294
...İlyas Əfəndiyevin yaxın dostlarından biri də Adil Isgəndərov idi.
«Intizar»dan sonra İlyas Əfəndiyev ilk müstəqil pyesini – «Işıqlı yollar»ı
yazmışdı və 1947-ci ildə Akademik Milli Dram Teatrında
səhnəyə qoyulmuş bu
tamaşanın quruluşçu rejissoru Adil Isgəndərov idi, bir il sonra, 1948-ci ildə Adil
Isgəndərov həmin teatrda «Bahar suları»na quruluş verdi və ümumiyyətlə, İlyas
Əfəndiyev həmişə deyirdi ki, məni teatra Adil gətirdi. İlyas Əfəndiyev yazırdı:
«Mən neftçilərin həyatından yazacağım pyesin (söhbət «Işıqlı yollar»dan
gedir.– E.) süjetini təxmini olaraq Adilə nağıl elədim. O diqqətlə qulaq asıb, öz
qeydlərini, arzularını da dedi. Mən birinci dəfəydi ki,
Adil Isgəndərovla müstəqil
yaradıcılıq işinə başlayırdım. Mənim düşündüyüm, qısa ştrixlərlə təsvir elədiyim
surətləri onun dərhal necə aydın duyduğunu, hətta bəzən onun necə vəcdə gəldiyini
hiss edirdim. Və bu cəhət, yaradıcılıqda təbiətən vasvası olan məni ruhlandırdı. Mən
onun necə gözəl tamaşalar verdiyini görmüşdüm. Buna görə də, indi fikirlərimin onu
necə maraqlandırdığını hiss etməyim mənim dramaturgiya
sahəsində özümə
inamımı artırırdı».
Görünür, onların gələcək dostluğunun da bünövrəsində bir-birilərini beləcə
«dərhal» anlamaq dayanırdı və bu dostluq zamanın sınağından çıxmış bir dostluq
idi.
Iş belə gətirmişdi ki, Adil Isgəndərov «Bahar suları»ndan sonra İlyas
Əfəndiyevin başqa bir əsərinə quruluş verməmişdi. 1948-ci ildən sonra «Atayevlər
ailəsi» pyesini 1954-cü ildə Adil Isgəndərovun razılığı ilə o zaman yeni fəaliyyətə
başlamış Tofiq Kazımov tamaşaya qoymuşdu, onillik fasilədən sonra «Sən həmişə
mənimləsən» yazılanda isə, Adil Isgəndərov artıq çox haqsız bir surətdə teatrdan
uzaqlaşdırılmışdı.
Ancaq Adil
Isgəndərov teatrda olanda da, olmayanda da, İlyas Əfəndiyevin
Sona xanımın makinasından çıxmış yeni əsərlərinin əlyazmalarının ilk
oxucularından biri olurdu. Və vacib deyildi ki, pyes olsun,– İlyas Əfəndiyev yeni
hekayələrini, povest və romanlarını da hələ çapdan əvvəl oxuyub fikir deməsi üçün
Adil Isgəndərova verirdi və Adil müəllim də o əlyazmalarını həmişə maraqla
qarşılayırdı, onları çox ciddi oxuyurdu, axşam bizdə çay içə-içə fikrini deyirdi,
qeydlərini bildirirdi və belə bir ənənə yaranmışdı ki, sonra da köhnə «Inturist»in
restoranına gedirdilər. İlyas Əfəndiyev evdən çıxanda deyirdi:
– Bax, Adil, bu dəfə hesabı mən verəcəyəm!
Adil Isgəndərov:
–
Hələ bir gedək, qadam...– deyirdi.
Mən də maraqlanırdım ki, görəsən, restoranda hesabı kim verəcək və gecə, ya
səhəri gün atamdan soruşanda, gülümsəyə-gülümsəyə başını bulayırdı:
– Adil...
Adil Isgəndərov İlyas Əfəndiyevin 60-70-ci illərdə yazdığı yeni pyeslərini
oxuyurdu, amma həmin əsərlərin tamaşalarına getmirdi, çünki uzun illər boyu, necə
deyərlər, canını qoyduğu teatra daha ayaq basmırdı və onun teatrdan beləcə
uzaqlaşdırılmasını, teatra getməməyini, xüsusən,
ilk vaxtlarda, atam çox ürəyinə
salırdı.
Bir çox illərdən sonra İlyas Əfəndiyev «Sənətkarın taleyi» adlı essesində
yazırdı:
«Bir dəfə ona dedim:
295
– Adil, bəlkə, bir neçə yazıçı, yuxarı təşkilatlardan xahiş eləyək, səni
qaytarsınlar teatra?..
Dərindən nəfəs alıb:
– Yox,– dedi.– Işləyə bilmərəm, ürəyim sınıb...
Mən də kədərlə hiss elədim ki, Adil haqlıdır... Işləyə bilməz.
Taleyin qəribə işləri olur...
Bəzən bizlərdən birimiz ürəyimizdən şikayət eləyəndə Adil zarafatyana
deyərdi ki:
– Qadam, ürək adamın harasında olur?..
Özü isə heç gözlənilmədən ürəyindən öldü...».
Mən indi bu sətirləri oxuyuram,
bu sözlərin deyildiyi, bu ovqatın yaşandığı
günlər, illər gözlərimin qabağına gəlir və elə bil, İlyas Əfəndiyevlə bir yerdə
fikirləşirəm ki, əlbəttə, ürək neyləsin?..
İlyas Əfəndiyevin Tofiq Kazımovla da hələ 50-ci illərin əvvəllərindən etibarən
yaxın dostluqları var idi və bu dostluq da bir tərəfdən, təbii ki, şəxsi hisslərin ifadəsi
idi, digər tərəfdən isə bədii-estetik əqidə, ədəbi məfkurə dostluğu idi.
Tofiq Kazımov «Atayevlər ailəsi»nə verdiyi
quruluşdan düz on il sonra, 1964-
cü ildə «Sən həmişə mənimləsən» pyesini tamaşaya qoydu və o tamaşa Azərbaycan
teatrının tarixində prinsipial əhəmiyyətli mühüm hadisəyə çevrildi.
Bundan sonra Tofiq Kazımov 1968-ci ildə «Unuda bilmirəm»i, 1969-cu ildə
«Məhv olmuş gündəliklər»i, 1975-ci ildə isə «Bağlardan gələn səs»i Akademik Milli
Dram Teatrının səhnəsində tamaşaya qoydu.
Bu tamaşalar haqqında, onların Azərbaycan teatr sənətinin inkişafındakı rolu
barədə müxtəlif teatrşünaslar nəslinin Cəfər Cəfərov və Yaşar Qarayevdən tutmuş
Məryəm Əlizadə və İlham Rəhimliyə qədər, demək olar ki, bütün səriştəli
nümayəndələri çox yazıblar və indiki kontekstdə mənim üçün vacib cəhət odur ki,
təkrar edirəm, İlyas Əfəndiyev ilə Tofiq Kazımovun dostluğu şəxsi
dostluq ilə sənət
dostluğunun birliyi idi.
Sultan Hacıbəyovla dost idilər və bu dostluğun isə bünövrəsi uzaq keçmişlərə
gedib çıxırdı: Sultan Hacıbəyovun anası Zəhra xanımla İlyas Əfəndiyevin anası
Bilqeyis xanım gənclik rəfiqələri idi və mənim onların söhbətinə qulaq asmağa
xüsusi azarım var idi: tez-tez xatırlayırdılar ki, yayda Şuşada Üzeyir Hacıbəyovun
anası Şirin xanıma necə gedib baş çəkirdilər, Cıdır düzündə, Ərimgəldidə necə
gəzməyə çıxırdılar, Şuşadan kəsə Molla Nəsrəddin yolu ilə faytonla Qaryaginə
(indiki Füzuliyə) necə gedirdilər və o rəhmətliklər o söhbəti elə canlı aparırdılar, elə
şövqlə danışırdılar ki, elə bil, o faytonda elə mən özüm də o kəsə Molla Nəsrəddin
yolu ilə üzüaşağı Füzuliyə tərəf düşürdüm, mən özüm də onlarla
bir yerdə gedib
Üzeyir bəyin qoca anası Şirin xanımı yoluxurdum, Cıdır düzündə, Ərimgəldidə
onlarla bir yerdə gəzirdim.
Sonralar İlyas Əfəndiyev Şuşanın o səfalı və unudulmaz yerləri barədə yazırdı:
«Yay zamanı aran Qarabağın – Yevlağın, Bərdənin, Tərtərin, Ağdamın,
Ağcəbədinin, Füzulinin, Cəbrayılın, Beyləqanın camaatı Şuşaya yaylağa gedərdilər.
Bu əhalinin Şuşada iki məşhur gəzmək yeri var idi. Biri cənub hündürlüyündəki
məşhur Cıdır düzü, digəri Ağdama gedən yolun üstündəki Ərimgəldi idi. Axşamçağı
camaatın yarısı Cıdır düzünə, yarısı da Ərimgəldiyə gəzintiyə çıxardı. Arvadlar
Şuşadan Ağdama gedən yola baxıb, Arandan gələcək ərlərinin yolunu