Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə16/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   12   13   14   15   16   17   18   19   ...   219

 54 

Bilmirəm ki, tabutun 

şamdır, yoxsa arçandır; 

Sənin son səfərindir

bizim səfər haçandır!! 

Əlbəttə, on üç yaşlı  uşaq ölümdən xəbərsiz ola bilməzdi. 

Tez-tez evimizin qabağından dəfn mərasimləri keçirdi. Anam 

qadağan eləsə  də, eyvana qaçıb maraqla küçəyə baxırdım, bir 

dəfə hətta açıq tabutda ölü sifəti də görmüşdüm və bu yuxuma 

girmişdi. "Ölülərə maraq edir çocuqlar" – Nazim Hikmətin bu 

müşahidəsi çox dəqiqdir. 

Dəfnlərdə  Şopenin "Matəm marşı" çalınırdı. Nədənsə, 

körpəlikdə bu marşı yaman sevirəmmiş. Bizdə bu marşın valı 

varmış – pianoçu Emil Gilelsin ifasında. Özümün, şübhəsiz, 

yadıma gəlmir, amma atam danışardı ki, balaca olanda – iki-üç 

yaşında həmişə bu valı qoydurardın, "ləsul, ölüm malşını 

çaldıl" – deyərdin, özün də  gəlib oturardın dizimin üstündə, 

üzünü üzümə qoyub qulaq asardın. 

Səkkiz yaşında olanda ölümlə daha yaxından tanış oldum. 

Atamın dayısı  Məhəmmədhüseyn Rzayev 1946-cı ildə 

vərəmdən vəfat etdi. Onun oğlu, məndən altı yaş böyük Oğuz 

səhər tezdən bizə  gəldi: "Baba (atasına "baba" deyirdi) 

keçindi", – hıçqırıb ağladı. 

Atam Moskvada idi. O vaxt kinematoqrafiya naziri 

vəzifəsində işləyirdi. Kino işçiləri ilə birlikdə mən də aeroporta 

onu qarşılamağa getmişdim. 

Həmişə Moskvadan qayıdarkən məni görüb gülümsəyən 

atam indi üzümə də baxmadı. 

Evə  gəldik. Otağa daxil oldu, anasını, xalasını, bacılarını 

gördü və bərkdən hönkürüb ağladı. 

Atamı ilk dəfə  ağlayan gördüm və kişinin, həm də atamın 

ağlaması, özü də belə hönkürüb ağlaması ömrüm boyu 

qulaqlarımda qaldı. 

Ancaq hər halda, bu ölümün təfərrüatı hafizəmdə 

solğunlaşmışdı. Turənin vəfatı isə ölümün nə  qədər yaxın 



 55 

olduğunu beynimə həkk etdi.      

Ölüm yaxındadır, "bir əl uzadımındadır", ən yaxın adamını, 

səni öpən,  əzizləyən, kinoya, gəzməyə aparan bibini birdən-

birə, 37 yaşında dünyadan qopara bilər. 

...Aydın ilıq bir səhər 

şəhərdən gəldi bağa 

sevincli, gözəl xəbər. 

Elə lap darvazadan 

səs gəldi: 

Oğlan! 

Oğlan! 

Sağlıq! 

Muştuluq, filan! 

Dünən Buzovnada bibimin salamat qurtarması, oğlu olması, 

təhlükənin sovuşması müjdəsinə sevinmişdik, anam şəhərə, 

onu görməyə getmişdi, bizim də kefimiz kök, damağımız çağ 

idi, Mark Tvenin hekayələrinə gülürdük. 

Demə, biz Tennessi jurnalistlərinin başıpozuqluğundan 

şənlənəndə Turə yazıq artıq dünyayla vidalaşıbmış. 

...İndi on bir yaşlı  qızım Günel Mark Tvenin həmin 

hekayələrini oxuyur, uğunub gedir, ayrı-ayrı parçaları  təkrar 

edib gülüşünü, sevincini mənimlə də bölüşmək istəyir. Mən isə 

bu hekayələrə gülə bilmirəm; Turənin sifəti gəlib durur 

gözlərim qarşısında. 

Amma ölüm insan ömrünə  əsl mənasında o vaxt girir ki, 

onun qorxusunu, xofunu, vahiməsini duyursan. 



–Min-min ana içində

anamı tanıyıram 

gözlərimi bağlasalar belə. 

Tanıyıram 

ayaq basdığı torpağın qoxusundan, 

qəlbimə dolub, boşalan 

onu itirmək qorxusundan. 

Mən bilmirəm anasını itirmək qorxusu atamın ürəyində 




 56 

haçandan yuva salıbmış, amma həmin adamı – yəni atamın 

anasını – nənəmi, Məryəm xanımı – biz ona atamın, 

bibilərimin diliylə "Ciji" deyərdik-Cijini itirmək qorxusu 

mənim qəlbimə Turənin vəfatıyla daxil oldu. 

Ömrümdə ilk dəfə olaraq balasını itirmiş ana dərdi gördüm. 



Neçə-neçə il keçib  

o gündən və bu gündən. 

Ürək yüngülləşməyib 

bu itkinin yükündən. 

Toy da, bayram da olur, 

şənlik də, ad günü də. 

Ancaq ki, ürəyimdə 

damğa yanığı kimi 

qalıb sənsiz ananın 

"Verin mənim balamı!"  

deyən fəryad günü də. 

Anamın gəlin qızı! 

Turənin yeddisindən, qırxından sonra da nənəmi tez-tez 

xısın-xısın ağlayan görürdüm, özü də çalışırdı ki, bizim 

gözlərimizdən yayınsın, bir bucağa çəkilib dərdini tək özü 

çəksin, heç kimlə bölüşməsin. O da yaxşı yadımdadır ki, 

nənəm bəzən saatlarla sakit-sakit susur, sonra birdən köksünü 

ötürüb, heç kəsə müraciət etmədən, öz-özünə: "nə bilim, vallah, 

sən bilən yaxşıdır" – deyirdi. 

Çox illər sonra, daxili monoloqun nə demək olduğunu 

qavramaq istərkən mən nənəmin bu halını xatırlayırdım. 

Deməli, o saatlarla içəri dünyasında özü-özüylə danışır, 

danışırmış, fikri qaynayırmış, sonra bu daxili mükalimənin, bu 

"düşüncələr axınının" nəticəsi, yekunu kimi ah çəkir, içindən 

gələn bir səslə  bərkdən "nə bilim, vallah, sən bilən yaxşıdır" 

deyə Allaha müraciət edir, bu izahsız zərbənin məntiqindən, 

mənasından baş açmayıb, səbri, təvəkkülü yenə  də Tanrının 

dərgahıyla bağlayırdı. 

Nənəmin təngnəfəsliyi vardı, qızının ölümü xəstəliyini 




 57 

şiddətləndirdi və o, sonbeşiyinin fərağına yalnız bircə il dözə 

bildi. 52-ci ilin yayında mətbəxdə əl-üzünü yuyarkən birdən elə 

bil quruyub qaldı. Az qala yıxılacaqdı. 

Anamla mən yüyürüb qolundan tutduq. Mənə baxıb 

gülümsünən kimi oldu, hətta hansı daxili bir qüvvəyləsə  əlini 

azacıq qaldırıb başıma çəkdi, saçımı sığalladı – bu öz iradəsinə 

tabe olan son hərəkəti idi: nənəmi iflic vurmuşdu. 

Bir neçə gündən sonra gözlərini həmişəlik yumdu. Qızının 

yanında basdırdılar. 

Üç ildən sonra o biri nənəmi – anamın diliylə biz də ona 

Ana deyirdik – itirdik. 

Bu ölümlərdən sonra ürəyimdə öz ata-anamı itirmək 

qorxusu yuva saldı. Elə bil ölümün də yaş növbəsi, ardıcıllıq 

sırası varmış. Elə bil ki, ürək qorxular üçün darısqaldır, orda 

yalnız bir, ya iki adamı itirmək qorxusu üçün yer var. 

Qəribədir, atamla-anamın vəfatından sonra mən bu 

qorxunun Günelin qəlbində yuvalandığını görürəm.  İlk dəfə 

yaxın adamlarını – babasını, nənəsini itirmiş  qızcığaz – öz 

valideynləri üçün nigaranlıq keçirir. 

1956-cı ildə on səkkiz yaşım tamam oldu, necə deyərlər 

həddi-buluğa çatdım. Həmin il bir çox mühüm ictimai-siyasi 

hadisələr baş verdi. Mənə elə gəlir ki, tək mənim deyil, bütün 

bizim nəslimizin yeniyetməlik çağı məhz bu il qurtardı. 1968-

ci ildə gəncliyimiz qurtaran kimi. 

1956-cı ildə XX qurultay keçirildi. Stalin və  şəxsiyyətə 

pərəstiş dövrü haqqında bir çox həqiqətlər aşkara çıxdı. 

Macarıstan hadisələri bu il cərəyan etdi. A.A.Fadeyev bu ilin 

mayında intihar etdi. Böyük şair, böyük insan Səməd Vurğun 

bu il rəhmətə getdi. 

Bu il sanki ictimai həyatda müəyyən bir dövr sona yetir, 

başqa bir dövr başlanırdı. 

Bu il ilk dəfə atamın dilindən təsadüfən və ötəri  şəkildə 

qaçırtdığı sözləri eşitdim: "Mənim nə ömrüm qalıb ki, bir il – 

iki il..." 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə