Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,74 Mb.
səhifə1/28
tarix08.04.2018
ölçüsü2,74 Mb.
#36696
  1   2   3   4   5   6   7   8   9   ...   28


­AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

FOLKLOR İNSTİTUTU

___________________________________________________

QARABAĞ:
FOLKLOR DA BİR TARİXDİR

VII KİTAB
(Xocavənd rayonundan toplanmış

folklor örnəkləri)


BAKI – 2014

Qarabağ folklorunun toplanması,



sistem­ləşdirilməsi və araşdırılması” adlı layihə

əsasında çap olunur.

LAYİHƏNİN RƏHBƏRİ: AMEA-nın müxbir üzvü, fil.ü.e.d.

Muxtar KAZIMOĞLU (İMANOV)

TOPLAYIB TƏRTİB EDƏN: fil.ü.f.d., dos. Ləman VAQİFQIZI

(SÜLEYMANOVA)

REDAKTOR: fil.ü.f.d. İlkin RÜSTƏMZADƏ

NƏŞRİNƏ MƏSUL: fil.ü.f.d. Əziz ƏLƏKBƏRLİ


Qarabağ: folklor da bir tarixdir, VII kitab (Xocavənd rayonundan toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil”, 2014, 444 səh.

İSBN – 9-789952-810868


Q 4603000000 Qrifli няшр

Í-098-2014


© Folklor İnstitutu, 2014

TƏRTİBÇİDƏN
Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII­ saylı Qanununa əsasən, Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olu­naraq Hadrut və Martuni rayonlarının bazasında Xocavənd ra­yo­nu­ yaradılıb. Ərazisi 1458 km2 idi, 1 şəhər (Xocavənd şəhəri – ra­yon mərkəzi), 2 qəsəbə və 82 kəndi var idi. Əhalisinin sayı işğa­ladək 39,600 nəfər təşkil edirdi, hal-hazırda isə 42,7 min nəfərdir. Ərazinin iş­ğalına qədər Azərbaycan türklərinin sayı 7,400 nəfər olmuşdur, in­di isə 11, 814 nəfərdir.

Bəs nə üçün ərazidə ermənilərlə müqayisədə Azər­bay­can türklərinin sayı bu qədər azdır? Bu sualın cavabını Xocavənd ra­yonundan didərgin düşmüş yaşlı əhali ilə söhbətlərimizdə tapdıq. On­lar Çar Rusiyası dövründə və sonrakı illərdə ermənilərin də­fə­lər­lə Azərbaycan türklərinin yaşayış məskənlərinə soxulması, əliyalın əha­lini kütləvi şəkildə qətlə yetirməsi, onlara ağılagəlməz işgən­cə­lər ver­məsi haqqında xatirələri kövrələ-kövrələ danışırlar. Təkcə onu qeyd etmək kifayətdir ki, rayonun Qaradağlı kəndi ötən əsrdə 3-4 də­fə yandırılıb, sağ qalan kənd sakinləri öz el-obasından di­dər­gin dü­şüb, sonralar həmin insanların bir qismi yenidən Qaradağlıya qa­yı­daraq bu kəndi yenidən salmağa müvəffəq olublar. Yaxud Ağ­ca­bə­di rayonunun Xocavənd kəndinin sakinləri məhz Martuni rayo­nu­nun Xocavənd kəndindən erməni basqınları zamanı köçən əha­li­nin törəmələridirlər. Axullu kəndinin sakinlərinin dediyinə görə, bu kənd də 1918-ci ildə yandırıldıqdan sonra əvvəlki yerində deyil, bir az aşağıda salınıb. Dağlıq Qarabağdan vaxtilə didərgin düşmüş əha­li­nin böyük bir qismi də Beyləqan, İmişli və s. rayonlarda küt­lə­vi şəkildə məskən salıblar. Həmin rayonların yaşayış yeri kimi seçil­mə­sinin əsas səbəbi bu rayonların ərazisinin Dağlıq Qarabağ əha­li­sinin qışlaq yeri olmasıdır. Yaylaq yerləri əllərindən çıxan, var-döv­lətləri talanan camaat bu gün də orada yaşayanlar tərəfindən “İsti Sibir” adlandırılan Haramı düzündə məskunlaşmağa məcbur olub. Yer­li özünümüdafiə dəstələrinin həm ötən əsrin əvvəllərində, həm də sonlarında erməni quldurlarına qarşı mübarizəsi də bu gün əhali ara­sında ağrılı-acılı xatirələr kimi yaşamaqdadır.

Kolxozlaşma başlayanda kolxozlar yaratmaq adı ilə bölgənin kənd­ləri bir-biri ilə birləşdirilmiş, birləşdirilən kəndin əhalisi oradan di­gər kəndə köçürülmüş, ərazisi isə erməni kəndlərinə verilmişdi. Bəh­rəm­li kəndi bu dövrdə Əmirallara, Vərəndəli kəndi isə Qaradağlı kən­dinə birləşdirilmişdir.

1988-ci ildə Xankəndində ermənilər Dağlıq Qarabağ Muxtar Vila­yətini Ermənistana birləşdirmək tələbi ilə separatçı mitinqlərə baş­layandan bu bölgənin əhalisinin də qara günləri yenidən baş­la­yıb. Əhali həmin dövrü “daşlaşma”, “ağaclaşma” dövrü kimi xatır­la­yır. Nisbətən yüksəkdə yerləşən erməni kəndlərindən, demək olar ki, hər gün Azərbaycan kəndlərinə daş yağdırılır, od vurulmuş tə­kər­­­lər ot tayalarına, tövlələrə doğru yuvarladılır, yolla gedən dinc sa­kinlər təklikdə ələ keçən kimi ağacla döyülürdülər. Az bir müddət için­də “daşlaşma”, “ağaclaşma” dövrü ən müasir silahlar vasitəsilə edi­lən gülləbaranlarla əvəzləndi.

Xocavənd rayonunun işğalı 1991-ci ilin 30 oktyabrında Tuğ kən­dinin didərgin düşməsi ilə başlayır və 1993-cü ilin 23 av­qust­un­da­ Günəşli kəndinin işğalı ilə başa çatır. Bu gün bütövlükdə Dağlıq Qa­ra­bağdan əlimizdə kiçik bir ərazi – yalnız Nərgiztəpə abidəsi qa­lıb.

Rayon 13-ü qadın, 13-ü uşaq olmaqla, ümumilikdə 145 nəfər şə­hid verib. Qaradağlı müsibəti Xocavənd rayon sakinlərinin məruz qal­dığı dəhşətli faciələrdən biridir. Hər tərəfdən vaxtilə ermənilərin zəbt edərək yaşadıqları kəndlərlə əhatə olunan Qaradağlı camaatı, de­mək olar ki, hər gün gülləbaran altında qalsa da, təslim olmaq is­tə­mirdi. Odur ki, arvad-uşağı kənddən çıxarıb əli silah tutan kişilər və onların qulluğunda duran qadınlar kənddə qalırlar. Ancaq 1992-ci ilin 17 fevralı onların kənddə keçirdikləri son gün olur. Kəndi hər tə­rəf­dən mühasirəyə alan ermənilər 118 nəfəri əsir alırlar. Onlardan 10 nəfəri də qadın idi. Əsirlərdən 66 nəfər cavan seçilərək gül­lə­lə­nir və ölülərlə birlikdə yaralılar da silos quyusuna gömülür. Sağ qa­lan­ların az bir qismi sonradan geri qaytarılsa da, bir qismindən bu ­gün də xəbər yoxdur.

Söyləyicilər üçün ağır da olsa, sadaladıqlarımızla bağlı xeyli xa­tirə danışdılar və biz onların bir qismini bu kitaba daxil etdik.

Rayon ərazisindən qaçqın düşən əhali Respublikamızın 36 ra­yo­nunda məskunlaşıb. Beyləqan, Ağcabədi rayonları, Bakı-Abşe­ron onların kompakt yaşadıqları ərazilərdir. Əhalisi sayca az olduğu üçün biz buradan səmərəli nəticə əldə edəcəyimizə o qədər də inan­mır­dıq. Bu bölgəyə səfər etməmişdən əvvəl əlimizdə Qarabağın digər bölgələrindən topladığımız xeyli material vardı. Niyyə­ti­miz həmin materialın üstünü bitirmək idi. Ancaq Xocavənd ra­yon­ İcra Ha­­ki­miyyətinin başçısı Eyvaz Hüseynovla görüşümüz bizi fik­rimizdən daşınmağa məcbur etdi. Bizi olduqca isti qarşılayan Ey­vaz müəllim təklif etdi ki, “Qarabağ: folklor da bir tarixdir” se­ri­ya­sından nəşr olunan kitablardan birini də Xocavənd folkloruna həsr edək. O, bunun üçün bizə əlindən gələn köməyi etməyə söz verdi və sözünün üstündə durdu. Eyvaz müəllim rayon folk­lo­ru­nun top­lan­ması işini təşkil etməyi müavini, Sosial İqtisadi İn­ki­şa­fın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleyman­o­va tap­şır­dı. Çevik adam olan Azər müəllim öz iş­lə­rinin çoxluğuna bax­ma­ya­raq, işi elə təşkil etdi ki, bizim boş da­yanmağa, sadəcə olaraq, vax­tı­mız qalmadı. Xocavənd rayonu sa­kin­lərinin yerləşdikləri bü­tün mən­təqələrə baş çəkməyimizə imkan ya­radıldı. Material zən­gin­liyi səbəbindən topladığımız materialların bir qismini bu kitabda verə bilmədik. Bu səbəbdən Xocavənd folk­lo­runa aid növbəti ki­ta­bın tərtibi zərurəti yarandı.

Biz rayon sakinləri ilə mart ayının əvvəllərindən iyul ayının əv­vəllərinədək 4 dəfə görüşdük. Bu müddət ərzində Beyləqan şə­hə­rin­də, o cümlədən Beyləqan rayonunda yerləşən Xocavənd, Yeni Xo­ca­vənd, Yeni Tuğ, Yeni Qaradağlı qəsəbələrində, Ağca­bədi ra­yo­nunun ərazisində salınmış 556 ailəlik hündürmərtəbəli yaşayış mas­sivində (bu massivdə yalnız xocavəndlilər deyil, Qara­bağın işğal olunmuş digər rayonlarının sakinləri də məskun­laşıblar), Ağ­ca­­bədi rayonunun Şəfəq Ovşarı kəndində, Bakı şəhərində – Abşeron Gənc­lər Şəhərciyində, Şuşa şəhərciyində, Xəzər, Qaradağ, Nizami, Ya­sa­mal rayonlarında, Ramana qəsəbəsində, Saray Bağlar qə­sə­bə­sin­də və s. ərazilərdə məskunlaşan Xocavənd sakinləri ilə gö­rüş­mü­şük. Qeyd edək ki, ilk səfərimiz digər səfərlərimizlə müqayisədə da­ha məhsuldar keçdi. Biz ilk dəfə 85 nəfər Xocavənd sakini ilə gö­rü­şüb söhbət edə bildik. Sonrakı səfərlərimizdə artıq bu say get-ge­də­ azalmağa başladı. Bunun əsas səbəbi bölgədə folkloru yaxşı bi­lən adamların sayca azlığıdırsa, digər səbəb də ilk səfər­lə­rimizdə xo­ca­vəndlilərin daha sıx məskunlaşdıqları ərazilərdə olma­ğımızdır. Ümu­milikdə 203 nəfər (onlardan 3 nəfəri Şəfəq Ovşarı kəndinin sa­ki­n­idir) adamla görüşmüşük. Təbii ki, görüşdüyümüz sakinlərin ha­mı­sını yaxşı folklor söyləyicisi hesab etmək olmaz. Onların arasında yaxşı folk­lor söyləyiciləri ilə rast­laş­saq da, az informasiya verənlər daha çox­dur. Hətta elə adamlar oldu ki, onla­rın ifasında cəmi bircə mətn qey­də ala bildik. Bunun bir sə­bə­bi bi­zim görüşdüyümüz adamları ta­nıma­ma­ğımız idisə, digər bir səbəb də rayon haqqında mümkün qə­dər daha çox məlumat almaq üçün müxtəlif dünyagörüşlü in­san­larla görüş­mə­yi­miz idi.

Söyləyicilərlə söhbətə başlamaq üçün onun hansı kənddən, tay­fadan, tirədən olmasını soruşur, neçə babasını tanıması haqqında su­allar verirdik. Bu da sonda maraqlı nəticələrə gətirib çıxardı. Mə­lum oldu ki, bu bölgədə Əfşar, Kəbirli tayfaları, Budaqlı, Talıb­xan­lı, Alnazarlı, Pəsəndallar, Papaxçallar (Papaqçı Alılar) və s. tirələr ya­şa­yırmış. Hansı tayfaya və ya tirəyə mənsub olduğunu bilməyən söy­lə­yi­cilərlə də qarşılaşdıq. Kitabın sonunda söyləyicilərlə bağlı mə­lu­mat verdiyimiz hissədə onların hansı tayfadan, yaxud tirədən ol­ma­sı­nı da qeyd etməyi məqsədəuyğun hesab etdik. Eyni zamanda kənd­lər haqqında xeyli xatirələr qeydə ala bildik və onları da kitaba da­xil etdik. Söhbət etdiyimiz hər söyləyici ən yaxşı halda üç ba­ba­sı­nın adını çəkə bilirdi.

Maraqlıdır ki, rayon sakinlərindən bir qisminin iki, bəzən də üç adı var. Belə bir faktın Gədəbəy rayonunun Şınıx mahalında ol­du­ğunu bilirik1. Maraqlıdır ki, Xocavənd rayon sakinlərinin şivə­si­nin­ də bəzi hallarda Qazax-Gədəbəy dialektinə yaxın olduğunu mü­şa­hi­də etdik (indiki zaman şəkilçisi -ır4 əvəzinə -er, -or, təsirlik hal şə­kil­çisi -nı4, -ı4 əvəzinə -yı4 işlənməsi və s. bu yaxınlığa misal ola bi­lər).

Xocavənd sakinlərindən toplanmış mətnlər arasında dini mətn­­­lər olduqca azdır. Dini mətnlərin azlığını Sovet dövründə er­mə­ni əhatəsində qalan əhalinin Məhərrəmlik mərasimlərini keçirə bil­məməsi ilə izah etmək olar. Çünki bu bölgədə yaşayan əhali şiə məz­həbinin daşıyıcılarıdır. Məhərrəmlik mərasimi keçirilmirsə, de­mə­li, həmin mərasimdə söylənilən mətnlər də auditoriyasını itirdiyi üçün unudulmağa məhkumdur.

Bölgədən qeydə aldığımız materiallar arasında xeyli sayda mi­­­foloji mətn var. Bunların bir qismi bütün bölgələrimiz üçün xa­­­rakterik olan mifoloji rəvayətlərdir. Xocavənd sakinlərindən top­la­­­dığımız rəvayətlərin bir qismini də Qara Çobanla bağlı söylənən mətn­­­lər təşkil edir. Söyləyicilər bu obrazı gah Qara Çoban, gah da Qa­­­raca Çoban adlandırırdılar. Həmin mətnlərə nəzər saldığımız za­man­ nəhənglərlə bağlı təsəvvürlərin bölgədə bu obraza trans­for­ma­si­­­ya olunduğunu görürük.

Rayon sakinlərindən xeyli sayda nağıl mətni qeydə ala bildik. Na­ğıl söyləyicilərinin böyük əksəriyyəti əslən qonşu rayonların sa­kin­ləri olub, sonradan Xocavənd ərazində məskunlaşan insanlar idi­lər. Yaxşı nağıl ifaçılarının daha çox Ağdam rayonunun Mərzili kən­dindən gəlmə olduqlarını müşahidə etdik. Eyni zamanda ki­tab­lar­dan oxunan nağıl süjetlərinin də dövriyyəyə girməsi faktları ilə qar­şılaşdıq. Kitablardan gələn mətnləri kitaba daxil etmədik, Folklor İnstitutunun arxivinə ver­dik.

Bütün nağıl söyləyicilərinin repertuarında formullardan isti­fa­də çox azdır, bəzən də heç yoxdur. Bir sıra hallarda söyləyicilər öz­lə­ri də nağıl formullarından istifadəni artıq şey sayırlar. Məsələn, “Pad­şah oğlunun nağılı”nı danışan Qaytaran Qədim oğlu Quliyevin təh­kiyəsinin sonuna Çərkəz Ağəli oğlu İmanov “Göydən üç alma düş­dü” formulunu artıranda Qaytaran baba “Ə, yox, almanı ney­nir­sən?” dedi. Bununla bildirmək istədi ki, nağılın sonunda məlum for­mullardan heç də həmişə istifadə olunmur.

Qaytaran Qədim oğlu Quliyev ilə elə ilk səfərimizdə gö­rüş­mə­yi məsləhət bildilər. İlk görüşümüzdə Çərkəz Ağəli oğlu İmanov ilə birlikdə oturub danışdılar (məni onun evinə Çərkəz baba apar­mış­dı). Çər­kəz babanın təhkiyəsi daha gözəl olsa da, Qaytaran baba qə­dər na­ğıl bilmirdi. Çərkəz babanın etirafına görə, danışdığı na­ğıl­la­rın bir qismini vaxtilə elə Qaytaran kişidən, bir qismini isə nə­nə­sin­dən eşi­dib. Onlar bir-birinin danışığına müdaxilə edir, tez-tez mü­ba­hisə edə­rək bir-birinin danışığına düzəliş verirdilər. Hətta elə nağıl ol­du ki, əvvəlini Qaytaran baba başlasa da, qalanını Çərkəz baba da­vam et­dir­di. Bəzən söyləyicilər nağılın sonuna öz başlarına gətirilən mü­si­bətlərlə bağlı əlavələr edirdilər. Məsələn, Çərkəz baba “Şərə düş­müş qızın nağılı”nı belə tamamladı: “Orda atanın qeyrətsizdiyin gös­dərir. Xudavəndi-aləmnən sada gəlir kin, nahax qan yerdə qalmaz yüz il də qala. İndi ermənilər bir heylə uşax-muşağı qırdılar e. Xojalı mə­sə­lə­sini deyirəm. Hələ olar elə işdər eliyiflər ki, Xojalı məsələsi muş­du­luxdu e onun yanında. Allah-taala olların cəzasını nə vaxsa verə­jəh”.

Bəzən elə olurdu ki, söyləyici nağıldakı (“Tacirin Allahı qo­naq çağırması”) obrazı tacir deyə təqdim edir, nağılın ortasında isə ta­cir əvəzinə padşah deyə danışırdı. Və yaxud “Üç bacı” nağılının əv­vəlində söyləyici qızların qardaşının olmadığını qeyd etsə də, son­da qızları divin əlindən qardaşı qurtarırdı və s. Gələcəkdə söy­lə­yi­cilərlə bağlı aparılan tədqiqatları nəzərə alaraq bu mətnləri ki­tab­da elə olduğu kimi verməyi məqsədəuyğun saydıq.

Qaytaran Qədim oğlu Quliyevin yanında ümumilikdə 4 dəfə ol­duq. İkinci dəfə Qaytaran baba bizə 10 mətn danışdı. Üçüncü də­fə 11 mətn, sonuncu görüşümüzdə isə 7 mətn danışdı ki, danışdığı mətn­lər nağıl, lətifə və rəvayət janrlarını əhatə edirdi. Son 3 görü­şü­müzdə gələcəyimizi bildiyi üçün danışacağı mətnlər haqqında və­rəq­də əvvəlcədən özü üçün qeydlər etmişdi (Kasıb kişi oğlunu apa­rıb bir kişinin yanına qoyur. Bir arvadın əri dağa gedib, arvad aran­da qalıb. Bir çoban, nökər. Keçəl kişi. Avdal Qasım. Qarışqa qar­ğu­ya yığma və s.). O, bəzən danışacağı nağılı özü adlandırırdı. Biz söy­ləyicinin adlandırdığı nağılların üzərinə ulduz işarəsi qoymuşuq. Qay­taran kişinin nağıl repertuarı zəngin olsa da, təhkiyəsi qurudur. Bə­zən də söyləyici nağılın müəyyən hissəsini unudur, nağılın so­nun­da unutduğu hissəni xatırlayır, “Ən qəşəh yeri də burasıydı”, – de­yərək, unutduğu hissəni yenidən danışır. Bu kimi hallar da onun çox­dandır nağıl ifa etmədiyindən xəbər verir. Əslində o özü də bu­nu etiraf etdi. Danışdığı nağılları Ağdam rayonunun Mərzili kən­din­də uzun qış gecələrində bir yerə toplaşan yaşlılardan və iştirak etdiyi məc­lislərdə müxtəlif adamlardan eşitdiyini bildirdi. İlk dəfə 11 ya­şın­da öz həmyaşıdlarına nağıl danışdığını da dedi. Hər nağılı baş­la­maz­dan əvvəl “Birini də deyim?”, – deyə icazə alırdı. O, nağılı tə­lə­sə-tələsə danışır, cümlələri tamamlamırdı. Biz də həmin cümlələri mətn­də elə yarımçıq formada verməyi məqsədəuyğun saydıq. Qay­ta­ran baba hərdən nağılın ortasında diktofona işarə edərək, “Ya­zır?” – deyə soruşurdu. O, nağıla müasir dövrdən maraqlı xallar vu­rur­du: “Həmən kəndə çatanda görür ki, camaat hamısı yığılıb belə. Uk­ranyada kı nümayiş eliyillər, onnan sora Suriyadakı kimi yı­ğı­şıb­lar. Çoxlu əhalidi”; “İndi mən qardaşımı axtarmalıyam o Xoş­qə­dəm kimi” və s.

Dəfələrlə qeyd olunub ki, yaxşı repertuara malik söy­lə­yi­ci­lər­lə­ bir-iki saatlıq ünsiyyət onların əsl potensialının üzə çıxarılmasına im­kan vermir. Odur ki, belə söyləyicilərlə 2 dəfə (Həsən Mehdiyev, Ras­ta Mustafayeva, Çərkəz İmanovla), 3 dəfə (Əsmət Rüstəmova ilə), bəzən də 4 dəfə (Qaytaran Quliyevlə) görüşüb söhbət etmişik.

Nadya Həsən qızı Qurbanova əvvəlcə dediyi bayatıları – bir ne­çə bayatını adi formada şeir kimi söylədi. Sonra divana uzanaraq mah­nı kimi oxumağa başladı. Hərdən bizə elə gəlirdi ki, söyləyici ət­rafı sanki hiss etmir, otaqda kiminsə olması, onu dinləməsi Nadya nə­nəni qətiyyən maraqlandırmırdı. Mahnı kimi oxuduqca yadına da­ha çox bayatı düşürdü. Mahnı kimi oxumaq söyləyicinin fikir­lə­ri­ni sanki sistemə salmışdı. O, əvvəl adi formada dediyi bayatıları da ye­ni­dən mahnı kimi oxuyurdu. Nadya nənə bəzən bir misranı iki dəfə təkrar edir, birinci dəfə dediyi misranın sonuna avazla ey (bəzən yey) ni­da­­sı artırır, ikinci misranı əlavəsiz oxuyurdu:

Köynəyin gülü yansın ey,

Köynəyin gülü yansın.

Od tutsun, gülü yansın ey,

Od tutsun, gülü yansın.

Belə deyir, səni mənnən ayıranın ey,

Səni mənnən ayıranın,

Ağzındakı dili yansın ey,

Ağzındakı dili yansın.

Söyləyici bəzən də əvvəlki misraları iki dəfə təkrar etsə də, son iki misranı bir dəfə deyirdi:

Dağlarda qar səsi var ey,

Dağlarda qar səsi var.

Yağıfdı, qar səsi var ey,

Yağıfdı, qar səsi var.

Atdar ifcin nallanıv ey,

Veranada gənə səfər səsi var.

Arada bir oxumağını dayandırıb “bayatıdı ha”, – deyə xə­bər­dar­lıq edir­di. Bəzən də bayatının üç misrasını deyirdi:

Ay dağlar, qoşa dağlar ey,

A dağlar, qoşa dağlar.

verifsən baş-başa, dağlar ey?

Nə verifsən baş-başa, dağlar?

Səni görüm, min il yaşa, dağlar ey,

Min il yaşa, dağlar.

Gəlininin dediyinə görə, Nadya nənə evdə tək qalan kimi edi­lə­məyə başlayır.

Bizə xeyli bayatı deməsinə baxmayaraq, o, hərdən “Sən gəl­din deyə mənim bayatım, mahnım qurtardı, ay bala”, – deyə giley­lə­nirdi.

Nadya Qurbanovanın söylədiyi bayatıları kitabda onun dediyi ki­mi verə bilmədik. Çünki Nadya nənə söylədiyi əksər bayatıları mah­nı kimi oxuduğundan yuxarıda da qeyd etdiyimiz kimi, hər mis­ranı iki dəfə təkrar edir, misraların sonuna nidalar artırır, bəzən də bayatının üç misrasını söyləyirdi. Canlı ifa prosesində bu kimi hal­lar normaldır və mətnin təbii olmasını bir daha sübut edir. An­caq yazıya köçürülmə zamanı mahnının avazını vermək mümkün ol­madığından təkrar cümlələr ağırlıq yaradır. O səbəbdən də, tə­əs­süf ki, biz bu mətnlərin təbiiliyini qoruya bilmədik.

Bəzən söyləyicilər ifa prosesində də bayatı yaradırdılar. Mə­sə­lən, Rasta Şavağat qızı Mustafayeva da bizə dalbadal xeyli bayatı söy­lədi. Sonda alqış dediyi zaman zarafat etdik ki, onu da bayatıyla de­sin. Nəticədə belə bir alqış-bayatı meydana çıxdı:

Bala, səni görüm xoş yaşa,

Götürgünən xoş yaşa.

Fələyə yalvarıram,

Sana bir gün, taleh yazsın,

Onda ömrünün sonunacan xoş yaşa.

Bu və bu kimi ifa prosesində yaradılan mətnlər bəzən poetik ba­xımdan zəif olsa da, tədqiqat baxımından yararlıdır.

Bayatı ifaçıları ilə ünsiyyətdə olarkən bayatının deyilmə mə­qam­ları və formaları haqqında da xeyli informasiya aldıq. Bununla bağ­lı tam təsəvvür əldə etmək üçün rayon sakinlərindən birinin yas məc­lisində də iştirak etdik. Söyləyicilərin “Məjlis olanda yadıma dü­şür. Onda deməsəm, bağrım çatdar. Amma tini olmasa, yadıma düş­mür də, bala”, “Dolu vaxdımda deyirəm. Ancax yas yerrərində de­mişəm, ayləmin, uşağımın yanında deməmişəm heç. Bayatı çox­du, amma fikrimi cəmliyə bilmirəm”, “Birdən gejə ağrılarım tutan­da­ karavatın üsdündə o qədir bayatılıyıram, yadıma gəlir, birdən də ya­dımnan çıxır. Gejə mən bayatılamağa başdıyanda səhərədək ba­ya­tılayıram. Di gəl indi yadıma düşmür” kimi gileyləri bayatının kon­teksti məsələsinə işıq tutur. Yəni söyləyici bayatını həmişə söy­lə­yə bilmir, bunun üçün özləri demiş, “tini gəlməlidir”.

Söyləyicilər bayatının deyilmə formaları haqqında da xeyli mə­lumat verdilər.

Gərənaylamaq əlini qulağının dibinə qoyub yüksək səslə ağı de­məkdir. Bu zaman misraların sonuna lay-lay artırılır. Gərə­nay­la­maq olduqca yüksək səs tələb edir. Amma yas məclislərində gə­rə­nay­lamaq o qədər də yaxşı qarşılanmır. Çünki bu, el arasında ölünü ur­vatdan salmaq kimi qiymətləndirilir. Söyləyicilərin dili ilə desək, “yas­da ləyaxnan oxumaq lazımdır”.

Yas məclislərində yanıqlı səslə bayatı deməyə ediləmək de­yir­lər. Söyləyicilər təklikdə, alçaq səslə, ağlaya-ağlaya bayatı söy­lə­mə­yi ediləmək adlandırırdılar. Onlar bəzən inək sağarkən oxumağa da ediləmək deyirdilər.

Bu bölgədə dodağının altında, yalnız özünün eşidə biləcəyi tərz­də bayatı söyləmək gümüldənmək adlandırırılır.

Hüzür yerlərində deyilən bayatıları ağu adlandıran söy­lə­yi­ci­lər eyni zamanda qeyd etdilər ki, ağı, adətən, bir qadın tərəfindən de­yi­lir. Ağının bəhr forması da var. Bəhri də, adətən, bir adam oxu­mağa başlayır. Hər misranın sonuna “Şahüseyn, Vahüseyn” kəl­mə­ləri artırılır ki, bunu məclisə yığışan qadınlar xorla, əllərini diz­lə­rinə vura-vura deyirlər.

Bölgədən qeydə aldığımız ağıların bir qismi də sinkretik par­a­le­lizm formasındadır. Bu tipli ağılar bayatı formasında deyilməsə də, cümlələr sanki qafiyəlidir. Söyləyicilər bu cür “qafiyələri” bə­zək­ vermək adlandırırdılar:

Duranda yerə naz eliyən,

Gedəndə boyuna naz eliyən,

Gedəndə yerişi göyçək,

Gələndə gülüşü göyçək,

Gözəlliyi güldən götürən,

Ağlığı qardan götürən ...

Yas aparmaq üçün kənardan gətirilən qadınları bölgədə ağı­ba­şı adlandırırlar.

Kitaba salınmış materialların müəyyən bir qismini də et­noq­ra­fik mətnlər təşkil edir. Bunların arasında tərəkəmə həyatını əks et­di­rən mətnlər maraq doğurur. Qarabağın işğalı Quzey Azər­bay­can­da tərəkəməliyə, demək olar ki, son qoydu. Bu səbəbdən də gənc nəs­lin tərəkəməçiliklə bağlı təsəvvürləri yox dərəcəsindədir. Odur ki, tərəkəmə həyatı ilə bağlı materialları çox çətinliklə toplaya bil­dik. Çünki söyləyicilərə bununla bağlı suallar ünvanlayarkən çə­tin­lik çəkirdik. Yaşlı nəslin dünyasını dəyişməsi həmin təsəvvürlərin bir­­dəfəlik itməsi deməkdir. Odur ki, bu mətnləri də kitaba daxil et­mə­yi lazım bildik.

Abdal Qasımın adını çəkdiyimiz zaman hamı gülümsəyirdi. Am­ma bəzi mətnləri qeyri-etik hesab etdikləri üçün danışmaq istə­mir­dilər. Ərazidə Abdal Qasımın şeir yazdığını qeyd edən söyləyici də oldu, am­ma o da “latayırdı” deyərək şeiri söyləməkdən imtina etdi.

Epik mətnlərdəki söyləyici əlavələrini mötərizə içərisində ver­­mi­şik. Lirik janrlarda isə söyləyici əlavələrini kur­sivlə gös­tər­mi­şik. Bayatıların variantlarını göstərmək üçün = (bərabərlik) işarə­sindən istifadə etmişik.

Xocavənd folklorunun toplanmasında göstərdikləri köməyə gö­rə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hü­seyn­o­va, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial İq­tisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanova və onun ailə üzvlərinə, eləcə də Xocavənd Ra­yon İcra Hakimiyyətinin başçısının köməkçisi Şaiq Aslanova, Xo­ca­vənd Ra­yon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quli­ye­va­ya, Xoca­vənd Rayon İcra Hakimiyyətinin “Hüquq şöbəsi”nin məs­lə­hətçisi Elçin Şükürova, Xocavənd Rayon Mərkəzi Xəstəxa­na­sının baş mü­ha­sibi Nəbi İmanova, Xocavənd Rayon İcra Hakimiy­yətinin böyük məsləhətçisi Eynur Hüseynova, Xocavənd Rayon İcra Hakimiyyə­tinin Bakı şəhəri üzrə nümayəndəsi Təyyar Əliyevə, Xocavənd Rayon İcra Hakimiyyəti baş­çısının Xətai inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş mühasibi Pərviz Rəhmanova, Xocavənd Ra­yon İcra Hakimiyyəti baş­çısının Xocavənd kənd inzi­bati ərazi dairəsi üzrə nümayəndəsi İl­tifat İbrahimova və ailəsinə, Xocavənd Rayon İcra Hakimiyyəti baş­çısının Qaradağlı kənd inzi­bati ərazi dairəsi üzrə nümayəndəsi Ca­vay Hüseynova, Xoca­vənd Rayon Polis şöbəsinin əməkdaşı Pər­viz Tanrıverdiyevə, Xoca­vənd Rayon Mədəniyyət və Turizm şö­bə­si­nin müdiri Ramiz Bala­kişi­yevə və həmin şöbənin iş­çiləri Amil Rə­himova, Tural İsmayı­lova, Yasin Yusifova, Elmir Səfərova, Zaur Məm­mədova min­nət­darlı­ğı­mızı bildiririk.



MİFOLOJİ MДTN, ДFSANД, RДVAYДT

VД XATİRДLДR
1. YERLƏ GÖYÜN ARALANMASI
Əvvəllər göynən yer bitişih imiş. İndiki kimi döymüş də. Üzür isdiirəm, kööşəndə bir qadın yuxa bişirirmiş. Körpə uşağı va­rı­mış, üzür isdiirəm. Uşağ ağlıyır, əyax yoluna gedir. Bı arvat tə­lə­sih bilmir neyləsin. Yuxanın birin götürüp bının arxasın silip. Bının ar­xasın siləndə yer-göy bircə dəfə şakqıldıyıp. O ki göy gurulduyur e. Heylə guruldamağnan dünyanın bax belə olmağı bir olup.
2.

Qabaxlar sümbül belə deyilmiş. İndi başında bircə qırıx dən var. Qabaxlar amma təpədən-dırnağa kimi dənimiş. Adam düzgün iş görmürmüş. Bir qadın xeylağının birinin uşağı, ayıp da olmasın, özü­nü batırır. Oyana-buyana baxıp, bu cəmdəyi yanmış bir şey tap­mı­yıp bının g..ün silməyə. Götürüp bı, çörəhdən kəsip bu uşağın g..­ün silip. O zaman da göydən yerə zincir sallanırmış. Aha, zincir də çəkilip göyə. Zincir də çəkilip çığıra-çığıra. Sümbül də çəkilir, çə­kilir, ikicə-üşcə dənəsi qalanda it uluyup. İt uluyup ağzın tutub yu­xarı. Allah-taala deyip, o itə verin, o iki-üş dəni, qoyun onnan o it dolansın. Həmən iki-üş dəndi ki, artdı belə taxıl oldu.


Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə