Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

  
LAZIMDIR 
  
Bu yerdə ruhumu dindirə bilən
Bir ulu atanın sözü lazımdır! 
Yüz yerli yalanla könlüm  alınmaz, 
Mənə olan işin düzü lazımdır! 
  
Mövzum ərşə çıxıb bilməm nə yazım? 
Yazarkən tən olur ömür tarazım. 
Tüstüsü göz tökən ocaq nə lazım, 
Ocaq ocaqdısa közü lazımdır. 
  
Odu sinəmdədir qəmli təkliyin, 
Adı zirvədirmi hər yüksəkliyin?! 
Mahir bir ovçuya xallı kəkliyin 
Çəhlimi lazımdır, izi lazımdır. 
  
Sevdadan keçilməz yanmaqdan ötrü, 
Gün çıxar dost-dostu anmaqdan ötrü. 
Dünyanı anlayıb qanmaqdan ötrü, 
Ağılın, kamalın gözü lazımdır. 
  
Deyirəm ömürdən-gündən yarıyaq, 
Bu yurdu bəsləyək, ay tək arıyaq. 
Gəlin dünyamızı oddan qoruyaq, 


Bizə dünyamızın özü lazımdır. 
  
  
SƏN MƏNİ ALDADA BİLMƏZSƏN DÜNYA 
  
Zamana çox məni sığala çəkib, 
Gah qabağa çəkib, gah dala çəkib. 
Başım yüz müsibət, yüz bəla çəkib, 
Sən məni aldada bilməzsən dünya! 
  
Axtardım, aradım dərdimə məlhəm, 
Tapdığım var-dövlət, qazancım ələm... 
Mənim iç dünyamda başqa bir aləm, 
Sən məni aldada bilməzsən dünya! 
  
Öyünmə bu qədər qaş-daşınla: 
Ulu tarixinlə, ulu yaşınla... 
Yağlı fətirinlə, dadlı aşınla 
Sən məni aldada bilməzsən dünya! 
  
Sənsənmi təqsirli, mənəmmi süçdu? 
Günahsız olanın binası uçdu. 
Bir şeyin ki, sonu, axırı puçdu, 
Sən məni aldada bilməzsən dünya! 
  
Qalxanın olubsa, nizən də olub, 


Koroğlun olubsa, Həmzən də olub. 
Səninlə qol-boyun gəzən də olub, 
Sən məni aldada bilməzsən dünya! 
  
Yolumu azdırdın dar cığırınla, 
Ötürdün qalayımı öz paxırınla. 
Saxta nəvaşin, çal-çağırınla, 
Sən məni aldada bilməzsən dünya! 
  
Yenə qışın ötər, yazın da olar, 
Simləri od tutan sazın da olar... 
Aldanan oğulun, qızın da olar, 
Sən məni aldada bilməzsən dünya! 
  
Kotanın da işlər, vəlin də işlər
Öküzün də işlər, kəlin də işlər. 
Ağıllın da işlər, dəlin də işlər, 
Sən məni aldada bilməzsən dünya! 
  
Aldada bilərsən cib sökənləri, 
Bir öz qabağına köz çəkənləri. 
Bu dünya malına göz dikənləri, 
Sən məni aldada bilməzsən dünya! 
  
İçimə kül səpib, od bitirmişəm, 
Ömür itirmişəm, gün itirmişəm. 


Mən səndən bir yeyib, beş götürmüşəm, 
Sən məni aldada bilməzsən dünya! 
  
  
BU FƏLƏK 
  
Neçə yazı mehvərindən qoparıb, 
Neçə qışı yay eyləyib bu fələk! 
Ər igidin arzusuna kəc baxıb, 
Gədalara toy eyləyib bu fələk! 
  
Bu nə dəmdi, bu nə qəmdi bilmirəm, 
Nəyi bütöv, nəyi kəmdi, bilmirəm... 
Nə dünyadı, nə aləmdi bilmirəm, 
Kimi kimə tay eyləyib bu fələk?! 
  
Daş atanı, baş tutanı nə çoxdu
Dərd verəni, qəm satanı nə çoxdu. 
Hökm edəni, qol çatanı nə çoxdu, 
Gözüm yaşın çay eyləyib bu fələk. 
  
Gör kim çaldı, bu könlümün sazını, 
Cana sıxdıq sevincin də azını... 
Bir ömürün qəmzəsini, nazını 
Gülə-gülə zay eyləyib bu fələk. 
  


Eldar, qaçma ürəyinin çatından, 
Çıxmaq çətin ağır yükün altından... 
Çox igidi çəkib-salıb atından, 
Çox nadanı bəy eyləyib bu fələk. 
  
8.03.1999. 
  
ANLAMADI 
  
Yön çevirib dağa qalxdım, 
Duman məni anlamadı. 
Ovçu gördüm, haray saldım, 
Ceyran məni anlamadı. 
  
Dadlı günlər keçib dedim, 
Göy durnalar köçüb dedim. 
Dərd dinəndə açıb dedim, 
Nadan məni anlamadı. 
  
Sevən sevdi, seçən seçdi, 
Eşq şərbətin içən içdi. 
Ürəyimdən nələr keçdi, 
Canan məni anlamadı. 
  
Əzəl-axır açıldı söz, 
Yetən mənə söylədi-döz. 


Ürəyimdə yaram köz-köz, 
Loğman məni anlamadı. 
  
Dərd qovuşdu Eldar, dərdə, 
Söz sinəmdə pərdə-pərdə. 
Öz sözümü deyən yerdə, 
Zaman məni anlamadı. 
  
24.10.1996. 
  
O MƏNƏM 
  
Sübhə qədər can evində töyşüyən, 
Bir yuxu var, bir röya var, o mənəm. 
Sinən altda qəribsəyən, yayxanan 
Bir xəyal var, bir xülya var, o mənəm. 
  
Ay durnalar zərrə boyda bəbəkdə, 
Min aləm var hər yarpaqda, ləçəkdə. 
Məni duyan, məni anan ürəkdə 
Saçaqlanan bir ziya var, o mənəm. 
  
Sevinc qəmin ayağının altında, 
Şər şeytanın barmağının altında. 
Bu gərdişin damağının altında, 
Yağış döyən bir qaya var, o mənəm. 


  
O mənəmmi sac içində qovrulan, 
Qor darayan, külü göyə sovrulan. 
Sakitliyin arasında qıvrılan, 
Çalxalanan bir dərya var, o mənəm. 
  
İçim kürə, Eldar, çölüm ayazdı, 
Tanrı dedim, taleyimi o yazdı. 
Məni məndə tapmısansa o azdı, 
Məndən yana bir dünya var, o mənəm. 
  
  
QOCALA-QOCALA 
  
Dağların döşündən enməz, 
Duman qocala-qocala. 
Çaylar hər gün cavanlaşar, 
Ümman qocala-qocala. 
  
İmkansızlıq edər naçar, 
Hərə bir növ dərdə düçar. 
Arzu-əməl çiçək açar, 
Güman qocala-qocala. 
  
Yaxşılıqlar qanad çala
Yerə-göyə səda sala. 


İstəyir ki, cavan qala 
Yaman qocala-qocala. 
  
İnsan qəlbi közə bənzər, 
Biri ağlar, biri dözər. 
Həqiqətə ağız büzər, 
Yaman qocala-qocala. 
  
Yüz biləndən bir şey sormaz, 
Bir əməli sona varmaz. 
Arxasını yerə vurmaz, 
Zaman qocala-qocala. 
  
Üzə gülür, diş qıcadır, 
Gah endirir, gah ucaldır. 
Bizi vaxtdan tez qocaldır, 
Cahan qocala-qocala. 
  
Eldar vara uydum demir, 
Dünyada ad qoydum demir. 
Bu dünyadan doydum demir, 
İnsan qocala-qocala. 
  
  
NƏ MƏN ÖLƏCƏYƏM, NƏ DƏ Kİ, DƏNİZ 
  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə