Redaktor: Dilsuz



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/161
tarix26.10.2017
ölçüsü5,01 Kb.
#6708
1   ...   6   7   8   9   10   11   12   13   ...   161

 
23
çamadanına yığıb sədrə də bir söz demədən Bakıya getdi. Gələcək tələbə bütün bu 
müddət ərzində «Əzizimin cəfası» romanını nə qədər axtarmışdısa da, Azərbaycan 
Yazıçılar Ittifaqına, M.F. Axundov adına Respublika Dövlət Kitabxanasına 
məktublar yazmışdısa da, tapa bilməmişdi, çünki heç kimin belə bir əsərdən xəbəri 
yox idi və axırda başa düşmüşdü ki, ümumiyyətlə, heç belə bir roman yoxdur; dahi 
rus şairi Aleksandr Serqeyeviç Puşkinin isə bütün uşaqlarının, qardaşlarının, 
bacılarının, nəvələrinin, qohum-əqrəbasının və dostlarının adlarını əzbərləmişdi.  
Murad İldırımlı avqustun cırhacır istisində Azərbaycan Dövlət Universitetinin 
filologiya fakültəsinə qəbul imtahanı verdi və ilk növbədə özü üçün gözlənilmədən 
universitetə daxil oldu və o vaxtdan etibarən də dördüncü il idi ki, Bakıda tələbəlik 
edirdi. Üç il universitetin yataqxanasında qalmışdı, qaradinməzliyi ilə, əsəbiliyi ilə 
yataqxanadakı tələbələrin zəhləsini tökmüşdü (bəzisinin hətta nifrətini qazanmışdı 
və bunu özü yaxşı bilirdi), özü də başa düşmüşdü ki, yataqxana adamı deyil və bu 
qərara gəlmişdi ki, yataqxanadan getsin, tələbələr də, xüsusən, onunla bir otaqda 
qalan oğlanlar rahat nəfəs almışdı– tələbə Murad İldırımlı çətin adam idi, məlum 
olmurdu ki, bunun ürəyi təmizdi, yoxsa doğrudan da qurdla doludu, qəlbi açıqdı, 
yoxsa paxılın, xudbinin biridi?.. Həmişə tək olurdu, hətta yataqxananın ümumi 
hamamında da hamı ilə birlikdə çimmirdi, gözləyirdi, tələbələr yatırdı, sonra gəlib 
çimirdi...  
Yay tətilini bitirib kənddən qayıdandan sonra, bir həftə yataqxanada qaldı, 
özünə iş axtardı, axırda Bayıl tərəfdə şəxsi avtomobillər saxlanan dayanacaqda gecə 
gözətçisi işinə düzəldi – bir gecə gözətçilik edəcəkdi, bir gecə də evdə qalacaqdı, 
ayda da yetmiş manat pul alacaqdı: soraqlaşa-soraqlaşa gəlib Xədicə arvadın bu 
evini tapdı və düz səkkizinci ay idi ki, günaşırı Bayıla gedib gecələr maşınların 
qarovulunu çəkirdi, ayın başında aldığı yetmiş manatı da eləcə gətirib ev kirayəsi 
kimi Xədicə arvada (yazıq Xədicə arvad...) verirdi, özü isə hər ay aldığı qırx manat 
təqaüdlə yaşayırdı.  
Xədicə arvad üç gündən, dörd gündən-bir gedib bazardan özü üçün yarım kilo 
qoyun əti alırdı və evə gəlib tələbə kirayənişininə: «–Qurban olum sənə! – deyirdi. – 
Qoca arvadam, hayhayım gedib, vayvayım qalıb!.. Gəl kömək elə mənə, döyə 
bilmirəm əti, döyginə də, nə olar!..» Tələbə, Xədicə arvadın otağına girib palazın 
üstündə bardaş qururdu və köhnə dəhrəni əlinə alıb kötükdə ət döyürdü. Xədicə 
arvad da tələbənin yanında oturub diqqətlə ətə baxa-baxa (kənara – kötüyün altına 
saldığı ağ süfrəyə bir tikə sıçrayanda, o saat götürüb kötüyün üstünə atırdı) deyirdi: 
«– Allaha qurban olum, nə yaxçı oldu yetirdi səni mənə!.. Sən olmasaydun, 
neynərdim mən başıküllü? Güc qalıb bəyəm ki, ya, özüm döyüm əti? Yaxçı döy! Ay 
malades!.. Küftə-bozbaç bişiriciyəm, sənə də verəciyəm. Nöş vermirəm? Bəsdi də 
səhərdən axşameycən çaynan çörək yedün... Sən də adam balasısan axı!.. Nanə 
qurusu-zad da tökəciyəm üstünə, əntiqə küftə-bozbaş olıcek! Sən də yeyəcəksən! 
Yaxçı döy!.. Malades! Sən də gərək ev xörəyi yiyəsən, ya yox? Ətağanın cəddiyçün, 
yaxçı yerinnən vericiyəm sənə e, lap əntiqəsindən!..» 
Yazıq Xədicə arvad bu cür deyirdi, əti tələbəyə döydürürdü, bişirirdi, küftə-
bozbaşın gözəl iyi otaqlara yayılırdı, amma sonra hamısını özü yeyirdi, kirayənişinə 
heç nə vermirdi; düzdü, tələbə Murad İldırımlının xasiyyəti elə idi ki, Xədicə arvad 
küftə-bozbaşı təklif eləsəydi də, şəstinə sığışdırmazdı, alıb yeməzdi, amma 
xasiyyətini də, hikkəsini də göstərməyə ehtiyac olmurdu, çünki arvad heç nə təklif 


 
24
eləmirdi. Iki-üç gündən sonra, hər şey təzədən başlayırdı, tələbə təzədən ət döyürdü 
və Xədicə arvad da həmin sözləri yenidən deyirdi... Yazıq Xədicə arvad mal əti 
yemirdi, çünki mal əti yeyəndə qarnı pozulurdu, həmişə qoyun əti alırdı və həmişə 
də küftə-bozbaş bişirirdi... Yəqin ona görə ki, yazıq Xədicə arvadın ağzında bir dənə 
də diş yox idi və nə yeyirdisə, hamısını damağıyla çeynəyirdi; küçə qapısının 
qabağında oturub müştəri gözlədiyi vaxtlar hərdənbir tumu da dənələyib dırnağıyla 
didişdirirdi, barmaqlarının arasında əzib ağzına qoyurdu.  
Həmin gecələr ki, tələbə Murad İldırımlı yerinə girirdi və çox həssas, amansız 
hisslər bu cavan adamın bütün əsəblərini çılpaqlaşdırırdı, birdən-birə Xədicə arvad 
barədə fikirləşməyə başlayırdı, sonra, ümumiyyətlə, insan xisləti barədə fikirləşirdi 
və axırda gəlib özünün üstünə çıxırdı, tamam kənar bir adamın gözləri ilə özünə 
baxırdı (hər halda, tələbəyə belə gəlirdi) və öz daxili aləminin timsalında insanı dərk 
eləməyə çalışırdı, insanın yazıqlığı və qəddarlığı, ürəyinin incəliyi və qəlbinin 
qaralığı, riyakarlığı və sadəlövhlüyü, etibarı və vəfasızlığı, dünyadakı ümid və 
ümidsizlik onu elə bir qaranlığa aparıb çıxarırdı ki, Xədicə arvadın yetmiş manata 
kirayə verdiyi bu balaca otaqda hava çatışmırdı, bu balaca otaq onun bütün içini 
sıxan mənəvi bir məhbəsə çevrilirdi. Sifətini xatırlaya bilmədiyi atası barədə 
düşünürdü, illər boyu üzünü görmədiyi anası barədə fikirləşirdi və haçansa bu 
adamların bir gecəlik yaxınlığının iyirmi yeddi ildən sonra onun simasında Xədicə 
arvadın evindəki bu dörd divar arasında beləcə əzab çəkməyi tələbəyə dünyanın ən 
mənasız bir işi kimi görünürdü; bu ata-ana-tələbə üçbucağında o qədər mənasızlıq 
var idi ki, hansı bir qanunauyğunluq, hansı bir izahatçünsə həvəs qalmırdı. Və nə 
yaxşı ki, belə məqamlarda həyətdəki o krantdan eləcə su damcılayırdı... Bəzən 
tələbə Murad İldırımlı bütün bu hisslər aləmini təsvir etmək istəyirdi, özünün 
timsalında insan xislətini heç nədən çəkinməyərək, heç nədən utanmayaraq, çılpaq 
göstərmək istəyirdi və bu yazı bir etirafnamə olmalıydı və o etirafnamənin birinci 
cümləsi həmişə beynində dolaşırdı: «Sənə eşq olsun, ey gözəl insan!..».  
Etirafnamə həmin gözəl insana müraciətlə yazılmalı idi və axırda oxucu özü 
nəticə çıxarmalı idi ki, insan gözəldir, yoxsa yox, amma etirafnamə yazılmırdı və 
bunun əvəzində tələbə Murad İldırımlı M.F. Axundov adına Respublika Dövlət 
Kitabxanasına (vaxtı ilə kənddən dalbadal məktublar yazdığı kitabxanaya) gedib Jan 
Jak Russonun «Etirafnamə»sini təzədən oxumağa başlayırdı...  
... Həyətdə yan-yana düzülmüş mizlərin üstünə məhəllə arvadlarının öz 
evlərindən gətirdikləri süfrələr salınmışdı, kişilərdən işə gedəni getmişdi (bir hovur 
işdən icazə alıb qayıdacaqdılar ki, mərhumun dəfnində iştirak etsinlər), getməyəni 
miz arxasında əyləşmişdi, mizin başında isə Molla Əsədulla oturmuşdu, vərəqləri 
tamam köhnəlib nimdaşlamış kiçik ölçülü Quranı qabağına qoymuşdu, əlindəki qara 
mina təsbehi (Kərbaladan gətirilmiş bu təsbehləri Bakının Quba meydanında 
alverçilər satırdılar və çörəkçi Ağabala onlardan birini alıb oğlunun əsgərlikdən sağ-
salamat qayıtmağı münasibətilə Molla Əsədullaya nəzir vermişdi) aramla çevirirdi 
və bir söz demirdi. Bugünkü dəfn mərasimində Molla Əsədulla, əlbəttə, heç kimdən 
pul almayacaqdı, məhəllə adamı olduğu üçün, yazıq Xədicə arvadın təziyəsini müftə 
yola verəcəkdi və şübhəsiz ki, arvadın qırxı çıxanacan hər cümə axşamı başqa dəfn 
mərasimlərindən macal tapıb bu həyətə baş çəkəcəkdi, amma səhərdən bəri krantın 
yanında dayanıb öz kiçikliyini və lazımsızlığını hiss eləyən Murad İldırımlıya elə 
gəlirdi ki, Molla Əsədullanın susmağının, qaşqabağının səbəbi ömürləri boyu bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə