Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   4   5   6   7   8   9   10   11   ...   161

 
19
kəndlərini əhatə etmiş, başı qarlı o uca zirvələr, sıx meşəli o böyük dağlar, o çılpaq 
sıldırım qayalar onların yanında bir heçdi... Sonra illər keçdi, elə bil, hər şey yaddan 
çıxıb getdi, amma yata bilmədiyi bir gecə çağı, bax, burada, bu yazıq Xədicə arvadın 
bu evində birdən-birə gəlib yadına düşdü və o əhvalat, qəribədir, tələbə Murad 
İldırımlı üçün bir təskinlik oldu... 
... Uşaqlar, cavanlar öz evlərindən miz gətirib həyətə düzürdü, oturmaq üçün 
kətil, kürsü düzürdü, qadınlar stəkan, nəlbəki, qaşıq, qəndqabı gətirdi, məhəllədə 
həmişə belə hallarda olduğu kimi, kişilər arasında vəzifələr bölündü və Xosrov 
müəllim də həmişəki kimi, heç nə danışmırdı, elə bil ki, kölgə idi, kişilərin arasında 
dolaşırdı. Sonra məhəllədə yaşayan Molla Əsadulla gəldi, dəfn-mərasimlə bağlı 
tapşırıqlarını verdi, evə qalxıb cənazə olan otağa girdi. Bir nəfər ölü kağızı almağa 
getdi, bir başqasını da Tülkü Gəldi Qəbiristanlığına göndərdilər ki, birtəhər eləsin 
yer alsın, qəbir qazdırsın. Düzdür, Tülkü Gəldi Qəbiristanlığında yer almağın 
müsibət bir iş olduğunu məhəllə kişiləri yaxşı bilirdi, orada güc-bəla ilə o rəhmətliyə 
yer almaq müyəssər olurdu ki, onun atasını, babasını həmin qəbiristanlıqda dəfn 
eləmiş olsunlar və o rəhmətliklərin yanında bir qəbir qazdırılsın. Yazıq Xədicə 
arvadın atasının, babasının harada (Tülkü Gəldi Qəbiristanlığında idi, amma harada? 
Hansı yerdə?) dəfn olunmağından indi daha məhəllə camaatının xəbəri yox idi və 
Siçan Balaniyaz da əfəlin biri idi və yəqin ki, onun da xəbəri yox idi, o qəbirlər itib-
batmışdı, amma Xədicə arvad oruc tutan, namaz qılan bir adam idi və onu aparıb 
təzə salınmış, müsəlmanı, xristianı, yəhudisi bir-birinə qarışmış qəbiristanlıqlarda 
torpağa tapşırmaq düz olmazdı, belə bir iş məhəllə kişilərinə yaraşmazdı; arvadı 
gərək çalışıb köhnə qəbiristanlıqda, yəni Tülkü Gəldi Qəbiristanlığında dəfn 
eləyəydilər.Sonra çörəkçi Ağabala vaxt tapıb həyətə samovar gətirdi (çünki 
məhəllədə ən böyük samovar çörəkçi Ağabalagildə idi) və tələsik də dükana qayıtdı, 
həyət qapısından çıxa-çıxa:  
– Ət dalıyca adam göndərmişəm... – dedi; bu o deyən söz idi ki, yazıq Xədicə 
arvadın ehsanında əti çörəkçi Ağabala öz boynuna götürürdü; düyü də, göyərti də, 
ədviyyat da, turşu da beləcə alınacaqdı və o yazıq Xədicə arvadın ehsanı məhəlləyə 
layiq olacaqdı.  
Dünən Xədicə arvadın özü bu məhəllə adamlarından biri idi, həmişəki 
qayğıları ilə səhəri açmışdı, həmişəki qayğıları içində gün keçirmişdi, həmişəki 
qayğıları və sabahkı ümidləri ilə yerinə girib yatmışdı və o ümidlər də, o qayğılar da, 
bu gün həmişəlik yox olub getmişdi: haçansa dünyaya bir çağa gəlmişdi, 
böyümüşdü, qocalmışdı, Xədicə arvad olmuşdu və bu gecə də o Xədicə arvad 
dünyadan köçüb getmişdi... Burada, əlbəttə, təəccüblü bir şey yox idi, amma krantın 
yanında dayanmış tələbə Murad İldırımlı bunu fikirləşdikcə, elə bil, hər tərəfi 
bürümüş bir qüssənin içinə girirdi və məsələ yalnız Xədicə arvadın köçüb 
getməyində deyildi... Az qala səkkiz ay kirayənişin yaşadığı müddət ərzində tələbə, 
Xədicə arvadın gündəlik güzəranına da, istəklərinə, qayğılarına da bələd olmuşdu və 
indi o istəklər, qayğılar o qədər cılız, mənasız görünürdü ki, tələbənin öz həyatı, öz 
istəyi, arzusu, qayğısı, hətta nənəsinin səsi də, hətta keçirdiyi o çətin gecələr də, o 
dağlar da, meşələr də həmin cılızlığın, mənasızlığın içində itib-batırdı. 
Tələbə Murad İldırımlının yadına düşdü ki, dırnağını çeynəyir, tez əlini 
ağzından çəkdi. Universitetdə tələbə qızlar öz aralarında zarafat eləyirdilər ki, bu 
bədbəxtin yəqin ki, qarnında qurd var, ona görə həmişə dırnağını gəmirir. Tələbə 


 
20
oğlanlar isə deyirdilər ki, yox, bunun beləliyinə baxmayın, qurd bunun qarnında 
deyil, ürəyindədi, ürəyi qurdludu, paxılın biridi... Əlbəttə, Murad İldırımlının bu 
söhbətlərdən xəbəri yox idi, amma var gücü ilə çalışırdı ki, dırnağını çeynəmək 
adətindən yaxa qurtarsın, amma hərdən heç özü də bilmirdi ki, əli necə ağzına gedib, 
dırnağını necə çeynəyir...  
Həyətdəki krantdan gecə-gündüz həmişə damcı-damcı su axırdı və o zaman ki, 
bütün məhəllə yatırdı, Xosrov müəllim də, o yazıq Xədicə arvad da yatırdı, buralara 
bir sakitlik çökürdü, onda o krantın damcılamağı lap aydın eşidilirdi, hətta gəlib 
tələbə yatan otağa da çatırdı. Əvvəllər krantın eləcə damcılamağı tələbəni 
əsəbiləşdirirdi, bəzən yatmağa qoymurdu, amma bir gün Xosrov müəllim hardansa 
tapdığı yekə bir kəlbətinlə bu krantı düzəltmək istəyəndə o yazıq Xədicə arvad dedi: 
«– A-a-a... Nöş əl vurursan kranta? Qoy axsın da... Qoy səs gəlsin də... Siz çıxıb 
gedirsüz, mən tək qalıram burda, nə qədər küçədə oturmaq olar, səs olmiyəndə də, 
adamın ürəyi partdıyır axı!..» Xosrov müəllim necə dinməzcə o krantı düzəltmək 
istəyirdisə, eləcə də dinməzcə öz otağına qayıtdı və o krant da damcılamağına 
davam etdi, amma qəribə idi, Xədicə arvadın o sözlərindən sonra, krantın 
damcılamağı daha gecələr tələbə Murad İldırımlını əsəbiləşdirmirdi, əksinə, çətin 
məqamlarda o krant səsi, elə bil, bir ünsiyyət gətirirdi.  
Xədicə arvad üç gündən-dörd gündən bir gedib Təzə bazardan kilo ilə tum alıb 
gətirirdi, evdə tumu qovururdu, həyətin küçə qapısı ağzında, üstünə nazik döşəkcə 
saldığı balaca taxta kətildə oturub küçədən keçənlərə, məhəllə uşaqlarına yüz əlli 
qramlıq stəkanı on qəpiyə tum satırdı. Stəkan sınmasın deyə içinə yapışqanla kağız 
yapışdırmışdı və o kağızı o qədər qalın eləmişdi ki, yüz əlli qram əvəzinə, yüz qramı 
güclə tuturdu... Isti tumla dolu torbanın yanında bir-birinin içində düzülmüş kağız 
torbacıqlar olurdu, kim ki, cibinə tökmək istəmirdi, Xədicə arvad tumu o 
torbacıqlara töküb verirdi və həmin torbacıqları düzəltmək üçün qəzeti, adətən, 
tələbə Murad İldırımlı verirdi; hər gün səhər universitetə gedəndə təzə qəzetləri 
alırdı, səhərlər avtobus çox basabas olduğu üçün qəzetləri günorta dərsdən 
qayıdanda oxuyurdu, avtobusda oxuya bilmədiklərini isə otağında oxuyurdu və 
bütün bu müddət ərzində Xədicə arvad səbrlə qəzetləri gözləyirdi, özü gedib pul 
verib qəzet almırdı və elə ki, oxunmuş qəzetləri kirayənişindən alırdı, səliqə ilə kəsib 
torbacıq düzəldirdi və arvadın kefi açıq-aşkar kökəlirdi: «– Süzdən xoşum gəlir!.. – 
deyirdi. – Süz kəndçilər ağıllı olursuz!.. Qıznan-zadnan da işivüz olmur sizün!.. 
Rayonnan gəlib oxuyub adam olursuz, bizimkilər də şofer olurlar, mən nə bilim, day 
nə olurlar... mənimki başıbatmış da getdi siçantutan oldu!.. Süzdən xoşum gəlir!.. 
Sən də ağıllısan. Ətağanın cəddiyçün, bax, fikir verirəm sənə, gecə-gündüz 
oxuyursan, araq içmirsən, qıznan-zadnan da aron yoxdu!.. Malades!.. Oxuginə!.. Nə 
çıxar – oxumaqdan çıxar!.. Bisavaddığın axırı mənim kimidi, bude, oturub semiçka 
satıram...» Əlbəttə, o yazıq Xədicə arvad bilmirdi ki, Bakıdakı bu tələbəlik hansı 
əzab-əziyyətin bahasına başa gəlib və hansı əzab-əziyyətlə də davam edir... Bəlkə 
bilirdi? 
Gələcək tələbə Murad İldırımlı kənddə məktəbi qurtarandan sonra, iki il 
dalbadal Bakıya gəlib ali məktəbə qəbul imtahanı vermişdi və hər dəfə də kəsilib 
geri qayıtmışdı: birinci dəfə yazılı ədəbiyyat imtahanından «4» almışdı, şifahidən isə 
«2» almışdı, ikinci dəfə yazılı ədəbiyyat imtahanından «5» almışdı, şifahidən yenə 
də «2»; birinci dəfə şifahidən imtahan zamanı bütün suallara cavab verdi, amma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə