Səlahəddin Xəlilov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix26.11.2017
ölçüsü2,8 Kb.
#12678
1   ...   20   21   22   23   24   25   26   27   28

 
- 112 - 
birləşə  bilmirik?»  sualı  qoyulur.  Lakin  unudulur  ki,  milli 
birlik  zaman  kəsiyində  mümkün  deyil.  Bunun  üçün  zaman 
oxunda  birlik  axtarmaq,  öz  böyük  mənəvi  sələflərimizlə 
birləşmək lazımdır. 
Bütün  bu  deyilənlərə  əlavə  olaraq  XX  əsrin  bu  iki 
böyük  şəxsiyyəti  arasında  daha  bir  ümumi  cəhəti  qeyd  et-
mək istərdik. Bu – dil məsələsidir. Müasir Azərbaycan dili-
nin formalaşmasında onların rolu məsələsidir.  
Hamı  tərəfindən  qəbul  olunmuş,  lakin  yenə  də  layiq 
olduğu  dərəcədə  vurğulanmayan  həqiqətlərdən  biri  budur 
ki,  müasir  Azərbaycan  dilinin  formalaşmasında  heç  kim 
Cəfər  Cabbarlı  qədər  böyük  rol  oynamamışdır.  Cabbarlı 
türk dilini gözəl bilməklə yanaşı, məhz yerli türk ləhcəsinin 
müstəqil  ədəbi-bədii  dil səviyyəsinə  çatdırılması  sahəsində 
əvəzsiz xidmət göstərmişdir.  Lakin Cavidin dilimizin inki-
şafında  rolu  barədə  fikirlər  müxtəlifdir.  Çoxları  hətta  onu  
yabançı  üslubda  yazmaqda  təqsirləndirir,  müasir  dilimizdə 
fərqli ünsürlərə Osmanlı şivəsinin təsiri kimi qiymət verir-
lər.  Lakin  məhz  Cavidin  dilimizi  zənginləşdirmək,  böyük 
türk dilinin potensial imkanlarının müasir Azərbaycan dilini 
inkişaf  etdirmək  sarıdan  xidməti  ədalətsizcəsinə  heçə  en-
dirilir və ya ən yaxşı halda çox sönük şəkildə qeyd olunur. 
Bax, bu sahədəki həqiqətə işıq salmaq üçün o dövrün 
gerçəkliyindən verilən qiyməti yada salmaq yerinə düşərdi. 
Həm də ona görə ki, bu böyük həqiqi qiyməti kim isə baş-
qası  deyil,  məhz  C.Cabbarlı  verir:  “Caviddə  su  kimi  duru, 
almaz  kimi  saf,  parlaq  və  oynaq  bir  lisan  vardır  ki,  bu, 


 
- 113 - 
islahına  çalışan  lisanımızın  təkamül  özülü  ola  biləcəkdir, 
zənnindəyik.  Zatən,  bir  millət  üçün  lisanı  onun  şairləri, 
ədibləri  yaradırlar  ki,  Cavid  də  bu  cəhətdən  qiymətlidir. 
Bizcə,  Cavidin  orta  bir  yol  götürmüş  lisanı  Azərbaycanda 
tətbiq ediləcəyi kimi, ərəbləşmiş Fikrət və Hamid lisanlarını 
da  meydandan  sıxıb-çıxaracaqdır”  (C.Cabbarlı.  “Ədəbi 
mübahisələr”). 
Müasir  dövrdə,  məhz  cavidlərin,  cabbarlıların  böyük 
səyləri  nəticəsində  formalaşmış  Azərbaycan  ədəbi  dili  ilə 
müqayisədə bizə, bəlkə də, çətin görünən Cavid lisanının o 
dövr  üçün  həqiqətən  böyük  bir  tərəqqi  olduğunu  ancaq 
onun müasirləri düzgün qiymətləndirə bilərdi. 
 
* * * 
 
Cavid  milli  və  dini  dəyərlərlə  müqayisədə,  ümumbə-
şəri dəyərlərə daha böyük önəm verir. Onun maarifçiliyi də, 
dünyəvi məktəblər uğrunda mübarizəsi də, bizcə, hər hansı 
bir millətə və dinə mənsub olmaqdan öncə, bir bəşər övladı 
olaraq özünü dərk etməyi ön plana çəkməsindən irəli gəlir. 
Maraqlıdır  ki,  gəncliyində  daha  çox  millətçi  olan  Cabbarlı 
da  tədricən  ümumbəşəri  ideyalara  doğru  təkamül  yolu  ge-
çir. «Od gəlini»ndə oxuyuruq: «Bizim üçün ərəb, fars, rum, 
yəhudi olsun – heç bir fərqi yoxdur. Bax, bu ərəbdir. Bizə 
azad əmək əli uzadır. O, bizim qardaşımızdır. Biz ərəb mö'-
təsəmlərinə, Bağdad xilafətinə qarşı vuruşuruq. İki addım-
lığımızda  Şirvan  şəhriyarlığı  da  ona  qarşı  çarpışır.  Lakin 
biz onunla birləşmirik. Çünki bizim üçün Şirvan şəhriyarilə 


 
- 114 - 
Bağdadın mö'təsəmləri, Bizansın imperatorları, Makedoni-
yanın iskəndərləri, Romanın qeysərləri, neronları arasında 
heç bir fərq yoxdur. Biz insan dostunun dostu, insan düşmə-
ninin düşməniyik». (səh.63)   
Cavid  məkan  və  zaman  müəyyənliyindən,  etnik  və 
dini  mənsubiyyətindən,  mənəvi-əxlaqi  məxsusiyyətindən 
asılı  olmadan  bütün  insanların  eyni  bir  mahiyyətə  yüksəl-
mək  şansını  qəbul  edir.  Məhz  mahiyyətə  varanda,  insani, 
ümumbəşəri  keyfiyyətlər  önə  çıxanda  üfüqi  müstəvidəki 
fərqlər itir və insanlar ancaq vertikal müstəvidə, haqqa, hə-
qiqətə  yaxınlıq  dərəcəsinə  görə  fərqlənirlər.  Burada  «məni 
hər kim sevirsə, yüksəlsin» («Şeyx Sənan») fəlsəfəsi rəhbər 
tutulur.  Yaxud  Cabbarlıda  «alçaq  cismani  duyğuları  atıb, 
ruhani  bir  yüksəkliyə  varmaqdan»  («Od  gəlini»)  söhbət 
açılır. 
Həm də bu yüksəliş intellektual müstəvidən daha çox 
mənəvi  müstəvidə  həyata  keçməlidir.  Çünki  Allaha  ancaq 
inanmaq, O-nu ancaq müqəddəslik duyğusu ilə dərk etmək 
olar. Təfəkkür, məntiq, rasional idrak burada acizdir. Cavid 
bu ideyanı «Xəyyam»a girişdə – münacat səsi ilə belə ifadə 
edir:  
 
Ey fəzalarda gülümsər əbədi şerü xəyal! 
O nə qüdrət, o nə hikmət, o nə ahəngü cəlal!? 
Hər dəha çırpınaraq səndə arar feyzi-kəmal, 
Yenə yox kimsədə əsla səni idrakə məcal. 
 
Haqqa yaxınlaşdıqca dini fərqlər artmır, azalır. Görü-
nür,  insanın  daxilən  təmizlənməsi,  yüngülləşməsi,  pərvaz-


 
- 115 - 
lanması,  eşqin  qanadlarıyla  haqqa  doğru  uçması  ideyaları 
həm də dinlərin vəhdəti ideyasına gətirir.  
 
Din bir olsaydı yer üzündə əgər, 
Daha məsud olardı cinsi-bəşər.   
 
Həm  də  bu  fikir  təkcə  Dərvişin  dilindən  eşidilmir. 
Şeyx  Sənan  İslamı  daha  dərindən  anladıqca  xristianlığı  da 
ehtiva etməyə çalışır: 
 
Mənə olmuş cahan pərəstişkar, 
İmdi pək başqa bir cəlalım var. 
Sanma İslamə rəhbərəm tənha, 
Peyrəvimdir xristianlar da.  
 
Yaxud başqa bir yerdə Şeyx Sənan deyir:  
 
Birsə həqq, cümlə din də bir... naçar, 
Xəlqi yalnız ayırmış azğınlar... 
 
Yaxud Cabbarlıda oxuyuruq: 
«Siz  ey  min-min  qəbilələrə,  millətlərə,  irqlərə  ayrılmış 
məzlum bəşəriyyət!» «Mən bu gün bütün istilalara, mühari-
bələrə, qırğınlara, əsirliyə, köləliyə, cəbrə, istibdada, altun-
lara, hökumətlərə, qanunlara, dinlərə, allahlara, bütün əski 
varlığa qarşı üsyan bayrağı qaldırıram».  
«Bu  yalnız  ərəblərdə  deyil,  yalnız  burada  deyil,  hər 
yerdə  belə  olmuşdur.  Bunu  babillilər  də  belə  etmişlər,  yu-
nanlar da belə etmişlər, rumlar, yəhudilər də belə etmişlər. 
İsalar,  musalar,  iskəndərlər,  saysız-hesabsız  insan  qəssab-
ları hamısı belə etmişlər»  
Cavid  də,  Cabbarlı  da  böyük  müqəddəslik  duyğusun-
dan  ayrı  salınmış,  özgələşmiş,  dinsizləşmiş,  hadisələşmiş, 


 
- 116 - 
müxtəlifləşmiş və bu müxtəlifliklərin qarşıdurmasını yarat-
mış  əski  dünyanın  əleyhinə  çıxaraq,  insanın  öz  daxili-mə-
nəvi yüksəlişinə, sevgiyə, məhəbbətə və insani məhəbbətin 
gücü ilə əldə edilmiş ümumbəşəri birliyə səsləyirdi. Dinləri 
birləşdirərək  hamısına  qarşı  eyni  dərəcədə  üsyan  edən  El-
xan  əslində  dinləri  birləşdirərək  hamısına  eyni  dərəcədə 
xidmət edən Şeyx Sənanın o biri qütbü deyilmi? Və qütblər 
eyni mahiyyətdə birləşmirmi?   
Dinlər,  təriqətlər  arasında  fərq  bir  qayda  olaraq  ha-
disə, mərasim müstəvisində özünü göstərir. Dinin mahiyyə-
ti isə müqəddəslik duyğusu ilə bağlıdır. Bu duyğu olmadıq-
da dini ehkamlar, dini ayinlər, dini mərasimlər əsl dini əvəz 
edir və din əvəzinə dini pərdəyə bürünmüş psevdodin yara-
nır ki, o da mahiyyəti etibarilə dinsizlikdən fərqlənmir.  
Təsadüfi deyildir ki, Cavid də, Cabbarlı da məhz «din 
pərdəsi»nə, «din qalxanı»na qarşı mübarizə aparıblar. Xəli-
fənin hədiyyə göndərdiyi rəqqasələrə işarətlə Xəyyam «Din 
pərdəsi altında nə xoş, incə, lətifə», – deyir. Eləcə də Elxan 
«mən üzümə bir din qalxanı çəkib cahangirlərin cəlladlığını 
qəbul edə bilmərəm», – deyir.  
Caviddə də, Cabbarlıda da «din» ideyası «azadlıq» və 
«məhəbbət»  ideyaları  ilə  qarşılaşdırılır.  «Od  gəlini»ndə 
Xürrəm diyarının mənəvi kodeksi belə səslənir: «Azad sev-
gi, azad vicdan könlümün tanrısı». Dini hiss daxili bir ehti-
yac  olmadıqda,  insanın  mənəvi  yüksəlişindən,  saflığından, 
paklığından, müqəddəslik səviyyəsinə yüksəlmiş ali duyğu-
larından doğmadıqda, kənardan icbari yolla təlqin edildikdə 


 
- 117 - 
bu böyük azadlıq carçıları onu qəbul edə bilmirlər. Həm də 
bu  mövqe  20-ci  əsrin  əvvəllərində  meydana  gəlməyərək, 
Şərq fəlsəfi fikrində qədim köklərə malikdir. Cavidin şəxsi 
fikirləri,  böyük  Ömər  Xəyyamın  mövqeyi  ilə  necə  də 
səsləşir:  
Mən ömrümü sərməst olaraq şən dilərəm, şən. 
Bir dindəyəm, azadə bütün küfr ilə dindən.  
       («Xəyyam») 
 
Bu misralar Ömər Xəyyamın məşhur rübaisindən tər-
cümə  olunaraq  mətnə  daxil  edilmişdir.  Həmin  mövqe 
«Xəyyam»dakı digər obrazın – Sevdanın dili ilə də təqdim 
olunur: 
Bir vəhşi göyərçin kimi mən də, 
Şən könlümü azadə dilərdim.          
       («Xəyyam») 
 
Bu  ideyalar  hələ  «Şeyx  Sənan»da  da  irəli  sürülürdü. 
Lakin  Cəfər  Cabbarlı  Şeyx  Sənanın  dinlə  azadlığı  uzlaş-
dırmaq  cəhdlərini  tənqid  etsə  də,  onun  «Od  gəlini»ndəki 
azadlıq  axtarışları  da  son  nəticədə  sadəcə  dinsizlikdən  de-
yil,  nəfsin  tərbiyəsi,  mənəviyyatın  yüksəlişi  ideyasından 
bəhrələnir.  Maraqlıdır  ki,  «Od  gəlini»ndən  sonra  yazılan 
«Xəyyam»  bu  ideya  təkamülündə  sintez  məqamına  uyğun 
gəlir.  Və  biz  iki  müxtəlif  dramaturqun  birlikdə  triada  sis-
temi  qurduqlarının  şahidi  oluruq.  Cabbarlı  «Şeyx  Sənan»ı 
inkar edir və  «Od gəlini»ni  yaradır. Cavid inkarı inkar mə-
qamında  «Xəyyam»ı  yaratmaqla  hər  iki  ideyanın  sintezinə 
nail olur. 


 
- 118 - 
 
 
 
 
 
Son söz əvəzi 
 
Sovet dövründə, fəlsəfi fikir üçün əlçatmaz, ünyetməz 
ideoloji çəpər çəkildiyi bir vaxtda, neçə minillik tarixi olan 
milli məfkurə ancaq bədii ədəbiyyat vasitəsilə sızıb keçir və 
gələcək nəsillərə çatdırılmaq üçün öz varisliyini, kəsilməz-
liyini təmin edirdi.  
Fəlsəfəyə  klassik  elmdən,  fizikadan  gələn  bu  sətirlə-
rin müəllifi də fəlsəfi fikirdə öz milli-mənəvi təsdiqini tap-
maq  cəhdi  göstərərkən  peşəkar  fəlsəfədən  daha  çox  bədii 
ədəbiyyata  və  ilk  növbədə  milli  dramaturgiyaya  müraciət 
etməli oldu. İlk diqqəti cəlb edən də, təbii ki, öz həyatı ba-
hasına ideoloji tabuya etinasızlıq göstərərək bütün yaradıcı-
lığını qadağan məfkurə zolağında quran böyük Cavidin əzə-
mətli siması oldu.  
Ümumbəşəri,  kosmopolit  fizikadan  bəhrələnmiş  ra-
sional  düşüncə  tərzimin  milli  fəlsəfi  fikir  axarına  düşməsi 
üçün ən çox milli ədəbiyyata ehtiyac duyduğumu etiraf edi-
rəm. Həm də bu təkcə mənim timsalımda deyil, bütün dövr-
lərdə belə olmuşdur. Fəlsəfənin məhz düşüncə tərzini şərt-
ləndirən  özək  hissəsi  – milli  fəlsəfi  fikir  təkcə  elmi-fəlsəfi 
kateqoriyalardan istifadə etməklə məhdudlaşmamış, həm də 


 
- 119 - 
yeri gəldikcə klassik bədii obrazlara müraciət etmişdir. Fəl-
səfi  əsərin  təhkiyəsində  fikrin  ən  kəsə  yolla  çatdırılmasına 
xidmət  edən  bədii  obrazlar  bir  qayda  olaraq  milli  klassik 
ədəbiyyatdan götürülür, rəmzləşir, standartlaşır, kateqoriya-
laşır. Bu, çox spesifik bir prosesdir. Əgər hər bir tədqiqatçı 
bədii obraz nümunəsi kimi başqa-başqa mənbələrə müraciət 
etsə,  oxucu  onu  anlamaq  üçün  gərək  hər  dəfə  yeni  əsərlər 
oxuya.  Lakin  bir  rəmz  olaraq  artıq  «Hamlet»  seçilibsə  və 
ədəbi  tənqid  buradakı  ayrı-ayrı  bədii  obrazların,  süjetlərin, 
ifadələrin  və  s.  fəlsəfi  açılışını  artıq  dönə-dönə  veribsə  və 
bu obrazlar, rəmzlər hamılıqla öyrənilibsə, milli düşüncənin 
strukturuna daxil  olubsa, tədqiqatçıların  çox  az  adama  mə-
lum olan başqa bir obraza müraciəti təfəkkür yolunu qısalt-
maq,  fikri  aydınlaşdırmaq  əvəzinə  daha  da  dumanlandırar, 
uzaqlaşdırar.   
Elmi əsərlər tam müstəqil ola bilməzlər. Hər bir elmi 
ideya  mütləq  başqasının  davamı kimi  ortaya çıxır.  Elmi  fi-
kirlər toplanaraq bütün dövrlərin və bütün millətlərin vahid, 
möhtəşəm  bir  abidəsini  yaradırlar.  Bədii  yaradıcılıqda  isə 
toplanma  yoxdur.  Müasir  fizik  Nyutonun,  Eynşteynin  çi-
yinləri  üzərinə  çıxdığından  daha  ucada  durmuşdur.  Müasir 
rəssam, müasir yazıçı isə Mikelancelonun, Şekspirin çiyin-
ləri  üzərində  deyil,  yanında  dayanmaqla  onlardan  yüksəyə 
qalxa  bilmir.  Müasir  bir  şair  Füzulini  bütünlüklə  əzbər  də 
bilsə,  onun  poeziyası  Füzuli  şeirinin  üzərində  yüksəlmir, 
əgər  zamanın  sınağından  çıxarsa,  boy  sırası  ilə  onun  ya-
nında dayanır. Burada zaman oxu elə bil ki, böyük klassik-


 
- 120 - 
lərin şərəfinə irəliyə deyil, geriyə doğru yönəlmişdir. 
Hər bir bədii əsər isə müstəqil bir hadisədir. Və o baş-
qa bədii əsərlərin süjetinə qatılaraq öz ömrünü uzada bilmir. 
Lakin klassika adlandırdığımız elə bədii əsərlər də vardır ki, 
onların ideyaları ədəbi tənqidin və ədəbi-elmi tədqiqatların 
sayəsində,  əslində  ancaq  elmə  mənsub  olan  toplanma  (ku-
mulyativlik prinsipi) qaydaları ilə gələcək əsərlərin məzmu-
nuna daxil olur. Elə bil ki, ədəbiyyatın, bəlkə də bəxti gəti-
rərək klassikaya çevrilmiş nümunələri elmi fikrin qanadla-
rına  qonaraq  davamlı  fikir  prosesinin  iştirakçısına  çevri-
lirlər.   
Lakin bədii ədəbiyyatın  öz təhkiyə və məzmun hüdu-
dundan kənara çıxaraq daha davamlı mənəvi-idraki proses-
lərə qatılması heç də yalnız ədəbi tənqid və ədəbiyyatşünas-
lıq vasitəsi ilə həyata keçmir. Bunun başqa bir yolu da icti-
mai  şüur  vasitəsi  ilə  fəlsəfi  fikir  mündəricəsinə  daxil  ol-
maqdır. Necə ki, şifahi xalq ədəbiyyatı neçə-neçə nəsillərin 
düşüncə tərzində davamlı bir proses kimi yaşayır, eləcə də 
klassik  ədəbiyyatın  ayrı-ayrı  bədii  ideya  və  obraz  nümu-
nələri adi şüura qatılaraq nəsillərdən nəsillərə ötürülür.  
Bu  iki  üsul  arasında  fərqlərdən  biri  budur ki,  El  ədə-
biyyatındakı kimi Milli şüura qatılmadan fərqli olaraq ədə-
biyyatşünaslıq və fəlsəfi təhlil qanadlarında davamlı prose-
sə  çevrilən  klassika  millilik  hüdudlarını  keçərək  ümumbə-
şəri, beynəlmiləl miqyas ala bilər. Necə ki, «İliada»ya, «İla-
hi komediya»ya, «Hamlet»ə müraciətlər təkcə ayrı-ayrı mil-
lətlərin  deyil,  bütövlükdə  Qərb  təfəkkür  tərzinin  forma-


 
- 121 - 
laşmasında iştirak etmiş, onun üzvi tərkib hissələrinə çevril-
mişlər. Və bu gün bizlərin də təfəkkürünə sirayət etməkdə-
dirlər.  Əlbəttə,  burada  pis  heç  bir  şey  yoxdur,  o  halda  ki, 
əks əlaqə də mümkün olaydı.      
 
*** 
 
Müasir dövrdə, böyük sələflərimizin uğrunda mübari-
zə  apardığı,  lakin  bu  gün  məhz  bizə  qismət  olmuş  müstə-
qillik  illərində  milli  fəlsəfənin  həm  bir  ideya,  həm  də  bir 
milli iradə olaraq formalaşdırılması kimi ağır yükü ufaq çi-
yinlərimizdə  daşımağın  bütün  ağırlığını  və  məsuliyyətini 
dərk edərək bu şərəfli yükü böyük mütəfəkkirlərimizlə bö-
lüşmək qərarına gəldik.  
Müstəqil  Azərbaycanın  bütün  istiqamətlərdəki  quru-
culuq fəaliyyətinin əsasında, heç şübhəsiz, milli fəlsəfi fikir 
dayanmalıdır.  Lakin  hadisələr  dünyasının  axarı  dayanıqlı 
fəlsəfi  fikrin  formalaşmasını  gözləmir.  Bəzən  hadisələr 
müstəvisində  zaman  fikir  müstəvisindəkinə  nisbətən  daha 
sürətlə axır. Ona görə də, milli fəlsəfi fikir heç də sıfırdan 
başlamayaraq,  əcdadlarımızın  qoyduğu  bünövrə  üzərində 
qurulmalıdır.  Lakin orta  əsrlərin  islam  fəlsəfəsi  bizdən çox 
uzaqdadır, həm də, əsasən, ərəb dilində yaradılmışdır. 20-ci 
əsrin peşəkar fəlsəfəsi isə yaxın olsa da, milli fəlsəfi ruhdan 
məhrumdur və əsasən rus dilində və ya rus dilindən tərcü-
mələrə istinadən yazılmışdır. Nəzərə alsaq ki, əsl milli fəl-
səfi  fikir  ancaq  milli  dildə  yaradıla  bilər,  milli  düşüncə 
tərzinin, milli fəlsəfi fikrin başlıca daşıyıcısı məhz milli bə-


 
- 122 - 
dii  ədəbiyyat  sayılmalıdır.  Belə  olan  halda,  mənim  Cavid 
yaradıcılığına  münasibətim  sadəcə  ədəbiyyata  müraciət  ol-
mayıb,  həm  də  milli  fəlsəfi  fikrin  ən  yaxın  təməl  daşlarını 
müstəqillik dövrümüzdə fəlsəfi özünüdərkin strukturuna və 
mədəni-mənəvi  quruculuq  proseslərinə  daxil  etmək  təşəb-
büsüdür.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
- 123 - 
 
 
 
 
 
M ü n d ə r i c a t 
 
Ön söz ................................................................................. 3 
Cavid yaradıcılığı və milli fəlsəfi fikir ............................. 6 
Cavidin poeziyasında əsas fəlsəfi məsələlər və          
onlara ənənəvi münasibət ............................................... 15 
Cavid və Əttar ................................................................. 29 
Cavid və İbn Ərəbi .......................................................... 37 
Cavid və Cübran ............................................................. 64 
Cavid və İqbal .................................................................. 75 
Cavid, Əfqani və Sabir .................................................... 79 
Cavid və Cabbarlı ........................................................... 92 
Son söz əvəzi ................................................................... 118 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə