarçılar ölüm mələkləri yanlarına gəlib canlarını aldığı andan peşmançılıq hiss edirlər. Bir peşmançılığı da kitabları əllərinə veriləndə keçirərlər. Allaha qarşı etdikləri günahları görmək istəməz, bir az tez yox olmağı təmənni edərlər. Onların bu vəziyyətləri ayələrdə belə ifadə edilir:

Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi! Onda mən haqq-hesabımı da bilməzdim. Kaş ölüm birdəfəlik olaydı! Mal-dövlətim də məni qurtarmaz. Hökmranlığım da məhv olub getdi.” (“Haqqə”, 69/25-29)”,

...O gün insan öz əllərinin etdiyi əməlləri görəcəkdir və kafir deyəcəkdir: “Kaş torpaq olaydım!” (“Nəbə”, 78/40)”,

Əməl dəftəri arxasından verilənə gəlincə, o, ölümü haraylayacaqdır, o, cəhənnəm odunda yanacaqdır. Halbuki o, dünyada öz ailəsi içərisində şad idi. Heç vaxt Rəbbinə qayıtmayacağını zənn edirdi. Xeyr! Axı Rəbbi onu görürdü. (“İnşiqaq”, 84/10-15)”.

Bütün bunları görən inkarçılar dünyada yaşadıqları vaxt ərzində nə qədər böyük bir fürsəti qaçırdıqlarını başa düşərlər. Bunu anlayanda da o böyük sıxıntını, yəni peşmançılığı ən şiddətli şəkildə yaşayarlar. Lakin bunun əksinə, möminlərin sevinc içində olduqlarına şahid olarlar. Bunu görən inkarçılar daha çox peşmançılıq çəkərlər. Çünki dünyada ikən inadkarlıqla möminlərin hər çağırışına qarşı çıxmış və özlərinin daha ağıllı olduqlarını düşünərək, onlara arxa çevirmişdilər. Amma bir ayənin ifadəsilə desək, “dəqiq tərəzilər” qoyulmuşdur. Hamı kitabında yazılan əməllərinə görə cənnətə ya da cəhənnəmə atılacaqdır. Hesab günü inkarçılar hara gedəcəklərini əvvəlcədən başa düşər və buna görə də çox qorxarlar. Belələrinin yaşadıqları qorxu bir ayədə belə bildirilir:

Sən haqsızların qazandıqları (günahların cəzasından) necə qorxduqlarını görürsən. Bu isə mütləq başlarına gələsidir... (“Şura”, 42/22)”.

Sonra Allahın sonsuz ədaləti təcəlla edər və hər kəsə etdiklərinin əvəzi bir zərrə belə əksik olmadan verilər:

Biz Qiyamət günü üçün ədalət tərəziləri quracağıq. Heç kəsə heç nədə haqsızlıq edilməyəcəkdir. Əməli bir xardal dənəsi ağırlığında belə olsa, Biz onu gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir. (“Ənbiya”, 21/47)”.

Möminlər asan hesaba çəkildikləri halda, inkar edənlərin hesabı çox çətin olar. Allahın dünyada onlara bəxş etdiyi hər nemətdən bir-bir hesaba çəkiləcəklər. Allahın əmr və tövsiyyələrinə tabe olub-olmadıqları, harada nankorluq etdikləri, içlərindəki üsyankar fikirlər, pis sözlər, qulaq ardına vurduqları tənbehlər kimi həyatlarının hər anıyla bağlı əməllər barədə hesab verəcəklər. Ancaq qeyri-səmimi bəhanələri həmin gün keçməyəcək, hətta üzr istəmələrinə də icazə verilməyəcək. O gün inkarçıların qarşılaşacağı vəziyyət Quranda belə təsvir edilir:

Yalan hesab edənlərin o gün vay halına! Bu, elə bir gündür ki, danışa bilməzlər, üzrxahlıq etməyə də onlara izn verilməz. Yalan hesab edənlərin o gün vay halına! Bu, sizi və sizdən əvvəlkiləri bir yerə cəm etdiyimiz ayırdetmə günüdür. Əgər bir hiyləniz varsa, Mənə qarşı qurun! Yalan hesab edənlərin o gün vay halına! (“Mürsəlat”, 77/34-40)”.

Hesab tərəzisinin yaxşılıqlar toplanan gözü yüngül gələn inkarçılar ayədə deyildiyi kimi, “...artıq nə tədarük etdiyini bilmişdir” və gedəcəkləri yer də məlum olmuşdur. (“Təkvir”, 81/14.)



Bu əzablı yer ayələrdə “haviyə” olaraq adlandırılmışdır: “Kimin yaxşı əməllərinin tərəzisi ağır gələrsə, o xoş güzaran içərisində olacaqdır. Kimin tərəzisi yüngül gələrsə, onun anası cəhənnəm uçurumu olacaqdır (onu cəhənnəm uçurumu ağuşuna alacaqdır). Onun nə olduğunu sən haradan biləsən?! O, çox qızmar bir oddur! (“Qariə”, 101/6-11)”.

Bütün bunlar hesab günü inkar edənlərin yaşayacaqları böyük peşmançılığın şiddətini başa düşməkdən ötrü çox əhəmiyyətlidir. Çünki o gün gələndə insan peşman olmaq üçün gecikmiş olacaq. Əgər burada anladılanları fikirləşib, Allahın razı qalacağı gözəl davranışlarını çoxaldarsa, yuxarıdakı ayədə bildirildiyi kimi “tərəzisi ağır gələcəkdir”. Ancaq bu şəkildə əbədi peşmançılıqdan qurtula biləcəkdir.



Yüklə 302,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə