Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə139/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   135   136   137   138   139   140   141   142   ...   161

 
288
qiymətləndirən, İlyas Əfəndiyevin şəxsiyyətinə dərin hörmət bəsləyən Ağamusa 
Axundov, Anar, Vaqif Bayatlı Önər, Bəxtiyar Vahabzadə, Bəkir Nəbiyev, Dilsuz 
Mustafayev, Əmin Əfəndiyev, Əziz Mirəhmədov, Həsənağa Turabov, İlham 
Rəhimli, Kamal Talıbzadə, Timuçin Əfəndiyev, Vilayət Quliyev, Yaqub Ismayılov 
və Yaşar Qarayevdən ibarət Redaksiya heyəti yarandı, mən Baş redaktor oldum və 
çox gərgin hazırlıq işindən sonra, yeddi cildliyi nəşr etdik (Bakı, «Çinar-Çap», 
2002). 
İlyas Əfəndiyevin sağlığında Azərbaycan dilində dörd dəfə «Seçilmiş əsərlər»i 
nəşr olunmuşdu: bir cildliyi (Bakı, «Azərnəşr», 1959), iki cildliyi (Bakı, «Azərnəşr», 
1-ci cild – 1964, 2-ci cild – 1965), dörd cildliyi (Bakı, «Azərnəşr», 1-ci cild – 1969, 
2-ci cild – 1970, 3-4-cü cildlər – 1973) və nəhayət, altı cildliyi (Bakı, «Yazıçı», 
1984). 
Təxminən 250 çap vərəqi həcmində olan yeddi cildlikdə İlyas Əfəndiyevin 
əsas əsərləri, o cümlədən, indiyədək heç bir kitabına düşməyən hekayələri, pyesləri 
və başqa yazıları toplanmışdır və bu nəşrin ciddi uğurlarından biri də odur ki, İlyas 
Əfəndiyevin ədəbiyyat, sənət haqqında məqalələri ilk dəfə bir yerə toplanaraq 35 
çap vərəqi həcmində ayrıca bir cild kimi (sonuncu – 7-ci cild) nəşr olundu. 
İlyas Əfəndiyev yalnız bir yazıçı kimi yox, eyni zamanda, dövrün vulqar-
sosioloji doqmalarına heç vəchlə yaxın durmayan və əsərin bədii-estetik cəhətlərini 
əsas götürən tənqidçi kimi də Azərbaycan ədəbi prosesində aktiv iştirak edirdi və 
onun yeddi cildlik «Seçilmiş əsərlər»i əyani şəkildə göstərdi ki, İlyas Əfəndiyev 
yalnız milli bədii ədəbiyyatın deyil, ictimai fikrimizin də inkişafında mühüm 
xidmətlərə malikdir. 
Yeddicildliyi oxucular (yeni bir epoxa oxucuları!), böyük maraqla qarşıladı, 
ədəbi tənqid bu nəşri yüksək qiymətləndirdi və bir daha məlum oldu ki, 
yaradıcılığının böyük əksəriyyəti sovet dövrünə düşən İlyas Əfəndiyev böyük sovet 
yazıçısı yox, böyük Azərbaycan yazıçısıdır, onun istisnasız olaraq, bütün hekayələri
romanları, povestləri və pyesləri, hətta məqalələri sistemə, ideologiyaya yox, 
ədəbiyyata məxsusdur.  
İlyas Əfəndiyev bədii əsərləri ilə ideologiyaya yox, ədəbiyyata xidmət 
etmişdir. 
Bu sözlərin həqiqət olduğunu, burada qətiyyən heç bir mübaliğəyə yol 
verilmədiyini, elə bilirəm ki, həmin yeddicildlik yaxşı təsdiq edir, İlyas Əfəndiyevin 
bəyəndiyi bədii surətlərdən birinin – Şərifin dediyi kimi, «subutalnı, dokumentalnı».    
Bir kitabı da ayrıca qeyd etmək istəyirəm: İlyas Əfəndiyev vəfat etdikdən 
sonra, mətbuatda onun haqqında çox yazılar çap olundu və mən hər gün sübh tezdən 
öz yazı-pozu işlərimi onunla başladım ki, İlyas Əfəndiyev haqqında mətbuatda dərc 
edilmiş həmin yazılardan səciyyəvi hesab etdiyim kiçik hissələri (bəzən yalnız bircə 
cümləni...) olduğu kimi kompüterə köçürdüm və beləliklə, İlyas Əfəndiyev 
haqqında, mənim düşüncəmə görə, maraqlı bir kitab yarandı. 
Salnamə səciyyəli bu kitab – «Sənətkarın ikinci ömrü. (İlyas Əfəndiyev. Beş 
ilin salnaməsi)» onun vəfatının beşinci ildönümündə nəşr olundu (Bakı, «Çinar-
Çap», 2002). 
Həmin kitaba mən belə bir kiçicik ön söz yazmışdım: 
«1996-cı il. 
3 oktyabr. Cümə axşamı. 


 
289
Saat 13.45. 
İlyas Əfəndiyevin dünyasını dəyişdiyi il, gün, saat, dəqiqə... 
Bu tarixdən sonra İlyas Əfəndiyevin – yazıçının, mütəfəkkirin, vətəndaşın – 
ikinci ömrü (sənət ömrü! yaradıcılıq ömrü! əməllər ömrü!) başlanır... 
Bu ömrün –  sənətkarın ikinci ömrünün – müddəti (davamlığı, uzunluğu) insan 
ömrünün çərçivəsi ilə müqayisəyə belə gəlmir  və sənətkarın bu dünyada qoyub 
getdiyi Sözün əhəmiyyəti, əslində, o ikinci ömrün zaman vahidinə çevrilir... 
İlyas Əfəndiyev ömrü davam edir... 
İlyas Əfəndiyev haqq dünyasına köçdüyü bu beş ildə – 1996-cı ilin 
oktyabrından 2001-ci ilin oktyabrınacan – sənət adamları, yazıçılar, alimlər, 
jurnalistlər, adi oxucular mətbuat səhifələrində onun haqqında məxsusi qələmə 
alınmış bir çox xatirələrdən, məqalələrdən başqa, müxtəlif mövzulu yazılarında, 
müsahibələrində də tez-tez onu nisgil dolu bir səmimiyyətlə xatırlamış, İlyas 
Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında, bu yaradıcılığın XX əsr 
Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə ürəkdolusu bir hərarətlə söz 
demiş, onunla bağlı tarixi faktlara diqqət yetirmiş, müxtəlif məlumatlar vermişlər. 
Mətbuatdakı, nəşr olunan kitablardakı həmin yazıların, məlumatların hamısını 
izləmək praktiki cəhətdən mümkün deyil. 
Bu beş ildə İlyas Əfəndiyev yaradıcılığı haqqında nəşr olunmuş 
monoqrafiyaları, «Sən həmişə bizimləsən» adlı xatirələr kitabını, onun 
şəxsiyyətindən və yaradıcılığından bəhs edən məqalələri, xatirələri, deyilən fikirləri, 
mülahizələri, açıqlanan faktları bir yerə toplasan, neçə cilddən ibarət bir nəşr  ola 
bilər. 
Mən, salnamə xarakterli bu kitabda, həmin yazılardan elə kiçicik hissələr seçib 
oxucuya təqdim etməyə çalışdım ki, mövzunun ehtiva dairəsi imkan daxilində 
əhatəli olsun, İlyas Əfəndiyevin şəxsiyyəti  və yaradıcılığı, eləcə də, onun müasir 
Azərbaycan ictimai fikrindəki yeri barədə dəqiq təsəvvür yaratsın. 
Yazılardan seçdiyim nümunələrdə, mən, təbii ki, müəlliflərin üslubuna 
toxunmamışam. Həmin nümunələr mətbuatda necə getmişdirsə, bu kitabda da eləcə 
verilmişdir. 
1 noyabr 2001-ci il. 
 
Bu kitabı da oxucular hərarətlə qarşıladı.   
Bəli, bu müddət ərzində mətbuat İlyas Əfəndiyevdən çox yazdı...  
Onu xatırladılar, onu alqışladılar, ona məşhur pyesinin adına uyğun, «sən 
həmişə bizimləsən» dedilər... 
Və yeganə çatışmayan cəhət isə o oldu ki, daha onun özünə oxucu məktubları 
yazılmadı, onun iş kabinetində onun özünə ünvanlanmış telefon zəngləri daha 
səslənmədi... 
 
4. 
 
Bu gün mənim üçün əlamətdar görünən bir cəhət də odur ki, İlyas Əfəndiyevin 
dostları da, eyni zamanda, onun oxucuları idi və onların həm  İlyas  Əfəndiyevin 
şəxsiyyətinə, həm də yaradıcılığına böyük hörmət və məhəbbətləri var idi. Əslində 
bu, eyni zamanda, ədəbiyyatla, sənətlə bağlı mövqelərin, zövqlərin, istəklərin birliyi 
idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə