Filologiya məsələləri, 2017
127
bir sözün də sintaqma ola bildiyini söyləyir. Madam bir söz sintaqm ola bilirsə,
deməli söz birləşməsi də sintaqma olur. Əsas fərq odur ki, sintaqma rabitəli
mətndən, daha doğrusu nitqdən götürülür. Nitq kontekstindən seçim olmadıqda
sintaqma da yoxdur. Dildə fonem, morfem, söz birləşməsi vahiddir. Bunlar
rabitəli nitqdən götülmədən də düzəldilir. Belə bir cümləyə baxaq: «Stolun üstü
pəncərənin rəngbərəng şüşələrindən düşən gün işığından əlvan rəngə
boyanmışdı». Bu cümləni sintaqmalara ayırsaq stolun üstü, pəncərənin
rəngbərəng şüşələrindən düşən, gün işığından, əlvan rəngə boyanmışdı
sintaqmalarını alarıq ki, bunlardan birincisi söz birləşməsidir və nitq
kontekstindən ayırma nəticəsində sintaqmaya çevrilmişdir. Rabitəli nitqə
məhsulunu sintaqmalara ayırdıqda kontekstin bütün ünsürləri sintaqmaların
tərkibinə ardıcıl daxil olmalıdır. «Xacə Ənvər bardaş qurub hökmdarın ayaqları
altında, xalçanın üstündə oturdu (Y.Səmədoğlu) - cümləsində hökmdarın
ayaqları altında, xalçanın üstündə statik birləşmələr, Xacə Ənvər oturdu, bardaş
qurub oturdu, hökmdarın ayaqları altında oturdu, xalçanın üstündə oturdu
birləşmələri dinamik birləşmələr - sintaqmlardır»»[6, 40]. Sözlərin bir-biri ilə
sintaqmatik planda əlaqələnməsi imkan verir ki, Xacə Ənvər oturdu, bardaş
qurub oturdu, hökmdarın ayaqları altında oturdu, xalçanın üstündə oturdu kimi
birləşmələrin hər birinə sintaqma deyək. Ancaq nümunədə söz düzümü
nəticəsində bir sintaktik tam formalaşdırılmışdır: Xacə Ənvər bardaş qurub
hökmdarın ayaqları altında, xalçanın üstündə oturdu. Cümlənin üç sintaqması
vardır: 1) Xaçə Ənvər bardaş qurub; 2) hökmdarın ayaqları altında; 3) xalçanın
üstündə oturdu. Digər şəkildə bölgü, daha doğrusu Q.Kazımovun bölgüsü bir
qədər başqa aspektdədir.
Xacə Ənvər oturdu
bardaş qurub oturdu
hökmdarın ayaqları altında oturdu
xalçanın üstündə oturdu
Verilmiş dörd sintaqmanın hər biri predikativ sintaqma şəklindədir.
Onların hər birində «oturdu» predikativi istifadə edilmişdir. Bu bölgüdə birinci
sintaqma əsas fəaliyyəti və ya nisbi bitmiş fikri ifadə edir. İkinci sintaqmada
hərəkətin subyekti çıxarılmış, əvəzində bu subyektin oturma tərzi verilmişdir.
Növbəti iki sintaqmada məkan dəqiqləşdirilməsi müşahidə olunur. Cümlə
sintaqmalara ardıcıl parçalanırsa, Azərbaycan dilində predikativ son
sintaqmanın tərkibinə daxil edilməlidir. O, bütün sintaqmalara daxil etmək
düzgün deyildir. Cümlənin predikativ informativ tamlara bölünməsində isə
predikativ bütün bölgü vahidlərinə daxil edilə bilər. Əgər cümləni «Xacə Ənvər
bardaş qurub hökmdarın ayaqları altındakı xalçanın üstündə oturdu» şəklinə
salsaq, onu cəmi iki və ya üç sintaqmaya bölə bilərik:.
I variant:
Xacə Ənvər bardaş qurub
Filologiya məsələləri, 2017
128
hökmdarın ayaqları altındakı xalçanın üstündə oturdu
II variant
Xacə Ənvər bardaş qurub
hökmdarın ayaqları altındakı
xalçanın üstündə oturdu
Təbii ki, iki və ya üç sintqamaya ayırmanın səbəbi dəqiq deyildir. Məsələ
burasındadır ki, «altındakı» söz-forması özündən sonrakı sözü sanki tələb edir.
hökmdarın ayaqları altındakı - nə?
Assosiativ üzə çıxan «nə?» sualı sonrakı sözü (xalçanın) tələb edir. Digər
tərəfdən xalçanın söz formasında yiyəlik hal şəkilçisi vardır və bu şəkilçi də
«xalçanın nəyi?» sualını doğurur və birləşməni bir qədər də genişləndirmək
zərurəti yaranır. Nəticədə «hökmdarın ayaqları altındakı xalçanın üstündə»
birləşməsi əmələ gəlir ki, bu da sintaqma təsəvvürü yaradır. Yəni onu sintaqma
hesab etmək və ya hesab etməmək mübahisə doğurur. Son sözün- predikativin
də bu birləşməyə artırılaraq sintaqmanı tamamlamaq cümlədəki bütün sözləri
həm istifadə etmək, həm də predikativ münasibət yaratmaq hissindən irəli gəlir.
Təhlil göstərir ki, verilmiş cümləni aşağıdakı şəkildə də sintaqmalara ayırmaq
mümkündür:
III variant
Xacə Ənvər bardaş qurub
hökmdarın ayaqları altındakı
xalçanın üstündə
oturdu
Qeyd olunanlar cümlənin sintaqmalara bölünməsinin konkret
meyarlarının hələ ki, dəqiq müəyyənləşdirilmədiyini təsdiq edir. Q.Kazımova
görə, «sintaqmın xarakter əlamətləri aşağıdakılardır:
-sintaqm binar xarakterdə (iki üzvlü) olub, mütləq özündə iki üzvü
birləşdirir;
-sintaqmın bu və ya digər üzvü başqa sintaqma da aid ola bilər;
- sintaqmlar komponentləri arasında tabelilik əlaqəsinin olması ilə
xarakterizə edilir. Gənc həkim xəstəni diqqətlə müayinə etdi-cümləsində: gənc
həkim, həkim müayinə etdi, xəstəni müayinə etdi, diqqətlə müayinə etdi kimi
sintaqmlar vardır. Bunlardan birincisi atributiv əlaqə, ikincisi predikativ əlaqə,
üçüncüsü obyekt əlaqəsi, dördüncüsü relyativ əlaqə əsasında qurulmuş
sintaqmlardır. Göründüyü kimi, qeyd etdiyimiz sintaqmların hamısı ikiüzvlüdür
və tabelilik əsasında qurulmuşdur: həkim sözü iki, müayinə etdi sözü üç
sintaqmın tərkibində iştirak etmişdir. Əhatə dairəsinin genişliyi ilə də sintaqmlar
söz birləşmələrindən fərqlənir. Bu sintaqmlardan yalnız biri (gənc həkim)
sintaktik birləşmələrlə eynidir. Predikativ birləşmələri də əhatə etməsi və
cütüzvlü olması ilə sintaqmlar söz birləşmələri çərçivəsindən kənara çıxır» (6,
40).
Filologiya məsələləri, 2017
129
Belə bir cümləyə baxaq: «Fuad, Şövqi Camaloviçin kürəkəni olmaq
istəyən Fuad divanda oturmuşdu». Aydındır ki, sintaqmalara bölgüyə
Q.Kazımovun irəli sürdüyü əlamətlər kimi yanaşsaq təqribən aşağıdakı bölgünü
alacağıq:
Fuad oturmuşdu
Divanda oturmuşdu
Şövqi Camaloviçin kürəkəni
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən oturmuşdu
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən Fuad oturmuşdu
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən divanda oturmuşdu
Şövqi Camaloviçin kürəkəni olmaq istəyən Fuad divanda oturmuşdu
Göründüyü kimi, bu halda sintaqmaların sayını kifayət qədər artırmaq
olur. Nəticədə sintaqmaların təyini ilə bağlı mübahisə doğuran məsələlərin sayı
da artır. Bütün bu cəhətlər sintaqmaların təyini məsələsində dəqiqliyin və
konkretliyin olmadığını göstərir. Bunu müxtəlif dilçilərin bu məsələ ilə bağlı
tədqiqatlarında da görmək olur.
Ə.Abdullayev cümlə
və söyləm nəzəriyyələrinin
qarşılaşdırılmasındaİ.P.Raspopova istinadla qeyd edir ki, kommunikativ
məzmunla müxtəlif sintaktik vahidlər yalnız qrammatik planı deyil, həmçinin
aktual üzvlənmə planınıın əksetdirmə xüsusiyyətinə malikdir. Müəllif bu
qənaətə gəlir ki, «dəyişən kommunikativ vəzifəyə uyğun olaraq cümlənin aktual
üzvlənməsinin variasiyası və dəyişən şəraitdə qrammatik üzvlənmənin
dəyişməz şəkildə qalması cümlədə onların hər ikisinin eyni vacib rol oynadığını
təsdiq edir» [7, 79].
Beləliklə, aydın olur ki, sintaqmalara münasibətdə dilçilikdə hələlik
kifayət qədər dərindən aparılmış, mübahisəli cəhətləri aradan qaldıra biləcək
tədqiqat işləri, demək olar ki, yoxdur. Fikrimizcə, bu məsələnin həlli, ilk
növbədə, nəyin sintaqmalara ayrılmasını, sintaqmalara ayırmanın mahiyyətini,
bölgü zamanı mümkün ardıcıllığın təyin olunmasını tələb edir.
ƏDƏBİYYAT
1. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan dili.
Sintaksis. Bakı, Maarif, 1972.
2. Müasir
Azərbaycan dili. III s. Sintaksis. Bakı, Elm, 1981.
3. Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, Maarif, 1966
4. Adilov M.I., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri.
Bakı, Maarif, 1989
5. Veysəlli F.Y. Dilçiliyin əsasları. Bakı, Mütərcim, 2013.
6.
Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis. Bakı, Ünsiyyət, 2000.
7. Abdullayev Ə. Aktual üzvlənmə, mətn və diskurs. Bakı, “Zərdabi LTD”,
2011, 272 s.
Dostları ilə paylaş: |