A n a r əsərlər I hekayələr, povestlər



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə52/171
tarix30.09.2017
ölçüsü3,36 Mb.
#2501
1   ...   48   49   50   51   52   53   54   55   ...   171

 185 

–Mən çox gözəl bilirəm ki, məni və səni nə gözləyir. Lakin 

hələ heç bir şey yoxdur. Bilirsən nə var? Bu barədə düşünmə. 

Bəla gəlməmiş yas qurmaq lazım deyil. Heç bir şeydən 

qorxmadan, heç bir dəhşət gözləmədən yaşamaq, ciyər dolusu, 

ürək dolusu, beyin dolusu yaşamaq, işləmək, yaratmaq, 

qurmaq,  sevinmək  və xoşbəxt olmaq lazımdır. 

Belə danışmaq onunçün çətin deyildi. O güclü və mətin idi. 

O xoşbəxt olmağı bacarırdı, o heç nədən qorxmurdu. 

Bəs mən? And olsun allaha, mən yalnız onunçün 

qorxurdum. Lənətə  gəlmiş  xəyallarım mənə  dəhşətli lövhələr 

çəkirdi. Mən o gözəli, o zərifi, o incəni Sənanın və Sənan kimi 

dodağına gülüş yapışdırılmışların qıllı əlləri arasında çapalayan 

görürdüm. 

Aman, bu vahiməli lövhələr indi də  mənim gözlərim 

qarşısındadır. Onlar ölənə qədər məni təqib edəcəklər. 

O, axırıncı sözləri boğuq hıçqırıq içində dedi. Sonra yavaş–

yavaş özünü ələ aldı. Susdu və sakit davam etdi. 

–Onlar elə  həmin gecə  gəldilər. Amma bilirsinizmi, bu 

təfərrüat da maraqlıdır. Həmin gecə yerimizə girməmişdən 

əvvəl o qəflətən mənə dedi: 

–Bu gecə iki doza at. Oyanmayasan. 

Mən dik atıldım. O gülümsündü. Məni elə bil ilan çaldı. 

Deməli o hər  şeyi bilirmiş. Mənə elə  gəldi ki, o mənə nifrət 

edir. Mən ona sual verməyə  cəsarət etmədim. Yerimin içində 

qovrulurdum. Birdən onun səsini eşitdim. 

–Hələ yuxulamamısan ki? 

–Yox. 


–Onda yuxulamamışdan sənə deyim, bil. Dünyada heç kəs 

mənə səndən əziz olmamışdır. 

Nədənsə məni ağlamaq tutdu.  

O dedi: 


–Geçən xeyrə qalsın. 

Qarşı qonşumuzgildə qonaqlıq idi. Musiqi səsi gəlirdi. 

Yorğun səsli bir qız qəmli bir muğam oxuyurdu. Deyəsən 

downloaded from KitabYurdu.org




 186 

"Humayun" idi. 

Həmin o gecə  mən yuxumda dənizi, bulvarı  və arvadımı 

görürdüm. 

Həmin bu gecə saat on üçün qarşıdakı qonşugildə qonaqlar 

toplanmağa başlandı. Qarşı qonşumuzgilin oğullarının ad 

gününü bayram edirdilər. Bir neçə gün əvvəl ev yiyəsinin yaxın 

dostu tutulmuşdu. Bu işdən zərrə qədər də qəmlənmədiyini və 

bu köhnə dostuyla heç bir əlaqəsi olmadığını camaata isbat 

etməkçün qonşumuzgil bu gecədəki ziyafəti xüsusi bir 

təntənəylə hazırlamış və xüsusi bir hay–küylə keçirirdilər. 

Həmin bu gecə saat on birdə  Kərim dayı bir həftə 

işlənmədiyinə görə qabda quruyub bərkimiş  rəngə  və 

qərtməklənmiş fırçasına baxıb arvadına dedi: 

–Çoxdandı bir səs yoxdu a – tavana, yuxarı  mərtəbələr 

səmtinə baxıb mənalı gülümsündü. 

Həmin bu gecə saat on ikidə  Sənan geyinib çıxmağa 

hazırlaşırdı. Qoca anası: 

–İşin necədir? – deyə soruşdu:  

Sənan dedi: 

–Sən yat. Mən gec gələcəm. 

–Paltonu çiyninə sal, soyuq olar, – deyə ana böyük bir 

nəvazişlə oğluna baxdı. Sənan əyilib anasının alnından öpdü və 

səssizcə qapını ardınca bağlayıb getdi. Ananın gözlərində 

sonsuz bir fərəh vardı. 

Həmin bu gecə saat birdə bizim qapımız döyüldü. 

Oyanmazdan bir qədər əvvəl (real həyatda bir neçə an, yuxuda 

isə bu bir neçə an mənə uzun bir müddət kimi göründü) kimsə 

məni döyürdü. Ağrı hiss etmirdim. 

Lakin kəsik–kəsik, aramla, səbirlə vurulan zərbələrin səsini 

eşidirdim. Oyananda bu zərbələrin qapıya vurulduğunu 

anladım. Saniyənin yüzdə biri belə keçmədən hər  şeyi 

qavradım. Sanki axır ayların bütün dəhşətli hissləri, ən amansız 

şübhələrim,  ən qorxunc fərziyyələrim, qorxularım, təlaşım, 

intizarım birləşib təmkinli zərbələrlə qapını döyürdülər. Mən 

downloaded from KitabYurdu.org




 187 

nə edəcəyimi bilmirdim. Bu saatları min–milyon dəfə 

xəyalımda canlandırıb hər anını, hər hərəkətini yüz dəfə ölçüb–

biçmişdimsə  və  hər  şey də  məhz mənim zənn etdiyim kimi 

olurdusa da hər halda mən nə edəcəyimi bilmir, milyon dəfə 

hazırladığım, düşündüyüm, hətta məşq elədiyim sözləri və 

hərəkətləri bir an içində unutmuşdum. Bir-birindən dəli fikirlər 

başımda atlanıb–düşürdü. Qapını açmamaq, sındıranacan 

gözləmək. YOX, pəncərədən atılmaq, xurd–xəşil olub ölmək. 

YOX, ağır kağızbasanı içəri girən birinci adamın başına 

çırpmaq, YOX, əlimə nə keçsə qapıya, hələ açılmamış qapıya 

vıyıldatmaq, sonra yenidən  əlimə  nə keçsə girənlərin başına 

çırpmaq, YOX, tutulanacan vuruşmaq, qollarım bağlanandan 

sonra vuruşmaq, yerə  sərilmək, dişləmək, yıxılmaq, 

təpikləmək, ölənəcən, ürəyim partlayanacan fiziki müqavimət. 

BƏS O? YOX, içəri girənlərin ayağına yıxılmaq, yalvarmaq, 

YOX, bədənimdən atılıb çıxmaq, quş olub uçmaq, YOX. 

Allaha, bu dəqiqə inandığım Allaha yalvarmaq, YOX, 

ağlamaq, YOX, qəhqəhə  çəkib gülmək, YOX, sakit olub 

uzanmaq, özünü yuxululuğa, ölülüyə qoymaq, YOX, attanıb 

düşmək, YOX, oturmaq, YOX, dəli olmaq, YOX, pəncərədən 

bağırıb kömək istəmək, YOX, özümü ələ alıb, mühakimə  və 

tədbirlə tərpənmək, rahat ürəklə qapını açmaq, xoş üzlə, təmiz 

vicdanla qarşılamaq, YOX, qaçıb stolun altında gizlənmək, 

YOX, onu yuxudan oyatmaq, YOX, oyatmamaq, YOX, bəs nə 

etmək, nə etmək, nə etmək? 

Birdən kəsik–kəsik, aramla, səbirlə, inamla döyülən qapı 

tappıltılarının tənəffüsündə, axırıncı tappıltının səsi  əriyib 

sükuta qarışanda və yeni tappıltı passajı başlananacan araya 

çökmüş lal bir sakitlikdə  əsməyən, amiranə, arxayın və  əmin 

bir səs eşitdim. 

–Qapını aç. 

Bunu o dedi. O ayıq imiş. Amma gözləri qapalı idi. Üzü 

sakit idi. Qaranlıqda rənginin qaçıb–qaçmadığını  təyin etmək 

çətin idi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə