Qazax xalq qəhrəmanlıq dastanı


İstifadə olunmuş ədəbiyyat



Yüklə 2 Mb.
səhifə9/11
tarix08.12.2017
ölçüsü2 Mb.
#14689
1   2   3   4   5   6   7   8   9   10   11
İstifadə olunmuş ədəbiyyat


  1. Ауэзов М.И. Соболев Л.О. Эпос и фольклор казахского народа. «Литературныи критик», М., 1940, №1.

  2. Ауззов М.О. Проблемы изучения казахской литературы. // Ауэзов М. Мысли разных лет. Алма-Ата, 1975.

  3. Əbülqazi Bahadır xan. Şəcərei – Tərakimə (Türklərin soy kitabı). Rus dilindən tərcümə edən, ön söz, göstəricilərin müəllifi və biblioqrafiyasının tərtibçisi İ.M.Osmanlı. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat Poliqrafiya Birliyi, 2002.

  4. Кидайш – Покровская Н.В., Нурмагамбетова О.А. Героическая поэма «Кобланды-батыр». // Кобланды-батыр. Казахский героический эпос. М., Главная редакция восточной литературы «Наука», 1975.

  5. «Книга моего деда Коркута. Огузский героический эпос». Пер. акад. В.В.Бартольда. М., - Л., 1962.

  6. Мамедов Н. Методическое пособие по курсу Казахская литература. Баку, 1993.

  7. Məmmədova H. Azərbaycan “Köroğlu” havaları. “Köroğlu” Dastanı Esasında. // 21. Yüzyılda Köroğlu və Bolu Araştırmaları. Uluslararası Köroğlu, Bolu Tarih ve Kültürü sempozyumu bildirileri. 17-18 ekim 2009. Bolu, Dörtdivan / Türkiye. Bolu Halk Kültürünü Araşdırma və Uyğulama Mərkəzi. Bolu, 2011.

  8. Сатпаева Ш.К., Адибаев Х.А. Народное поэтическое творчество. // Сатпаева Ш.К., Адибаев Х.А. Казахская литература. Алма-Ата, «Мектеп», 1985.

  9. Смирнова Н.С. Особенности развития казахского эпоса // История казахской литературы. В 3-х т., Т. 2. Алма-Ата, Изд-во «Наука» Казахской ССР, 1968.

  10. Валиханов Ч.Ч. Записка № 1. Сочинения. СПБ., 1904, Т. XXIX.

  11. Валиханов Ч.Ч. Киргизское родословие. Собр.соч. В 5-ти т., Т.1. Алма-Ата, 1961.

  12. Ерзакович Б.Г. Нотные записи мелодий из эпоса «Кобланды-батыр» // Кобланды-батыр. Казахский героический эпос. М., Главная редакция восточной литературы «Наука», 1975.

Koblandı-batır” dastanının Azərbaycan dilinə tərcüməsində milli özünəməxsusluğun saxlanılması
Türk xalqlarının epik abidələri, əsasən, yazıya alındıqdan sonra digər xalqların ixtiyarına verilmişdir. Başqa xalqların türklərin epik abidələri ilə tanışlığı yalnız onların bu və ya digər dillərə tərcümə olunmasından sonra mümkün olmuşdur.

Təbii ki, hər bir epik abidə çoxsaylı söyləyicilərdən qələmə alındıqdan sonra ona münasibət daha da ciddiləşmişdir. Epik əsərlərin əsaslı nəşri bütün hallarda daha mükəmməl variantı seçib ortaya qoymaqla reallaşır.

Türk xalqlarının epik abidələrinin Azərbaycan türkcəsinə elmi və bədii tərcüməsi praktikası heç də zəngin deyildir. Bu günə qədər belə tərcümə işinin nəzəri, tarixi və praktik aspekt­ləri də işlənib hazırlanmamışdır. Bu isə, məlum olduğu kimi, türklərin epik yaradıcılığının bir xalqın dilindən digərinə tər­cümə işini, xeyli dərəcədə çətinləşdirir. Bəri başdan qeyd edək ki, əgər rus epik abidələri, bılinaları, tarixi nəğmələri və s. şifahi ədəbiyyat nümunələri Azərbaycan türkcəsinə və Azər­bay­can dastanları, xalqımızın digər yaradıcılıq nümunələri rus dilinə bir neçə dəfə tərcümə olunmuşsa, türk xalqlarının zəngin mədəni-mənəvi sərvəti olan abidələr türklərin, o cümlədən Azərbaycan türklərinin dillərinə tərcümə edilmiş, nə də uyğun­laşdırılmamışdır. Bunun əsasən, türklərin özlərinin mental keçmişlərinə müəyyən mənada, həm də onların diqqətsizliyi ilə əlaqələndirilməsi daha məntiqə uyğun görünməkdədir. Eyni zamanda zəngin və qədim monumental abidələri ilə dünya xalq­ları yaradıcılğında aparıcı mövqedə duran türk epik dastanları – “Manas”, “Alpamış”, “Koroğlu”, “Koblandı-batır”, “Yer Tarqın”, “Yer Ziuar”, “Qırx qız”, “Canıl Mirzə”, “Ural Batır”, “Maaday Qara”, “İdukay və Muradım”, “Olonxo”, “Nurgun Bootuur” və s. folklorşünasların yekdil fikrinə görə, bəşər övladının əvəzsiz örnəklərindəndir. Belə olduğu halda, nə üçün bu nümunələri türk xalqlarının özləri öz aralarında tər­cümə, yaxud uyğunlaşdırma yolu ilə bir-birinə çatdırıl­mamalı idi?! Elə bu ehtiyac üzündən də biz qazax xalq qəhrəmanlıq eposu “Koblandı-batır”a müraciət etdik.

Qeyd edək ki, “Koblandı-batır” dastanı ilə yaxın tanışlı­ğı­mız hələ səksəninci illərdən başlamışdır. Məhz o dövrlərdən bu sətirlərin müəllifi indiki Bakı Slavyan Universitetinin (o vaxt­kı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu) Rus sovet ədəbiyyatı kafedrasında çalı­şarkən SSRİ xalqları ədəbiyyatı fənnini aparırdı və bu kursda əsasən Orta Asiya və Qazax ədəbiyyatları tədris olunurdu. “Manas”, “Alpamış”, “Qırx qız”la yanaşı, həm də diqqətimizi “Koblandı batır”dakı monumentallıq, məzmun özünəməx­sus­luğu, kompozisiya spesifikliyi cəlb etmişdi. Təxminən həmin dövrlərdən də bu dastanın bəzi yerlərinin Azərbaycan türkcə­si­nə uyğunlaşdırılmasına başlamışdıq. Sonralar biz neçə dəfə Azərbaycan radiosu ilə türk xalq dastanları, o cümlədən, “Kob­landı-batır” eposunun bu və ya digər keyfiyyətləri haq­qın­da dinləyicilərə məlumat vermişdik. Qeyd etdiklərimizlə yanaşı, həm də türk etnoslarına olan rəğbət “Koblandı-batır” dastanı­nın tərcüməsinin reallaşmasına xeyli dərəcədə kömək etdi. Məhz belə xüsusi hazırlıq dövründən sonra biz “Koblandı-batır”ın Azərbaycan tərcüməsi üzərində diqqəti cəmləşdirməli olduq. Digər bir mühüm məqamı da nəzərdən qaçırmaq olmaz. Belə ki, iyirmi ildən artıq bir zaman kəsiyində qaraqalpaq xal­qının etnogenezini, folklorunu, psixologiyasını, həyata ba­xış­larını, dünyagörüşünü, tətbiqi sənətini, mərasim adətlərini, klassik və müasir ədəbiyyatını paralel olaraq öyrənməkdə, mə­qalələr çap etdirməkdə, kitablar yazmaqdayıq. Qaraqal­paq­ların folkloruna vur­ğunluq, “Qırx qız” qəhrəmanlıq dastanının spe­sifik xüsusiy­yət­lərini dərindən öyrənmə bu xalqın nağıl­larının Azərbaycan türkcəsinə tərcüməsi ilə nəticələndi və biz 2006-cı ildə “Qara­qal­paq xalq nağılları”nı tələbkar oxucu­larımızın ixti­yarına ver­dik. “Qaraqalpaq xalq nağılları” oxucu ictimaiy­yəti tərəfindən yüksək qarşılandı və bu, qaraqalpaqlar haqqında xal­qımızın təsəv­vürlərini nəzərəçarpacaq dərəcədə geniş­lən­dir­di. “Nağıl­lar”ın ardınca isə biz “Qaraqalpaq ədəbiyyatı” kitabını oxu­cu­la­ra təqdim etdik. Qaraqalpaqların həyatı, folk­loru, epik abidələri üzərində iş bizi qazaxların mədəni-mənəvi aləminə daha da yaxınlaşdırdı. Yeri gəlmişkən qeyd edək ki, həm qazax­lar, həm qaraqalpaqlar qıpçaq türkləridir, hər ikisinin çoxsaylı etnoge­netik, etnopsixoloji, etnomədəni yaxınlıqları mövcuddur. Uzun zaman kəsiyində qazaxlar və qaraqalpaqlar Noğay Ordası və Qızıl Orda tərkibində olmuş, yadelli düşmən­lə­rə qarşı birgə mü­qavimət göstərmiş, adət-ənənələri bir-birin­dən qaynaq almış, inkişaf etmişdir. Bəzən eyniadlı qəhrəmanlıq dastanları, məhəbbət poemaları, tarixi nəğmələr həm qazax­la­rın, həm qaraqalpaqların milli-mədəni sərvəti kimi dəyərlən­dirilmiş və bu gün də dəyərləndirilməkdədir. Bütün bunlar nəzər diqqə­ti­mi­zin “Koblandı batır” üzərinə yönəlməsini daha da aktual­laş­dırdı və biz “Koblandı batır”ın sistemli tərcüməsinə başladıq.

Mənbə olaraq 1975-ci ildə Moskvada Şərq Ədəbiyyatı Baş Redaksiyasının təklifi ilə “Nauka” nəşriyyatında SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı və Qazaxıstan SSR Elmlər Akademiyasının M.Auezov adına Ədə­biyyat və İncəsənət İnstitutunun birgə hazırladığı “Koblandı-batır” qazax xalqının batırlıq eposu” kitabında qazax və rus dillə­rində oxuculara təqdim olunmuş mənbəyə istinad edərək altı min dörd yüz doxsan sətirdən ibarət mətni götürüb həm qazax, həm də rus dilində dəfələrlə oxuduq. Yer adları, obraz­lar, idiomatik ifadələr, spesifik, sırf qazax leksik-semantik çevrəsində işlənən hallarda zəruri hesab etdikdə rus dilində elə həmin bu kitabda təqdim olunmuş sətri tərcüməylə tutuşdur­duq, hansı söz, məna və ifadənin konkret çevrədə daha dolğun səslənməsini və yerinə düşməsini yəqin etdikdən sonra onlar­dan çevirmədə istifadə etdik.

Qeyd edək ki, “Koblandı-batır” qəhrəmanlıq dastanı N.V.Kidayş-Pokrovskaya və O.A.Nurmaqambetova tərəfindən nəşrə hazırlanmışdır. Dastanın həm qazax, həm də qeyri-türk xalqları üçün əsaslı şəkildə qavranılması ilə bağlı tədqiqatçılar kitaba “Koblandı-batır” qəhrəmanlıq poeması” adlı geniş şərh də yazmışlar. Bu şərhdə “Koblandı-batır”ın yaranma tarixi, onun qazax xalq şifahi yaradıcılığında və epik təfəkkür tərzində yeri, əsərdə qazaxların dünyagörüşünün əksi, baş qəhrəmanlar, əsas obrazlar haqqında məlumatlar, kontaminasiyalar, islam düşüncə tərzinin, müsəlmanlığın dastan poetikasına təsiri, yadelli işğalçılara qarşı mübarizə, batırlıq ənənələri və s. məsə­lələrə diqqət yetirilmiş, bir sözlə, “Koblandı-batır”ın poetikası ilə bağlı dəyərli fikirlər irəli sürülmüşdür.

“Koblandı-batır” qazax xalqının epik poeziyasının möh­tə­şəm nümunəsidir. Qəhrəmanlıq poemaları sırasında öz irihəcm­liliyi ilə seçilən bu əsər bəzi variantlarda altı mindən doqquz min sətirə qədərdir.

“Koblandı-batır”ın dövrümüzə çatmasında söyləyici-imp­ro­vizatorların, jırau və akınların rolu danılmazdır. Böyük qazax etnoqrafı və folklorşünası G.G.Valixanov hələ XIX əsrin orta­larında bu əsəri jırauların heç bir hazırlıq olmadan söyləyərkən yüksək ustalıq nümayiş etdirdiklərini qeyd etmişdir.

“Koblandı-batır”ın Azərbaycan türkcəsinə tərcüməsi zama­nı biz hər şeydən əvvəl tərcümənin orijinalın xarakterik xü­su­siyyətlərini saxlamağa, orijinal mətnin “üslubi açar”ının təbii­li­yini qorumağa çalışmışıq. Təbii ki, “Koblandı-batır”ın sə­­ciyyəvi xüsusiyyətlərini yalnız tərcümə praktikası ilə tanış ol­maqla həyata keçirmək olmazdı. Burada ilk növbədə karımıza gələn yaradıcı təsəvvürlərlə tədqiqatçılıq bacarığını üzvi şəkil­də birləşdirmək oldu. Daha doğrusu, tərcümənin tarixinin, nəzəriy­yəsinin və praktikasının əsaslarını yetərincə mənim­sə­mə, milli özünəməxsusluq və onun tərcümə zamanı saxlanıl­ma­sı­nın nəyin köməyi ilə yaranması probleminə dürüst cavab ax­tar­­ma­ğımız bu tərcümənin orijinal səslənməsi üçün şərait yaratdı.

Yeri gəlmişkən qeyd edək ki, rus tərcüməşünası L.L.Nel­yu­bin tərcümənin otuzdan yuxarı müddəaları əks etdirdiyini müəyyənləşdirmişdi. Bu müddəalardan hər biri müxtəlif müs­tə­vi­lərdə məqbul sayılsa da, bir müddəa, zənnimizcə, tərcümədə daha əsaslıdır: bu, əslin elə tam şəkildə verilməsidir ki, orada hər hansı kənarlaşmaya yol vermədən dolğun əvəzlənmə apa­rıl­malıdır (5, 140). Eyni zamanda bu da yaddan çıxarılma­ma­lıdır ki, tərcümə-orijinalın izahıdır. Çünki elə etmək lazımdır ki, tərcümədə hər şey oxucuya aydın olsun.Buna görə də bədii sözün digər dildə verilməsindən söhbət getdikdə türk xalqla­rı­nın epik yaradıcılığında çoxmənalılıq, metaforiklik və digər bədii təsvir vasitələrindən yerli-yerində istifadəni də nəzərdən qaçırmaq məsələyə münasibətdə diletantlıq kimi görünərdi. Bununla belə əslin dürüst çatdırılması heç də yalnız gərəkli dil vasi­tələrinin axtarılıb tapılması, orijinalın obrazlı sözlərini çe­vir­­məklə məhdudlaşmır. Belə monumental əsərlərin tərcü­mə­sində mütərcimin, həm də folklorşünaslıq və ədəbiyyatşünaslıq çərçivələrindən kənara çıxmasını ortaya gətirir ki, burada mütəxəssisdən tərcümə etdiyi xalqın mədəniyyətini, baxış­la­rını, tarixini, etnoqrafiyasını, epik düşüncəsini bilməsi və s. tələb olunur. Tərcüməşünaslardan birinin dediyi kimi, tərcü­mə­çi bu gün konkret mədəniyyətin nümayəndəsi deyildir. Burada, o, əsil ölkəşünas, tarixçi və sənətkar olmalıdır” (4, 256). Elə buna görə də N.V.Kidayş-Pokrovskaya bildirir ki, məhz bunlar ənənəvi xarakterli poetik ifadələrin, arxaizmlərin, realilərin, anlayış və adların, atalar sözünün, spesifik obrazlılığın tam şəkil­­də başa düşülməsinə və tərcümə dilində verilməsinə şərait yaradır (2, 120.). Doğrudan da, bunları bilmədən tərcümə mət­ninin milli-xarakterik mahiyyətini nə duymaq, nə də onu tərcümə edərkən itkilərdən kənarlaşmaq mümkün omaz.

“Koblandı-batır”ın Azərbaycan türkcəsinə tərcüməsinə belə bir mövqedən yanaşma, elə zənn edirik ki, iş prosesində bizə daha çox yardımçı oldu. Poemanın tərcüməsi zamanı biz doğru-dürüst tərcüməyə (hərfi tərcüməyə yox) üstünlük verdik. Çalışdıq ki, qazax dilinin və qazax xalq şeirinin yüksək məna dəqiqliyini saxlamaqla, bu qədim abidənin ümumi ideya-bədii məzmununu öz müasirlərimizə mümkün qədər itkisiz çatdıraq. Bu isə, təbii ki, o deməkdir ki, tərcümədə biz heç də sözləri sax­lamağa üstünlük vermək yox, mənanı və orijinalın bədii-ifadə struk­tu­runu çatdırmağa meyilli olduq. Bilərək ki, hərfi (həm də sətri) tərcümə orijinala münasibətdə heç də səmərəli üsul hesab edilə bilməz və sərbəst tərcümə zamanı mətn düz­gün tərcümə olun­madıqda ona ciddi ziyan dəyə bilər, buna görə də bu yoldan da kənarlaşmağa üstünlük verdik. Elə etdik ki, tərcümədə təbiiliyi əldə etməklə, onun orijinal paralelliyinə, adek­vatlığına nail olaq. Bunun canlı illüstrasiyası üçün oriji­nala və tərcüməyə müraciət edək:
Keшегi öткeн заманда

Karaкыпшак Кобланды

Aтасы мунын Токтарбай

Халыктан аскан болды бай.

Байлыгында есеп жок,

Айдалып багып жайылды

Торт mулiк малдын бəрi сай.

Жаз жайлагы Кöздi кöл,

Кöздi, кöлi жайлаган

Калын кыпшак жагалай. (3, 65)
Xalq dastanlarının başlanğıcının dürüst tərcüməsi vacib olduğundan biz bu sətirləri mümkün qədər orijinala uyğun olmaqla, dilimizin leksik-semantik imkanlarından geniş istifadə etməklə ortaya qoyduq:
Keçmiş, ötmüş zamanda,

Qaraqıpçaq elində

Bir Koblandı varıydı,

Atası bunun Toktarbəy,

Xalqa yaxşı tanış bəy,
Qədərsiz idi varı,

Çoxluca qoyunları.

Gözdi gölü yaylağı,

Gözdi gölü oylağı.

Qalın qıpçaq elinə,

Bəsdi dövləti, varı.
İndi sətri tərcüməyə müraciət edək:
Lap keçmiş zamanlarda,

Qaraqıpçaq Koblandı vardı.

Atasının adı Toktarbəy,

Xalqdan asılı olmayan bəy.

Bəyliyində əsəb yox idi.

Varının sayı-hesabı yox idi,

Sürüsü otlaqlarda otlayırdı.

Yaz yaylağı Gözdi göl,

Gözdi göldü yaylağı.

Qalın qıpçaq yaylağına gedirdi.
Sətri tərcüməni orijinalla və bizim tərcümə ilə tutuş­dur­duq­­da onunla orijinal və tərcümə əsasında xeyli fərqlərin mey­­dana çıxdığını görürük. Digər göstəricilər bir yana, prozaik­lik mətnin oxunuşunu çətinləşdirir, oxucunun mətnə münasibətini ciddi şəkildə soyudur.

Epik mətnlərin tərcüməsi türk xalqlarının bu tipli bədii nümunələrinin adekvat səsləndirilməsi tərcümə edilən materia­lın bütün aspektlərini, yəni dil və qeyri-dil aspektlərini, daha doğrusu, onun oxucuya emosional bədii təsirini nəzərdə tutma­lıdır. Çünki tərcümədə əsərin emosional - ekspressiv, yaxud estetik funksiyasının saxlanılması oxucunun orijinal mətnin dilini bilmədiyindən hiss etməsi ilə bağlı olmamalıdır, əksinə tərcümə mətni xalq dastanının milli-emosional xüsusiyyətlərini oxucuya dürüst çatdırmağa borcludur.

Tərcümə zamanı nəzərə aldıq ki, milli abidələrin, xüsu­sən nəzm şəklində olanların əksər xüsusiyyətlərini Azərbaycan oxucusuna çatdırmaq üçün sətri tərcümə yolu ilə getmək “Koblandı-batır” kimi sırf milli qazax ənənəsindən qaynaq­lan­mış bir əsərin özünəməxsusluğunun saxlanılması ilə bağlı klassik­lərin – V.Belinskinin, A.Puşkinin, N.Qoqolun, M.Qor­ki­nin; tərcümə nəzəriyyəçiləri A.Fyodorovun, K.Çukovskinin, V.Rosselsin, N.Lyubimovun, P.Skosırevin mülahizələrini qula­ğımızda sırğa etmişdik. Yəni tərcümədə milliliyi ştamp kimi yox, əsərin danılmaz keyfiyyət göstəricisi kimi əks etdirməyə çalışdıq. Yüksək milli özünəməxsusluğu ilə seçilən əsərlər müəllifi N.Qoqol yazırdı: “Əsil millilik heç də sarafanın təsviri deyil, xalqın ruhunun nümayişidir. Şair o zaman da milli ola bilər ki, nə zaman o, ... təsvir olunanlara öz milli stixiyasının, xalqının gözü ilə baxır, elə danışır, elə hisslər keçirir ki, onun həmvətənlərinə elə gəlir ki, sanki oradakı onların hissləri, onların danışığıdır ” (1, 51).

Düzdür, opponentlər deyə bilərlər ki, həm qazaxlar, həm də azərbaycanlılar türkdürlər. Onlardan biri qıpçaqlara, digəri oğuzlara aid olsalar da, aralarında xeyli ümumi cəhətlər vardır. Biz də bunu inkar etmirik. Lakin bu da faktdır ki, bu xalqların etnogenezi, tarixi, mədəni-mənəvi ənənələri nə qədər ümumi olsa da, onları bir-birindən fərqləndirən xüsusiyyətləri də gör­mə­liyik və elə şəkildə bir-birinə uğunlaşdırmalıyıq ki, onlar tərcümə mətnində yamaq kimi görünməsin:


Teрi тамып иектен,

Tугi шыгып бiлектен,

Жаны бiр тулап журектен,

Неше бiр курдас айтса да

Караманнын бул сöзi

Öтiп бiр кеттi суйектен.

Сöз суйектен öткен сон
Тобылгы атка ер салды,

Ак алмасты колга алды.

Камшы басып сауырга,

Екпiнi усап дауылга (3, 85-86)
Tərcümə:
Çənəsindən tər axdı,

Tükləri biz-biz çıxdı,

Bu hiss ürəyin sıxdı,

Həmyaşıdım olsa da,

Qaramanın sözləri

Mənə yamanca dəydi.

Sanki bu sözlər mənim,

Lap beynimə işlədi.

Kəhər atını mindi,

Oxun əlinə aldı,

Qırmancla onu vurdu.
Orijinalda Azərbaycan türkcəsində işlədilən xeyli söz və ifadələr var. Məsələn: “tər”, “tük”, “damıb”, “çığıb”, “yanı”, “ürek”, “qardaş”, “söz”, “saldı”, “aldı”, “qamçı” və s. Bəlkə də, bu sözlərin, leksik vahidlərin düzümü və köməyi ilə bu bəndi tərcümə də edə bilərdik. Lakin bununla biz işimizi heç də bit­miş hesab etmədik. Dilimizin zəngin lüğət fondundan yara­dı­cı­lıqla yararlanmağa üstünlük verdik. Və nəticədə orijinalın milli ruhunu verməyə çalışdıq. Bəziləri epik mətnlərin tərcüməsində sətriliyə üstünlük verirlər. Onlar yaddan çıxarırlar ki, A.S.Puş­kin demişkən «sətri tərcümə heç vaxt dürüst ola bilməz. Çünki hər bir dil özünəməxsus şərti dövrələrə malik olduğundan” sətri­likdə bədiiliyi, xüsusən də poetikliyi saxlamaq mümkün deyildir. Digər tərəfdən, sətrilik ilk növbədə əsərin milli özünə­məx­susluğunu heçə endirir. Azərbaycan ədəbiyyatının yaxın dostu prof. P.Skosırev milliliklə bağlı yazırdı: “... milli kolorit... müəllifin milli xarakterindən başlayır... Milli formada isə millətin, xalqın bütün keçmişi – onun məişəti, tarixi, onun rəğbəti, ona xas olan assosiasiyalar sistemi aynada əks olunan kimi öz əksini tapır” (6, 36).

“Koblandı-batır” qəhrəmanlıq dastanı, məlum olduğu kimi, məhz hər şeydən öncə qazax məişətini, tarixini, həyat tər­zini, düşüncəsini bariz şəkildə özündə əks etdirən əsərdir. Yəni “Koblandı-batır” heç də yalnız oxucuda dastan təsiri ba­ğış­la­mır. Burada xalq ənənələri, onun yaşam tərzi, mərasimləri, dosta rəğbət, düşmənə nifrət hissi və duyğuları və s. o qədər qa­barıq verilmişdir ki, onların tarixi kökünə varmadan tərcü­mə­­də uğura imza atmaq da inandırıcı görünmür. Aşağıda nümu­­nə gətirəcəyimiz sətirlərdə Koblandının Burıl ata minib döyüşə çıxdığını, doxsan yaşlı Toxtarbəy, altmış yaşlı Analıq, bacısı Qarlıqaş və sevgilisi Qurtqanın onun ardınca kiyatlar elinə üz tutduğunun orijinalda və tərcümədə təsvirinə diqqət yetirək:


Тайбурыл атка мiнедi,

Ак сауытын киедi,

Белiне семсер iледi,

Ногай бöркiн киедi,

Дуйсенбi кунi сескеде

Караспан тауын бöктерлеп,

Кешеги кеткен кыяттын

Кобландыдай батырын

Сонынан желiп жöнелдi.

Токсандагы Токтарбай,

Алпыстагы Аналык,

Карындасы Карлыгаш

Жан косагы Кыз Курка

Тöртеуi калмай сонынан,

Кескелеп кет деп колыннан,

Кобландынын iзiнен.

Булар да ерiп келедi.

Тустiк жерге келгенде,

Сол уакытта сöйлейдi,

Карындасы Карлыгаш (3, 91-92)
Bu sətirləri biz Azərbaycan türkcəsinə belə çevirməyə üstünlük verdik:
Koblan Burıla mindi,

Ağ zirehin geyindi,

Qılıncı beldən asdı

Noğay papağı geydi.

Birinci gün günorta

Qaraspan dağın keçib

Kıyat tərəfə çapdı,

Getdi belə Koblandı.

Doxsan yaşlı Toxtarbəy,

Altmış yaşlı Analıq,

Qarındaşı Qarlıqaş,

Gözəl Qurtqa qaraqaş.

Onlar dördü də birgə,

Koblan batır dalınca,

Bir səmtə üz qoydular,

Yaman cana doydular.

Gün ortaya gələndə

Bacısı Qarlıqaş dedi:
Qeyd edək ki, epik əsərlərin tərcüməsinin xarakteri bədii əsərdə elmiliyin və bədiiliyin vəhdətini saxlamağı zəruri edir. Elmi, bədii tərcümə, hər şeydən öncə, orijinal və tərcümə dilində yaranan ümumi problemlərin həll olunması baxımından ortaya çıxır.

“Koblandı-batır”ın tərcüməsində doğruluğu, ekvivalent­li­yi əldə etmək üçün biz ilk növbədə onun poetik strukturunun bütün xüsusiyyətlərini əsərin janr spesifikliyi baxımından qo­ru­yub saxlamağa çalışdıq. Buna görə də diqqətlə müşahidə apa­rıl­sa, görəcəyik ki, hər bir konkret məqamda mütər­cim təhkiyənin xarakterini qoruyub saxlamağa can atır. Bu isə söz və ifadələrin, onların sintaktik baxımından təşkilinin xüsusi şəkildə seçilməsi ilə bağlı olur, müvafiq leksik-semantik uy­ğun­luqlar axtarılıb tapılır, təhkiyənin emosional tonu qorunur və, beləliklə, mətnin məzmunu ilə bağlı tərcümə olunan nə varsa, onun bütün komponentləri ilə üzvi surətdə uzlaşır.

Digər epik poemalarda olduğu kimi, “Koblandı-batır” das­tanı üçün qədim epik hekayət poetikasının xüsusiyyətləri, daha çox uzunçuluq və təkrarlar vardır. Təkrarlar əsasən das­tan­dakı “ümumi yerlər” üçün daha səciyyəvidir. Burada eyni tipli hərəkət, davranış və süjet hadisələri daha tez-tez təkrarlar üçün şərait yaradır: qəhrəmanın döyüşə hazırlığı, doğmaları ilə vidalaşması, doğmaların onu bu döyüşdən çəkindirməsi, müx­tə­lif tipli yarışlarda, döyüşlərdə batırın rəşadəti və s. bu qəbil­dəndir. Təkrarlar bədii obrazlı formulların qəhrəmanın daxili hiss və həyacanlarını, ürək çırpıntılarını verməyə xidmət edir, döyüşün başlanğıcı hərbə-zorba, söz atışmaları ilə başlayır və daha sonra ziddiyyətli dialoqlara keçir ki, burada biz stereotip müraciətlərlə, hədələrlə, qəhrəmanın özünü öyməsi və s. məqam­larlı görürük. Bu xüsusiyyət “Koblandı-batır”da özünü daha çox biruzə verməkdədir.

“Koblandı-batır”ın digər bir cəhətini də qeyd etməyə eh­ti­yac vardır. Bu, bir sıra hallarda söyləyicinin dastanın ümumi mətninə uyğun gəlməyən məqamları mətnə daxil etməsi ilə əlaqədardır. Belə məqamlar bəzən mətnin nə əvvəli, nə də sonrakı hissələri ilə uzlaşmır, onlar əsər daxilində yamaq kimi görünür və nəticə etibarilə dastanın bədii-poetik keyfiyyətini də yüksəltmir. Lakin buna baxmayaraq, onlar epik mətndə yer tutmaqdadır. Tərcümə prosesində biz belə halları təxminən otuza yaxın sayda izlədik.

Maraqlıdır ki, söyləyicilər bu tipli kontaminasiyaları gah bir, gah iki, gah üç, gah dörd, gah da beş sətirdən ibarət olmaqla mətnə əlavə edirlər ki, bu da əksər hallarda qafiyənin daha da mükəmməl tutulması və bəzən bəndin tamlığını əldə etmək naminə yaradılır. “Koblandı-batır”da 480-490, 870-880, 920-940, 990-1000, 1240-1250, 1730-1740, 1940-1950, 2240-2250, 2260-2270, 2400-2410, 2590-2600, 2630-2640, 2730-2740, 3280-3290, 3360-3370, 3510-3520, 3550-3560, 4060-4070, 4100-4110, 4160-4170, 4250-4260, 4340-4350, 4370-4380, 4740-4750, 4830-4880, 5380-5390, 5900-5910, 6440-6450-ci və sair sətirlər arasında belə “əlavələr” özünə daha çox yer almaqdadır.

Təhkiyədə mətnə daxil edilən və mətnlə heç bir əlaqəsi olmayan bu sətirlər qəhrəmanların monoloqu, yaxud digər bəndə keçid alınan zaman baş verir. Adətən, onlar ya söyləyici tərəfindən qafiyə axtaran zaman, ya da dinləyicidə (oxucuda) müəyyən psixoloji əhvalı-ruhiyə yaratmaq, ya da təhkiyənin emosional-ekspressiv gücünü, qavrayışını artırmaq naminə edi­lir. Biz də tərcümə zamanı mümkün qədər ənənəvi epik heka­yət­çiliyin belə xüsusiyyətlərini saxlamağa üstünlük verdik, bəzən Azərbaycan oxucusu üçün anlaşıqlı olmayan söz, ifadə və anlayışları xüsusi izahlarda verməyə çalışdıq.

“Koblandı-batır” qəhrəmanlıq eposunda digər dastan­lar­da olduğu kimi, çoxsaylı xüsusi əfsanəvi adlar, coğrafi termin­lər-toponimlər, zoonimlər, oykonimlər, oronimlər, astro­no­mik adlar vardır. Bu tipli leksik anlayışları da biz mətnə izahlarda təqdim etmişik. Məsələn, “Aynagül”, “Azulı”, “Ata­su”, “Qaratau”, “Qaraşa”, “Közdi göl”, “Qırlıqala” kimi yer adları; əfsanəvi “Dariqə”, - batır-qız, “İlyas” – Bibliyadakı İliya peyğəmbərə yaxın obraz, “Qəmbər” - su kultu ilə bağlı olan qədim allahlardan birinin adı, “Qeys-Kövsər” – müsəl­man­ların inancına görə cənnət bulağı; “Kuptan”- namazın sonuncusu, “Namazdigər” – üçüncü namaz, “Namazşam” – dör­düncü namaz, “Qiblə” – Məkkəyə yön tutma, “Pir” – mü­qəd­dəs qoca, milli oyun növləri “kokpar”, milli alət adları “tuqer” və s. söz və ifadələr tərcümə oxucusuna tərəfimizdən mümkün qədər düzgün izah olunmuşdur.

“Manas”, “Koroğlu” və “Alpamış”da olduğu kimi, “Kob­landı-batır” dastanında da baş qəhrəman obrazının mahiyyətini ifadə etmək üçün epitet, hiperbola və müqayisələrdən gen-bol istifadə olunur. Koblandı əsərdə əvəzsiz batır kimi təqdim olu­nur. Yəni o, yeganədir, qoçaqdır, ata-anasının gözünün işığıdır. Ona valideynləri “şırağım” (yəni “çırağım”) – deyə müraciət edirlər, o, şahindən, daşdan möhkəmdir, dözümlüdür, anadan da batır kimi doğulub. Batırın portreti zəngindir: onun Bulqar kamanında Buxara oxu var, nizəsinin gövdəsi bərk ağacdan, qabı gümüşdən və qızıldandır, qalxanı almaz kimi itidir. Özü isə olduqca nəhəngdir, düşməni qurd qoyunu didib-dağıdan kimi didib-dağıdır, döyüşdə nər kimi qızır, düşmən onun hü­cumundan qulun pələngdən qaçan kimi qaçır və s. Yəni bü­tün məqamlarda batırın fərdi, heç kimə xas olmayan xüsusiyyətləri, keyfiyyətləri qeyd olunur:


Kaстары тöмен салынган,

Кеулiне алган табылган,

İздеген душпан шабылган,

Кобаган мурын, кой кöздi,

Талма беттi, нур жуздi. (3, 174)
Tərcümədə:
Koblana oxşar gəldi,

Qaşlı-qabaqlı batır,

Düşmənə əzab verən,

Cəsur hücuma keçən

İri burun, sarı göz,

Göyçək, nur üzlü batır.
Batırla bağlı tətbiq olunmuş troplar, epitetlər, hiper­bo­la­lar türk xalqlarının digər qəhrəmanlıq eposu üçün də xarak­terikdir. Epik qaydalara uyğun olaraq batır öz döyüş dostu olan atından (Tayburıldan) və yaxınlarından – bacısı Qarlıqaş, sev­gi­lisi Qurtqa və başqalarından ayrılmazdır. Ənənəvi epitetlər və müqa­yisələr onun tülparının yüksək keyfiyyət göstəricisinə malik olduğunu sübut edir. Atın möcüzəliyi onun bəzi detallarının sadalanması ilə qeyd olunur – çulu qızılla tikilib, yəhər qayışı qızıldan, qızıl nalları, dəri tərliyi və s. vardır. Bundan başqa, tülparın digər keyfiyyətlərindən də danışılır:
Aлтын, кумiс кыяк жал,

Лебiзiн сенiн сары алтын,

Устiндегi тугiннiк

Жары кумiс, жары алтын.

Жан серiгiм, Бурыл ат (3,103)
Bu bəndi tərcümədə aşağıdakı kimi vermişik:
Quyruğu sıx, yumşaq yal,

Altındur, gümüşdür yal.

Sanki səsi altındur,

Tüklər gümüş, altındur.

Can özəyim, at Burıl.
“Koblandı-batır” eposunun poetikasını xeyli dərəcədə bədii priyomlar kompleksi xarakterizə edir ki, bu, yuxarıda qeyd etdiyimiz kimi, ümumtürk ənənəsi ilə müəyyənləşir. Batır, onun yaxınları, silahdaşları daim işlənən epitet, metafora və müqayisələrlə fərqləndirilir. O, güclü heyvanlarla, quşlarla müqayisə olunur, məsələn, şirə, pələngə, canavara, qartala, şahi­nə, nərə, qoşqara, quzuya, qulana, köşəyə bənzədilir. Məsələn, “Koblandı-batır”, yaxud digər batırları “Arıstanım”, “Arıstan Koblandı”, “Jolbarsım”, “Quzum”, “Qulanım” çağı­rır­lar ki, onlar qədim ənənələrə görə cəsurluq, ruh yüksəkliyi ifadəçisi kimi nəzərdən keçirilir.

“Koblandı-batır” qəhrəmanlıq dastanı qədim qazax şeiri nümunəsinə (jıra) söykənərək yeddi-səkkiz hecalıqla yazıya alınmışdır. Qazax jır metrikasının özünəməxsusluğu onunla müəyyənləşir ki, qazax şeirinin digər növləri də məhz heca prinsipinə əsaslanır. Yeddi hecalıq aramla səkkiz hecalığa və əksinə keçərək davam edir. Jır ciddi bənd təşkilindən məh­rum­dur. Lakin poetik nitq jırda bir neçə qrup şeirə bölünür ki, o, tira­danın müxtəlif həcmini təşkil edir. Tirada təxminən dörd-beş sətirdən tutmuş iyirmi beş və daha artıq sətirlər qrupudur ki, onlar məna, intonasiya qapalılığı və qafiyə ilə bir-birinə birləşir. Əksər hallarda tirada jırda bir neçə sadə cümlədən ibarət olmaqla, intonasiyalı-sintaktik dövrə yaradır. Tiradalar jırda dörd, altı sətirdən ibarət nitq dövrələri ilə çarpazlaşır. Bəzən tiradada iri cümlələr ola bilir ki, onların əsasında sin­tak­tik paralelizm, təkrirlər özünə yer alır. Sonuncu fikri tamam­layan baş cümlə bəzən bir neçə feli sifət, feli bağlama dövrəsini qapatmaqla emosional gərginliyin artmasına şərait yaradır.

Qazax jırında iki növ - əsas və köməkçi qafiyə olur. Jırda vahid əsas qafiyədən istifadə mühüm əhəmiyyətə malikdir. Hər dəfə yenidən yarandıqda o, poetik nitqin intonasiya gərginliyini cilalayır, köməkçi qafiyə isə yalnız bir neçə əsas qafiyədən kənarda olanları əhatə edir. Və hər dəfə də əsas qafiyə yaran­dıqdan sonra köməkçi qafiyə yeniləşir.

Tərcümə zamanı biz qazax jırının yeddi-səkkiz hecalığını Azərbaycan şeirinin yeddi-səkkizlik heca vəzni ilə verməyə çalışdıq.

“Koblandı-batır”ın rus tərcüməsindən fərqli olaraq, biz dastanda hərfi (sətri) tərcümədən mümkün qədər kənarlaşmağa çalışdıq. Bu isə xeyli çətinliklərlə bağlıdır. Çünki əsər üçün ilk növ­bədə qazax xalq poezisiyasının ənənəvi obrazlılığı spesi­fik­dir və xeyli məqamlarda Azərbaycan türkcəsində onların ekvi­valentini tapmaq həm də nəzərə çarpacaq problemlər yara­dır. Bundan başqa, tərcümə zamanı heç də bütün hallarda orijinalın sintaktik xüsusiyyətləri saxlanılmır. Bəzən cümlələr, poetik nitq bir neçə sadə konstruksiyalarla verilir, bəzən felin zaman, növ kimi göstəricilərini də saxlamaq mümkün olmadıqda, biz onları dəyişdirərək tərcümənin özünə uyğun şəkildə təqdim etməyə çalışmışıq.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə