Xəbər bülleteni №21


Prezident: “Nə olar, biz çətinliklə də üzləşməliyik”



Yüklə 0,58 Mb.
səhifə16/28
tarix14.02.2018
ölçüsü0,58 Mb.
#26991
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

Prezident: “Nə olar, biz çətinliklə də üzləşməliyik”


27.01.2016

ilham eliyev 1
“İqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik”. Yanvarın 26-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı giriş nitqində qeyd edib ki, 2015-ci ildə dünyada iqtisadi böhran daha dərinləşib: “Dünya iqtisadiyyatı hələ ki, böhrandan çıxa bilmir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunda iştirak edərkən bir daha bunun şahidi oldum ki, hələlik dünya iqtisadiyyatı ağır vəziyyətdə qalacaq. Buna baxmayaraq 2015-ci ildə Azərbaycanda bir çox məsələlər öz həllini tapıb. İlin əvvəlində nəzərdə tutduğumuz bütün vəzifələr icra edilib. O qədər də asan olmayan geosiyasi vəziyyəti və dünya iqtisadi böhranını nəzərə alsaq, bu, böyük uğurumuzdur”.

İlham Əliyev keçən il ölkənin iqtisadi inkişafının təmin edildiyini vurğulayıb: “Baxmayaraq ki, əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artması o qədər də böyük rəqəmlərlə ölçülmür, cəmi 1,1 faiz artıb. Ancaq indiki vəziyyətdə neftin qiymətinin dörd dəfə düşməsini nəzərə alsaq, bu, müsbət nəticədir. Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artıb. Budur əsas göstərici. Bu onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir.

Kənd təsərrüfatı, — bu sahəyə də son vaxtlar xüsusi diqqət göstərilir, — 6,6 faiz artıb. Yəni budur əsas göstəricilərimiz. Bu onu göstərir ki, hətta böhranlı illərdə də biz inkişaf edirik, edəcəyik. Bu il icra ediləcək layihələr imkan verəcək ki, 2016-cı ildə də ölkə iqtisadiyyatı inkişaf etsin, yeni iş yerləri, sənaye müəssisələri yaradılsın və biz bu dinamikanı nəinki saxlaya, hətta sürətləndirə bilək.

2015-ci ildə bütün sosial proqramlar icra edilib. Mən bir daha demək istəyirəm, baxmayaraq ki, bu il də bizim maliyyə vəziyyətimiz əvvəlki illərdəki kimi deyil, bir dənə də olsun sosial proqram ixtisar edilməyəcək. Əksinə, bildiyiniz kimi, bu il maaşlar, pensiyalar, sosial müavinətlər qaldırılıb. Bu da bizim sosial siyasətimizin əsasını təşkil edir”.

Prezident dünya iqtisadiyyatının stress vəziyyətində olduğunu deyib: “Neftin qiyməti dörd dəfə düşüb. Biz axıra qədər çalışırdıq ki, manatın məzənnəsini sabit saxlayaq və buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq neftin qiymətinin dörd dəfə aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların 100 faizdən çox aşağı düşməsi imkan vermədi ki, biz manatın məzənnəsini istədiyimiz səviyyədə saxlaya bilək. Ancaq o da həqiqətdir ki, biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və milli valyutamızı süni şəkildə istədiyimiz səviyyədə saxlaya bilmərik.

Ancaq görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaq. Artıq müvafiq qərarlar qəbul edilib, qanunvericiliyə dəyişikliklər olunub. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.

Dövlət başçısı 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində görülən işlərdən də danışıb və qeyd edib ki, Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkə kimi tanınır: “Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır. Çünki əgər biz iqtisadi müstəqilliyi təmin etməsəydik, başqa ölkələrdən asılı vəziyyətə düşə bilərdik və düşəcəkdik. Necə ki, indi biz bəzi ölkələri görürük. Əgər özü-özünü təmin edə bilmirsə, bunun başqa yolu yoxdur, gərək başqasının iradəsi ilə hərəkət etsin.

Biz özümüz-özümüzü təmin edirik. Düzdür, keçən il çətin il oldu. Amma nə olar, biz çətinliklə də üzləşməliyik. 1990-cı illərdən çətin dövr olmayıb. Olur, indi dünya iqtisadiyyatı dövri xarakter daşıyır. Biz uzun illər ərzində yüksələn xətlə getmişik. İndi dünya iqtisadiyyatında bizdən asılı olmayan səbəblərə görə tənəzzül yaşanır. Biz də dünya iqtisadiyyatının bir parçasıyıq. Biz axı özümüzü dünya birliyindən, iqtisadiyyatından təcrid etməmişik. Biz inteqrasiya etmişik, açıq bazar siyasəti, liberal iqtisadi siyasət aparırıq. Ona görə bizə də təsir edir. Eybi yoxdur, biz inamla inkişaf edəcəyik. Biz qarşıda duran bütün vəzifələri icra etməliyik”.

Heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil”


27.01.2016

ilham eliyev 02Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunan 26 yanvar konfransında danışan prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafı üçün çox işlər görüldüyünü vurğulayıb: “Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi — 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir. Ancaq yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir. Mən artıq müvafiq dövlət qurumlarına göstəriş vermişəm. Ancaq çox istəyirəm ki, yerlərdən sahibkarlar özləri də o problemləri dilə gətirsinlər, ortaya qoysunlar ki, onlar tezliklə öz həllini tapsın”.

Dövlət başçısı bu ilin planlarından söz açarkən yeni iş yerlərinin yaradılması vacib saydığını deyib: “Son 12 il ərzində 1 milyon 500 min iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi iş yeridir. Ancaq bu illər ərzində Azərbaycanın əhalisi artıb. Əlbəttə ki, bu da inkişafın əlamətidir. 2003-cü ildə Azərbaycan əhalisi 8,4 milyon idisə, bu il 9,7 milyondur. Yəni əhali 1 milyon 300 min nəfər artıb. Bu, bizim böyük üstünlüyümüzdür və inkişafın əlamətidir. Əgər o artım dinamikasına nəzər salsanız görərsiniz ki, sürətli inkişaf dövründə əhali daha da çox artır. Bu, üstünlükdür, amma eyni zamanda bizi daha da fəal işləməyə çağırır. Çünki artan əhali artan iş yerləri deməkdir. 1 milyon daimi iş yeri yaradılıb, 1 milyon 300 min əhali artıb. Bu, yeni məktəblər, yeni uşaq bağçaları, yeni yolların çəkilməsi deməkdir.

İndiki şəraiti nəzərə alaraq hesab edirəm ki, sahibkarlar da yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görə bilərlər. Mənə verilən məlumata görə, son 12 il ərzində Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb və ümumiyyətlə, müəssisələrin sayı 100 minə yaxındır. Onların içində böyük və kiçik müəssisələr var. Ancaq hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərdən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir. Bununla bərabər, artıq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və dövlət şirkətlərinə tapşırıq vermişəm ki, birgə işləsinlər. Məşğulluq idarələrinə müraciət edən insanları işlə təmin etmək üçün dövlət şirkətlərində yeni vakansiyalar açılmalıdır”.

Prezident Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparıldığını deyib: “Biznes, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi, maliyyə sektorlarının, vergi, gömrük orqanlarının tam şəffaflaşması, vergi bazasının genişləndirilməsi, uçotun, statistikanın düzgün aparılması — bütün bunlar çox vacib olan məsələlərdir. Deyə bilmərəm ki, bu məsələlərin həllində biz istədiyimizə nail ola bilmişik. Yox, hələ ki, görüləsi işlər çoxdur. Qüsurlar var, onlar aradan götürülür, götürülməlidir. 2016-cı il bu istiqamətdə həlledici rol oynayacaq. 2016-cı ildə biz bütün maliyyə-iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada uçot və statistika xüsusi yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri özündə ehtiva etməlidir. Çünki əsas budur, məlumatdır. Biz dəqiq bilməliyik harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi planlaşdırmaq çətin olacaq.

Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Mən çox istəyirəm ki, Azərbaycan məhsulları daha da çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək. Ancaq bununla bərabər əgər biz idxal mallarına süni əngəllər qoysaq, bu zaman rəqabət olmayacaq. Amma rəqabət əsasdır. Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir. Ona görə burada iki amil nəzərə alınmalıdır. Həm qiymətlərin tənzimlənməsi, bütün süni maneələr, idxal qarşısında duran maneələr aradan götürülməlidir, eyni zamanda daxili istehsal qorunmalıdır. Ona görə müvafiq qurumlar çox fəal işləməlidirlər ki, bu iki amili təmin etsinlər. Yerli istehsal, idxaldan asılılığın azaldılması bizim gələcək dayanıqlı inkişafımızın əsas məsələsidir. Ancaq eyni zamanda, inhisarçılığa da yol vermək olmaz. Bəzi hallarda bizdə təbii inhisarçılıq yaradılır. Çünki bazar o qədər də böyük deyil. Hər hansı bir, ya iki böyük müəssisə görürsən ki, bütün bazarı öz əlinə götürür. Burada əlbəttə ki, Antiinhisar Xidmətinin rolu xüsusilə əhəmiyyətlidir. Biz elə etməliyik ki, sərbəst rəqabətə mane olan bütün amillər aradan götürülsün”.

İlham Əliyev qeyd edib ki, ölkəyə daha çox xarici investisiya cəlb olunmalıdır: “İnvestisiyaların təşviqi məsələsi burada mühüm rol oynayır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək. Eyni zamanda artıq ixracın stimullaşdırılması üçün konkret addımlar atılıb. Müvafiq qərarlar verilib və artıq Azərbaycanda ixracın təşviqi sistemi yaradılır. Biz keçmişdə bu barədə çox danışmışıq. Ancaq bu gün artıq biz bunu etməliyik, edirik. Burada da biz bu yolu keçən ölkələrin təcrübəsinə mütləq nəzər yetirməliyik və ən müsbət təcrübəni tətbiq etməliyik.

Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət güzəştlər etməlidir. İndi İqtisadiyyat Nazirliyi bu məsələlərlə bağlı işləyir.

Mən artıq bəyan etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda genişmiqyaslı özəlləşdirmə proqramı icra ediləcək. Buna böyük ehtiyac var. İlk növbədə bu, ölkəmizə əlavə sərmayə, valyuta gətirəcək. Digər tərəfdən biz işləməyən müəssisələri canlandıracağıq. Elə müəssisələr var ki, artıq 20 ildir dayanıb, qapısı qıfıllanıb, yarımdağılmış, yaxud dağılmış vəziyyətdədir və onlar nədənsə özəlləşdirməyə çıxarılmır”.

İlham Əliyev çıxışında yerli istehsalla bağlı problemlərə də toxunub, daha sonra korrupsiya ilə mübarizədən danışıb: “Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya böyük bəladır, bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, inzibati addımlar atılır, həm də institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində “ASAN xidmət”də korrupsiyanın nə olduğunu görməyib. Ancaq əvvəlki dövrlərdə hansı qapıya gedirdilərsə, onlardan qanuni arayışa, icazəyə görə nə isə tələb olunurdu.

İnstitusional tədbirlər çox səmərəlidir. Bununla bərabər, korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək, edilir. Burada heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bir daha onu göstərdi. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir.

Bu il yerli icra orqanları daha çox iş yerlərinin yaradılması, investisiyanın cəlb edilməsi ilə məşğul olmalıdırlar. Əldə edilmiş nailiyyətlərlə bağlı prezidentə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müntəzəm olaraq məlumat verməlidirlər. Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq.

Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var — insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq.

Dövlət qurumları. Burada bəzi çıxışlarda səsləndi — indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu nə ədabazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar — Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər.

Təkcə mebeldən söhbət getmir. Digər mal, materiallar alınanda da nədənsə bizdə xarici mallara üstünlük verilir. Mənə bu yaxınlarda hətta hökumət müşavirəsində ayaqqabı gətirib göstərdilər ki, görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bizim bəzi hərbi qurumlar bunu bəyənmir, əsgər üçün xaricdən ayaqqabı alır. Nə üçün? Ona görə bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik, xərclər azalacaq, valyuta xaricə getməyəcək, yerli istehsal güclənəcək. Ona görə mənim göstərişim hamıya aiddir. Bundan sonra belə də olmalıdır. İndi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar. Yəni hökumət bu sahəyə çox ciddi diqqət verməlidir. Harada pozuntular var dərhal mənə məlumat verilməlidir və ölçülər götürüləcək”.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə