Pyeslər diQQƏTDƏn kənar qalan qadin (Dördpərdəli komediya)



Yüklə 408,17 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix24.10.2017
ölçüsü408,17 Kb.
#6502
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

geri qaytarmaq üçün hər şey eləməyə hazıram; bircə səhər tezdən durmayım, 

idman eləməyim, cəmiyyətin yararlı üzvü olmayım. 

CERALD. Axı siz özünüzü qoca hesab etmirsiniz, lord İllinqvort, elə deyilmi? 

LORD İLLİNQVORT. Cerald, sizin atanız olmaq üçün mən kifayət qədər 

qocayam. 

CERALD. Mən atamı xatırlamıram; o çoxdan ölüb. 

LORD İLLİNQVORT. Ledi Hanstenton mənə demişdi. 

CERALD. Çox qəribədir ki, anam mənimlə heç vaxt atam barədə danışmır. 

Hərdən mənə elə gəlir ki, görünür, anamın ərə getdiyi adam ləyaqətsiz olub. 

LORD İLLİNQVORT (bir balaca üz-gözünü turşudur). Doğrudan? (Durub 

Ceralda yaxınlaşır və əlini onun çiyninə qoyur.) Görünür, sizin üçün atasız çətin 

olub, Cerald? 

CERALD. Ooo, yox, yox! Anam məni elə sevirdi ki! Mənim anam kimi ana 

yoxdur!  

LORD İLLİNQVORT. Qəti şübhəm yoxdur! Lakin hər halda, düşünürəm ki, 

analar hərdən oğulları başa düşmür. Daha doğrusu, təsəvvür edə bilmirlər ki, 

oğulların qürur və ləyaqəti ola bilər, həyatı görmək, duymaq istəkləri, özlərinə ad-

san, şöhrət yaratmaq istəkləri ola bilər. Axı siz,  Cerald, ömrünüz boyu bu 

cındırxanada, Rokleydə oturub qala bilməzsiniz, yox? 

CERALD. Əlbəttə yox! Bu, dözülməz olardı! 

LORD İLLİNQVORT. Əlbəttə, ana məhəbbəti çox şəfqətli, çox həssasdır, lakin 

o, hərdən həddən artıq xudbin olur. Mən demək istəyirəm ki, bu sevgidə həddən 

artıq xudbinlik olur! 

CERALD (astadan). Mənə də elə gəlir. 

LORD İLLİNQVORT. Ananız çox yaxşı qadındır; lakin hətta ən yaxşı qadınların 

belə həyata baxışları dar çərçivədə olur, onların uzağı görmək qabiliyyətləri 

məhdud, maraqları isə xırda olur, elə deyilmi? 

CERALD. Elədir, onlar bizim üçün maraqsız olan şeylər barədə daha çox 

düşünürlər. 

LORD İLLİNQVORT. Görünür, sizin ananız çox mömin qadındır, ya da buna 

oxşar bir ruha meyillidir, hə? 

CERALD. Bəli, anam tez-tez kilsəyə gedir. 

LORD İLLİNQVORT. Ooo, belə de! O, müasir qadın deyil! Amma müasir olmaq 

indi müasirlikdən geri qalmamaq deməkdir. Siz müasir olmaq istəyirsiniz, Cerald, 

elə deyilmi? Siz həyatı olduğu kimi görmək, qəbul etmək niyyətindəsiniz. Siz 

həyat barədə müxtəlif köhnə nəzəriyyələrlə başınızı doldurmaq istəmirsiniz. 

Baxın, sizə indi ən yaxşı bir cəmiyyətə qaynayıb-qarışmaq lazımdır. Londonun 

nahar ziyafətlərində danışmağı bacaran, söz sahibi ola bilən adam bütün dünyaya 

sahib çıxa bilər. Gələcək modabazlara məxsusdur. Zərif adamlar hökmranlıq 

etməlidir. 




CERALD. Mən həmişə istəmişəm ki, qəşəng geyinəm; lakin eşitmişəm ki, kişi 

gərək öz xarici görkəmiylə çox da məşğul olmasın. 

LORD İLLİNQVORT. İndi adamlar o qədər bəsit olublar ki, hətta xarici 

görkəmin fəlsəfəsini anlaya bilmirlər. Yeri gəlmişkən, Cerald, siz gərək qalstuk 

bağlamağı öyrənəsiniz. Yaxalıqdakı qönçəli sancaq üçün sentimentallıq da kifayət 

edər. Lakin qalstuk üçün əsas cəhət fasondur. Yaxşı bağlanmış qalstuk həyatda ilk 

vacib addımdır. 

CERALD (gülür). Lord İllinqvort, ola bilsin ki, mən qalstuk bağlamağı öyrəndim, 

lakin sizin kimi danışmağı heç vaxt öyrənə bilməyəcəyəm. Mən danışmağı heç 

bacarmıram. 

LORD İLLİNQVORT. Ooo! Hər bir qadınla elə danışın ki, guya, siz ona 

vurulmusunuz; hər bir kişiylə isə elə danışın ki, guya, o, sizi bezdirib; elə birinci 

mövsümün axırında görəcəksiniz ki, mükəmməl mərifəti olan kübar kişi nüfuzu 

qazanmısınız. 

CERALD. Kübar cəmiyyətə girmək hüququ almaq çox çətindir, elə deyil? 

LORD İLLİNQVORT. Bu gün kübar cəmiyyətə daxil olmaq üçün ya insanları 

yedizdirmək, yəni onlara nahar ziyafətləri vermək, ya məmnun edib sevindirmək, 

ya da onları silkələyib sarsıtmaq lazımdır. Vəssalam! 

CERALD. Görünür, kübar cəmiyyət çox maraqlıdır, eləmi? 

LORD İLLİNQVORT. Bu cəmiyyətin içində olmaq, demək olar ki, darıxdırıcıdır. 

Lakin onun çölündə olmaq isə, sadəcə, faciədir. Cəmiyyətsiz keçinmək olmaz. 

Əgər qadın kişiyə dəstək olmasa, o, heç vaxt həyatda uğur qazana bilməz; 

qadınlar isə cəmiyyəti idarə edirlər. Əgər qadınlar sənin tərəfində deyilsə, onda 

sən batdın. Yalnız bu zaman sən ya elə dərhal vəkilliyin dalınca get, ya makler ol, 

ya da jurnalist. 

CERALD. Qadınları başa düşmək çox çətindir, elə deyil? 

LORD İLLİNQVORT. Siz heç onları başa düşməyə də çalışmayın. Qadınlar 

şəkildir. Kişilər isə problem. Əgər bilmək istəsəniz ki qadın əslində nə düşünür 

(yeri gəlmişkən deyim ki, bu, çox təhlükəlidir!), ona yalnız baxın, qulaq asmayın. 

CERALD. Axı qadınlar çox ağıllıdır. 

LORD İLLİNQVORT. Bax bunu həmişə onlara demək lazımdır. Lakin əzizim 

Cerald, filosoflara görə, qadınlar ruhun materiya üzərində qələbəsidir. Kişilər isə 

ruhun əxlaq üzərində qələbəsidir. 

CERALD. Bəs nə üçün qadınlar, sizin dediyiniz kimi, cəmiyyəti idarə edirlər? 

LORD İLLİNQVORT. Qadınların tarixi tiranlığın ən pis formasının tarixidir ki, 

dünya beləsinə rast gəlməyib. Zəiflərin güclülər üzərində zülmü. Bu, yeganə 

istibdad formasıdır ki, hələ də davam edir. 

CERALD. Məgər qadınların təsiri saflaşdırmır insanı? 

LORD İLLİNQVORT. İnsanı idrakdan başqa heç nə saflaşdırmır. 

CERALD. Hər halda, hər cür qadın olur həyatda, elə deyilmi? 




LORD İLLİNQVORT. Cəmiyyətdə iki cür qadın olur – gözəl olmayan qadınlar 

və boyalı qadınlar. 

CERALD. Axı cəmiyyətdə yaxşı qadınlar da çoxdur, elə deyil? 

LORD İLLİNQVORT. Həddən artıq çoxdur! 

CERALD. Siz düşünürsünüz ki, qadınlar yaxşı ola bilməz? 

LORD İLLİNQVORT. Bunu onlara heç vaxt deməyin; yoxsa onların hamısı 

dərhal dönüb olar yaxşı. Qadınlar füsunkarcasına ərköyün cinsdirlər. Hər bir 

qadın üsyankardır və o, özünə qarşı qəzəblə qiyam qaldırır. 

CERALD. Lord İllinqvort, siz heç vaxt evlənməmisiniz? 

LORD İLLİNQVORT. Kişilər yorğun olduqları üçün evlənirlər, qadınlar isə 

maraq üçün ərə gedirlər. Sonda hər iki tərəf peşman olur. 

CERALD. Necə bilirsiniz, insan evləndikdə xoşbəxt ola bilərmi? 

LORD İLLİNQVORT. Əlbəttə, tamamilə xoşbəxt ola bilər! Lakin əziz Cerald, 

evli insanın xoşbəxtliyi onun evli olmadığı insanlardan asılıdır. 

CERALD. Əgər o sevirsə, onda necə? 

LORD İLLİNQVORT. İnsan gərək həmişə sevsin və məhz elə buna görə də heç 

vaxt evlənmək lazım deyil. 

CERALD. Məhəbbət gözəl şeydir, eləmi? 

LORD İLLİNQVORT. İnsan sevəndə əvvəlcə özünü aldadır, nəticədə başqalarını 

da aldatmış olur. Bax buna da məhəbbət deyirlər. Lakin bizim zəmanədə əsl 

ehtiraslı sevgiyə nadir hallarda rast gələrsən. Bu, o adamlar üçün bir imtiyazdır ki, 

onların görməyə başqa işləri yoxdur. Bu, cəmiyyətin avara təbəqəsinin yeganə 

məşğuliyyət növüdür, biz Harfordlar üçün isə həyatın yeganə mənasıdır. 

CERALD. Harfordlar üçün? 

LORD İLLİNQVORT. Bu, bizim nəslin soyadıdır. Cerald siz Perlər Kitabını1 

oxumalı, öyrənməlisiniz. Bu, yeganə kitabdır ki, cavan kübar adam əzbər 

bilməlidir; bu, ingilislərin ən yaxşı bədii kitabıdır, mən deyərdim. İndi, Cerald, siz 

mənimlə tamamilə yeni bir həyata qədəm qoyursunuz, mən istəyirəm ki, sizə necə 

yaşamağı öyrədim. (Missis Arbetnot artırmada görünür, arxa planda.) Çünki 

dünya axmaqlar tərəfindən ona görə qurulub ki, orada ağıllı adamlar yaşasın.  

    

Ledi Hanstenton və doktor Dobeni varid olurlar.  



           

      


LEDİ HANSTENTON. Hə, deməli, siz buradaymışsınız, lord İllinqvort?! Yəqin, 

siz bu cavan dostumuza onun yeni vəzifələrini başa salırsınız; ona yaxşı 

məsləhətlərlə yanaşı, siqaret çəkməyi də öyrədirsiniz? 

LORD İLLİNQVORT. Ledi Hanstenton, mən ona ən yaxşı məsləhətlər və ən 

yaxşı siqaretlər verirəm. 



Yüklə 408,17 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə