153
Bizim düşüncələrimizlə nə qədər yaxındır? Arzu enerji mənbəyidir. Və
o, yeraltı maqma kimi istiyə çevrilir, işığa, oda çevrilir. Və məqam gözləyir
ki, özünün gücünü, işığını göstərsin. Yaddaş Sahibi də həmin o qarışısıalın-
maz istəyin içərisində olduğu üçün uzun illərdən sonra yenidən o əlləri
üşüyən balaca uşağın yanına qayıdır. Yuxunun möcüzəsi orasındadır ki, ey-
ni vaxtda Yaddaş Sahibini həm böyük, hətta atasından böyük, həm də uşaq
kimi göstərir. Bu filmin rejissoru Yaddaş Sahibinin arzusudur. Filmin mi-
zanlarını isə o, artıq gündüzdən, hələ yatmamışdan əvvəl xəyallarında qu-
rub. Bir anlığa balaca uşaq görünür. Onun əllərini - soyuqdan cadar-cadar
olmuş əllərini nənəsi yenə yağlayır. Və elə nənə də hər zamankı kimi nə-
nədir. Bu sanki filmin əvvəlidir. Filmin əsas, ən təzadlı, hətta ağıla sığma-
yan hissəsi bundan sonra gəlir. Eyni zamanda həm böyük, həm də uşaq olan
Yaddaş Sahibi qapıya baxır. Kimi görəcək, indi kim gələcək:
Qapıya doğru baxanda
Həyəcandan əsdim tit-tir,
Gördüm odur... Atam gəlir!
O, yenə də tələsirdi
Zəhminə bax, bircə anda
Hər uşaq bir küncə girdi...
Yaddaş Sahibinin sevincinin həddini təsəvvür etmək olmur. Bu, şeirdə
iki sözlə ifadə olunub - "Atam gəlir". Həqiqətən də nüfuzu, hökmü, şahanə
bir mərtəbədə olan atanın gəlişi uşaqlar arasında - evdə, ailədə pıçıltılarla
deyilən "atam gəlir" xəbərdarlığı ilə hamıya çatdırılır. Yaddaş Sahibinin hə-
lə ki, uşaqlığını görürük. Onun həyəcandan tir-tir əsdiyini təsəvvür edirik.
Və atasının zəhmini, hökmünü görürük. Bu hökmün, bu gücün nədən ibarət
olduğunu Yaddaş Sahibi xatırlamalarında "zəhmliydi, hökmlüydü, güclüydü"
sözündə qəti idi - ifadələrindən istifadə eləmədən çatdırır. Atanın gəlişi ilə
hər uşağın bir küncə girməsi bəs edir ki, onun ailədəki yerini, nüfuzunu ay-
dın təsəvvür edək. Bax burdaca, mənzərə dəyişir, Yaddaş Sahibi özünün
uşaqlığından çıxır, körpəliyindən ayrılır və uzun illərin həsrətliləri kimi qol-
larını açıb atasını qarşılamağa çıxan dünyanın tanıdığı adamı görürük. Onun
boyu-buxunu, görkəmi, hətta atasından bir qədər yaşlı olmağı gözlərimizin
önündə canlanır və bu, bizə qəribə gəlmir. H.İsaxanlı adı-sanı ilə Borçalıda -
Azərbaycanın qərb bölgəsində, bir sözlə, Gürcüstan və Ermənistanda da
154
yaxşı tanınan, qoçaqlığı və igidliyi dillərdə dastan olan Qaçaq İsaxanın nə-
vəsidir. Atası Abdulla İsaxanlı qırx altı yaşında avtomobil qəzasında dünya-
sını dəyişib - 70-ci illərin əvvəllərində. Enerji daşıyıcısı olan genlər nəsil-
dən-nəslə ötürülməklə babaların, ataların yenidən təzahürü kimi görünür. Bu
mənada, o, nəslin, şəcərənin ən layiqli davamçısıdır. Bəli, ata oğulun indiki
yaşından çox cavan getmişdi. Qədim misirlilərin dediyi kimi, qərbə, sükut
vadisinə, əbədiyyətə getmişdi. Nədənsə yuxuları da, əbədiyyəti də bəzən qa-
ranlıq aləm kimi təsvir edirlər. Amma Yaddaş Sahibi doğru olaraq qaranlıq-
da işıq görür. İşıq daşıyıcıları qaranlıqda olsa belə, ətraflarını işıqlandıra bi-
lirlər. İndi qollarını açıb atasını qarşılayan, yaşında atasından böyük olan
Yaddaş Sahibinin düşüncələrini həyatiliyinə görə, qarşısıalınmaz bir arzu ol-
duğuna görə necə yuxu hesab etmək olar:
Onun ərsə gətirdiyi,
Boya-başa yetirdiyi,
Yaşa dolmuş böyük oğlu
Qollarını aça-aça
Yaşca ondan cavan olan
Atasını qarşılayıb,
Ona doğru qaça-qaça...
Yuxum gerçək olaydı kaş...
Səhralar çiçək açaydı,
Qaranlıq işıq saçaydı...
Bəlkə də yenidən atanı görmək istəyi olmasaydı və bu hiss bir qarşısıa-
lınmaz arzu kimi Yaddaş Sahibinin mənəviyyatına hakim olmasaydı, heç
bizi cazibəsinə çəkən yuxudan çox həyat həqiqəti təsəvvürü yaradan bu löv-
hələr də olmazdı. Və istər-istəməz biz yenə arzunun, istəyin mahiyyəti haq-
qında düşünməli oluruq:
"Arzu çox böyük yaradıcılıq qüvvəsinin daşıyıcısıdır: o insana, onun
hərəkət və rəftarına müəyyən məqsədyönlülük, oriyentir verir, orqaniz-
min enerjisini nəyisə əldə etməyə, nəyəsə sahib olmağa sövq edir. Ar-
zunu reallaşdırmaq işində iradə mühüm rol oynayır; məhz onun hesa-
bına subyekt öz arzularını həyata keçirmək üçün müəyyən qərarlar
qəbul edir və onların keçirilməsi üçün müəyyən cəhdlər göstərir. Ar-
zuları iki tipə bölmək olar: bişüurdan və şüurdan gələn arzular, yaxud
155
xalis irrasional və rasional arzular. İrrasional arzular sırf instinktlərlə
əlaqədar olur, onlar bioloji varlığımızdan gəlir; rasional arzular şüur-
dan, zəkadan gəlir, reallıqla uzlaşır. İrrasional arzular heç şeylə məh-
dudlaşmır, onların məntiqi nizam və harmoniyası, qayda, qanunu, bir
sözlə, rasional əsası olmur"
1
.
Artıq oxucunun diqqətinə çatdırdığımızaxırıncı misralara yenidən qa-
yıtmağa ehtiyac var: "Yuxum gerçək olaydı kaş..." bu nöqtələrdən sonra, hət-
ta bu nöqtələrə qədərki o dörd kəlmənin yaratdığı istək-arzu mahiyyəti o
qədər dərinliklərdən gəlir ki, sanki söz müəllifin bağrından qopan zərrələr
kimi duyulur. Yuxunun gerçək olmasını arzulayan və bunu sonsuzluqla ar-
zulayan Yaddaş Sahibi özünün atasızlıq dünyasında gördüyü səhraların çi-
çək açmasını arzulamış olur. Atasızlığın onun ruhunda yaratdığı qaranlıqla-
rın işığa çevrilməsini arzulayır.
Nə yaxşı ki, yuxular var. O yuxular ki, xəyalları bir anlığa da olsa səa-
dətə çevirir, işığa çevirir və ayılandan sonra insan üçün əlavə enerji mənbə-
yinə çevrilir, güc mənbəyinə çevrilir: "Freyd yazırdı ki, demək olar ki, bütün
insanlar, hətta ən normal adamlar belə yuxu görməyə qabildirlər. Buradan
aydın olur ki, röya insanın təbii, antropoloji atributudur. Lakin röya həmişə
adi həyatın möcüzəsi hesab edilmişdir. Yuxugörməyə əsla heç kim biganə
olmur, deməli, o əbədi aktuallığa və misilsiz praktik məzmuna malik bir
problemdir. Yuxunun gələcək və cari həyatla əlaqəsi, onun proqnostik funk-
siyası, mexanizmində zərurətlə təsadüfün, adiliklə ecazkarlığın vəhdəti, on-
dakı hadisələrin zaman-məkanla əlaqəsi (əcaib yuxular, ölülər, başqa planet-
lər, əlaqəsiz sintezlər, zahirən arzu olunmayan faktlarla üzləşmə və s.), adi
məntiqə zidd olan şeylərin müəyyən bir məzmun şəklinə düşməsi və s. insa-
nın ona marağını artırmışdır. Yuxunun adi həyat və psixi fəaliyyət üçün bu
qədər əhəmiyyəti sübut edir ki, insanın və ruhun dərki hökmən həmin prob-
lemin həllini tələb edir"
2
Yuxugörmə probleminin hələ də mübahisəli oldu-
ğunun fərqinə varmayaq. Amma fakt odur ki, Yaddaş Sahibini danışdıran
onun gördüyü yuxudur. Bir anlığa yenidən müəlliflə Yaddaş Sahibini eyni-
ləşdirək. Demək, müəllifə həmin əsəri yazdıran, bu hissləri, həyəcanları ya-
1
Fərman İsmayılov."Klassik psixoanalizin əsasları". Azərbaycan Milli Ensiklopediyası
NPB. Bakı, 2003, s. 98.
2
Yenə orada. s.128.
Dostları ilə paylaş: |