Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2 Mb.
səhifə8/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11

Məsələn, batırlığa həsr olunmuş “Aleukə batır” nağılında qəhrəman düşmən kalmıklara qarşı vuruşur, eyni ilə eposda olduğu kimi o, kalmık xanı Kobikti-batır tərəfindən məğlub edilir (eposda Kobikti – kalmıkların xanı, Koblandının düşməni kimi özünü göstərir). Onun yerinə belə olduqda Aleukə batırın oğlu Oraq mübarizəyə qatılır, və o, Kobiktini məğlub edir. Oraq – batır eposda Koblandının öz tayfadaşı kimi təqdim olunur. Məsələn, “Talaspay-Mergen” nağılında Koblandı və Qara­man epik qəhrəmanlar kimi göstərilir. Nağılda Qaramanın nəslinin məhvindən danışılır. Onun köməkçisi kimi “Talaspay-Mergen” çıxış edir. O da öz növbəsində batır olur. Bununla belə o, özü qaraqıpçaqları nə məğlub edə, nə də onlardan qisas ala bilmir. Çünki son nəticədə məlum olur ki, Koblandı onun dayısıdır. Koblandı ilə İr Gökşenin oğlu İr Kosay vuruşur və onu öldürür. Talaspay qıpçaqların xanı olur. “Qazax eposu, onun poetikasının inkişaf xüsusiyyətləri”ndə ”N.S.Smirnovanın qeyd etdiyi kimi bu nağıl XIV-XVI əsrlərdə Qızıl Ordanın tənəzzül dövrünü əks etdirir ki, həmin dövr də məhz çoxsaylı mübarizələrlə, müharibələrlə xarakterizə olunur. Beləliklə, bu xətt epik qəhrəmanların tarixini əks etdirməklə başa çatır. Digər bir nağılda İr Göksə və onun oğlu İr Kosay bəzən Qəm­bərin nəvəsi İr Gökşənin oğlu İr Kosay Koblandıya qarşı mübarizə aparır. İr Kosay qalib gəlir.

Poemaya daha yaxın lətifə başqa bir əsərdə “Ural vilayəti Bukeyev səhrasının və üst Uralın qədimliyi” ilə bağlı lətifədə göstərilir. Bu lətifədə hətta V.V.Karlson tərəfindən Koblan­dı­nın qəbri yeri də göstərilir. Bu, 1906-cı ildə “Orenburq arxiv komissiyasının elmi əsərləri” məcmuəsinin XVI buraxılışında da öz əksini tapmışdır. Burada göstərilir ki, Koblandı stansi­ya­sının yanında kiçik bir təpəcik vardır ki, o kərpic qırıqları ilə örtülmüşdür. Bu, əhali tərəfindən dağıdılmış Koblandının qə­dim qəbirinin qalıqlarıdır. Sonra lətifənin özü verilir. Lətifədə bu xarabalıqların nə ilə bağlı olduğu qeyd olunur. Orada gös­tə­rilir ki, “Akşa xan qırğız (qazax) düzənliyində hazırkı Ural vilayətində olduqca varlı Toktar bəy yaşayırmış. Onun özü noğay­lı qəbiləsindən olmaqla, arvadının adı Analıq imiş. Uzun müddət evli olsalar da, onların övladları yox imiş. Ahıl yaş­la­rında Allah onlara bir oğul payı vermişdir ki, onun da adını “Koblandı” qoymuşdular. 13 yaşına çatanda Koblandı “Qurt­qa” adlı bir qızla evlənir. Lap yeniyetməlikdən o, gəzib dolaş­mağa, veyil həyat tərzi sürməyə istiqamətlənmiş bir gənc imiş. Koblandı dostları ilə Qazana gedir və Qazan xanı ilə vuru­­şur. O, vətəni tərk etdiyi vaxtda kalmıklar fürsətdən istifa­də edərək, bura hücum çəkib, Koblandının qohum-əqrabalarını, ona rəğ­bəti olanları darmadağın edib öldürür, ölkəsini viran qoyurlar. Qazandan gələndən sonra Koblandı müharibə elan edib kal­mıkların üzərinə hücuma keçib qələbə çalır. Onların ən güclü batırı və başçıları olan Kobikti batırı öldürür” (4, 12).

“Koblandı” adı altında eyni ilə bu poemanın süjetinə para­lel digər bir rəvayətdə göstərilir ki, Koblandının xələfi Cirengül dövründə qələbə qazandıqdan sonra Koblandının şərə­­finə abidə qoyulmuşdur. Bu abidə Xobdin nahiyəsinin hü­dudlarındakı düzənlikdə indi də qalmaqdadır.

Lakin bununla belə bu əfsanədə Koblandı adının çəkil­məsi, onun konkret qəbri ilə bu faktın verilməsi heç də onun tarixi prototipinin mövcudluğu haqqında təsəvvür yaratmır. Bu, hər şeydən əvvəl, başqa bir məqamla bağlıdır ki, dastanın əfsanəvi qəhrəmanlarının adına, yaxud lətifələrdə verilən müqəddəs məzarlara insanlar daim baş əysinlər.

Epik süjet, yaxud onun ayrı-ayrı elementləri müxtəlif kiçik janr formalarında “Koblandı-batır”ın xalq qəhrəmanlıq dastanı kimi şöhrət qazanması onun populyarlığını sübut edir.

Koblandı adı ən monumental, yenilməz batır kimi kiçik batırlar silsiləsindəki poemalarda da yaşamaqdadır. Məsələn, “Yer Sain” poemasında Sain kalmıkların üzərinə Koblandı ilə bir­likdə hücuma keçən zaman Kobandının 60 yaşı olmuşdur. Sain təcrübəli hərbçi olan Koblandıya qulaq asmır, onun sözlərini eşitmir, mübarizəyə öz 40 əsgəri ilə birlikdə atılır və elə oradaca məhv olur. Və yaxud “Bozmonay” poemasında (onu həm də “tarixi nəğmə” adlandırırlar – N.T.) əsasən Sain batırın baş qəhrəman kimi bioqrafiyası, Koblandının anadan olması, uşaqlığı, gənclik dövrünün təsviri ilə olduqca oxşar məqamlara malikdir. Hekayət olunur ki, burada Bozmonayın oğlu noğaylı Sain – batır qəbiləsindəndir, o, öz tayfasını düş­mən­lərdən qorumağa çalışır. Qocalıb əldən düşmüş Koblandı onun haqqında eşitdikdən sonra Bozmonayın gücünü, qəhrə­man­lığını yoxlamaq məqsədi və 40 əsgər ilə ona qarşı hücum çəkir. Saim belə bir hücumu qəbul edir və mübarizəyə atılır. Batırlar çox vuruşurlar və nəhayət Sain Koblandını atdan vurub yerə salır. Koblandı Sainin qəhrəmanlığına inandıqdan sonra öz gəlişinin məqsədini açıqlayır. Bununla da Sain qoca batırdan xeyir-dua aldıqdan sonra Koblandının qəhrəmanlığını davam etdirərək, düşmənlərin üzərində qələbə qazana bilir.

“Koblandı-batır” poemasının məzmununda əsasən real ta­rixi hadisələr və şəxsiyyətlər öz əksini tapmışdır. Burada nə­zər­dən qaçırmaq olmaz ki, epos həm də poetikləşmiş tarix­dir. Onun bu və ya digər cəhətlərini tarixdə axtarmaq üçün ən mühü­mü odur ki, poema uzaq dövrlərdən üzü bəri süjet struk­tu­runu saxlamış və dövrün daha taleyüklü ictimai əhəmiyyətli hadisələrini əks etdirmişdir. Təbii ki, bütün bunların hamısı xalq yaddaşında yaşamış və xalqın uzunmüddətli qəhrəmanlıq tarixini və azadlıq uğrunda mübarizəsini əks etdirmişdir. Müx­tə­lif dövrlərdə olan bu tarixi hadisə və proseslər, sonralar bat­ırın adı ilə möhkəmlənmiş və onlar öz hərbi qəhrə­man­lıqlarına görə xalq arasında daha böyük nüfuz qazanmışlar.

Batırın və onun dostlarının, dəstəsinin başlıca düşməni qızılbaşların başçısı Qazan xandır. Qazan xanı bəzən hulakilər dövlətinin başçısı Qazan xan(1295-1304) ilə qarışdırırlar. O, Çin­gizilərdən birincisi olmaqla, islamı qəbul etmiş və öz tor­paq­­larında islam dinini rəsmi din elan etmişdir. Lakin Qazan və Kazan adlarını Qızılbaş sözünə aid etmək bu eposda Qazan xan dövrünə tətbiqən işlətmək də düzgün olmazdı. “Qı­zıl­baş” ter­mini yalnız XVI əsrin əvvəllərində yaranmışdır. Bu isə, məlum olduğu kimi, Şah İsmayıl Xətai dövrünə aiddir. O, Azər­baycanda Səfəvilər sülaləsinin başçısı olmaqla, onun əsasını qoy­muş ordusunda qırmızı papaq geymiş türklərin vuruşduğu da məlumdur. Onlara “Qızılbaş”lar deyirdilər. XVI-XVII əsrlər­də Sə­fə­vilər dövləti Orta Asiyada özbək xanları ilə müba­ri­zə­lər zamanı Xorasanda türk qarnizonları yerləşdirmişdilər ki, on­la­rın da əksəriyyəti qızılbaşlar qəbiləsindən qacarlardan iba­rət idi. Şərqi fars və türk mənbələrində “qızılbaş” sözü yaran­dı­ğı vaxtdan səfəvilər ordusunun adında əksini tapmışdır. Qazan xan, hər şeydən əvvəl, epik qəhrəman olmaqla oğuz eli qəbi­lə­si­nin “Kitabi Dədə-Qorqud”da göstərildiyi kimi epik qəhrə­manla birbaşa əlaqədə olduğuna işarə edir. Bununla bağlı xeyli məlumatları biz həm də Əbülqazi Bahadır xanın “Şəcərei-təra­ki­mə (Türkmənlərin soy kitabı)” kitabında tapırıq. Burada Sa­lur Qazanın həyatının nə qədər dəqiq göstərildiyini söyləyə bil­məsək də, onunla bağlı bu məlumat müəyyən dərəcədə ma­raq doğurur və Qorqud ata Salur Qazanı alp kimi öyür (3, 97-98). Prof. Xaliq Koroğlu qeyd etdiyi kimi, bu obraz, demək olar ki, (V-VI dastandan başqa II, IV, XI, XII- əsrlərdə) baş personaj kimi çıxış etməklə, bütün qalan dastanlarda öz əksini tapmışdır.

“Qızılbaş” sözü (kalmık sözü kimi) qazax eposunda daim mənfi mənada işlənir və bu özgə yerli və yadelli düşmən anla­mına uyğun gəlib, Orta Asiya və digər xalqlara məxsus olmaq­la onlar tərəfindən işlədilir. Onu da qeyd edək ki, tarixi mənbə­lər­də qazax qəbilələrinin qızılbaşlarla qarşı-qarşıya gəlməsi faktı haqqında da heç bir söhbət yoxdur. Bununla belə biz burada yalnız Nadir şah ordusunu oradan istisna edə bilərik. Nadir şah (1736-1747) məhz bu dövrdə kiçik Cuz hökmdarı Əbül Xayr xanla Xarəzmdə üz-üzə gəlmiş və vuruşmuşdur. Eləcə də qazax epik poemalarında “qızılbaş”, “kalmık” sözü həm də düşmən adını, ayrı dindən olanların adını göstərməklə sinonim kimi işlədilmişdir.

Batırların yürüşlərini, döyüşlərini təsvir edən bu poema tarixi kolliziyalarla, kalmıkların İtil (Volqa) üzərinə XVII əsrdə yürüşləri ilə bağlı olmaqla, qazax qəbilələrinin batırlar tərəfin­dən müdafiə olunmasını göstərir. Qazax batırları köçəri mal-qara saxlayanlar sırasından seçilmiş könüllülər olmaqla, daim düşmənlərə qarşı vuruşmuşlar. Kalmıkların bir hissəsini tor­qout­lar təşkil edirdilər. Onlar Oyrat İttifaqındakı qəbilələrdən ibarət olub Qazaxıstan ərazilərində yeni otlaqlar ələ keçirmək uğrunda vuruşur və irəliləyirdilər.

Rus mənbələrində kalmık tayşa torqoutların başçısı Xo-Urlyuk 1604-cü ildə Oyrat İttifaqından çıxıb, İrtışın orta axın­ları ərazilərinə köçmüş, xeyli dərəcədə cənuba irəliləmiş və 1608-ci ildə Emba çayı üzərində möhkəmlənmişdir. Burada onlar Ural və Yaik çayları sahillərindən köçmüş noğaylarla görüşmüşlər. Biçurinə (İakinfə), görə 1616-1621-ci illərdə Xo-Urlyuk İşim çayının qolları Tobol və Emba çayının yuxarı hissələrində və Sibirdə yerləşmişdilər. 1619-cu ildə kalmıklar bir neçə Kiçik Cuzdan ibarət olan qazax qəbilələrinin üzərinə hücuma keçmişlər ki, onlar rus salnamələrində noğaylı adı altında Noğay İttifaqında öz əksini tapmışlar.

Kalmık dəstələri Qazaxıstan ərazisində İrtış sahillərindən taki Şimal-Qərb istiqamətlərinə qədər getmişlər. Kalmıklar bu ra­yonlarda uzun-uzadı qərar tutmadan (hazırda bu ərazilər Semi­palatinsk və Pavlodar ərazilərini əhatə edir) Turqay düz­lərinə, Ural vilayətinə gedib çıxmışlar. 1628-ci ildə Xo-Urlyuk Yaik və Embada məskunlaşmışdı. Salnamələrdə belə məlu­mat­­lar da vardır ki, Qazax Ordasının şahı İşim kalmıkların üzə­ri­­nə hücuma keçir və onları darmadağın edir. Eyni zamanda digər kalmık dəstələri tayşa Kuyşinin (yaxud Quşi) başçılığı altın­da Yesildən, Obdan, İlekdən keçərək noğay torpaqlarında Ural və İtil üzərində qərar tutmuşlar. 1630-cu ildə kalmıklar noğayların üzərinə yenidən hücum çəkməklə, onların 21 min atı­nı ələ keçirmişlər: Astraxan atıcıları onları Astraxandan iki gün ərzin­də qovmuş, mal-qaralarını ələ keçirmiş, xeyli sayda əsgərlərini əsir götürmüşlər. 1633-cü ildə Xo-Urlyuk Turqay düzlərinə gedərkən İşim və Tobol arasında olmuş, onun oğlu Day­çin isə bu zaman Yaikin yuxarı hissələrinə köçmüşdür. 1633-cü ildə Xo-Urlyuk yenidən Yaik üzərində görünməyə başlamışdır.

Bütün bu yerdəyişmələr heç də qansız-qadasız ötüşmə­mişdir. Bununla belə, kalmıklar yerli əhalinin böyük təzyiqi ilə qarşılaşmışlar. Nəticədə kalmıklar qazaxları, türkmənləri, qara­qalpaqları köçəri yaşadıqları torpaqlardan vurub kənara atmağa müvəffəq olmuşlar. Qaraqalpaqlar bu dövrdə Emba rayonu ərazisində Uraldan qərb tərəfdə Tobolsk yaxınlığında olan əra­zi­lərdə yaşayırdılar. XVII əsrin 20-ci illərində onlar oradan artıq cənub tərəfə vurulub atılmışlar. Onların yerini dəqiqləş­dirmiş Əbülqazi qeyd edir ki, bu zaman qaraqalpaqlar Sırdərya çayı və Aral dənizinin ətrafında idilər. Türkmənlərin bir hissəsi kalmıkların təsirinə məruz qalıb, Manqışlaqdan daha cənub rayonlara tərəf hərəkəti zamanı onlar kalmık tayfalarının qazax köçəriləri üzərinə hücumları ilə rastlaşırlar. Bu hücumlarda kal­mıklar çoxsaylı mal-qara ələ keçirir, insanları əsir götürürlər.

“Koblandı-batır” poemasında yada salınan döyüşlər bə­zən real rayonların adı və coğrafi adlar ilə üst-üstə düşür ki, burada kalmık torqoutların Qazaxıstan ərazilərinə hərəkəti də eyni dövrü əks etdirir.

Qazaxlar üçün ən çətin dövrlər “Böyük bədbəxtlik” illəridir ki, qazaxlar onu “Aqtaban şubırındı” (XVIII əsr) ad­lan­dı­rır­lar. Həmin bu dövrdə cunqar hücumu nəticəsində məhz Alatau, Qaratau poemada Qarataunun köhnə adı Qaraspan adlanır (2, 456) və o ələ keçrilir. Bundan sonra qazax tayfaları Emba­ya, Yaikə, Uyu və Oru ərazilərinə köçməyə məcbur olurlar. Yadel­li­­lərə qarşı mübarizədə qazax dəstələri işğalçılara güclü zərbə­lər endirir, bəzi hallarda tutarlı qələbələr əldə edirlər. Bu döyüşlərə rəhbərlik edən batırların adları akın nəğ­mə­lərində daim yada salınır, oxunurdu. 1726-cı ildə Sarısu çayından qərbə tərəf qanjiqalı tayfasından olan Bokenbay batır kalmıklar üzərində böyük qələbə qazanır. Görünür, bu o qədər böyük bir hadisə olmuşdur ki, xalq yaddaşında, qəhrəmanlıq nəğməsi kimi qalmış və “Koblandı-batır”ın süjetində öz əksini tapmış­dır. Onun epizodlarından birində Bokenbayın döyüş səh­nə­si son dərəcə böyük ekspressivliklə təsvir olunur. O, Kob­lan­dı­nın oğludur və məhz o, kalmıklar üzərində qələbə qazanmış­dır. Poemada döyüşlərin getdiyi epik yer, ərazilər bir neçə dəfə göstərilir ki, bu məhz Sarısu çayı ərazisidir. Bundan başqa epik mətndə həm də yadellilərlə mübarizə öz əksini tap­mışdır ki, onlar, yuxarıda qeyd etdiyimiz kimi, eposda qızıl­baş­lar və kalmıklar kimi adlanırlar. Qıpçaqlar, kiyatlar və noğaylar da bir yerə toplaşaraq məhz onlara qarşı mübarizə aparmışlar. Məsə­lən, kiyat tayfasından olan batır Qaraman “Koblandı batır”a çatdırır ki, noğay tayfaları Qazan xan tərəfindən ələ ke­çiril­miş­dir. Koblandı onlarla birlikdə düşmən üzərinə hücu­ma keçir. Qeyd edək ki, eposda kalmık və qızılbaş eyni – yadelli düş­mən mənasını verdiyindən mətndə tez-tez eyni düşmən adı kimi çəkilməklə, onlar gah qızılbaşlar, gah da kalmık adlan­dırılırlar.

Poemada nəinki hərbi qəhrəmanlıq, həm də asudə həyat mənzərələri, zəngin təbiət panoramı epik səciyyədə öz əksini tapmışdır. Geniş təsvirlərdə feodal-patriarxal cəmiyyətinin uk­la­dı, yaşam tərzi, köçəri maldarların həyat realiyaları olduqca relyefli təqdim olunmuşdur. Burada ailələrarası, tayfalararası münasibətlər, qəhrəmanın öz yaxınları və düşmənləri ilə müna­sibətləri, tayfaların köçü, qışda qışlaqlara, yayda yaylaqlara, çayların, göllərin kənarlarında qərar tutmaları, qışda küləkdən qorunduqları yerlər (Çözdi gölünün ətrafı, Qaraspan dağı) və eyni zamanda bəylərin, ordaların, heyvanların saxlandığı yer, yur­talar, tayfa başçıları, onların ailə üzvləri (məsələn, Toktar­bəy, arvadı Analıq, oğlu Koblandı və arvadı Qurtqa, qızı Qar­lıqaş) çox­say­lı tört-tülik – daha doğrusu, saysız-hesabsız ilxılar – dəvələri, atları, iri buynuzlu mal-qarası, qoyunu, keçisi və s., tayfa baş­çısnın saysız-hesabsız var-dövləti, otlaqlar, xanların qorunan, müdafiə olunan, qala – şəhərləri və s. hamısı olduqca maraqlı şəkildə əksini tapmışdır. “Koblandı-batır” da batır­ların paltar­ları, onların atlarının rəngi, xəz paltarları, məx­mər paltarları, qızılla, gümüşlə bəzədilmiş paltarlar, məişət əşyaları, hərbi arabalar, dörd təkərli at arabaları, yurtaların detalları, sicimləri, ipləri, madyanlar, onların qulunları, mehtərlərin və ilxıçıların paltarları müxtəlif yüklə doldurulmuş karvanlar, milli yemək, köçərilərin uzun müddət ərzində istifadə etdikləri bütün nə varsa hamısı – yerli xalq təbabəti, dərmanları, atların yemi və s. göstərilmişdir. Bütün bu detalların hamısı köçəri həyatının və zəngin qazax torpağının təbiəti, mal-qaranın rən­ga­rəngliyi, bitki aləmi, xüsusən köç vaxtı qanadlı atlarda batırların yarış təşkil etdiyi anlar, susuz çöllər, dağ aşırımları, qamışlarla ötürül­müş göllər, bol sulu çaylar, ətrafdakı möcüzəli batır qəhrə­man­lığı və s. özünəməxsus şəkildə reallıqla fantastikanın sintezini ortaya qoyur.

Yuxarıda qeyd etdiyimiz kimi, poemada patriarxal tayfa qəbiləsinin mənəviyyatı, həyatı, adət-ənənəsi, mənəvi-əxlaqi dəyərləri və s. əksini tapmışdır. Bunlar ilk növbədə əsərdəki ayrı-ayrı qəhrəmanlıq eposunun müxtəlif epizodlarında, motiv­lə­rində, mövzularında özünü göstərir. Məsələn, Koblandı bu dəs­tənin başçısı kimi öz yaxınları, qohumları ilə sıx bağlıdır. İlk növbədə onun həmyaşıdı Qaramanla (o, dostluğa sadiq ol­ma­yıb qorxaqlıq göstərməsinə baxmayaraq) çox yaxşı mü­na­si­bət­lərdə olub qədim adətə görə qardaş (kürdas) kimi yaxınlığı gös­tərir, Koblandı onu bağışlayır. Doğma torpağa patriarxal sevgi, valideyn­lərə, böyüklərə hörmət, tayfa başçısının nüfuzu, tay­falar arasındakı həmrəylik, ələ keçirilmiş qəniməti birgə bölmək, məsələn, Koblandı qıpçaqlarla öz böyük qələbəsindən ələ keçir­diyi bütün qiymətli şeyləri bölür. Qızılbaş Kobikti qızı Qarlıqanı Qaramana verir. İctimai tədbirlərin, xalq bayramla­rının, toy-büsatların qurulması, hər hansı bir hadisə ilə bağlı bay­ramların keçirilməsi, məsələn, yürüşdən qayıtma, tayfanın gələcək başçı­sı­nın adının qoyulması ilə bağlı keçirilən bayram­lar və məra­simlər, ənənəvi zuriyətsizlik motivi və xana zuriyət ar­zulanması – bütün bunların hamısı batırın doğulma tarixi, onun öz hakimiyyətini əldə saxlama ilə bağlı qayğısı ictimai xa­rakterli olub, patriarxal əxlaq mədəniyyətinin səviyyəsini əks etdir­məklə, poemanın məzmununa orqanik şəkildə daxil edil­miş­dir.

Xalq həyatının özünəməxsus ensiklopediyası olan bu dastan əsrlər ərzində yaranmaqla onu yaradanların ideologiya­sını ortaya qoyur və onun məzmununda, xüsusən bədii, obrazlı sistemində qədim dövrün inancları – avamlıq, mərasimlər, rituallar (məsələn, heyvan kultu - qurban kəşmə, ölüləri anma və s.) və eləcə də islamın sonrakı dövrlərdə təfəkkürə təsiri, köçəri həyatında, mənəviyyatında özünə çətinliklə də olsa yer alması və s. göstərir. Qazaxlarda iki inancın yarımşamançı və yarımislamçılığın izləri qəhrəmanların poetik müraciətlərində Allaha yox, ruhların, heyvanların gücünə söykənməsi, onların köməyə çağırılması, gah da Allahı, müsəlman peyğəmbərlərini və müqəddəslərini səsləmə və s. maraqlıdır. Poemada həm də Orta Asiya xalqlarının digər epik nümunələri üçün xarakterik olan müsəlman düşüncə tərzi öz əksini tapmışdır. Bundan başqa poemada həm də islamdan əvvəlki köçəri tayfalarını əhatə edən fakt və hadisələr yer almışdır ki, onların da folklora müsəlman əfsanələrinin təsiri ilə əlaqədar daxil ola biləcəyi təxmin edilir. Əsərdə Bibliya peyğəmbərinin və İslam müqəd­dəs­lə­rinin, övliyalarının adları çəkilir. İslamın köçəri düzlərdə və səh­ralarda yayılması dövrü XIX əsrə təsadüf edir ki, burada Süleyman peyğəmbər haqqında əfsanələr, Xızır peyğəmbərə olan müraciətlərdə bu müqəddəslərin hamısı, hifzedici, müa­licə­edici, qoruyucu və xilasedici kimi çıxış edir. Onların adı poemada digər müqəddəslərlə, peyğəmbərlərlə yanaşı dayan­mış­dır. Onlarla birlikdə qəhrəmanların monoloqlarında qədim epik ənənəyə əsasən mifik qəhrəmanların adları çəkilir ki, bun­lar da müsəlmanlığa qədər çoxallahlıqla bağlı olan düşün­cə­lərin əksi kimi qiymətləndirilməlidir.

Digər çoxsaylı epik poemalarda olduğu kimi “Koblandı-batır”dakı hadisələrin magistral süjeti qəhrəmanın şəxsi maraqları ilə yox, onun ictimai borcu ilə bağlıdır (8, 32).

Epik qəhrəman obrazında qazaxların ictimai şüurunun uzun zaman kəsiyində formalaşmış etik, mənəvi-əxlaqi nor­ma­ları ifadə olunmuşdur. Batır doğma Vətəndə yalnız xeyir­xah­lıqlar etmək üçün dünyaya gəlmişdir. Koblandı obrazının baş­lıca mahiyyəti də məhz bundan ibarətdir. Dastanın süjet xətti, orada yer almış hadisələr qazax torpağının yadellilərdən müda­fiəsi kimi ümumi, aparıcı ideya ətrafında qruplaşmaqla, epik təhkiyənin vahidliyi üçün münbit zəmin yaradır.

Bir daha qeyd edək ki, əsərin başlıca ideya istiqaməti batırın öz qəbilələrini yadelli işğalçılardan qoruyub hifz etmək­lə bağlı hərbi qəhrəmanlıq və cəsurluğun əks olunmasıdır. Poema­­nın əsas ideyası öz əksini ənənəvi epik mövzularda tapır. Qəhrəmanların başlıca vəzifəsi öz tayfasını, qəbiləsini qoru­maq­dan ibarətdir. Bu mövzu kifayət qədər xəlqidir. Təsadüfi deyildir ki, etnik-milli əxlaqa uyğun olaraq poemanın bütün variantlarında yadellilərin bütün yürüşləri pislənir. Koblandı yalnız bircə dəfə məğlub olur. Onun tərəfdarlarını düşmən o, Qara­manla kalmık xanı Kobiktinin üzərinə hücuma keçən zaman yaxalayır. Poemanın başlıca ideyası epik qəhrəmanlığı ön plana çıxarmaqdan ibarətdir. Bu isə məhz əsərin başlıca pafosunu müəyyənləşdirir. Epik təhkiyənin mərkəzində qalib batır dayanır. O, bütün mümükünsüz çətinlikləri dəf edir və hətta ölüm təhlükəsinə də qalib gələ bilir. Batır öz doğma­la­rın­dan kənarda olsa da, o, daim öz dostları, öz qıpçaqları ilə birlikdədir. Hadisələr isə qəhrəman batırın ətrafında inkişaf etməklə, onun vətənpərvərliyini əks etdirir. Qəhrəmanlığın belə etalonu xalq epopeyasının ruhuna tamamilə uyğundur.

Məlum olduğu kimi, xalq epopeyasının başlıca əlaməti qəhrəmanlıqdır. Bu faktlar əsərin kompozisiyasına, obrazlarına, bədii təsvir vasitələrinə və s. yetərincə təsir edir. Bu, “Kob­lan­dı-batır” üçün də xarakterikdir. Bu da daha mükəmməl şəkildə əsərin nəşrində öz əksini tapır.

Poemanın məzmunu üçün əsasən mifoloji elementlərin yoxluğu xarakterikdir. Burada nağıl elementlərindən istifadə qəhrəmanların idealizasiyasını güncləndirməyə xidmət edir. Hər­bi cəngavərliyin təsviri isə batır obrazının romantik­ləş­diril­mə­si məqsədini güdür. Qəhrəmanın geneologiyası, tayfası, batırın doğulması, onun tərbiyə alması, sevdiyi qız uğrunda mübarizəsi və s. iştirakı, baş qəhrəmanların taleyi haqqında söhbətlər və s. burada mühüm yer tutur.

Poemanın süjeti xətti, yuxarıda qeyd etdiyimiz kimi, ayrı-ayrı tamamlanmış epizodlardan ibarətdir. Bu isə onların təhkiyənin vahid həlqələr üzərində qurulmasını şərtləndirir.

Poema batırın doğulmasına qədərki tarixdən başlayır. Belə başlanğıc qəhrəmanlıq eposunun epik ənənələrində möv­cud­dur və eyni zamanda bu türk xalqlarının batırlıq nağılları üçün də xarakterikdir. Qaraqıpçaq tayfasından olan Toktarbəy artıq qocalıb, Allahdan, övliyalardan, pirlərdən özünə davamçı, mü­dafiəçi arzulayır. Bu məqsədlə o, müqəddəs yerləri ziyarət edir. Allahın, müqəddəslərin şəninə qurbanlar kəsir, nəhayət, onun arvadı bəybişə Analığın əkizi - oğlu Koblandı, qızı Qar­lı­qaş doğulur. Koblandının uşaqlığı ənənəvi olaraq batırlıq ənənələri ilə bağlıdır. Oğlan çox tez böyüyür. Altı yaşında artıq o, atasının ilxısına gedir və orada baş ilxıçı Yestimislə hərbi, köçəri həyat ruhunda tərbiyə alır.

Qəhrəmanlıq eposu ənənələrində batırın uzaqda yaşayan gözəl qızla evlənməsi və eləcə də batır atlarının böyüdülüb saxlanması da öz əksini tapır.

Qız uğrunda mübarizədə iştirak batırın qəhrəmanlığının birinci mərhələsidir. Burada Koblandı gənc oğlanların sırasında ən cavanı kimi qızın atasının şərtlərini yerinə yetirməklə bir ox ilə qızıl sikkəni vurur. Yarışda qalib gəlməklə, o gözəl Qurt­qanı öz doğma köçəri torpaqlarına aparır. Batırın evlənməsi onun qəhrəmanlıq bioqrafiyasının ən mühüm mərhələlərindən birini təşkil edir. Koblandı çox güclü və döyüşkən batır atı əldə edir. Burada, təbii ki, ən mühüm rolu müdrik Qurtqa oynayır. O, əvvəlcədən özü üçün ilxıdan seçdiyi madyandan doğulmuş qulunu qəbul edir, onu böyüdür, öyrədir, ərinə batır sursatı hazırlayır. Koblandı Yestimislə birlikdə öz atasının ilxısını otarmaqda davam edir, ov ovlamaqla məşğul olur, at çapmağı öyrənir və i. a. və s.

Batırın qəhrəmanlığı bir neçə seriyadan ibarət yürüşlərdə və döyüşlərdə yadellilərə, qızılbaşlara, kalmıklara qarşı müba­ri­zə­lərdə öz əksini tapır. Batırın ilk qalibiyyət yürüşü qızıl­baş­lar xanı Qazana qarşıdır. O, qıpçaqlardan çox-çox kənarda olan noğayların köçəri torpaqları üzərinə yürüş edir. Artıq Koblan­dı burada qəhrəmanlıq göstərməklə öz batır keyfiyyətlərini nü­mayiş etdirir. Öz yaşıdı Qaramanın xahişi ilə kiyat tayfa­sın­dan olan Seili və daha beş kiyat batırını götürməklə, geyinib-kecinib, yaraqlanıb-yasaqlanıb yürüşə çıxır və Qazan xanı onun möhkəmləndiyi qala – şəhərdən, noğay şəhərləri Qırlıqala və Sirliqaladan kənara atır. Əgər Koblandı müdrik Qurtqanın qıpçaqların möhkəmləndiyi yerdən düşmənlərin üzərinə getmiş olsa uduza bilər. Yenə də Koblandı atası, anası, bacısı, arvadı və bütün yaxınları ilə vidalaşır. Qurtqanın böyüdüb yetişdirdiyi Tayburıl ata minib tezliklə kiyatlar ordusunun yanına çatır ki, elə bu anda onlar Qazan xana qarşı vuruşmağı planlaşdırır. Kob­landı tək başına Qazan tərəfindən tutulmuş atları qovur, sonra isə öz atına minib Qarlıqayla qızılbaşların ordusunun başçısı Qazan xana qarşı birgə döyüşə girir. Koblandı uzun müddətli qanlı-qadalı təkbaşına döyüşdə Qazanı onun öz oxu ilə vurub öldürür və atdan yerə sərir. Bundan sonra min süvari qızılbaş ordusunu yerlə-yeksan edir.

Koblandının ikinci yürüşü, onun artıq bir sıra hərbi ba­ca­rıq və vərdişlər əldə etməsinə baxmayaraq, müvəffəqiy­yət­siz­liklə nəticələnir. Batır və Qaraman birgə əsir düşürlər. Məğ­lu­­biyyətin əsas səbəbi Koblandının Qaramana qulaq asması ilə bağlıdır. Bu zaman Qaraman düşmənlərin tutduğu yeri azad etmək məqsədi ilə oraya yürüş edir. Məqsəd ilxını ordan kənar­laşdırmaq, Kobikti xanın şəhərini darmadığın etməkdən ibarət idi. Əsərdə dağıdıcılıq yürüşləri ifşa edilir. Bununla belə onlar yola tələsərkən daim möcüzəli köməkçilər olan pirlərə dua etməyi yaddan çıxarmışlar. Çünki qədim türklərin epik ənənə­lə­rinə uyğun olaraq pirlər və övliyalar belə vəziyyətdə batırlara kömək edirlər. Belə olduqda Qurtqanın əvvəlcədən dediyi öz yerini alır. Kobikti xanın kəhər atı ilxıdan kənarda qalsa da, öz sahibinin üstünə gəlir. Koblandı isə öz Tayburıl atında ona çata bilməyib geri dönür. Çünki, o, bundan sonra hələ qırx üç gün yetişdirildiyi yerdə qalmalı idi. Kobikti xan Tərlan atını çapa­raq ilxıya çatır. Koblandı burada yatdığı zaman Kobikti əlin­dəki toru onun üzərinə atır və onu Qaramanla birlikdə öz ordusuna aparır.

Batırların əsir alındığı epizoddan sonra bu janr üçün zə­ruri hesab edilən sevgi epizodları gəlir. Burada sevgi intri­qası Kobiktinin qızı Qarlıqanın əsir düşmüş batırla görüşüdür. İlk görüşdən o, Koblandıya vurulur. Kobiktinin lap uzaq yürüş­lə­rindən biri zamanı qızılbaşlar tərəfindən tutulmuş müsəlman doğulmuş Qarlıqa rəhmətə getmiş anasının vəsiy­yətini yerinə yetirmək məqsədi ilə özünə uyğun bir müsəlman qıpçağa ərə getməsi haqqında düşünür.

Təhkiyənin davamında Koblandı ilə onun Qarlıqa arasın­da­kı qarşılıqlı münasibətləri aydınlaşır, bu da onun sevgisi uğrunda öz doğmalarına qarşı satqınçılıq etməsi ilə bağlıdır. Mahiyyət etibarilə batırın qəhrəmanlıq bioqrafiyasının ikinci hissəsi onun batırlığının ikinci evliliyi ilə başa çatmasıdır.

Kolliziyanın əsasında əksər xalqların batır nağılları və eposları üçün xarakterik olan qədim motiv dayanır. Burada batırın öz gələcək arvadı ilə təkbətək vuruşu baş verməlidir. Yalnız öz qüvvəsində olan qıza qalib gəldikdən sonra batır onunla evlənmək hüququna malik ola bilərdi. Poemada bu ənənəvi motiv özünəməxsus izahını sonrakı dövrlərdə qədim süjetin kontaminasiyasında tapır. Qarlıqa ilə döyüşdə qələbini batır yox, onun oğlu Bokenbay qazanır. O, da altı yaşında ikən batır adına layiq görülmüşdür. Yalnız bundan sonra Koblandı əvvəl Qarlıqadan kənarlaşmaq istədiyi halda, arzu-istəyinin əksinə gedərək, onunla evlənməyə razı olur. Üs­tə­lik batırın evlənməsinə onun Qarlıqa üzərində mənəvi qələ­bəsi də kömək edir. Epizodlar bir-birinin ardınca Qarlıqanın öz sevgilisinə çatması uğrunda mübarizəsini də dərindən açır.

Qarlıqa Koblandı və Qaramanı əsirlikdən azad etməmiş­dən öncə onlara qaçmaqda kömək edir. Qızın əsir qəhrəmana köməyi qədim epik ənənə üçün xarakterikdir. Bu tipli və buna oxşar hallarla biz “Kitabi Dədə-Qorqud”da, “Alpamış”da, “Yusif və Əhməd”də, “Koroğlu”da da qarşılaşırıq. Belə epi­zod­lar psixologizmlərlə səciyyəvidir. Qarlıqa nəyin baha­sına olursa olsun sevdiyi batırı azad etmək istəyir. Koblandı Qara­ma­nı da, Qarlıqanı da ona qaçmağa kömək etdiyinə görə pis­ləyir. Onda Qarlıqa bicliyə əl atır. Onun məsləhəti ilə Qaraman xəlvəti olaraq Kobikti xan tərəfndən ələ keçirilmiş Tayburıl batır atını ona yaxınlaşdırır. Onlar atın ayağını iplə bağlayırlar. Tayburıl kişnəməyə başlayır. Koblandı zindanı dağıdıb ordan çıxır və öz atının köməyinə tələsir. Belə olduğu halda Qarlıqa batırı öz silah-sursatı ilə yaraqlayır. O, Qaramanla birgə dü­zənliyə çapır. Kobiktinin ilxısını da öz ardınca aparır. Atasının diqqətini yayındıran Qarlıqa özünün Akmonşah atını minib ata evini birdəfəlik tərk edib, batırların ardınca çapır.

Qarlıqa ikinci dəfə öz sevgi hissinin yüksəkliyini və batıra bağlığını doğma atasına xəyanət etməklə nümayiş etdirmiş­dir. O, atasının dəbilqəsində batıra zəif yeri bil­dir­dikdən sonra Koblandı oxdan atəş açmaqla, Kobiktini vura bilmişdi.

Qarlıqa batıra onun qəhrəmanlığının digər bir məqa­mın­da da kömək edir. Bu, Alşaqır xan və digər düşmən batırlarla bir­likdə gedən döyüşdən qalib çıxan zaman ona Qarlıqanın kö­mək etməsi ilə bağlıdır. Düzənlikdə geridə qalmış kiyat ordus­unu axtarıb tapan Koblandının atı birdən axsamağa başlayır. Qar­lıqa ona kömək etməyə gəlməyi vəd edir. O, atını çapıb ba­tır­­ları Koblandıya köməyə çağırır. Düşmənlərlə döyüşə hazırla­şar­kən Koblandı Qarlıqanı gözləyir. Öz vədinə əməl edən Qar­lıqa lazımı vaxta və lazımi yerə Qaraman batır və Oraqla birgə gəlir. Döyüşdə Koblandı Alşaqırı öldürür. Bu arada qala­dan çıxmış kalmık batırları Ağanas və Toğanas Koblandını müha­sirəyə alırlar. Qarlıqa elə o andaca köməyə çatır və Ağa­na­sı mübarizədən o an kənarlaşdırır ki, Koblandı artıq bu zaman düşmən oxu ilə vurulmuş halda yerə sərilməkdə idi. Bun­­dan sonra Qarlıqa və Koblandı təkbətək döyüşdə də qalib gəlirlər.

Lakin döyüşün əsas hissəsini yenə də elə Qarlıqa həll edir. Koblandı və digər qıpçaq batırları əldən düşmüş vəziy­yət­də qızılbaşların Birşimbay kimi güclü batırları ilə döyüşdükdə (o, Qarlıqanın doğma qardaşı idi) öz sevgilisini xilas etmək naminə Qarlıqa yenidən xəyanətə əl atır. Bicliyə əl atmaqla, Qarlıqa öz oxu ilə qardaşına sarsıdıcı zərbə endirir. Burada da Koblandının salamat qalmasına görə onu sevən qıza minnətdar olması fikri ortaya gəlir.

Bütün bunlardan sonra Qarlıqa inanır ki, o, Koblandının məhəbbətini qazanmağa layiqdir. O, bütün fəaliyyəti ilə Kob­lan­dıya sadiqliyini nümayiş etdirdiyindən, nəhayət Koblandı onunla evlənir. Burada batırın evlənməsinə xeyli bir-biri ilə əlaqəli zəncirvari hadisələr də yardımçı olur. Beləliklə, əsər­dəki ən müxtəlif psixoloji nüanslar qəhrəmanın hərəkət və davranışının motivirovkasını əks etdirir.

Koblandı Qarlıqanın arzusuna qarşı çıxmaq istəyir. Bu zaman qıpçaplar Alşaqırı darmadağın edib ələ doyunca qəni­mət keçirdikdən sonra öz doğma torpaqlarına qayıdıb Qaraspan dağının ətəyində şad, xürrəm yaşayırlar. Hamı tərəfindən yad­dan çıxarılmış Qarlıqa kədərə, qəmə-qüssəyə batıb, sevdiyi batır haqqında düşünür. Yalnız müdrik Qurtqanın Qarlıqaya yazı­ğı gəlir və o, ərindən təvəqqe edir ki, ona diqqət və sevgi göstərsin. O, bütün həyatı ilə Qarlıqaya borclu olduğunu dərk edir. Koblandısa Qarlıqaya əyilmir.

Əsərdə konflikt kulminasiya nöqtəsinə Koblandı ilə Şo­şa­yın döyüşü epizodunda çatır. Qarlıqa sevgilisi tərəfindən doğ­ru dərk edilmədiyindən üzüntülü hisslər keçirir və bunu Kob­landıya bağışlamaq istəmir. Rəqibinin gözləri qarşısında ona oxla yandan, böyüründən bir zərbə endirir. Bu zərbədən son­ra Qarlıqa Qaraspan dağının başındakı alaçığına çəkilir. Qıp­çaq batırları, başda Koblandının oğlu olmaqla, qızılbaşları qo­varaq, Koblandını öz alaçığına aparırlar. Qurtqa buraya onun yarasını müalicə etmək üçün gəlir. Bokenbay isə atasının xahişini yerinə yetirməklə Şoşayı addımbaaddım izləyərək onu öldürür.

Epizodun sonuncu hissələrində poemanın romantik xətti sona yetir. Batırın Qarlıqanı öz arvadı etməmək istəyi və eləcə də birdən birə onunla evlənməsinin səbəbi açıqlanır. Qurtqa öz ərinin yarasını müalicə edə-edə Qarlıqadan incik düşür. Kob­lan­dı qadın əli ilə yaralandığından barışığı batırın yalnız bu qız üzərində qələbə çala bilməsində görür. Qurtqa Bokenbaya Qar­lı­qanı atasının yanına gətirməyi tapşırır. O, öz Tayburıl atında hün­dür dağ zirvəsinə qalxır. Orada təkbətək döyüş başlayır və bu zaman Bokenbay öz oxu ilə Qarlıqanı atdan sal­dıq­dan son­ra, yanına gətirir. Məğlub olmuş Qarlıqanı görmüş batır onunla ev­lən­məyə razı olduğunu bildirir. Lakin onların nikah bağla­ması qarşılıqlı umu-küsülər aydınlaşmadan müm­kün deyildir. Qara­manla arasında olan münasibətlərdəki mü­rək­­kəblik müəy­yən­­ləşir. Qarlıqanın uzun müddətli tənhalığının səbəbi aydınla­şır.

Qarlıqa Koblandıya müraciət edərək nə əzablar çəkdiyini onun yadına salır və ona görə doğma torpağını, doğma vətənini atdığını, atasına, qardaşına qarşı xəyanət etdiyini bildirir, bun­ların nəticəsində isə Koblandıdan müsbət münasibət və hisslər görmədiyini bildirir. Qız Koblandıdan onun qarşısında nəyə görə günahkar olduğunu soruşur. Qarlıqaya cavab verən Kob­lan­dı ona olan sadiq sevgisini bildirməklə, həm də, öz sev­gi­sinə görə atasına və qardaşına xəyanət etdiyinə və qıpçaqların yanına gəldiyinə görə onu məzəmmət edir.

Beləliklə, burada biz batırın öz dilindən eyni bir tayfa, qəbilə ittifaqında öz doğma valideynlərinə qarşı xəyanət edən­lərin əxlaqı ilə tanış oluruq. Faciə burada onunla sona yetir ki, batır Qarlıqa ilə nikah bağlayıb onu öz Ordasına aparır. Beləliklə, Qurtqa Qarlıqa ilə bütün qıpçaqlara əsil dostluğun nə olduğunu nümayiş etdirir.

Əsərdə iki – qəhrəmanlıq və sevgi xətlərinin bir-birini tamamlaması bu poemanın süjet quruluşunun özünəməx­sus­lu­ğu­nu sübut edir. Qəhrəman batır nəinki zahiri konfliktli vəziyyətləri dəf edir, həm də döyüşlərdə çoxsaylı düşmənlərinə qalib gəlir. Onun mənəvi gücü daxili konflikti həll etməkdə, öz şəxsi taleyində, daha doğrusu, əsərdəki qəhrəmanların xarakter­lə­rinin psixoloji xüsusiyyətlərinin dramatizmliyinin güclən­mə­sində özünü göstərir.

Qəhrəmanların xarakteri əsərdə epik qaydalara uyğun ola­­­raq açılır. Qəhrəmanlıq eposunun ənənələrinə görə obrazlar müs­­bətlərə (batır, onun öz ailəsinin dairəsi; onun yaxın silah­daşları) və mənfilərə (batırın düşmənləri) bölünür. Poemada bun­ların hamısı son dərəcə dərin psixologizmlərlə işlənmişdir. Təd­qi­qat­­çılar qeyd etdikləri kimi, poema qeyri-adi rəngarəng xa­­rak­­­­terlər və obrazlıqla seçilir (1, 173). Burada daha bütöv şəkil­də Koblandı obrazı, onun döyüş atı Tayburıl, batırın iki arva­­­dı Qarlıqa və Qurtqa, Qaraman batır və onun tayfasından olan digər batırların surəti və eləcə də Qazan xan, Kobikti, Alşa­­­­qır, Birşimbay, Şoşay xüsusi bədii boyalarla təsvir olunmuşlar.

Koblandı obrazının xarakteristikası epik qəhrəmanın əsas aparıcı funksiyasına tabe edilmişdir. Batır burada ümumxalq marağı uğrunda mübarizə aparır və özündə qəhrəman xalq idea­lını əsil cəsur, mənəviyyatlı, müsbət, ədalətli, yenilməz azad­lıq carçısı obrazını təcəssüm etdirir.

Obrazın xarakteristikasında batırın başqalarından üstün­lüyü göstərilir. Digər qəhrəmanlıq abidələrində olduğu kimi Koblandı uşaq yaşında böyük qüvvəyə malik olmaqla hərb sirlərinə yiyələnməkdə daha üstün olub, bütün batırlara qız uğrunda mübarizədə qalib gəlir. Poemada ənənəvi olaraq tək­başına vuruşan batır əsgərin obrazı verilir. Bütün təhkiyə boyu bir neçə dəfə həm qəhrəman, həm personajlar onun atasının tək oğlu olduğunu qeyd etməklə uzaq səfərlərlərdə döyüşdüyünü qeyd edirlər. Koblandının nə böyük, nə də kiçik qardaşı yoxdur. Onun heç kimə bel bağlamağa ümidi də yoxdur, o heç kimdən kömək də gözləmir. Bəzən o, təkbaşına çoxminli düş­mən ordusuna batırlarla birlikdə qalib gəlir.

Batırın üstünlüyü burada metaforaların köməyi ilə yük­sək şəkildə təqdim edilir. Batır bir neçə dəfə onu əhatə edən­lə­rin yanında deyir ki, onun atı ilxıda yeganə rəngə malik olub, ha­mının atından seçilməklə, yalı da, tükü də son dərəcə fərq­li­dir. Belə obrazlı paralel onu göstərir ki, batır öz gücü, qüvvəsi, qəhrəmanlığı, cəsurluğu ilə digər insanlardan seçilir, onun özü digərlərindən seçildiyi kimi, atı da digər atlardan fərqlən­mə­lidir.

Xalqın vətənpərvərlik ruhunu əks etdirən batır doğma el-obası, torpağı, doğma ailəsi ilə daim sıx əlaqədədir. Düşmənlər üzərində qalibiyyətdən sonra o, öz tayfa, qəbiləsinə qayıdır, öz evində qərar tutur.

Batırın böyüklüyü hiperbolalarla qəhrəmanlıq eposunun ənənəvi priyomlarının köməyi ilə verilir. Döyüşə gedən Kob­lan­dı özü ilə dəmir silah-sursat götürür. Onun qaşları qarla, kiprikləri buzla örtülür, bu isə qəzəbin son dərəcə özünəməxsus formulasıdır. Batırın özü qızmış dəmirə bənzədilir, nərə çəkir və bəzən qudurğan dalğalar kimi şahə qalxır. Batır üçün qırx minlik qızılbaş ordusu qırx döyüşçü kimi görünür. Onun tərə­findən atılmış güllələrsə elə qəzəbli olur ki, düşmən batırlarının gözündən dəyir. Onun səsindən torpağın, yerin özü də titrəyir. Batırın silahı, onun qəhrəmanlıq xüsusiyyətləri ona digər personajların müraciətində əks olunur. Belə ənənəvi xarakterik obrazlılıq, demək olar ki, əsərin bir neçə yerində özünü gös­tə­rir. Batırlığı təsdiq edən troplar digər türk xalqlarının qəhrə­man­lıq eposu üçün də ənənəvidir. Onların sırasında qədim obrazlar, batırı vəhşi heyvanlar və quşlara bənzədən qədim obrazlar qrupu vardır. Koblandı şirə bənzədilir. O, sanki şir, pələng, canavar kimi doğulmuşdur, yaxud da ki, “şahindir”. Burada digərlərindən batırın fərqliliyini ifadə edən antitezalar – sən – şahinsən, biz qarğalarıq – şəklində verilir. Bu sırada heyvandar köçərilərin dünya haqqında təssəvvürləri öz əksini tapmışdır. Batır dözümlü və cəsur nər, erkək dəvəylə müqayisə olunur. Belə obrazlılıq gənc batırda həm də onun ənənəvi müraciətlərində özünü göstərir. Bir sıra troplar ətraf aləmin batırın üzərinə keçirildiyini əks etdirir: - o quşdur, yüksəkdə uçan quşdur; o – göldən uçan qazdır, suda qamışın köküdür.

Poemada xalq dini təsəvvürləri olan obrazları xüsuslilə fərqləndirmək olar: ata-ana üçün onlar yeganə və ən əziz oğ­lu­dur­lar, onlar ölülərinin məzarı üzərində yandırılan çırağa bən­zədilir, onlar möcüzəli dualarla yenidən doğmuş ulduz­lardır.

Əsərdə batırın mahiyyətini təşkil edən çoxsaylı epitet­lər­dən də geniş istifadə edilir. Koblandı dünyada xeyirxah doğul­muş­lardan ən yaxşı insandır. O, xalq hökmdarıdır. Beləliklə, batırın xarakteristikasında müqayisələrdən, troplardan geniş istifadə edilir ki, bu da ənənvi türk eposunun çərçivələrindən kənara çıxmır. Məsələn, batır güclü bir nəhəng kimi göstərilir. O, sanki canavar qoyunu məhv edən kimi at çapıb düşmənləri tikə-tikə edir. Döyüşdən qabaq o, nər dəvə kimi nərildəyir. Onu belə görən düşmənlərdən hər biri pələng qulanların üstünə düşən kimi ondan qaçırlar.

Poemada batırın qəsbkarlarla mübarizə və döyüşləri kifa­yət qədər poetikləşdirilmiş və romantikləşdirilmişdir. İlk baxış­da zahiri görünüşünə, fəaliyyət və gücünə görə Koblandı və onun dəstəsinə uduzmayan qızılbaşların qırxminlik süvarisi bu qıp­çaq oğlunun gücü qarşısında aciz görünür. Düşmənlər qə­zəb­li, qəddar, alçaq hissləri və mənfur niyyətləri ilə seçilsə də, xaql gücünü, qüvvəsini, düşüncəsini və müstəqillik ideal­larını özündə təcəssüm etdirənlər qarşısında tablaya bilmirlər. Buna görə də qızılbaş batırları ilə üz-üzə dayanıb söz atışmaları və hərbə-zorba səhnələrində Koblandının baş qəhrəman kimi hadisələrin dramatikləşməsinə təsiri nəzərəçarpacaq dərəcəd hiss olunur.

“Koblandı-batır”da batırın şərti, eyni zamanda ümumiləş­diril­miş obrazı təqdim olunmuşdur. Onun ənənəvi silahı sıra­sın­da batırın bulqar oxu, almaz kimi iti bulat oxu, qızılla bəzədilmiş silahı, qırx arşınlıq kamanı və s. vardır ki, bunları da guya Davudun özü döyüb hazırlamışdır.

Koblandının döyüş görkəmi digər türk xalqlarının batır epik dastanlarındakı portretinə uyğun şəkildə göstərilir ki, o da yürüşdən qabaq müxtəlif təsvirlərdə öz əksini tapır. O, ağ dəbilqəni geyib, öz noğay şaşqasını belinə taxır, atını yəhərləyib, oxunu götürüb gedir.

“Epik qaydaya”uyğun olaraq batır heç də öz döyüş atın­dan kənarda təsvir olunmur. O, bütün döyüşlərdə və yürüşlərdə məhz onun inanılmış dostu və dostun köməkçisi kimi çıxış edir. Məsələn, Tayburıl batırın arvadı tərəfindən böyüdülüb, ye­diz­dirilib, saxlanılmışdır. Onun əsərdə digər mühüm xü­susiy­yətləri də əks olunur. Bu xüsusiyyətlər batır tulparına – döyüş atına xasdır. O digər mühüm, üstün, əfsanəvi keyfiy­yət­lər­lə fərqlənir. O qanadlıdır, cəld ayaqlıdır, gözəldir, dözüm­lü­dür, yorulmazdır, çapanda quş kimi uçur, ən çətin məqamlarda öz sahibi ilə danışa bilir, onun bütün tapşırıqlarını yerinə yetirir. Atın belə xarakteristikası mənəvi xüsusiyyətlərdən irəli gəlir, onun böyüdülməsi, həm də öyrədilməsinin təsviri ilə olduqca sıx əlaqədədir. Yalnız uzun müddətdən sonra xüsusi yemlə yedizdirilir, ondan sonra o qeyri-adi şəraitdə yaşayır. O qızıl alaçıqda günəş şüasından, gün işığından və küləkdən qorunur. Burada “Koroğlu”nun Qıratı yada düşür. Atın öyrə­dilməsi, əhliləşdirilməsi prosesi gedir və Tayburıl burada bütün digər fərqli keyfiyyətlərinə görə əsil batır atı kimi göstərilir.

At öz sahibinə yaxındır, ona bağlıdır və onu böyüdən Qurtqanı öz anası hesab edir. Onun bütün harayına, səsinə hay verir, ona yaxınlaşır, hətta onun səsi lap uzaqlardan gəlmiş olsa belə, onu axtarıb tapır və ondan ayrılan məqamda dizini yerə atıb ana kimi dodaqlarını uzadaraq onun sinəsinə sıxılır.

Atın təsvirində xüsusən batırın at çapdığı səhnələrdə hiper­bolizasiya daha yaxşı görünür. Tayburıl hara ayaq basırsa, orada az qala yer titrəyir, daşlar ayağı altından göylərə sıçrayır. Ən güclü at çapan batır Koblandı isə bütün silahlarla yaraq­lanıb-yasaqlananda adi fəsdən də yüngül görünür və atın belində sanki quş kimi səkir. Belə xarakterik hiperbolizə edilmiş təsvirlər əsərin bir neçə yerində dəfələrlə təkrar olunur.

Ənənəvi müqayisələr və epitetlər, həm də qəhrəmanın atının yüksək keyfiyyətlərini və gözəlliyini əks etdirir. Məsə­lən, atın alnı ay kimi yanır, qulaqları qamış kimi uzanır, özü ceyran kimi bərk qaçır; o sanki bal kimi şirindir; qaçarkən san­ki məftil tək əyilir, irəliyə qayış kimi dartılır; düşmən üzərinə canavar kimi şığıyır və s. Batırın atı müxtəlif tipli müqayisələr kontekstində daha güclü görünür. Məsələn, o yazda göydən tökülən yağış damcılarına bənzədilir.

Əsərdə batır atının adı ilə bağlı epitet və metaforalar olduqca səciyyəvidir. At burada sadiq dost olmaqla, gözəl səsi, kişnərtisi ilə seçilir. O, çox gözəl heyvandır. Poemadakı yığ­cam metaforalarda Orta Asiya xalqlarının qəhrəmanlıq eposu üçün xarakterik xüsusiyyətlər öz əksini tapır:


Burıl – xeyirxah heyvan,

O – qanadlı bir şahin.

Atın belə möcüzəli görünüşü sanki onun aşağıdakı detal­la­­­rının sadalanması ilə qeyd olunur (onun qızıldan yəhər-yü­yə­ni, qızıldan nalları var), eyni zamanda dastanda biz onun ənə­nə­vi olaraq batır atı üçün xarakterik olan müraciətlərini də görürük.

Burada qəhrəmanın taleyində başlıca rolu onun sevgilisi və silahdaşları, batır dostları oynayırlar:
Quyruğu sıx, yumşaq yal,

Sözümə mənim qulaq sal,

Altın, gümüş sıx yalın,

Sanki altındur sənin.
Tədqiqatçılar “Koblandı batır” dastanında aşağıda­kıl­arın mövcüdluğunu qeyd edirlər. “Qazax poeması çoxsaylı kişi obrazlarıyla olduğu kimi, həm də qadın obrazları ilə zəngindir. Bundan başqa burada bir sıra digər maraqlı personajlar Koblandı­nın bacısı, onun anası Analıq, Alşaqır xanın anası və başqa­la­rı vardır ki, onlar da məhz qəhrəmanı sevən qadınların obra­zı­nın bədii cəhətdən mükəmməl işlənildiyini göstərir. Əgər Qurtqa – Koblandının arvadı – öz dostuna sevgi və sədaqətdə müdrilklik simvoludursa, o, daim öz ərini müxtəlif çətinliklər və bədbəxtliklər zamanı qoruyursa, Qarlıqasa batıra sonsuz sevgisini əks etdirir” (1, 173). Burada onun qarşısında heç bir sədd çəkilə bilməz. Bu sevgiyə görə də o, öz atası, doğmaları və vətəni ilə vidalaşır və nəhayət özünü də qurban verir. Qar­lı­qanı Koblandıya yaxın edən onun digər keyfiyyətləri də vardır. O, doğrudan da döyüşkən dostdur, güclü batırın inanılmış sirdaşıdır. İki qadın xarakterinin belə mahiyyəti öz əksini burada istifadə edilən obrazlı vasitələrdə tapır. Üstəlik burada obrazların fərdiləşdiləşməsinə canatma da özünü aydın gös­tə­rir. Qurtqa obrazının mükəmməliyini qeyd etmək üçün poema­da xeyli kompleks, ənənəvi epitet və müqayisələrdən də istifadə olunur. Onun xeyirxahlığı, gözəlliyi, müdrikliyi, bütün qadınlardan yüksəkdə durması, öz həyat yoldaşı üçün əvəzsiz bir qadın olmasını biz bu müdrik qadın obrazının mahiyyətində necə əks olunduğunu görürük.

Heyvanlar aləmi və təbiətlə əldə edilmiş ənənəvi müqa­yisələr qəhrəmanın gözəlliyini olduqca yüksək şəkildə əks etdirir və onlardan bu qadının ümumiləşdirilmiş portretinin verilməsində uğurla istifadə olunmuşdur. Üstəlik biz burada batır simasının təsvirində verilmiş portretin milli geyimlərdə real detallarının necə təzahür etməsini də yaxşı görürük.

Digər bir qadın obrazı Qarlıqa da batıra heç də qəh­rə­man­lıq və sücaətdə uduzmur. Belə özünəməxsus və koloritli obraz poemada onun xarakteristikasının ikitərəfliliyi ilə müəy­yən­ləşir və bu, məhz obrazın ziddiyətliliyindən irəli gəlir. Buna bariz nümunə qəhrəman qadının təsvirinə cəlb edilmiş obrazlı vasitələrdir.

Batırın sevgilisinə xas olan adi xüsusiyyətlərlə zəngin­lə­şən epik gözəllik və onun şərti portreti epik standartlar həd­lə­rində yazıya alınmışdır. Qurtqa kimi o da tam mükəmməl gö­zəl­liyə malikdir. Qarlıqaya xas olan qadınlıq mahiyyəti, eləcə də digər onun mühüm daimi epitetləri ilə, məsələn, gözəlliyi, xeyirxahlığı və digər dəyərli cəhətləri ilə qeyd olunur.

Qadın obrazının sima və xarakterlərinin yapılmasında istifa­də edilən müqayisələr Qarlıqanın obrazından fərqli olaraq incə Qurtqa obrazında xüsusi şəkildə təqdim olunmuşdur. Mə­sə­lən, onun məğrurluğu, müstəqilliyi, gücü heç kəs qarşısında əyilməzliyi də müqayisələrlə verilmişdir. Das­tan­da biz bu müqayisələrlə güclü heyvanların və quşların timsa­lında rastla­şırıq. Məsələn, o, sanki bir yaşına çatmış şahin idi. Maraqlıdır ki, başqa bir müqayisə kontekstində biz Qarlıqanın müstəqil olaraq həddindən artıq çevik qərar qəbul edib döyüşə atılması və batırın oğlu Bokenbay qarşısında sücaət nümayiş etdirdiyi məqamlarla da rastlaşırıq.

Burada gözəlin portretinin yapılmasında istifadə və tətbiq olunan ənənəvi müqayisələr kompleksində batırın arvadı Qurt­qanın onun əri batıra, batır simasına xas olan detallarla zən­ginləşdirildiyinin də şahidi oluruq.

Koblandı ilə birlikdə döyüşə gedən Qarlıqanın simasının təsviri şərti olaraq batırın özünün portretini ilk iki sətrində təkrarlayır:
Düz burun, qonur gözlü,

Xöş sözlü, bəyaz üzlü,

Qarlıqa adlı qızı,

Qarlıqanı çağırdı.
Bir neçə hallarda Qarlıqanın məxsusi keyfiyyətləri onun döyüş silah-sursatının detallarının sadalanması ilə qeyd olunur. Bu da Koblandı batırın özünün portretinin yaradılması üçün də səciyyəvidir:
Akmonşah ata mindi,

Belinə nizə aldı,

Dəbilqəni geyindi

Saçların küt bağladı,

Noğay börkün geyindi.
Əsərdə döyüşə gedərkən altı yaşlı Bokenbayın xəz bör­künü başına qoyub getməsi dəfələrlə yada salınır.

Qəhrəman qadınların obrazları bir sıra hallarda həm də əsə­­­rin özünəməxsusluğunu müəyyənləşdirir. Burada qədim türk eposunun əksəriyyətində olduğu kimi onlar qadınların ideal xüsusiyyətlərini müxtəlif yönlərdən təcəssüm etdirirlər. Məhz belə qadınların simasında batır arvadlarının isməti, sə­da­qə­ti, onların batırların köməkçisi, məsləhətçisi olduğu gös­tərilir.

Batırın silahdaşlarının xüsusiyyətləri epik ənənə ruhunda açılır, onlar ümumiləşdirilmiş və batırın özünə xas olan qəhrəmanlığı təcəssüm etdirirlər. Onların içərisində daha geniş şəkildə iki obrazın – Batırın oğlu Bokenbayın və Koblandının həmyaşıdı Qaramanın xarakteristikası verilir.

Bokenbay obrazı mahiyyət etibarilə böyük batır və onun atasının obrazını təkrar edir. Belə ki, artıq altı yaşlı Bokenbay batırla bağlı metaforalardan istifadə olunur; o güclü, cavan şirdir. Onun batır xarakteristikasının mahiyyəti ənənəvi sətir­lər­də özünəməxsus epik klişelərdə öz əksini tapır ki, əsərdə onlardan Koblandı obrazına tətbiq olunan məqamlarda da geniş istifadə olunmuşdur:


Özü altı yaşında,

Dəri börkü başında,

Altında səmənd atı,

Yanında yox yoldaşı.
Atası kimi Bokenbay da artıq gənc yaşında ilxılara gedir və Yestemis tərəfindən hərbi-köçəri həyatı ruhunda tərbiyə olunur. Uşaq ikən o, düşmən batırlar üzərinə yürüşlər etmiş, onların ən güclülərinə qalib gəlmiş, təkbaşına çoxsaylı düşmən ordusunu məğlubiyyətə uğratmışdır. Heç də təsadüfi deyildir ki, ona daim atasının Tayburıl adlı döyüş atı xidmət edir, o da onunla birlikdə Şoşay xanı izləyərək atasını yaraladığına görə ondan qisas alır. Bu döyüşdə Bokenbay məğlubedilməz batır kimi təsvir olunur. Onun siması mənəvi epitetlərin batıra tətbiq olu­nan müqayisələrin köməyindən istifadə edilməklə forma­la­şır. Batırın at çapdığı məqamların təsvirində poemada hiper­bo­la­lardan daha geniş istifadə olunmuşdur.

Bokenbayın simasının yaradılmasında müqayisə və epi­tet­­lərdən Koblandının özünə nisbətən daha xəsisliklə isti­fa­də olu­nur. Onun batır obrazı hiperbolalardan istifadənin kömə­yi ilə mükəmməl görünür. Bu isə türk qəhrəmanlıq eposu üçün sə­ciy­yəvi xüsusiyyətdir. Yenicə doğulmuş Bokenbayı qırx qadın bə­ləyə bilmir. Bokenbayın cəmi bir yaşı olanda o, dağ­­lara, daş­la­ra ox tuşlayır, üç yaşında isə olduqca böyük daşları sındıra bilir:



Altı yaşlı Bokenbay,

Oxşardı atasına.

Dağlar, daşlar yanırdı,

Bokenbayın zəhmindən,

Gücündən, qəzəbindən.
Əgər Bokenbay obrazı böyük batır Koblandının obrazını zənginləşdirirsə, yaşıdı Qaraman onunla ziddiyyət təşkil et­mək­lə, həm də qəhrəmanın kişiliyini, cəsurluğunu, xeyirxah­lı­ğı­nı sübut edir. Qaraman adi insanlardandır. Bununla belə onun adi insanlara xas olan cəhətləri ilə yanaşı, xoşagəlməz xüsu­siy­yəti ondadır ki, onun obrazı həm də baş qəhrəman obrazının əksidir. Qəhrəmanın davranış və hərəkətləri digər batırların davranış və hərəkətlərinə ziddir. O, cəsurluğu əsasən sözdə ortaya qoyur və nümayiş etdirir. Digər batırların qarşısında öz şöhrətindən danışır, özünü öyür, lovğalanır. Koblandını qərar qəbul edə bilməməkdə qınayır, onun növbəti yürüşlərdə ehti­yat­lı olmasını söyləyir. Bəzən onu qadın da adlandırır. Bir­başa döyüşə gəldikdə isə, Qaraman daha güclü rəqiblə dö­yüş­­dən kənarlaşır. Çətinliyə düşdükdə Koblandıdan kömək istə­yir. Köməyə gəlib, düşmən Qazan xanın qalasını ələ keçir­mə ilə bağlı ona müraciət edir. Batır da bundan incimədən onun köməyinə çatır. Koblandıdan fərqli olaraq Qaramana məğ­rurluq, öz şəxsiyyətini qorumaq yaddır. O, əsirlikdə olanda qəhrəmanın qarşısında özünü alçaldır, ondan onu azad etməyə, ona kömək etməyə çağırır. Belə olduqda Koblandı ona acıq­la­nır və onu qovur. Koblandı təkbətək döyüşdə Kobikti xanla döyüşdüyü zaman Qaraman öz dostunu səhrada atıb, axsaq atla aradan çıxır və Koblandının əldə etdiyi qəniməti özü ələ keçirərək özünü qalib hesab edib, digərlərindən ona qalib kimi müraciət etməyi tələb edir. Qaramanın alçaqlığı eposda son dərəcə geniş şəkildə təsvir olunur. O, hətta tayfanın adi qanun­larından belə sui-istifadə edir. Tayfada belə bir qayda hökm sürürdü ki, əgər batır hər hansı bir düşməndən qənimət ələ keçi­rmiş olsaydı, onu birgə bölməli idi. O, Qarlıqanı sevən batırdan onu azad etməyi xahiş edir, pul aldıqdan sonra qızı burax­mağa razılıq verir, əvəzində isə Alşaqır xanın iki ba­cılarını ələ keçirir. Qarlıqa əvəzində pul verdiyinə görə Qara­ma­nı ifşa edir və hamıya söyləyir ki, o, yığdığı bütün var-dövləti, mal-qaranı əsil ər döyüşçü, batır kimi yox, özgələrdən qənimət kimi ələ keçirmişdir.

Qaraman bir sıra qalibiyyətli görüşlərdə iştirak etməsinə baxmayaraq, o, xüsusi qəhrəmanlıq nümayiş etdirmir. Ona yal­nız bircə dəfə batır döyüşü zamanı əsil batırlığını sübut etmək üçün ənənəvi epik formula tətbiq edilir. Məsələn, döyüşdən qabaq o, Koblandıya Alşaqırla köməyə gedəndə Qaramanın qaşlarında qar donur, kiprikləri buzla örtülmüş kimi təsvir olunur. Buradaca onun portretini xarakterizə edən qonur göz, çil sifət yeganə detal kimi verilir.

Batır Koblandı ilə bağlı təhkiyədə Qaramana qarşı ənənəvi epitetdə müqayisələr tətbiq edilməsi təsadüfi deyildir. Onun obrazının mahiyyəti mənfi paralelizmin köməyi ilə açılır və bu, məhz Qarlıqaya müraciətdə özünü daha aydın göstərir. Batırın köməkçilərinin obrazlarının fərdi xarakteristikası ümu­mi­ləşdirilmiş şəkildə verilir. Məsələn, Koblandının kürəkəni Oraq, ilxıının başçısı Yestemis məhz belələrindəndir.

Yestemis obrazı qəhrəmanın xalq arasından çıxması, xanın nökəri və kiçik yaşlı batırın tərbiyələnməsi, bir müddət atasını əvəz etməsi kimi türk dastanları üçün ənənəvi xarakterik xüsusiyyətə malikdir. Yestemis uzun müddət Koblandını öyrə­dir. Ona məsləhətlər verir və ona qızın ələ keçirilməsində yarış­lar­da necə qalib gəlməyi öyrədir, sonra isə onun oğlunu batır ruhunda tərbiyə edir. O, yaralanmış batırı tapır, onun xilasında və müalicə olunmasında böyük rol oynayır.

Yestemisin zahiri simasının təsviri batıra bərabər şəkildə tutulmaqla, ənənəvi obrazlı vasitələr çərçivəsindən kənara çıx­mır. Yestemis döyüşə gedir.

Döyüşə girərkən o, düşmənləri sağdan-soldan qırıb tökür, əsil batırlıq göstərir. Batırın çoxsaylı rəqibləri – düşmən batır­ları epik qaydaya uyğun olaraq böyük qüvvəyə malik olmaları ilə fərqlənirlər. Guya onların dəbilqəsini güllə deşmir, özlərini isə oxlar, nizələr dəlib keçmir. Məsələn, onlardan bəziləri – Alşa­qırın yaxınları 45 arşınlıq nəhəng Qızılərin – Ağanas və To­ğa­nas adlı oğulların xarakterləri qroteksklə verilir. Onlar nəhəng­­dirlər, az qala Qaraspan dağı boydadırlar. Koblandı Qazan xana döyüşdən qabaq müraciət edərkən onu yüksək dağ aşırımı adlandırır və onun nəhəng cüssəsini xan əsilli-nəsilli olması ilə bağ­­layır. Koblandının düşmənlərinin xarakteris­ti­ka­sın­da oxşarlıq və ümumilik olmasına baxmayaraq, onun düş­mən­­ləri Qazan, Alşaqır, Kobikti və başqalarından hər birinin fər­di simaları vardır. Burada onların fərdi xarakteristikası nəinki silahlarının bir-bir sadalanması ilə müəyyənləşir, həm də obrazlı paral­le­lə­rin, türk xalqlarının qəhrəmanlıq eposunda ənə­nəvi obrazlı para­lellərdən istifadəsi ilə göstərilir və onlar ba­tırın öz siması­nın təsvirində tətbiq olunur. Bununla belə əsər­də batıra qarşı da­yanan xarakterlərin, fiqurların mühüm­lüyü qeyd olunur. On­lar nə qüvvəsinə, nə əsgəri bacarığına görə batıra uduz­murlar. Lakin bununla belə onun tərəfindən məğlub edilirlər.

Batırın başlıca düşməni Qazan xan isə cəsur batır epiteti ilə fərqləndirilir. Onun siması akın dili ilə daha relyefli verilir. Qazan obrazını onun digər çoxsaylı dostları zənginləşdirirlər. Qazanla birlikdə döyüşə yasavullar silah, qoltuqlarında qara şahin, döşlərində medallarla gedən bacarıqlı gənclərdir.

Batırın digər rəqibi Kobikti də adlı-sanlı batırdır, dəbil­qəsi doqquz qatdan ibarət olduğundan onu güllə dələ bilmir. Kobikti batırın digər bir rəqibi Alşaqır xanı yadımıza salaq. Alşaqır eposda nəhəng fil kimi təsvir olunur. Onun simasının təsviri sabit epik formulaya uyğundur ki, bundan batır Kobik­tinin də obrazında istifadə olunmuşdur

Kobiktinin oğlu Birşimbay obrazı da koloritlidir. O, Qar­lıqanın doğma qardaşı, Alşaqırın kürəkəni olmuşdur. O, batır kimi anadan güclü doğulduğundan onu, demək olar, heç bir düşmən batırı məğlub edə bilməmişdir.

Batır düşmənlərinin xarakteri Qızılbaş xanı Şoşay tərə­fin­dən sona çatdırılır, ümumiləşdirilir. Burada da özünəməxsus batır obrazından, realist cigilərdən istifadə olunmuşdur. Məsə­lən, o, boz paltar geyinmiş qızılbaş idi.

Beləliklə, biz baş qəhrəman obrazlarının xarakteristi­ka­sında nəinki ardıcıl olaraq, həm də onların son dərəcə fərqli cəhətlərini görürük. Burada həm də öz əksini tapan digər hadisələr, aparıcı personajların siması, obrazların poetizasiyası və s. mövcuddur.

Dastanın məzmunu xalq qəhrəmanlıq poemaları üçün xarakterik olan ənənəvi mövzulara söykənmişdir.

Dastanda arxaik mövzular qorunub saxlanılır, görünür, elə bu da epik nəğmənin əsasını təşkil edir. Bu, batırın Qızılər adlı nəhənglə mübarizədə onu məğlub etməsi, qadının kişisinə və öz valideynlərinə qarşı zidiyyətlərində, məsələn, Qarlıqanın atasını atıb Koblandı ilə getməsində, ona kömək etməsində və atasını öldürməsində yaxşı görünür. Qarlıqa nəhəng Ağanasın zər­bələrini dəf edib, Koblandını xilas edir, düşmən qızının qəhrəman batıra kömək etməsi kimi baxışlar epik şəkildə IX-X əsrlərdə oğuz qəbilələrində formalaşımış ilkin feodal dövlətlə­rinin düşüncəsi üçün xarakterikdir. Noğaylı-qıpçaq silsiləsində VIII-IX əsrlər qədim epik motivlərinə gedib çıxan tədqiqatçılar həm də arvad əldə olunmasını, tayfanı sonra idarə edəcək uşağın doğulması və s. aid edirlər (9, 242). Burada həm də Kob­­lan­dının doğuluşundan əvvəlki şamançılıq və sonrakı müsəl­man təsəvvürləri öz əksini tapır. Batır müsəlman müqəd­dəs­lə­ri­nin təsiri ilə atasının Allaha etdiyi dualarından sonra doğulur. Əsərdəki arxaik mövzu və motivlər çoxtərkibli süjeti və çoxmövzulu epik nəğməsi olan süjetə daxil edilmişdir.

Dastanın kompozisiyası, təsvir vasitələri sistemi və şeirin təşkili qəhrəmanlıq poemaları üçün müəyyənləşmiş ənənə çərçivəsində gedir. Dastanın kompozisiyasının başlıca xüsusiy­yə­ti bir neçə bitmiş epizodlardan ibarətdir. Belə xrono­lo­ji ardı­cıllığa əsasən epizodlar sanki ayrı-ayrı həlqələr, vahid zəncirə bağlı təhkiyə əmələ gətirir. Kompozisiyanın belə xüsusiyyəti əsərin bütün məlum variantlarında özünü əks etdirir. Bu, dastanı ifa edən akına imkan verir ki, ya təhkiyəni uzatsın, ya da onu müxtəsərləşdirsin. Belə olduqda akın buraya gah ayrı-ayrı epizodlar əlavə edir, gah da azad, sərbəst improvi­zasiyada poemanın bəzi yerlərini buraxır. Əsərdə çoxsaylı hadisələr, təhkiyənin son dərəcə uzun-uzadı getməsi belə bir təəssürat yaradır. Belə xüsusiyyət həm də, onu qeyd edək ki, digər türk xalqlarının ənənəvi qəhrəmanlıq poemaları üçün xarakterikdir. Bu onunla izah olunur ki, onlar akınların dilində şifahi şəkildə gedir. Lakin belə uzunçuluqlu təkrarlar kompo­zisiya özünə­məx­susluğunu pozmur və bu təkrarlar əsərin ifa olunmasına xüsusi dinamizm gətirir, hadisələrin inkişafı, kulminasiyası, razvyazkası – bütün nə varsa – hamısı epik ənənə daxilində gedir.

Təkrarlar eyni tipli süjet vəziyyətlərinin təsvirlərində tez-tez özünü göstərir ki, onları biz əsərdəki ümumi yerlər kimi daha çox görə bilirik. Məsələn, qəhrəmanın döyüşə getməsi, onun əzizləri ilə vidalaşması, batır atı çapması və s. təkrarlar həm də burada bədii obrazlı formulların çoxsaylı ifadəsi ilə ya­ranır ki, nəticədə onlar mühüm əhval-ruhiyyə yaradır. Döyü­şün başlamasına qədər adətən rəqiblərin bir-birlərinə qarşı sözlə atışmaları onların müraciətlərində özünü göstərir. Dialoqlarda strateji müraciətlər, çağırışlar, hədə-qorxular, hərbə-zorbalar, batırların lovğalanması, özünü öyməsi və s. daha tez-tez nəzərə çarpır. Dastandakı belə məqamlar obrazlılıq və ekspressiya ilə fərqlənir. Məsələn, Koblandı həm düşməni Alşaqıra, həm də sonra digər düşmən batırlarına döyüşə girməklə bağlı xüsusi çağırış- müraciətlər edir:

Alşaqır ay, Alşaqır!

Mənə qulaq as, Şaqır!

Mənim adım Koblandı

Kişisənsə gəl tək çıx.

Belə istəmirsənsə,

Kimlərin var - birgə çıx.

Sonra heyfslənərsən,

Qara qaşqa atla çıx.
Əsərdə daimi tiradaların təkrarlarının köməyi ilə analoji situasiyaların təsvirində təhkiyənin ekspressiyası yüksələn xətlə gedir. Bu batır döyüşlərinin təsiviri üçün xüsusilə xarak­terik­dir və bir neçə gün ərzində davam gedir. Məsələn, Koblan­dının Kobikti, sonra isə məkrli Alşaqırla döyüşlərində biz məhz belə söhbətlərlə rastlaşırıq.

Bəzən Koblandının döyüşlərinin təsviri onun düşmən batırları ilə ekspressiyanın təkrarı vasitəsi ilə yox, yalnız müx­təlif tipli tiradalar daxilində gedən eyni sətirlərin təkrarında özünün əks etdirir. Koblandının Alşaqır xanla döyüşü epizo­dun­da görürük ki, bir qəhrəmanın hərəkəti digər qəhrəmanların hərəkəti ilə doldurulur, bununla da aparıcı batırın hərəkəti sona çatır. Koblandı və onun batırlarının döyüşü səhnəsində olduqca güclü Birşimbayla rastlaşırıq ki, burada stereotip frazalarda döyüşün son nöqtəyə yaxınlaşdığını görmək olur. Burada batır­ların qanadlı atla uzun-uzadı yolları necə keçib getdiklərinin təsviri xüsusi ekspressiya ilə müşayiət olunur. Bəzi hallarda poemada klişelərdən istifadə olunur, başqa bir halda isə müxtəlif tipli tiradaların daxilində stabil sətirlər təkrar olunur. Batır döyüşlərinin razvyaskası daimi batırın, yaxud onun qəbiləsinin və eləcə də digər batır qəbilədaşlarının qələbəsi ilə başa çatır və əsərdə bu daimi formula kimi verilir.

Döyüş əksər hallarda, əksər epizodlarda daimi obraz tərə­findən yerinə yetirilir, yaxud da təkrarlanan formul sətirlərin köməyi ilə gedir. Digər təkrarlanan epik formullarda qəhrə­ma­nın daxili vəziyyəti, onun hissləri, əhval-ruhiyyəsi ilk planda batırın cəsurluğu, qoçaqlığı əks olunur. Məsələn, həm Kob­lan­dı, həm onun oğlun Bokenbay hələ uşaq yaşlarında möhtəşəm güc, qüvvə nümayiş etdirirlər. Onlar xəz dəridən papaq geyi­nib, əllərində qırğı dağlara işıq və səs salır, daşları yandırırlar. Daimi formullar daxilində həm də elə stereotip sətirlər vardır ki, onlar batırın cəldliyini, çevikliyini əks etdirir. Bəzi hallarda öz qüvvəsinə bel bağlayan batır həyəcan içində olur ki, onu digər güclü batır və çoxminlik əsgərlər əlindən ölüm gözləyir. Adətən bu, stabil formullarla daha geniş planda verilir.

Batırın əsir düşdüyü məqamlar, yaxud Alşaqır qıpçaqları ələ keçirdiyi səhnələr, onun özünün müvəqqəti uğursuzluğu monoloqda verilən sətirlərin köməyi ilə oxucuya çatdırılır.

Dastanda xüsusi ekspressiyalarla daimi ekspressiv təsviri məqamlar qəhrəmanın göz yaşları vasitəsilə verilir. Poemada rast gəlinən koştasu və joktau vida nəğmələrində eposun süjeti ilə bağlı ənənəvi məqamlara rast gəlirik ki, onlar məzmuna xüsusi kolorit verir. Tədqiqatçılar qeyd edirlər ki, koştasu qəh­rə­­manlar öz doğma yurd-yuvası ilə vidalaşdıqda, yürüşdən qabaq, doğma el-obadan kənarda olduqları zaman ifa olunur. Vida nəğmələri doğma el-oba ilə dost-sirdaş, silahdaş və yaxın­larla ayrılığın son dərəcə ağır olduğunu əks etdirir. Koştasuda qəhrəmanın doğulub boya-başa çatdığı elin-obanın geniş düz­ləri, çölləri, gölləri, onların çoxsaylı ilxıları, sürüləri və s. görünür. Belə vida nəğmələrinin sonları adətən “xoş”, “əlvida”, “aman bol”- “sağ ol” kimi özünəməxsus motivə malik olmaqla, ayrılıq leytmotivini göstərir. Koştasu üçün dini obrazlar xarak­terikdir ki, onlar ötən əsrlərdə məişət nəğmə­lə­rin­də daha geniş yer almış və əsasən ölüm motivi ilə əlaqə­lənirdi ki, bu da xalqın dini-fəlsəfi dünya görüşü ilə əlaqədardır. “Koblandı- batır” dastanında vida nəğmələri ənənəvi obrazlılıq və janr əlamət­lərini saxlamaqla, qəhrəmanların monoloqlarına daxil edilərkən stabil təkrarlara malikdir. Onlar qəhrəmanın qüs­səsini, kədərini, qəmini, daxili halını əks etdirməklə, paralelizm obrazlılığı əsasında qurulmuşdur.

Bəzən eyni tipli frazanın təkrarları tirada refren şəklində özünü göstərir.

Analoji emosional yükü həm də monoloqlara daxil edil­miş qəhrəmanların ənənəvi nəğmə, ağlayışları şəklində olan tək­rarlar daşıyır. Onların üslubunda koştasu, digər şifahi-poetik və dini ifadələrin xüsusi şəkildə birləşməsi görünür. Bir tərəf­dən, qazax folkloru üçün ənənəvi olan müqayisələrin, epitet­lə­rin, hiperbolaların, simvolların, rəmzi ifadələrin düzülüşü, digər tərəfdən isə burada müsəlman-dini kitablarının perifraz­ları əks olunur. Dini anlayış və obrazlarla, nidalarla Allaha, müqəd­dəslərə, pirlərə, övliyalara müraciətlərdə, anaların göz yaşlarında, ataların, bacıların, batırların arvadlarının ağlayış­la­rında və s. məqamlarda rastlaşırıq. Onlar şərq əfsanələrinin və əxlaq hekayətlərinin obrazlılığı ilə uyğunlaşır (“O Munlıq! O Zarlıq” O Kozı-Korpeş! O Bayan” və s.). Onlar qazax dastan dinləyi­ci­lərinə yaxşı tanışdır. Onlar bu qəhrəmanlar haqqında dastan­lardan daha yaxşı görünür və əzab-əziyyətin poetik simvolu kimi səciyyələndirilir.

Təkrarlar bəzən nəsihət xarakteri daşıyır. Onlardan bəzi­lərində obrazlı paralelizmlərdən istifadə olunur ki, bu, qazax xalq poeziyasında, xüsusən müxtəsər nəsihət şeiri “terme”də daha çox istifadə olunmaqdadır. Poemada təkrarlar sentensiya xarakterli olmaqla, burada xalq hikmətindən geniş faydalanılır. Onların sırasında xeyliləri ümümiləşdirmə dərəcəsinə və lako­nik­­liyinə görə zərbi məsəllərə yaxındır. Bəzi sentensiyalarda əsərin poetik dilinə gətirilmiş müsəlman anlayışları və obraz­ların əksi görünür ki, bu da xalq arasında islam qay­dalarının geniş yayılmasından xəbər verir.

Qəhrəmanların poetik nitqi üçün ənənəvi nidalar xarak­te­rikdir. Məsələn, “Əvvəl Allahı çağırıram! Həqiqətin yaradıcısı – Allahı!”, “Hər şey taledən gəlir!”, “Ay Allah! Mənə kömək ol!”, “Ay Ömər peyğəmbər, Osman peyğəmbər!”, “Allah məni saxlasın!”, “Allah onun köməyi olsun!” və s. Lakin bununla belə nidaların əksər hissəsini xeyli türk xalqları üçün ümumi olan qədim oğuz eposunda rast gəldiyimiz müraciətlər təşkil edir: Məsələn, “Sözlərimə qulaq as!”, “Sənin qurbanın olum!”, “Başım sənə qurbandır!”, “Sənə fəda olum!” və s. Bunlara həm də ikisətirlik stabil formulalı nidalar aiddir. Dialoqlarda oldu­ğuğu kimi monoloqlara da əsərin kompo­zisiya­sında xeyli yer verilir.

Monoloqların başlanğıcı əksər hallarda ənənəvi frazeoloji sabit birləşmələrlə gedir. Onların mənaca növbəti poetik sətir­lərlə bağlı olması da müəyyən psixoloji əhval-ruhiyyə yaradır. Bu tipli başlanğıclarda təbiət mənzərəsinin səciyyəsi qədim köçəri məişət adət-ənənələrinin xüsusiyyətləri və təkrarlar ək­sini tapır ki, onlarda epik hekayət bir qədər aramlı tərzdə apa­rılır və bütün bunlar təsvir olunanlara özünəməxsusluq gətirir. Əsərdə yer alan dördsətirli, üçsətirli və ikisətirli başlanğıc məqamlar batırların monoloqlarında və digər personajların nitqində bunu yaxşı sübut edir.

Bir sıra hallarda stereotip frazeoloji birləşmələr vardır ki, onlar qarışıq sətirlərlə əlaqəsizdir, lakin improvizasiya zamanı onlar da öz qafiyəsini axtarıb tapır. Yeni epizodun şərhinə keçid isə bəzən stereotip tipli frazalardan başlayır.

Təhkiyənin həcmini xeyli digər hissələrin təkrarları geniş­ləndirir ki, onlar müxtəlif situasiyalarda açılır. Məsələn, o qədər də uğurlu olmayan yürüşdən sonra Qurtqanın əvvəlcədən Alşaqıra dediyi sözlər təkrar edilir. Əsərdə batır atının öyrədil­məsi sözbəsöz təkrarlanır. Alşaqır düşmən əsirliyində olduqda Qurtqa Tayburılı ona köməyə çağırır.

“Koblandı-batır” dastanının kompozisiyası üçün həm də hekayətçinin müraciəti xarakterikdir ki, bu da dünya xalq­la­rı­nın eposu üçün səciyyəvidir. Belə müraciətlər poemada zəngin obrazlılıqla fərqlənir, bəzən onlar sabit, stabil forma qazanır və təhkiyə zamanı xeyli müddət ərzində təkrarlana bilir.

Digər qazax epik nümunələrində olduğu kimi bu poema­da da obrazlılıq özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Mə­sələn, “Koblandı-batır”ın simvolikasında təbiətə xalq baxışı, qazax qəbilələrinin keçmişi, əsrlər boyu həyat xüsusiy­yət­lə­ri, həyat həqiqətləri xalqın bədii qavrayışı, xalq akınlarının həyat müşahidələri, köçəri maldarların estetikası əks olunur. Mə­sələn, söyüd nərmənaziklik, irqay və şam möhkəmlik, vəhşi hey­vanlar və quşlar, şir, pələng, şahin batırın çəsurluq rəmzləri kimi təqdim olunur. Tozun göyə duman olması atın bərk qaç­masının, çayın aşıb-daşması sevincin göstəricisidir. Dastanda ümum­türk simvolikası ilə bərabər, həm də milli özünəməxsus ob­razlılığına da rast gəlinir. Qaraspan dağı öz-özlüyündə bərə­kət və var-dövlət simvolunu əks etdirir; qəşəng qızlar berkuta bənzədilir.

Xalqın tarixi təcrübəsinin özünəməxsusluğu və həyat şəraiti nəinki “Koblandı-batır” eposunun ideya-məzmununu şərtləndirir, həm onun bədii strukturunun özəlliyini, həm də poetik baxımdan səslənməsinin orijinallığını göstərir. Qazax epo­sunun sona qədər formalaşması və təsdiqi daha gec tarixi dövrə aid olduğundan, burada bədii təfəkkür və təhkiyənin arxaik forması – məsələn, qəhrəmanın möcüzəli, sirli-sehrli qüvvələr ilə fantastik tipli mübarizə süjetləri yox, həyat hadi­sə­lə­rinin realist təsvirinə daha çox canatma özünü əks etdirmək­də­dir. Dastanda hər şey sanki real gerçəklik fonunda keçməklə, həyatda açıq səma altında gedir. Uczus-bucaqsız gen səhraların əsrarəngiz gözəlliyi, gecələr səmanı öz ağuşuna alan saysız-hesabsız ulduzlar, yaz günəşinin bərq vuran şüaları, gömgöy çəmənliklərin yaratdığı bənzərsiz mənzərələr, gözyaşı kimi dumduru buz bulaqlar, quşların cəhcəhi, güllə kimi saçan atlar, ağ alaçıqlar və s. qazax eposundan gələn poetik gözəllik və qaynar patetika kimi dinləyicini və oxucunu ovsunlamaqdadır.

Dastanın təsvir vasitələrində ənənəvi troplar mühüm yer tutur. Onlar ümumi, estetik dəyərə malik olmaqla, əşya və pred­metlərin, hadisələrin mühüm cəhətlərini əks etdirir. Bu­nun­la belə əsərdəki dəyər xarakteristikasında müstəsnalıq ka­ter­qoriyası mühüm yer tutur. Məsələn, qəhrəmanların sifəti, əli daim ağdır, döyüş silah-sursatları, yəhər qızıl epiteti ilə verilir. Qəhrəmanın və onun arvadının təsviri, dəbilqənin müxtəlif şəkil­də təkrarlanması, batırın qırğı, yaxud ağ şahin kimi veril­mə­si onların ən yaxşı və gözəl olduğunu bildirir. “Ağ” epiteti burada o qədər geniş ümumiləşdirilmiş şəkildə istifadə olun­muş­dur ki, bu qəhrəmanlıq eposu üslubunun qədim elementlə­rin­dən olan xoşbəxtliyi, şadyanalığı əks etdirir. Burada türk eposu üçün xarakterik olan “qara” epitetinin daim istifadə olun­ması da məqsədəuyğundur. A.N.Kononov qeyd edir ki, “qara” epi­te­ti türk dillərində qara rəngi ilə yanaşı, həm də pisliyi, solğun­luğu, bədbəxtliyi və s. əks etdirir (5, 259). Dastanda həm də “çıraq” sözündən geniş istifadə olunur ki, bu da batıra müra­ciətdə əziz, doğma, yaxınım, gözümün işığı mənasında işlə­di­lir. Onun müsəlmançılığa qədər dini ayinlər, rituallarla əlaqə­dar olduğu konkret göstərilir. Yağdan qidalanan və yundan olan çırağı qazaxlar vaxtı ilə dualar oxuya-oxuya müqəd­dəs­lərin məzarları üstündə yandırırdılar. Bu, həm də köçəri düzlərə islam gəldiyi ilk dövrlərdə də özünü göstərir. Yuxarıda biz batırların, ümumilikdə türklərin həm də pələnglər, şirlər, şahinlər və qırğılarla ümumi şəkildə eyniləşdirilməsini demiş­dik. Onlar məğrurluq və ruhun gücü kimi dəyərləndirilir. Batır düşməni sürüyə soxulmuş canavar kimi, qulanları sürüsünə dadanmış pələng kimi qovur, düşməni qamış bağı kimi sıxır, batırın atı döşünü nər döşü kimi irəli verir (xalq poeziyasında nər güclü dəvə - dözmlülük simvoludur – N.T). Batırın düş­mən­dən elini azad edib doğma torpaqlarına qayıtması, hey­van­ların mələşməsi, atların kişnərtisi ilə müşayiət olunur. Dastanda ifadəli metaforalar ənənəvi obrazlılığa söykənilərək verilir. Bu da köçəri həyat tərzi keçirən insanların ətraf mühitlə, ətraf təbiətin zənginliyi ilə bağlılığını göstərir.

Qazax epik nəğmələrini – jırlarını jıraular və akınlar reçitativlə deyir və dombra musiqi alətinin müşaiyəti ilə oxu­yur­dular. Bu günün özündə də akınların sənətə belə münasibəti öz aktuallığını itirmə­miş­dir. Ənənəvi dastanları ifa edən akınlar epik nəğmələri yeni mövzuda səsləndirməklə, çoxəsrlik ənənə­ləri ifa etməklə yayırlar. Jırau və akınlar əsil söz ustadı, söz sərrafı və qazax xalqının mənəvi həyatının inkişafında mühüm rol oyna­maqla yanaşı, əksər hallarda xalq folklorunun rənga­rəng­liyini qoruyub saxlaya bilmişdilər.

Əkizlər – batır və onun bacısı – birgə otlayan ördəyə bən­zə­dilir. Bu, yaxınlıq, doğmalıq simvoludur. Əsərdə bacı özünü qar­daşına görə əcdadların məzarı üstündə qurban verməyə ha­zır olduğunu bildirir. Digər təsvirlərdə isə o, dağ yamac­la­rında bitmiş göy ota bənzədilir. Başqa bir məqamda batırın atası ahıl vaxtı nəhayət ki, gələcək ümid yerini, köməyini əldə edir.

Poemadakı şeiriyyət xüsusiyyətləri ilə bağlı ümumi təsəvvürlərə malik olmaq üçün bəzi tədqiqatçıların müşahi­də­ləri­nə nəzər salaq. Akad. M.Auezov qeyd edir ki, Koblandı haq­qın­da dastan formal cəhətdən qazax poemaları üçün xarak­te­rikdir. O, yeddi və səkkizilik jır – heca ilə verilmişdir ki, bu­ra­­da onlar adicə formal əlamətə görə bir-biri ilə uzlaşır, tirada da isə sətirlərin sayı dördlə on dörd arasında olmaqla, tiradanın məntiqi mənası ilə bağlanır. Tiradanın daxilində qafiyə isə daimi mövqeyə malik deyil və burada fərq instrumentavkası vardır ki, o da alliterasiyalara, assonanslara və təkrarlara söy­kənərək təkrirlər üzərində qurulmuşdur. Qazax eposunda şeir quruluşu mükəmməl texnika ilə fərqlənir, sətirlərin eyni şəkilli başlanğıcı epitet və metaforaların səs uyğunluğuna görə seçilir və başdan ayağa qədər özünəməxsus şəkildə səslənən sətir dastan-poema şeiriyyətinə uyğun aparılır.

Bundan başqa jır xüsusən hadisələrlə yükləndiyi yerlərdə zidiyyətlər olan təsvirlərdə “jeldirmə”yə keçir, daha doğrusu, nəğməli deklamasiya ritmi jıra qarşı dayanır və ehmalca tərzdə gedir.

Koblandı qəhrəmanlıq poemasını şifahi improvizasiya jırı kimi xarakterizə edən M.Auezov təhkiyənin hekayət mane­ra­sında, tərzində getdiyini nəğmə-deklamasiya ifasının dombra və reçitativin akkompanamentinə hesablandığını söyləmişdir.

Qazax epik poeziyasının tanınmış tədqiqatçısı Z.A.Ax­me­tov M.Auzevovun qəhrəmanlıq eposunun şeir quruluşunun spesifikası ilə bağlı qeyd etdiklərini məqsədəuyğun hesab etməklə, həm də bu alimin özünün qəhrəmanlıq eposunun ənə­nəvi şeirşünaslıq spesifikasını zənginləşdirə bildiyini söylə­miş­dir. Epik poeziyada aparıcı mövqedə dayanan və yeddi-səkkiz jırlıq belə şeir texnikası bütün türk xalqlarının poeziyasında sillabik hecanın şeir vəznində ənənəvi olduğunu göstərir.

Z.Axmetov hesab edir ki, jır reçitativi oxumaq, nəğmə-deklamasiya demək şeiridir. Çevikliyinə görə şeirin ritmik quru­luşu, eləcə də şeirin tiradada sərbəst birləşməsi digər ölçülərdən fərqli olaraq ifadə intonasiyasına malikdir. Jır şeirin ən mükəmməl formalarından biridir.

Əgər bu ölçüdə tətbiq olunan iki şeir götürmüş olub, onu ayrı-ayrılıqda nəzərdən keçirsək, onda görərik ki, 4+3, 3+2+3 strukturludur. Bu sadəlik struktur aydınlığına görə son dərəcə asan qəbul edilir. Jırın şeiri daim üç hecalı qrup ilə bitir ki, o da onun ritmik quruluşunun sabitliyini xarakterizə edir. Əgər şei­rin başlanğıc hissəsi reçitativ ifası ilə tez aparılarsa, gah sürətli, gah da yavaş, onda şeirin sonu bərabər hecalarla sonuc­lanır və daim böyük, yaxud kiçik hissələrə bölünür.

Jırın özünəməxsus ölçüsü qazax şeirinin digər növləri kimi heca prinsipinə əsaslanır və müxtəlif ölçülü yeddi, səkkiz hecalı şeirin bir-biri ilə birləşməsini göstərir. Məsələn, yeddi hecalı sətirlər həm geniş, həm də son dərəcə təntənəli səslənir. Jır strofik baxımdan təşkili olmayan şeirdir. Jırda poetik nitq bir neçə şeir qrupuna bölünür ki, o da ümumi tiradanın müx­təlif həcmini təşkil edir. Tirada sətirlər qrupudur ki, təxminən dörddən, beşdən, iyirmi beşə və daha artığa qədər gəlib çıxa bilir. Onlar birlikdə qafiyə bütövlüyü, intonasiya bütövlüyü və qafiyələrlə birləşir. Jırda tirada bir neçə sadə cümlələrdən təşkil olunmaqla, son dərəcə mürəkkəb intonasiyon sintaktik birləş­mə əmələ gətirir. Müxtəlif nitq dövrəsinin, birləşməsinin daha ge­niş şəkildə tirada ilə qarşılaşması jırda lakonik, strofik quru­luş formasına malikdir ki, o, sintaktik paralelizmlərdən, təkrar­lardan əmələ gəlir. Tirada böyük bir cümləni əhatə edə bilər ki, orada sintaktik quruluş müxtlif tabeli mürəkkəb formalardan – bir, iki, üç cümlə və feli bağlamalardan ibarət ola bilər. Baş cüm­lə axırıncı bir fikri sona yetirir və feli bağlama birləş­mə­sinin geniş zəncirini bağlayır, emosional gərginlik isə yalnız sonda öz həllini tapır. Jırda əsas və köməkçi iki növlü şeirlər müx­təlif sətirli qruplar altında birləşdikdə, onlarda vahid birbaşa gedən qafiyədən istifadə edilməsi də xüsusi əhəmiyyətə malikdir. Yenidən yaranan bir neçə şeir sətirləri nitq axınının fasiləsizliyi haqqında təsəvvür yaradır və bu, bəzən poetik nitqin intonasiya gərginliyini göstərir. Köməkçi qafiyə isə yalnız bir neçə yanaşı dayanmış şeir sətirlərini əhatə edir ki, onlar da təkrarlanır.

İndi də “Koblandı-batır”ın not melodiya­la­rının yazıya alınması ilə bağlı fikir söyləyək. Qazax eposunun ifası musiqi yaradıcılığının – vokal və instrumental növlərini birləşdirir. Bununla belə, XX əsrdə qorunub saxlanılmış epik das­­tanların ənənəvi təhkiyə forması sinkretik xarakterlidir. Jırçı, yaxud jırau ifa zamanı vokal istedadı və instrumental dramatik ifaçı ba­carığını, həm də hekayətçi imkanları ilə üzvü surətdə bir­ləş­dirir.

XX əsrin əvvəllərində sinkretik növdən başqa eposun mu­siqi təcəssümünün daha üç növü – nəğmə-reçitativ, musi­qili-illüstrativ (fraqmentar) və musiqili-mükəmməl (proqramlı) növləri yayılmağa başladı. Nəğmə-reçitativ növ özündə sink­retik ifanın başlıca xüsusiyyətlərini birləşdirir. Adətən, jırçı öz ifasını dombra, yaxud qopuzun köməyi ilə həyata keçirdiyi halda, bəzən elə jırçılar da olurdu ki, onlar ifanı hər hansı musiqi alətinin köməyi olmadan edirdilər.

İkinci növ – musiqili-illüstrativ (fraqmentar) reçitativ – oxuma forması məzmunun sırf deklamasiyası ilə əvəzlənir. Belə olduğu halda musiqili təcəssüm aydın vokal, yaxud instru­mental melodik formalarla verilir. İnstrumental fraqmentlər illüstrativ xarakter daşıyır.

Üçüncü növ – musiqili mükəmməl (proqramlı) instru­men­tal əsərin bütün proqram məzmununu əhatə edir. Jırçı, yaxud küyçü (instrumentalçı) ifadan öncə eposun əsas məz­mu­nunu ortaya qoyduqdan sonra çıxışını aşağıdakı sözlərlə ye­kun­laşdırır: “İndi isə dinləyin, görün bu barədə dombra nə deyir”, bununla da musiqi vasitələrinin köməyi ilə hekayət olunanları yenidən yaradır. Eposun bu tipli ifa növündə əsas etibarı ilə instrumental sənət ustadlarının hekayətçi ustalığı birləşir.

“Koblandı-batır” eposunun ilk musiqili nəğmə-reçitativ təcəssümü Təliqə Bekxojinadan yazılmışdır. İlk yazıyaalma üç par­çadan ibarət olmaqla, 1962-ci ildə Qaraqalpaqstan Res­publi­kasının Kunqrat rayonunda jırau Erejep Amanjolovdan alın­mış­­dır. Eposun ikinci yazıyaalması yenə də nəğməli-reçi­tativ formada 1970-ci ildə Alma-Atada Təliqə Bekxojinadan yazıl­­mış­­dır ki, o, onu gənc jırçı Kuşeney Üristembekovdan götür­müşdür.

Bununla belə “Koblandı-batır”ın musiqili təcəssümünün musiqili-illüstrativ formada fraqmentinin fiksasiyasını ilk dəfə A.V.Zatayeviç etmişdir. O, bu fraqmenti XX əsrin 20-ci illə­rin­də Orenburqda nəşr etdirdiyi “Qazax xalqının 1000 nəğməsi” kitabında vermişdir.

“Koblandı-batır”ın proqramlı epik küyünü isə 1939-cu ildə B.Q.Yerzakoviç Pavlodar vilayətinin İrtış rayonunda dombraçı Sunqat Kalibayevdən nota köçürmüşdür. “Koblandı-batır” eposunun təqdim olunmuş nümunələrdəki müstəqil təcəs­sümündə xalqın musiqi dilinin çoxsaylı xarakterik xüsu­siyyətləri öz əksini tapmışdır (12, 426).

Yeri gəlmişkən qeyd edək ki, digər türk xalq dastan­la­rının not yazıları da məlumdur. Məsələn, bu sırada mühüm yer tutmuş “Koroğlu” eposunun çoxsaylı yerləri ilhamlı nəğməkar aşıqlar tərəfindən ifa olunmuş və onlar da nota alınmışdır. Belə ki, Koroğlunun igidliyini əks etdirən “Koroğlu”, “Atlı Koroğlu”, “Piyada Koroğlu”, “Koroğlu cəngisi”, “Qaytarma Ko­roğ­lu”, “Koroğlunun zil qaytağısı”, “Döşəmə Koroğlu”, “Ko­roğ­lunun sürütməsi”, “Koroğlunun Çənlibeli” və başqa hava­lar­da, Koroğlu haqqında tam bir silsilə təşkil edən qəh­rə­manlıq mahnılarında da onun özü ilə bərabər sevgilisi Nigarın, mübariz yoldaşlarının – Koroğlunun dəlilərinin məişəti və mü­ba­rizəsi, onun əfsanəvi atının – Qıratın vəfa və sədaqəti əks olunur.

Koroğlu adı ilə bağlı olan bütün havalarda melodiya mayenin kiçik septimasından kəskin, gərgin avazla başlanır və ritmik cəhətdən xüsusilə nəzərə çarpır. Təsadüfi deyil ki, sazın bu pərdəsi Koroğlu pərdəsi adlandırılmışdır. Coşğun ritmik başlanğıc, mətin intonasiyalar, aşıq melosu üçün nadir olan, yuxarıya doğru tersiya və kvarta sıçrayışları, böyük diapazonun üstünlüyü havanın quruluşunda kvadratlıq əsasən qəhrəmanlıq havacatına xasdır.

“Koroğlu” dastanı əsasında yazılan havalar şifahi ənənəli Azərbaycan xalq musiqisinin mühüm hissəsini təşkil etməklə, Koroğlu havaları kimi Azərbaycan xalq musiqisində öz yerini tutur. Bunu da söyləməyə ehtiyac vardır ki, digər türk epik nümunələrinin not yazılarından fərqli olaraq “Koroğlu”nun not nümunələri hələ XIX əsrin 1842-ci ilindən başlayaraq folk­lorşünaslara məlum olmuşdur (7, 445, 449).

“Koblandı-batır” poemasının nəzərdən keçirdiyimiz xüsu­siyyətləri, üslubu və kompozisiyası onu qazax xalqının bədii irsində qəhrəmanlıq epopeyasının klassik nümunəsi kimi də­yər­ləndirməyə imkan verir. Nəğməkarlar və söyləyicilər tərəfindən əsrlərlə qorunulub saxlanılmış və bizim dövrümüzə ötürülmüş “Koblandı-batır” dastanı bədii dəyərini bu gün də itirməmişdir.

Beləliklə, “Koblandı-barır” qəhrəmanlıq eposu, yuxarıda qeyd etdiyimiz bütün xüsusiyyətlərinə görə, qazax xalqının möhtəşəm mənəvi abidəsi olmaqla, şifahi söz sənəti inciləri kimi dünya xalqlarının qəhrəmanlıq dastanları sırasında özünə layiqli yer tutmaqdadır.



Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə