Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə144/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   140   141   142   143   144   145   146   147   ...   161

 
298
söhbət edirdik və birdən gördük ki, Xan Şuşinski başında buxara papağı, əynində 
boz qabardin yaz paltosu qəlyanını tüstülədə-tüstülədə küçə ilə gedir. Atam elə 
üçüncü mərtəbənin eyvanından Xan Şuşinskini səslədi və onu evə dəvət etdi və İlyas 
Əfəndiyevin dəvəti o qədər sidq-ürəkdən idi ki, Xan əmi yolunu dəyişib həyətimizə 
gəldi, mən blokun ağzına çıxıb onu qarşıladım və evə gəldik.  
Bu hadisədən 43-44 il keçib, amma hər dəfə mən Xanın səsini eşidəndə, onu 
televizorda görəndə həmin yaz axşamı Xan əmi ilə birlikdə elə o eyvandaca oturub 
çay içməyimiz, Xan Şuşinski ilə atamın söhbətləri bütün təfərrüatlarına qədər 
yadıma düşür, hətta onun çəkdiyi qəlyanın gözəl tənbəki qoxusunu da, elə bil, 
yaxınlığımda hiss edirəm. 
«Hüsü Hacıyev» maşınların çox gəlib-getdiyi, səsli-küylü bir küçədir, amma 
qəribədir, elə o zaman da, üstündən bu qədər illər keçəndən sonra da, yaz 
axşamındakı o eyvan söhbəti, elə bil, başdan-başa bir Şuşa ab-havasına bürünmüşdü, 
elə bil, Şuşa dağlarının, Şuşa meşələrinin ətri-havası uçub gəlib bizim üçüncü 
mərtəbədəki o eyvanımıza qonmuşdu.  
İlyas Əfəndiyev Ağabala Abdullayevin də səsini, avazını, xüsusən, onun 
«Zabul»unu çox bəyənirdi və bir insan kimi də onu tez-tez xatırlayırdı. 
80-ci illərin sonlarında, 90-cı illərdə İlyas Əfəndiyev bir silsilə esse-xatirələr 
yazdı və onun 15 dekabr 1991-ci il tarixi ilə yazdığı «Orfey quyudan çıxandan sonra 
nə gördü...» adlı essesində belə bir epizod var: 
«... «yeni iqtisadi siyasət» sayəsindəki yalançı azadlıqdan istifadə eləyən atam 
təsərrüfatını yoluna qoyaraq bağımızda dərin su quyusu qazdırırdı. Quyunun ağzı 
üçün mədəndən iri daş gətirib ortasını dəldirmişdi. 
Su quyusunu iki adam qazardı: biri düsərlə qazıb torpağı torbaya doldurar, 
yuxarıda – quyunun başında da duran adam onu çəkib kənara boşaldardı. 
Yaz vaxtı idi. Anamla atam ikinci mərtəbənin balkonunda əyləşib çay içirdilər. 
Onların yanında iri dibçəkdə gur çiçək açmış oliandr gülü var idi. O zaman bizim 
yerlərdə oliandr gülü olmazdı. Gülü atam hardansa gətirtmişdi, yəqin ona görə o gül 
indi də yaddaşımıda qalıb. Cavan, gözəl bir qadın olan anamın əynindəki mavi atlas 
paltarının rəngi ilə o oliandrın təravətli çəhrayı rəngi bir-birinə qəribə, zərif ahəng 
verirdi. 
Aşağıda – bağçada qazılmaqda olan quyunun başında orta yaşlı bir kişi 
dayanıb, qazılan torpağı çəkib kənara tökürdü. 
Birdən sanki qeybdən gələn səs kimi, bir muğam eşidildi. Kimsə gənc və 
olduqca şirin, həzin bir ahənglə oxuyurdu. Şerə, musiqiyə qarşı çox həssas bir qadın 
olan anam təəccüblə atama baxaraq soruşdu: 
– Harda oxuyurlar bunu?  
Atam xoş ifadə ilə: 
– Quyunun içində! – dedi və quyunun başında dayanıb torpaq çəkən kişiyə 
işarə ilə əlavə etdi: – O kankanın oğludur. Quyunu o qazır. 
Mən də anam kimi musiqiyə çox həssas uşaq olduğumdan o muğama 
heyranlıqla qulaq asırdım. 
Mən o on altı-on yeddi yaşında sağlam, qaraqaş, qaragöz oğlanı, o gənc 
kankanı hər gün gəlib quyuya girəndə görürdüm. 
Anam dedi: 
– Gözəl səsi var. Nə əcəb xanəndə olmaq istəmir? 


 
299
Atam: 
– Bunlar Cənubi Azərbaycandan gəliblər, – dedi. – Mən də kişidən soruşdum 
ki, oğlunun belə səsi var, nə əcəb ustad xanəndənin birinə qoşmursan? Kişi dedi ki, 
əvvəl öz sənətimi öyrədirəm, sonra özü bilər. 
O gecə uzun zaman gözümə yuxu getmədi. O yaz gecəsinin səssizliyi içində 
quyunun qaranlıq dibindən gələn o səsi sanki mən hey eşidirdim... Bəzən Arazın o 
tayından gələn və bu cür qəribə bir yanğı ilə oxuyan o gənc xəyalımda dönüb zülmət 
dünyasına düşmüş Məlikməmməd olurdu. Bəzən də anamın nağıl elədiyi «Yusif və 
Züleyxa» dastanının quyuya atılmış  Yusifi olurdu. Qəribədir ki, mən onu oxuduğu 
muğam ilə birlikdə adi, yəni bu işıqlı dünyada təsəvvür eləyə bilmirdim... Elə bil ki, 
o məhz qaranlıq quyuda, o zülmət dünyasında hansı kədərli hekayəti isə oxumaq 
üçün yaranmışdı... 
– Çox təsirli səsi var... – deyən anam soruşdu: – Adı nədi o oğlanın? 
Atam dedi: 
– Deyəsən Ağabaladı...». 
İlyas Əfəndiyev Ağabalanı ilk dəfə belə görmüşdü. Son dəfə isə onu altmışıncı 
illərin axırında gördü. O zaman biz Füzulidəki Kürdmahmudlu kəndinə toya 
getmişdik və o toyu Ağabala Abdullayev aparırdı. Yadımdadı, atam musiqiçilərin 
ayrıca mizi arxasında oturmuş Ağabala Abdullayevə baxa-baxa qüssə ilə: 
– Ağabala qocalıb...– dedi. 
İlyas Əfəndiyevin yaxın dostlarından biri də fizika-riyaziyyat elmləri doktoru
professor Əmir Həbibzadə idi. Əmir müəllim başqa sahə ilə məşğul olsa da, daxili 
aləmi etibarilə sənət adamı idi, zəngin hissiyyatı, gözəl zövqü var idi, yaxşı geyinirdi 
və İlyas Əfəndiyev də səliqə və zövq ilə, həmişə yeni dəbdə geyinməyi xoşladığı 
üçün, kastyum atrezlərini Əmir müəllimlə birlikdə alardılar, Əmir müəllim yaxşı 
dərzilər tapardı və atam da Sadıqovdan xəlvət, bəzən kastyumlarını o dərzilərə 
tikdirərdi.  
Tağı Sadıqov Bakının məşhur dərzilərindən biri idi və yadıma gəlir, bütün 
Sovet Ittifaqında Lenin ordeni almış yeganə dərzi də o idi. İlyas Əfəndiyev uzun 
illər boyu kastyumlarını Sadıqova tikdirərdi, amma hərdən, Sadıqov inciməsin deyə
gizlincə, Əmir müəllimin tapıb təriflədiyi dərzilərə də sifariş verirdi. 
Bizim, Sultan Hacıbəyovun və Əmir müəllimin 50-ci illərin sonlarında, 60-cı 
illərdə, 70-ci illərin lap əvvəllərində yayda yığışıb ailəvi surətdə maşınla 
Kislovodska getməyimiz, orada bütün yay aylarını Iosif Samoyloviç Bass adlı çox 
koloritli və qılıqlı bir yəhudinin müdir olduğu pansionatda qalmağımız mənim ən 
unudulmaz yeniyetməlik və gənclik xatirələrimdən biridir.  
1960-ci illərin sonlarında mən «Beş qəpiklik motosikl» adlı bir hekayə 
yazmışdım və o hekayədə Kislovodskdakı həmin pansionatı təsvir etmişdim, hətta o 
hekayədə belə bir iki misra da var idi: 
 
Köhnə hamam, köhnə tas, 
Köhnə pansionat, köhnə Bass!.. 
 
Bu hekayə məşhur rus tənqidçisi Iqor Zolotusskinin tərcüməsində 1971-ci ilin 
yayında «Drujba narodov» jurnalında çap olunmuşdu (bu, mənim Moskva 
mətbuatında çap edilən ilk yazım idi) və o vaxt Moskvada olan Anar jurnaldan bir 
nüsxə alıb Kislovodskda mənə gəndərmişdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə