Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar məktəbdə keçirilən tədbirin ssenarisi Birinci aparıcı



Yüklə 62,13 Kb.
səhifə2/17
tarix21.05.2022
ölçüsü62,13 Kb.
#87634
1   2   3   4   5   6   7   8   9   ...   17
ssenari

Aparıcı davam edir
Tarixdə elə şəxsiyyətlər var ki, onlar silinməz izlər buraxıb. Bu şəxsiyyətlərin keçdiyi ömür yoluna nəzər salanda qürur hissi keçirməyə bilmirsən. Bütün fəaliyyətini öz xalqına, peşəsinə ləyaqətlə xidmət etməyə yönəltmiş Səməd bəy Mehmandarov da məhz belə şəxsiyyətlərdəndir.
Gəlin generalın ömür yoluna qısaca nəzər salaq.

General ömrü
(Şagird məruzə edir.)
Mehmandarov Səməd bəy Sadıq 1856-cı ildə Lənkəranda anadan olmuşdur. Xalq Cümhuriyyətinin hərbi naziri, görkəmli hərbi xadim, artilleriya generalı olmuşdur. Əslən Şuşadan olan atası dövlət xidməti ilə əlaqədar olaraq Lənkəranda yaşamışdır. İlk təhsilini Bakıdakı Edadiyə məktəbində almış, 1873-cü ildə Peterburqdakı 2-ci Konstantin hərbi məktəbinə daxil olmuşdur. 1875-ci ildə Mehmandarov praporşik rütbəsi alaraq, 1-ci Türküstan topçu briqadasına göndərilmişdir. Sonralar 2-ci və 38-ci topçu briqadalarında xidmət keçən Mehmandarov 1894-cü ildə Varşava hərbi dairəsinə göndərilmiş, 1898-ci ildə isə Əlahiddə Zabaykalye hərbi divizionuna dəyişilmişdir.
XİX əsrin sonlarında Mehmandarov xalqın maariflənməsini son dərəcə vacib sayırdı. Onun ictimai narahatlığını əks etdirən "Müsəlmanların geriliyinin səbəbləri ", "İbtidai qiraət dərsləri", "Müsəlman mühafizəkarlığı əleyhinə", və s. məqalələri Tiflisdə nəşr olunan qəzetlərdə dərc olunmuşdur. 
Mehmandarov 1904-1905-ci illər Rusiya-Yaponiya müharibəsində iştirak etmiş, 7-ci Şərqi Sibir artilleriya divizionunun komandiri, eyni zamanda, Port-Arturun Şərq cəbhəsinin artilleriya rəisi olmuşdur. Müharibədə göstərdiyi şücaətlərinə görə dördüncü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmiş və general-mayor rütbəsinə layiq görülmüşdür. Onun təşkilatçılıq qabiliyyəti və peşəkarlığı təkcə xidməti yoldaşlarını deyil, yapon hərbçilərini də valeh etmişdir.
Mehmandarov Birinci dünya müharibəsinin də iştirakçısı olmuş, əvvəlcə birinci piyada diviziyasına, sonra isə 2-ci Qafqaz ordusuna komandanlıq etmiş, həmin vəzifələrdə də ona tapşırılan ən məsuliyyətli tapşırıqları uğurla yerinə yetirmişdir. Əməliyyatların keçirilməsi zamanı nümayiş etdirdiyi yüksək komandirlik məharəti, təşkilatçılıq vərdişləri çar Rusiyası komandanlığı tərəfindən lazımınca dəyərləndirilmiş və o, hərbi akademiya təhsilinin olmamasına baxmayaraq, 1915-ci il martın 22-də tam general rütbəsinə layiq görülmüşdür. 
Fevral inqilabından (1917) sonra rus ordusunun bolşevikləşməsi və ordu daxilində anarxiyanın artması ilə əlaqədar Mehmandarov istefa verərək, 1918-ci ilin payızında vətənə qayıtmışdır. 
1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Hərbi Nazirliyi bərpa etmək barədə qərar qəbul edərkən Mehmandarov Cümhuriyyət ordusunda xidmətə çağırılaraq, hərbi nazirin müavini təyin edilmiş, nazirliyin və ordunun formalaşdırılması ona tapşırılmışdır. 1918-ci il dekabrın 25-də o, hərbi nazir təyin edilmişdir. 
Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı idi. Zabit kadrlarının sayının artırılmasını Mehmandarov ordu quruculuğunda mühüm addım sayırdı. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açılmışdır. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başlamışdır. 
Ordu quruculuğunun milli zəmində qurulması və aparılması Mehmandarovun hərbi nazir kimi izlədiyi əsas xətt olmuşdur. Mehmandarov orduda rəsmi dilin Azərbaycan dili olduğunu elan edərək, azərbaycanlı döyüşçülərin Qurani-Kərimin altından keçməklə, Vətənə sədaqət andı içmələrini vacib saymış, Azərbaycan dilinin öyrənilməsi üçün göstəriş vermiş, əsgərlərin marşları Azərbaycan dilində oxumasını tələb etmiş, milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqlarının və geyim formalarının layihələrini təsdiqləmiş, Azərbaycan xalqının zəngin hərbi tarixinin öyrənilməsinə və hərbi qulluqçular arasında yayılmasına, hətta əsgərlərin qidalanmasında milli xörəklərin üstünlük təşkil etməsinə göstəriş vermişdir. 
1919-cu il fevralın 25-də Parlamentdəki proqram xarakterli çıxışında, digər əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının xidmətdən yayındırılmasını sərt tənqid etmişdir.
1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi Mehmandarovun hərbi nazir kimi fəaliyyətinin dəyərli nəticələri olmuşdur. Həm Qarabağ istiqamətində, həm də Qazax-Tovuz bölgəsində genişlənən erməni təcavüzünün qarşısının alınması üçün ölkənin hərbi potensialını məharətlə istiqamətləndirən Mehmandarov, strateji təşəbbüsü öz əlində saxlamaqla, Azərbaycanın hərb tarixinə layiqli səhifələr yazmışdır.
Aprel işğalı (1920) ilə əlaqədar Mehmandarov vəzifəsindən istefa vermişdir. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələr onu Gəncə üsyanının təşkilində günahkar bilərək, 1920-ci il iyunun 4-də Ə. Şıxlinski ilə birlikdə həbs etmişdilər. Yalnız Nəriman Nərimanovun işə qarışmasından sonra Mehmandarov bolşevik terrorundan xilas olmuş və Ə. Şıxlinski ilə bərabər bir il Moskvada yaşamaq məcburiyyətində qalmışdır. Mehmandarov 1921-ci ilin yayında Bakıya qayıdaraq, Xalq Hərbiyyə və Bəhriyyə Komissarlığında işə düzəlmiş, 1924-1928-ci illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmiş, 1929-cu ildə isə təqaüdə çıxmışdır. 1931-ci il fevral 12-də vəfat etmiş, Çənbərəkənd qəbiristanlığında dəfn edilmişdir.


Yüklə 62,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə