Microsoft Word Esas-kitab+S+v+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/89
tarix21.06.2018
ölçüsü4,51 Kb.
#49894
1   ...   9   10   11   12   13   14   15   16   ...   89

 51 
işini gördü: epos tarixi yaddaşdan da arxaik yaddaşa endi. 
Arxaik yaddaş hər bir xalq üçün onun düşüncəsinin gene-
tik simvolikası, arxetipik energetikası deməkdir. Bu, milli 
yaddaşın enerji qaynağıdır. Həmin qaynaq aramsız şəkildə 
müasir milli-ədəbi, etnik-bədii düşüncəni qidalandırmaqda 
davam edir. Mədəniyyətin daşıyıcıları əsrlər boyu bu ener-
ji ilə yaşayır, lakin onun konkret ünvanını, mənbəyini bil-
mirlər. «Kitabi-Dədə Qorqud»un tapılması Azərbaycan 
milli düşüncəsində sanki bir şok effekti yaratdı. Nəyə gö-
rə? Çünki «Kitabi-Dədə Qorqud» ulu öndər H.Əliyevin 
bəyan etdiyi kimi, «Azərbaycan xalqının tarixinin, etnik 
yaddaşının, arxaik təfəkkürünün güzgüsü», «nitqimizin, 
dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi» idi 
(126, 9). Xalq bu dastanın «güzgüsündə» özünün bolşe-
viklərin təqdim etdiyindən tamamilə  fərqli,  əsil milli si-
masını gördü, bu dastanın epoxaların dərinliyindən gələn 
«səsində» bolşeviklərin azərbaycanlıların milli ruhuna ta-
mamilə yad olan «proletar» himnindən fərqli olub, xalqın 
milli ruhunu coşduran doğma «nəğməni» eşitdi. Azərbay-
can ziyalıları milli düşüncənin energetik qaynağına birbaşa 
qoşulmaq imkanı  əldə etdi. Eposun Azərbaycanda çap 
olunması ilə milli şüurun coşqun oyanışı, dirçəlişi başlan-
dı. Azərbaycan xalqı «Kitabi-Dədə Qorqud» dastanında 
qorunub qalmış millilik sxemləri, milli birlik formulları, 
etnik vəhdətin düsturları əsasında yenidən təşkil olunmağa 
başladı.  Ədəbiyyat bu milli coşquda misilsiz rol oynadı. 
Bu milli quruculuq prosesi idi. Lakin tezliklə ona qarşı 
antimilli quruculuq prosesinə  təkan verildi. «Kitabi-Dədə 
Qorqud»un Azərbaycan cəmiyyətində oynadığı rol 1920-
ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin var-
lığına son verərək vətənimizi sovet-sosialist adı altında  
rus-erməni işğalına məruz qoymuş rus sovet imperiyasının 
ideoloji maraqları ilə daban-dabana zidd idi. Bolşeviklər 
Azərbaycana qədəm qoyduqları gündən mahiyyətini «rus-
 52
laşdırma» təşkil edən Azərbaycan sovet xalqının yaradıl-
masına başladılar. Bu, böyük rus imperiyasının «sovet» 
donunda yenidən qurulmasının ideoloji mahiyyətini təşkil 
edirdi. «Kitabi-Dədə Qorqud» bütün ideologiyası ilə rus-
sovet imperiyasının ideologiyasının  əksinə idi. Bütün bu 
milli və antimilli quruculuq prosesləri isə bu və ya digər 
şəkildə müasir Azərbaycan  ədəbiyyatında öz əksini tapır, 
izini qoyur, onun inkişafına fərqli məzmun və formada 
təsir edirdi. «Dədə Qorqud» eposunun Azərbaycan ədəbiy-
yatının inkişafındakı rolunu eposun Azərbaycana «gəlişi» 
və onun «təqibi» boyunca araşdırmadan Azərbaycan sovet 
ədəbiyyatının bədii üslubunu başa düşmək mümkün deyil-
dir. Çünki milli repressiyalar nə qədər qanlı xarakter alsa 
da, millilik, milli düşüncə Azərbaycan  ədəbiyyatını heç 
vaxt tərk etməmişdir. Yazıçı  və  şairlərimizin milli duy-
ğuları bu repressiyaların təsiri altında cürbəcür simvolik 
məzmun və forma kəsb etmişdir. Həmin simvolizm Azər-
baycan sovet ədəbiyyatının bütöv XX əsri  əhatə edən ta-
rixi boyunca davam etmişdir. Bu simvolizm öz başlanğı-
cını, əslində, «Kitabi-Dədə Qorqud»un Azərbaycana «gə-
lişi» ilə yaranan milli coşqudan və onun antimilli əsaslarla 
təqibindən götürür. XX əsrin 60-cı illərindən başlayaraq 
Azərbaycan (o cümlədən bütün sovet cəmiyyətində) müəy-
yən ideoloji yumşalma baş versə də, əslində, imperiya öz 
siyasətindən  əl çəkmədi: onu formaca dəyişdirdi. Bu da 
ədəbiyyatımızda «Dədə Qorqud» simvolizminin bütün XX 
əsr boyunca yaşamasını şərtləndirdi.  
«Kitabi-Dədə Qorqud» elm aləminə 1815-ci ildən 
bəlli olmuşdur. Alman şərqşünası H.F.Dits Drezden ki-
tabxanasında «Dədə Qorqud» dastanlarını aşkara çıxarmış, 
«Basatın Təpəgözü öldürdüyü boy»u alman dilinə çevirə-
rək «Odissey»in nağıl səciyyəli təkgözlü Siklopun kor edil-
məsi  süjetinin yeni variantı kimi nəşr etdirmişdir (354, 6). 


 53 
Dastanın iki əsas  əlyazma nüsxəsi məlumdur. Epo-
sun ilk dəfə  məlum olan və elmə «Drezden nüsxəsi» adı 
altında daxil olmuş mətni Drezdendə Kral kitabxanasında 
aşkar edilən 154 səhifəlik  əsərdir. Berlində 37 səhifəlik 
başqa bir əlyazma da tapılmışdır. «Berlin nüsxəsi» kimi 
tanınan bu abidə, əslində, Drezden nüsxəsindən köçürmə-
dir.  İkinci tapılmış  və «Vatikan nüsxəsi» adlandırılmış 
nüsxə 109 səhifədir. «Drezden nüsxəsi» açıq-aşkar Azər-
baycan dilində yazılmışdır. Vatikan nüsxəsi isə  cəmi altı 
boydan ibarət olub, XVI əsr türkcəsinə daha yaxındır» 
(354, 6). 
Alman  şərqşünası Teodor Neoldoke 1859-cu ildə 
həmin dastanların surətini çıxarıb alman dilinə çevirərək 
çap etdirmək istəyir, lakin qarşıya çıxan çətinliklərə görə 
işi başa çatdırmır, topladığı materialları o vaxt Almani-
yada təhsil alan V.V.Bartolda verir (1892). V.V.Bartold 
1922-ci ildə bütün boyları rus dilində çapa hazırlayır. La-
kin onun sağlığında dastanlar işıq üzü görmür; əsəri ilk də-
fə Azərbaycan alimləri H.Araslı  və M.Təhmasib 1950-ci 
ildə Bakıda çap etdirirlər (bax:376-Y.İ.). Həmin əsər V.M.Jir-
munski və A.N.Kononov tərəfindən çapa hazırlanır və rus 
dilində yenidən (bax: 384 - Y.İ.) nəşr edilir (354, 6).  
Dastan Azərbaycanda ilk dəfə  nəşr olunmamışdan 
qabaq o, Azərbaycan ziyalılarına artıq türk nəşrlərindən 
bəlli idi. Türkiyədə bu dastanlar üzərində nəşr və tədqiq işi 
1916-cı ildən başlanır (354, 9). Türk dili və  ədəbiyyatı 
mütəxəssisi Kilisli Müəllim Rifətin 1916-cı ildə ərəb əlif-
bası ilə çap etdirdiyi «Kitabi-Dədə Qorqud» eposu türk ic-
timaiyyəti tərəfindən çox böyük maraq və coşqu ilə qar-
şılanır (bax: 362). Türkiyə ilə bağlı olan (orada təhsil alan, 
yaxud işləyən) Azərbaycan ziyalıları eposun bu nəşri ilə 
tanış olub, ona elmi maraq göstərirlər. Ədəbiyyat tarixçisi 
İ.Hikmət dastanın «Dirsə xan oğlu Buğacın boyunu bəyan 
edər» hissəsini özünün 1928-ci ildə çapdan çıxmış «Azər-
 54
baycan  ədəbiyyatı tarixi»nin birinci cildinə müntəxəbat 
materialı kimi daxil edir (bax: 103).  
«Kitabi-Dədə Qorqud»un ilk azərbaycanlı  tədqiqat-
çısı, qorqudşünaslığımızın  əsasını qoyan alim kimi rep-
ressiya dövründə canı və elmi haqqı əlindən alınmış, lakin 
sonradan tədqiqatçılar tərəfindən haqqı özünə qaytarılmış 
Ə.Abid (bax: 113; 316; 317; 138; 237) Türkiyədə  təhsil 
aldığı və işlədiyi dövrlərdə abidə ilə tanış olmuş, 1926-cı 
ildən başlayaraq «Kitabi-Dədə Qorqud»a dair silsilə məqa-
lələr yazmış və mətbuatda çap etdirməklə (137, 143) Azər-
baycan milli ziyalılarında - tədqiqatçılarda, yazıçı və şair-
lərdə eposa marağın yaranmasında böyük rol oynamışdır. 
Maraqlıdır ki, eposun Azərbaycanda ilk nəşri H.Araslı 
tərəfindən Azərbaycanda stalinizm repressiyasının qanlı 
ölüm maşınının var gücü ilə işlədiyi bir vaxtda - 1939-cu 
ildə həyata keçirilir (bax:198). Daha sonra  M.H.Təhmasib 
dastandan müəyyən hissələri 1941-43-cü illərdə çap etdirir 
(bax: 58; 96). 
Sonra «Kitabi-Dədə Qorqud» eposunun özünün, təd-
qiqatçılarının və ona müraciət etmiş yazıçı və şairlərin rep-
ressiyası başlanır. Nəhayət, 1956-cı ildə stalinizm dövrü-
nün başa çatması ilə eposun sürəkli nəşri və  tədqiqi baş-
lanır. Həmin dövrdən başlayaraq dastanın çapı ilə bağlı 
böyük işlər görülür: dərsliklərə salınır, qəzet və jurnallarda 
parçalar şəklində çap olunur, o cümlədən H.Araslı, S.Əli-
zadə  və  Ş.Cəmşidov, V.V.Bartold tərəfindən hazırlanmış 
fundamental nəşrləri (o cümlədən Drezden və Vatikan 
nüsxələrinin faksimileləri) işıq üzü görür (bax: 199; 200; 
201; 202; 203; 204; 205; 206; 207; 385). 
Lakin «milli varlığımızın mötəbər qaynağı» (H.Əli-
yev) olan «Kitabi-Dədə Qorqud» eposu da «XX əsrin tari-
xində... misli görünməmiş  təqiblərə  məruz qaldı. Hətta 
onu öyrənməyə, tədqiq etməyə cəhd göstərənlərin taleyi də 
acınacaqlı olub. Azərbaycanda «Kitabi-Dədə Qorqud»un 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə