81
nəğmələrinin ən qədim forması vətəkə nəğmələridir.
Xəzərətrafı regionlarda vətəkə nəğmələrini bilməyəni
balıq tutmağa qoymazlarmış. Bu nəğmələrin əsas
mahiyyəti balığı tilova, tora çağırmaqdan ibarətdir. Bu
nəğmələrdəki “Yahu” çağırış nidası olub balıqçıları
himayə edir, “Yahu”nun (dəniz tanrısının) insana balıq
tutmaqda kömək edən onqon və ya tanrı olmasını da
düşünmək olar.
Balıqçı nəğmələrində su hövzələri ətrafında
yaşayan əhalinin balıqçılıq fəaliyyəti ilə bağlı
dünyagörüşləri, ibtidai təsəvvürləri qalmaqdadır. O biri
nəğmələrdə olduğu kimi, balıqçılıq nəğmələrində də
struktur model eynidir. Hətta nəqarətli nəğmələrdə də bu
struktur dəyişilməzdir. Dənizdə olan balıqçı da, sahildə
olan adamlar da “Yahu” adlı mifoloji varlığa tapınır,
ovlarının uğurlu keçməsini, dənizdən sağ-salamat
dönmələrini “Yahu”dan diləyirlər. Bu nəğmənin quruluşu
balıq ovu ilə bağlı ritualın keçirilməsi zamanı “Yahu”nun
şərəfinə oxunan bir neçə bənd şeir təşkil edir. Başlanğıc
nəqarətdə balıqçı “Yahu”nu çağırır. Birinci bənddə
balıqçı “Yahu”nun ona kömək etməsini xahiş edir:
Yahu, hu, hu
Hu, hu, Yahu… (nəqarət)
Röyama girdi
Yahu
Sirrimi bildi
Yahu
Dəryalara
Tor atdım
Üzümə güldü
Yahu…
Bəndin axırında nəqarət yenə təkrar olunur. İkinci
82
bənddə “Yahu”dan fəlakətə uğramış balıqçıya kömək
etməsi istənilir. Balıqçının qayığı aşıb, dalğalar qayığı
aparır.
Kətan üzüldü, Yahu
Suya düzüldü, Yahu,
Qayığım yelə düşdü,
Buruldu selə düşdü
Sal gətir
Sala gəlsin…
Yenə nəqarət təkrar olunur. Nəğmənin axırıncı
bəndindən görünür ki, dənizdən “Yahu”ya şikayət edilir:
Qara yel əsdi, Yahu
Səbrimi kəsdi, Yahu,
Yeddi novcavanım uddun,
Qan etdin, bəsdi, Yahu.
Yahu, hu, hu
Hu, hu, Yahu.
A.Nəbiyev bu nəğmənin ya əvvəldən axıradək xorla
oxunmasını, ya da nəqarətlərin xorla oxunmasını və
axırıncı bəndin bayatı formasında qoşulduğunu yazır.
İpəkçi nəğmələri.
Əmək nəğmələrinin xalq arasında yayılan bir
qismini də ipəkçi nəğmələri təşkil edir. Belə nəğmələr
baramaçılıqla məşğul olan kənd rayonlarının əhalisi
arasında yayılmışdır. Baramanın yetişdirilməsi fevral
ayından başlayır və barama qurdunun beş yuxusu olur.
İpəkçilik nəğmələrində də baramanın ipək sarıması
xüsusi təşbehlərlə qeyd olunur. Məsələn, barama
haqqında olan tapmacada buna rast gəlirik:
83
Bir quşum var alaca,
Gedər qonar ağaca.
Özünə bir ev tikər
Nə qapı qoyar, nə baca.
Bu nəğmələrin hələlik ilk toplayıcısı olan
A.Nəbiyev barama haqqında olan nəğmələrin
tapmacalaşmasını həmin əmək prosesinin kütləviləşməsi
ilə izah edir.
Azərbaycan
ərazisində yayılan nəğmələrin
coğrafiyasını yaratmış olsaq, spesifik nəğmələrin konkret
ərazilərdə yayıldığını müşahidə edə bilərik. O sıradan
kümçü-ipəkçi nəğmələrinin də barama qurdu yetişdirilən
ərazilərdə yayıldığını görə bilərik. Azərbaycanda bu
ərazilər Şirvan, Şəki, Oğuz, Qax, Balakən, Zaqatala,
Qarabağ, Ordubad tərəflərdir. Vaxtilə kümçü-ipəkçi
nəğmələrinin bu rayonların əhalisi arasında geniş şöhrət
tapmasını, lakin bu mətnlərin çox yığılmadığını
tədqiqatçılar təəssüflə qeyd edirlər. Buna baxmayaraq,
“El nəğmələri, Xalq oyunları” kitabında bir neçə kümçü
nəğməsi toplanaraq çap edilmişdir. Bunun əksinə olaraq,
hana nəğmələri kifayət qədər toplanmış, müxtəlif
kitablarda çap olunmuşdur. Azərbaycanda xalçaçılıq
geniş inkişaf etdiyindən bu ağır prosesi yüngülləşdirmək
üçün hana nəğmələrindən istifadə edilmişdir.
Hana nəğmələri.
Hələ XX əsrin əvvəllərində xalçaçılığın kustar
üsulla davam etdirilməsi barədə etnoqrafik məlumatlar
vardır. Şəkinin Oğuza yaxın kəndlərində divar hanası, bir
də yer hanasından parça, palaz və xalça toxumaq üçün
istifadə edirdilər. Xammal ucuz başa gəlsin deyə, qoyun-
quzu sürüsü qırxılardı, cins qoyunların yunundan sap
84
əyirərdilər. Qadınlar yığışar, 5 m və 10 m-lik yer
hanasında kişilər üçün kostyumluq, şalvarlıq parçalar
toxunardı. Hanalar yerdə yatmış vəziyyətdə olardı,
yorğan-döşək üzləri də bu hanalarda toxunardı.
Yaz açılanda ləzgilər öz xüsusi yunatan dəzgahları
ilə bu kəndlərə gələr, istəyənə keçə deyilən palaz
düzəldərdilər. Əvvəlcə yunu açar, əyirər, sonra istənilən
ölçüdə keçə hazırlardılar. Bu keçəni hazırlamaq üçün
otuz santimetr hündürlüyündə açılmış yunu yerə döşəyər
və üstünə qaynar su səpələyərdilər. Sonra 2 nəfər lazım
olan ölçüdə oxlov kimi yoğun ağac götürər, bir başından
qoyub açılmış yunu iki nəfərin gücü ilə ağaca
sarıyardılar. Dizlərini yığılan yunun üstünə qoyub ta o
vaxta qədər çoxlu döyərdilər, yumalayardılar ki, keçə
palaz şəklinə düşərdi. Qıraqlarını kəsib palazı düz şəkilə
salardılar. Bu keçələri həm də rəngli yun saplardan
düzəldər, bəzək qoyardılar, güləbənzər naxışlar
salardılar. Bir rəngdə toxunan keçələrə hanada toxunmuş
döşək üzündən üz çəkərdilər, buna palaz və ya cecim
deyərdilər.
Divar hanasında xalça, xalı toxuyardılar, bunlar
həm satlıq olardı, həm də pay verilərdi. Hər rəngdən olan
5, 10, 15 sapı hanaya bağlayar, istənilən ölçüdə xalça-
palaz toxunardı. Tək saplı zolaqlı parçalar da toxunardı.
Bu məhsullar davamlı olardı, rəngi solmazdı, çürüməzdi,
görkəmi də xoşagələn olardı.
Bu etnoqrafik məlumatdan aydın olur ki, xalçaçılıq
qədim sənətdir. Elə indi də xalça toxuyan qızlar hana
nəğmələrini yaşadırlar (Bu etnoqrafik və xırmanla bağlı
məlumatları 1926-cı ildə Şəkinin Bideyiz kəndində ana-
dan olmuş Məmmədova Tamara Mustafa qızından
toplamışam).
Dostları ilə paylaş: |