Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   34   35   36   37   38   39   40   41   42

 
 
148 
 
 
 
 
 
 
 
 
 
21. Şahid danışır 
 
– Adın nədir? 
Mənə  Həsrət deyirlər, Həsrət, Həsrət... – dilənçi adını bir 
neçə  dəfə  təkrar edib yersiz gülməyə başladı. Gözləri bağlı 
olduğu üçün qarşısındakının – ona sual verənin kim olduğunu 
görə bilmirdi. Hiss edirdi ki, tanış olmayan bir adamdır. Bəlkə 
də, tanışlarının azlığından idi ki, indi bunu çox yaxşı müəyyən 
edə bilmişdi. 
–  Özün haqqında danışarsan mənə?! – Qüdrətov danışıq 
tərzini dəyişdi. Deyəsən, bu oğlanla dil tapmaq, doğrudan da, 
asan olmayacaqdı. Tahirə tərəf baxdı. Onun işarəsindən başa 
düşdü ki, oğlan bu gün çox qorxduğuna görə sudurqa keçirib. 
Hətta dili də qatlanıb. Amma xoşbəxtlikdən sürücü vaxtında 
yardım göstərə bilmişdi. 
– Siz kimsiniz? Məni öldürəcəksiniz? Öldürün, öldürün, onsuz 
da mən anamın yanına getmək istəyirdim,  öldürün məni, nə 
durmusuz?! Tez olun! – dilənçi dəli kimi qışqırmağa başladı. 
Ayaqlarını o qədər qüvvətlə yerə  çırpdı ki, oturduğu stul tab 
gətirməyib yerə aşdı. Özü də əli-ayağı bağlı halda yerə yıxıldı. 
– Buna sakitləşdirici gətir, ayaqlarını da aç ki, rahat otursun – 
Qüdrətov köməkçisinə göstəriş verdi. 
– Oldu! 


 
 
149 
 
*** *** *** 
Təxminən on beş  dəqiqə sonra Qüdrətov yenidən həmin 
otağa qayıtdı. Bu müddə  ərzində  Həsrət sakitləşib  özünə 
gəlmiş, Qüdrətov isə  həyətə  düşüb siqaret çəkərək olanları 
götür-qoy etməyə vaxt tapmışdı. İndi dilənçi oğlanı daha sakit 
şəkildə dindirməyi və tez bir zamanda məqsədinə  çatmağı 
düşünürdü. Vaxt itirmək lazım deyildi. Sabaha həm  özünün, 
həm də Tahirin vacib işləri var idi. Əgər köməkçisi Gəncədəki 
adamın izinə düşə bilərdisə, deməli, Qüdrətov böyük bir səddi 
aşmış olacaqdı. Amma hələlik ona şahidlik edəcək yeganə 
canlı varlıq bu dilənçi oğlan idi. Stulu onun bərabərində 
qoyub lap yaxınında  əyləşdi. Tərəddüd etmədən növbəti dəfə 
daha təmkinlə onu danışdırmağa başladı: 
– Görürsən, biz sənə yardım etdik. Səni  öldürmək istəmirik. 
Sən bizə kömək etməlisən, Həsrət! 
– Mənim kimim-kimsəm yoxdur. Heç imkanım da yoxdur. 
Axı mən sizə necə kömək edə bilərəm?! Bir anam var idi, o da 
ölüb getdi, yazıq... – dilənçi oğlan bunu deyəndə bayaqkından 
çox fərqli görünürdü.  Əgər bayaq yersiz halda qışqırıb 
ağlayırdısa, indi anasının öldüyü barəsində danışanda normal 
insanlara xas olan tərzdə kədərlənib, kövrəldi. Qüdrətov əlini 
onun çiyninə qoydu: 
– Narahat olma, biz sənə kömək edəcəyik! 
– Hamı elə bilir ki, mən dəliyəm. Düzdür, imkanım yoxdur, 
heç kim də  məni işə  götürmür. Mən də dilənməyə  məcbur 
qalıram. Amma mən dəli deyiləm. Hərdən belə oluram... 
– Necə?! 
– Bayaqkı kimi... Özümü ələ ala bilmirəm. Anam yazıq deyirdi 
ki, məni bu vəziyyətə  kökü  kəsilmiş ermənilər qoyub. Mən 
hələ doğulmamışdan anam müharibədə girov düşüb. Ona 
işgəncələr veriblər, mən də belə olmuşam... 


 
 
150 
– Anan nə vaxt rəhmətə gedib? 
– On bir il olacaq... Mənim onda səkkiz yaşım var idi. 
– Həsrət, danışa bilərsən həmin illəri? Ananın dediklərindən 
yadında nə qalıbsa hamısını. Elə bunu danışsan, bizə  kömək 
etmiş olacaqsan. 
– Mən onda uşaq idim. Çox az şey yadımda qalıb. Amma nə 
yadımdadırsa hamısını danışaram. Siz də anamın məzarını 
tapmaq üçün mənə kömək edin. Xahiş edirəm... 
–  Əmin ol ki, sənə onun dəfn olunduğu yeri göstərəcəm. Bir 
yerdə gedəcəyik, – Qüdrətov dilənçi oğlanı arxayın etdi. 
Əslində dilənçi oğlanın tapılmasında vasitəçilik edən Həsrəti 
saxlamış  həmin qoca qarının qızı  oğlanın anası  Şərqiyənin 
harada dəfn olunduğunu ona göstərmişdi. O, indi bunu 
düşünüb ürəklə söz verdi. 
 
*** *** *** 
O vaxt biz anamla Goranboydakı  uşaq evində qalırdıq. 
Burada bizim kimi çoxlu məcburi köçkünlər toplaşmışdı. 
Xocalıdan olanlar da var idi, digər yerlərdən olanlar da. 
Hamının güzəranı pis idi. Darısqal otaqlarda on nəfərə qədər 
adam yaşayırdı. Neçə-neçə qohum-qonşu bir otaqda qalırdı. 
Amma bizim qohumlardan heç kim qalmadığına görə 
tanımadığımız adamlarla qalırdıq. Deyəsən, onlar Şuşadan 
idilər. Hamı bir-birinə  kömək etməyə  çalışırdı ki, beləcə  ağır 
günləri çətinliklə də olsa, başa vursunlar. 
Mən məktəbə gec getdim. Doqquz yaşım olanda Xırdı 
nənə  məni qaldığımız yerin yaxınlığında açılan dərslərə 
yazdırdı. Onda anam bir il idi ki, rəhmətə getmişdi. Mən 
onsuz  çox darıxırdım. Anam öləndən sonra məni  Xırdı  nənə 
saxlayırdı.  Mənə  çox kömək edirdi. O, Şuşadan idi. Sonralar 
bildim ki, mənim atam Xocalıdan olsa da, anam Şuşadan imiş 


 
 
151 
və anam can üstündə olarkən Xırdı  nənəyə yalvarıb mənə 
baxmağı vəsiyyət edibmiş. Yazıq anam... 
Təxminən iki il sonra Xırdı nənə də rəhmətə getdi və mən 
tamamilə kimsəsiz qaldım. Doğrudur, onun qızı var idi. 
Amma o, hansısa rayona gəlin köçmüşdü. Mən ilk günlər onu 
axtarmaq istəsəm də, yerini tapa bilmədim. Uşaq evində 
məskunlaşmış qonşularımız isə onu tapmaqda mənə  kömək 
etmirdilər. Hərə bir bəhanə ilə  məni azdırırdı.  İndi onları da 
qınamıram. Problemləri, dərdləri o qədər idi ki... Mənim 
himayədarım da rəhmətə gedəndən sonra mən qaldığımız 
yerdən qaçmaq qərarına gəldim. Bilmirəm, buna qaçmaq 
demək olar, ya yox?.. Əslində, mənə sahib çıxacaq, “getmə, 
qal” deyən bir kəs də yox idi. Hərənin başı özünə qarışmışdı. 
Əksinə, qalmaqla kiminsə yerini dar etmiş olurdum. 
Xırdı  nənə  öləndən on gün sonra gecənin birində evdən 
çıxıb Bakıya getmək qərarı ilə yola düşdüm. Adını  eşitdiyim 
paytaxt  şəhərimizə getmək, oranın insanları ilə eyni yerdə 
yaşamaq, eyni havanı udmaq, onların içdiyi sudan içmək 
mənə yuxu qədər  əlçatmaz görünürdü. Axı Bakını 
görməmişdim. Bəlkə  də, nə vaxtsa orada olmuşdum, tamam 
kiçik yaşlarımda. 
Bakıya getmək  üçün yola düşəndən iki gün sonra oraya 
çatdım. Yol maşınlarına yalvar-yaxar edib, nəhayət ki, 
birtəhər  şəhərə  gəlib  çıxdım. Nə yaşım var idi ki?! On yaşı 
yenicə tamam olan, oxumağı-yazmağı bacarmayan kimsəsiz 
yeniyetmə kimin nəyinə lazım idi axı?! İndi saymağı və adımı 
yazmağı bacarıramsa da, buna görə anama minnətdaram. 
Yazıq arvad xəstə canı ilə başıma sığal  çəkə-çəkə  öyrətmişdi 
bunları  mənə. Mən də  uşaq  şıltaqlığı ilə  hər dəfə onun 
dərslərindən qaçır və saatlarla meşədə  gəzib dolanırdım. Bir 
dəfə saymağı  öyrənmək istəmədiyim  üçün bərk  əsəbiləşmişdi. 
Mən də  uşaqlığıma salıb fürsət tapan kimi meşəyə qaçdım. 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə