Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə19/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   15   16   17   18   19   20   21   22   ...   219

 64 

cəbhəyə getmiş, Sevastopolun odundan-alovundan keçmiş, əsir 

düşmüş, faşist zindanlarında olmazın əzab-əziyyətlər çəkmişdi. 

Bir dəfə mənə: "Aclığın bütün növlərinə bələd oldum, – dedi, – 

ən ağır şəkli dilinə bir qırıq çörək vurub ac qalmaqdır, amma ac 

qalmaq ondan asandır". Müharibə illərində evlərinə qara kağızı 

gəlmişdi, yasını saxlamışdılar. Qələbədən sonra qayıtdı, bir 

neçə ay ailəsinə qovuşandan sonra Sibirə sürgün edildi. Stalin 

dövrü qurtarandan sonra Bakıya qayıtdı, öz ixtisası üzrə – neft 

mühəndisi işlədi. Subay idi, evlənmədi də... Binədən qara 

yazılmış  bəxti ömür möhlətini çox qısa müəyyənləşdiribmiş. 

Diaqnozu qəti və amansız idi. 

Təqribən həmin vaxtlarda əlacsız xəstəlik Süleyman 

Vəzirovun da, Cəfər Cəfərovun da hökmünü vermişdi. 

Cəfər Cəfərov bir neçə il Mərkəzi Komitənin katibi 

işlədikdən sonra 1971-ci ildə  vəzifəsindən azad edilmişdi. O, 

işdən çıxarıldıqdan sonra tez-tez evlərinə gedərdim, uzun-uzun 

söhbətlər edərdik. Bir dəfə dedi: "Ömrüm boyu başıma çox 

işlər gəlib, amma heç vaxt indiki kimi bədbinləşməmişəm. 

Yəqin ki, bu yaş xüsusiyyətimlə  əlaqədardır.  Əvvəllər belə 

sarsıntılardan sonra dərhal özümü toplayırdım, çalışmaq, 

işləmək əzmim qat–qat artırdı, bilirdim ki, bir müddət keçəcək 

yenə  fəal ictimai mövqe tutacam. Amma bu səfər heç bir 

ümidim yoxdur"... 

C.Cəfərov işləri təzə  təyin olunmuş katibə  təhvil verəndə 

D.P.Quliyev: "Cəfər müəllim, o qədər təriflədiniz məni ki, 

gətirib sizin yerinizə qoydular," – deyib. 

Danil Piriyeviç Quliyevin ideoloji işlər üzrə katib təyin 

olunmasıyla bir çox məsələlər dəyişdi. Ensiklopediyaya və 

"Qobustan"a hücumlar başladı. 

"Qobustan"a, yaxud mənə qarşı hücumlar "Kommunist" 

qəzetindən "Kirpi" jurnalınacan müxtəlif mətbuat səhifələrini 

bəzəyirdilər. Müxtəlif müşavirələrdəki çıxışları, başqa "şifahi 

janrları" hələ demirəm. 

Budur, D.P.Quliyev yoldaşın kabinetindəyik. Məni və iki 



 65 

nəfər görkəmli filosof-alimi çağırıb. "Qobustan"ın təzə-köhnə 

nömrələrini onların qabağına qoyub, onların mötəbər rəyini 

soruşur. 

Alimlərdən biri başını tutub: 

–Vay, vay, vay, Danil Piriyeviç, bir görün burda nə yazıblar, 

– deyir, – yazıblar ki, Şuşada Pənah xana abidə qoymaq 

lazımdır. 

D.Quliyev: 

–Yox  əşi, – deyir, – yoldaş Anar, bəs siz buna necə yol 

vermisiniz? 

–Moskvada bu şəhərin  əsasını qoyan knyaz Yuri 

Dolqorukinin, Leninqradda Peterburqun əsasını qoyan çar 

Pyotrun, Tbilisidə Tiflisin əsasını qoyan Vaxtanq Qorqasilinin 

abidələri var, – deyirəm, – Şuşada bu şəhərin binəsini qoyan 

Pənah xana heykəl ucaltmaq təklifində nə qəbahət var ki? 

İkinci adam: 

–Danil Piriyeviç, özü də görün bu təklifi kim verir? Elturan! 

–Elturan kimdir ki? 

–Bilmirəm kimdir, amma bu adamın adı Elturandır. Elturan 

bilirsiniz də  nə deməkdir: yəni Turan eli – pantürkistlərin 

xülyası… 

D.Quliyev məzəmmətlə başını bulayır, mənə baxır. 

–Axı, mən bu adama necə deyim ki, adını  dəyişsin? – 

deyirəm. 

On il sonra, 1982-ci ildə H.Ə.Əliyev yoldaşla birlikdə 

Şuşada Vaqifin məqbərəsinin açılışına gedənlər arasında mən 

də vardım. Qonaqları  şəhərin mədəniyyət abidələriylə tanış 

edirdilər. Qədim qala divarları üzərində  Pənah xanın  şəkli 

çəkilmişdi. "Qobustan"ın on il əvvəl verdiyi təklif həyata 

keçmişdi, düzdü başqa janrda, heykəl yox, şəkil (əfsus ki, 

bayağı və zövqsüz şəkil) janrında. Onu da deyim ki, qonaqlara 

izahat verən həmin o memar Elturan Avalov idi – adını dəyişib 

eləməmişdi. Onu da deyim ki, D.P.Quliyev çoxdandı ki, katib 

deyildi... 



 66 

O vaxt katibin kabinetində isə filosof-alimlərin rəyləri 

diqqətlə dinlənilir və tam ciddiyyətlə qəbul edilirdi. Hər yerdə, 

hər sözdə "pantürkizm" axtarırdılar. "Qobustan"ın üz 

qabığındakı "toplu" sözündən, ensiklopediyada bu ya digər 

istilaha verilən işarələrin sayına qədər. Anamın bu zamanlar 

çıxmış Türkiyə haqqında yol xatirələri də ailəmizin 

"türkpərəstliyinə" yeni bir "sübut" olmuşdu. Yalnız "türkçülük" 

yox, başqa günahlarımız da damğalanırdı. 

Aktyor evində jurnalistlərin qurultayı çağırılmışdı. Mən 

gecikmişdim, özüm eşitmədim, amma dərhal qulağıma 

çatdırdılar ki, D.Quliyev çıxışında səni möhkəm vurdu. Məsələ 

ondaydı ki, bir neçə gün qabaq mənim "Literaturnaya 

qazeta"da məqaləm çıxmışdı. Tənqidimizə aid bəzi 

mülahizələrimi yazmışdım. 

D.Quliyev çıxışında bu məqalədən danışmış, qurultaya 

Moskvadan qonaq gəlmiş  məşhur jurnalist V.Peskova 

müraciətlə: "Ümumiyyətlə  mərkəzi mətbuatda Anarı çox çap 

edirlər, – demişdi, – xahiş edirik ora bizim fikrimizi çatdırın ki, 

az çap etsinlər". 

Səhərisi gün mən telefon edib D.Quliyevin qəbuluna getdim. 

–Mənim məqaləmdə  nə  səhv var ki, siz onu qurultay 

kürsüsündən rüsvay edirsiniz? – dedim. 

D.Quliyev: 

–Doğrusu, sənin məqaləni oxumamışdım, – dedi, – mənə 

çox pis qələmə vermişdilər. Bu gün oxudum, axı nə varmış ki, 

orada belə... 

Buna baxmayaraq "Literaturnaya qazeta" üç nömrə dalbadal 

mənim yanlış fikirlərimi təkzib edən yazılar verdi – bu adi bir 

məqaləyə görünməmiş diqqət deməkdi. Yazılardan biri – 

Əkbər Ağayevin məqaləsi mənə cavab olaraq, xüsusi göstərişlə 

təşkil olunmuşdu. Yanılmıramsa bu Əkbər Ağayevin 

"Literaturnaya qazeta" səhifələrində  dərc olunmuş ilk və  hələ 

ki, axırıncı yazısıdır. 



*** 


Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə