Xəbər bülleteni №21


Dollar kreditləri ilə bağlı güzəşt söhbətinə aydınlıq gəlir



Yüklə 0,58 Mb.
səhifə15/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

Dollar kreditləri ilə bağlı güzəşt söhbətinə aydınlıq gəlir


26.01.2016

elmar rustemov
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlər edilməsi təkliflərinə münasibət bildirib. APA-nın məlumatına görə, yanvarın 26-da jurnalistlərə danışan Elman Rüstəmov deyib ki, hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, güzəşt maliyyə intizamını poza bilər: “Yəqin bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara bu işin öhdəsindən gələ bilmələri üçün necə yardım edək. Dövlətin yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 60 qəpikdən bahadır.

Ötən gün açıqlama yayan iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert deyib ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manata yüksəlib: “Əhali və biznesin bu xərci qarşılaması mümkün deyil. Mərkəzi Banka ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirəm”.

Ötən həftə Elman Rüstəmov demişdi ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulamışdı.


AŞPA Qarabağ məsələsinə aid qətnaməni qəbul etmədi


26.01.2016

ashpaAvropa Şurası Parlament Assambleyasının 26 yanvar iclasında britaniyalı deputat Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı qətnamə səsə qoyulub. APA-nın Strasburqdan yaydığı xəbərə görə, lehinə 66, əleyhinə 70 nəfər olmaqla sənəd keçməyib.

Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi qeyd olunur. Eyni zamanda layihədə Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapıb.

“Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsi isə təsdiq edilib. Sənəddə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi ekoloji təcavüz kimi qətiyyətlə pislənir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, həmçinin Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir. 98 deputat bu qətnamənin lehinə səs verib, 71 deputat əleyhinə çıxıb.

İntiqam Əliyevin məhkəməsi bir ay sonraya qaldı


26.01.2016

intiqam4 01(1)Yanvarın 26-sı Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin məhbus sədri İntiqam Əliyevin şikayəti üzrə proses keçirilib. Günün birinci yarısında çıxış edən vəkil Cavad Cavadlı İntiqam Əliyevə bəraət hökmünün çıxarılmasını istəyib. Prosesin davamı əvvəl günün ikinci yarısına təyin olunub, amma sonradan məhkəmə heyəti iclasın fevralın 24-dək təxirə salındığını elan edib. Xəbəri APA yayıb.

İntiqam Əliyev 2014-cü il avqustun 8-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İntiqam Əliyevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

İntiqam Əliyev Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

İki bankın lisenziyası geri alındı


26.01.2016

merkezi bankAzərbaycanda iki bankın fəaliyyəti dayandırılıb. Mərkəzi Bankın yaydığı məlumata görə, İdarə Heyətinin 25 yanvar 2016-cı il qərarları ilə “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-nin bank lisenziyaları ləğv edilib. Buna bankların məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəçiliyi düzgün qurmaması əsas gətirilib. “Banklar haqqında” qanunun 51 və 52-ci maddələrinə uyğun olaraq yanvarın 26-dan banklara müvəqqəti inzibatçı təyin edilib.

Mərkəzi Bankı bildirir ki, Əmanətlərin Sığortalanması Fondu “Yunayted Kredit Bank” ASC və “NBCBank” ASC-də əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişini həyata keçiriləcək.


Ramil Usubov 2015-ci ilə dair statistikanı açıqlayıb


26.01.2016

ramil usubov 1Yanvarın 26-sı Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. Rəsmi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri general-polkovnik Ramil Usubov deyib ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları 26 min 916 cinayət qeydə alıb: “Cinayətlərin 84,2 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, 15,8 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. 2014-cü illə müqayisədə qəsdən adam öldürmə 7,3 faiz, qəsdən sağlamlığa ağır zərər vurma 6,7 faiz, xuliqanlıq 4,5 faiz, avtomobil nəqliyyatının qaçırılması 26,6 faiz, mal-qara oğurluğu 17,1 faiz azalıb.

Qəsdən adam öldürmələrin açılması 9 faiz (98,2 faiz), qəsdən adam öldürməyə cəhdlərin açılması 7,5 faiz (93,8 faiz) yaxşılaşıb. Banditizm, adam oğurluğu, əzab vermə, zorlama cinayətlərinin açılması tam təmin edilib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 344 cinayət açılıb”.

Nazir məlumat verib ki, “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1280 cinayətin isti izlərlə açılması təmin edilib: “Vətəndaşların “102” xidmətinə müraciətləri üzrə görülmüş çevik cavab tədbirləri ilə 10 min 687 hüquqazidd əməlin qarşısı alınıb. “Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 348 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 11 min 713 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 111 avtomobil saxlanıb. Ümumən 2014-cü illə müqayisədə cinayətlərin açılması 1,7 faiz yaxşılaşaraq hesabat dövründə 82,4 faiz təşkil edib.

İnterpolun Milli Mərkəzi Bürosunun beynəlxalq axtarışa verdiyi 74 nəfərin və bu təşkilata üzv ölkələrin axtardığı 31 şəxsin yeri müəyyən olunub. Bütövlükdə axtarılan şəxslərin 69,1 faizi tutulub. Eyni zamanda müxtəlif cinayətlər törətmiş 13 min 392, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 457 şəxs məhkəmə məsuliyyətinə cəlb edilib.

Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizədə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 842-si ağır və xüsusilə ağır növlər olmaqla 2 min 637 cinayət törətmiş 923 cinayətkar qrup zərərsizləşdirilib.

Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 45 faiz çox saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 71 min manat, 79 min 100 ABŞ dolları və 225 min rubl olan 2 min 167 ədəd saxta əsginas, habelə istifadə müddəti ötmüş 6 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb.

Hesabat ilində narkotiklə bağlı 2 min 935 cinayət aşkarlanıb, 169 nəfərdən ibarət 63 cinayətkar qrup zərərsizləşdirilib. İnsan alverinə qarşı milli fəaliyyət planı əsasında görülən tədbirlərlə 12 faiz çox və ya 109 cinayət faktı müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 63 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib”.

Nazir bildirib ki, ölkədə dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayının 31 min 28 vahid artması (1 339 568 vahid) fonunda yol-nəqliyyat hadisələrinin, qəzalarda ölən və xəsarət alanların sayı nəzərəçarpacaq dərəcədə azalıb: “2014-cü illə müqayisədə hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə olan inzibati hüquqpozmaların aşkarlanması 7,5 faiz çox olmaqla 2 milyon 531 min 843 xəta təşkil edib. O cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı 2,5 faiz çox, sürət həddinin aşılması ilə əlaqədar 15,3 faiz çox, qəza şəraiti yaratma ilə bağlı 40,5 faiz çox fakt müəyyən olunub.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə ölkə üzrə 2014-cü illə müqayisədə 7,1 faiz çox və ya 2 milyon 641 min 284 protokol tərtib olunub. Nəticədə 2 milyon 543 min 406 şəxs cərimələnib, 4 min 36 nəfəri məhkəmə inzibati qaydada həbs edib, 42 min 30 şəxsə xəbərdarlıq edilib.

Polis əməkdaşlarının yol verdiyi qanun pozuntularının sayı 6,8 faiz, əsassız saxlamaların sayı 32,3 faiz, vətəndaşlarla kobud rəftar hallarının sayı 5,3 faiz azalıb. Döymə, işgəncə vermə, tabel silahını qanunsuz tətbiq etmə, əsassız cinayət məsuliyyətinə cəlb etmə kimi hallar qeydə alınmayıb.

Korrupsiya hüquqpozmalarının sayı 30 fakt və həmin əməllərə yol vermiş əməkdaşların sayı 3,7 dəfə azalıb. Onlardan 16 nəfəri xidmətdən xaric edilib, 7 nəfəri tutduğu vəzifədən azad olunub”.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə