Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   35

 

13 


- Deyəsən, ağıllanmısan. Yaxşı, qonağı sənə tapşırıram. 

- Baş üstə, Komandir. Gecə elə bizdə qalmışdı. 

-  Day  denən  taylı  tayını  tapıb  ki!  Dostum,  sənə  bir  söz  də  deyim,  bilməmiş  olmazsan, 

müharibə  başlayanda  Səməd  Vurğun  yazırdı  ki,  bilsin  ana  torpaq,  eşitsin  Vətən,  müsəlləh 

əsgərəm  mən  də  bu  gündən.  Bəs  hanı  bu  günün  səmədvurğunları?  Hanı?  Hanı  rəsulrzalar, 

süleymanrüstəmlər, qırılıblar?! Niyə gəlmirlər? O Lenin meydanında millət, Vətən deyib nənəm 

də bağırar! Bura gəlsinlər ey, bura! Demirəm ha gəlib silah götürüb bizə qoşulsunlar. Gəlsinlər 

görsünlər ölmüşük, qalmışıq. Gəlsinlər bu kəfən geyinən uşaqlarla görüşsünlər, onlara bir ürək-

dirək versinlər... 

Şair: 


- Niyə, Komandir, gəlirlər.- dedi 

 və üç-dörd nəfərin adını da çəkdi. 

-  Aydın  Məmmədovu  deyirsənsə,  o  mənim  xətrimə  gəlir.  Türmədə  bir  yerdə  yatmışıq. 

Sağ  olsun,  hərdən  gəlib  bu  uşaqların,  elə  də  mənim  başıma  bir  az  ağıl  qoyur.  Qaldı  o  biri 

saydıqların,  onlar  buralıdılar.  Bilmirəm  ürəkləri  yanır  gəlirlər,  yoxsa  gəlirlər  görsünlər  hələ 

evlərinə  bomba  düşüb,  ya  yox.  Yaxşı,  Allah  amanında,  sonra  görüşərik.  Şair,  gedin  Bayatda 

Azərhüseynin pavilyonunda bir tikə çörək yeyin. Qoy gecə də oralarda qalsın, havayı bombaya 

qurban olmasın. 

Şair: 

- Baş üstə. 



Yurnalist: 

- Komandir, icazə ver, bir dəfə sizinlə döyüşə gedim. 

-  Yox!  Sən  get  qələminlə  vuruş,  dostum!  Get  bu  uşaqlardan  yaz.  Get  nə  istəyirsən  yaz, 

amma kişi kimi yaz, həqiqəti yaz. O qəhbəni də görsən denən bir də buralarda fırlanmasın, yoxsa 

verərəm bu qız görməmiş uşaqların əlinə, çeynəyərlər. 

Gedə-gedə Yurnalist Şairə deyirdi: 

- Heyf, Bakıdan basa-basa bura gəldim, müsahibə vermədi. 

Şair: 


- Ə, sən nə tupoy adamsan,ə. Bundan da gözəl müsahibə olar?! 

Pələng Komandirin bir az yumşaldığını görüb getdi ardınca: 

- Komandir! 

Komandir ayaq saxlamadan: 

- Eşidirəm. 

-  Komandir!  Bir  qələtdi  eləmişəm.  Denən  silahımı  qaytarsınlar.  Mənim  də  maşınım 

yoxdu ki, satıb silah alım. 

Komandir dayandı, üz-gözündən peşmançılıq tökülən Pələngə baxdı  - bu uşaqlar nə tez 

qocaldılar.  Müharibə  bu  cavanları  günbəgün  yox,  aybaay  qocaldırdı.  Bəxtləri  gətirib  onlara 

dəyməyən  güllələr  ruhlarına,  sevgilərinə  dəyirdi,  arzularına  dəyirdi.  Və  özləri  də  bilmədən 

sevgiləri  də  ölmüşdü,  arzuları  da,  ruhları  da.  Bircə  sabaha  olan  ümidləri  ölməmişdi,  o  ümidli 

sabahları ölümdən qurtarmaq uğrunda vuruşurdular. Hər döyüşdən salamat çıxmalarını qənimət 

bilirdilər.  Deyirdilər,  nə  yaşayırıq,  nəfə  yaşayırıq.  Hər  gün  nəfə  yaşayan,  dünyada  sabaha 

ümidindən və əlindəki silahdan başqa heç nəyi qalmayan bu cavanın silahını əlindən almaq çox 

ağır idi. Bu qocalmış cavan gecələr qız qucaqlayıb yatmırdı, silahını qucaqlayıb yatırdı. Könlünü 

almaq üçün əlini atıb Pələngin saçından yapışdı və mehribancasına dedi: 

- Yaxşı! Sabah baxarıq! İndi ayrı bir məsələni həll elə. Həkim nə qədər pul istəmişdi? 

- Min manat. 

Komandir cibindəki pulları çıxarıb saydı, altmış beş manat idi, on beşini qaytarıb qoydu 

cibinə, əllisini verdi Pələngə: 

- Ala bunu, özümüzünkülərə də de, kimdə nə var yığsınlar, göndərin. Elə verin o jurnalist 

aparsın. 




Lit.az 

 

 



14 

Komandir  özümüzünkülər  deyəndə  şəhər  uşaqlarını  nəzərdə  tuturdu.  Şəhər  uşaqları 

müharibə başlayanadək heç də at belində olanlardan pis yaşamırdılar. Evləri-eşikləri, maşınları. 

Kiminin  çayxanası  vardı,  kiminin  mağazası,  kiminin  də  restoranı.  Çayxanası,  dükanı 

olmayanların  da  hardan,  necə  qazandığı  ilə  maraqlanmaq  da  ayıb  sayılırdı.  Özlərini  oda-közə 

vurub  qəşəng  qazanmağı  da  bacarırdılar,  qəşəng  yaşamağı  da.  Çoxu  alver  ilə  məşğul  idi. 

Moskvadan vurub Kiyevdən çıxırdılar, Kiyevdən vurub Riqadan. Son zamanlar əllərini Polşaya 

da uzatmışdılar. Dünyanın malını daşıyırdılar bu şəhərə. Hətta Moskvada tapılmayan şeylər də 

bu şəhərin bazarında tapılardı. Söz gəzirdi ki, Dünyanın Bu Ən Varlı Şəhərinin bazarında atom 

bombası da satılır. 

Uşaqlar da zarafatla deyirdilər: 

- Bombamız var ey, müştərisi olmadığından üzə çıxarmırıq. 

Amma müharibə hər şeyi alt-üst elədi. Day pul qazanmaq haqqında düşünən yox idi, day 

restoranlarda şampan partlatmırdılar, day kimsə Moskvadan gətirdiyi “Mersedes”lə forslanmırdı. 

Day dünyanın malı bu şəhərə daşınmırdı. Moskvadan vurub Kiyevdən, Kiyevdən vurub Riqadan 

çıxan uşaqlar əllərindəkini-ovuclarındakını silah-sursata verib iki il idi oturmuşdular səngərlərdə. 

Kisədən yeyirdilər. Bu kisə də dibsiz deyildi. 

Hökumətin  bütün  hədələrinə  baxmayaraq,  şəhərin  imkanlı  adamları  bu  könüllü 

batalyonlara kömək edirdilər. Amma bu qədər könüllünü yedirdib-içirtmək, silah-sursatla təmin 

eləmək bir şəhərin gücündə deyildi, dünyanın nə qədər varlı şəhəri olur-olsun. Əllərində ovuc-

ovuc qızıl Gəncədə Şerbakın qapısında növbəyə dururdular ki, BTR cəhənnəm, bəlkə heç olmasa 

bir  şilka  ala  bildilər.  Dünyanın  bu  Ən  Varlı  Şəhəri  Şerbakı  dünyanın  ən  varlı  generalına 

çevirmişdi. Qızıl su qiymətinəydi, bir pulemyota bir ovuc qızıl verirdilər. Bu şəhərə bir avtomat 

gətirib  bir  maşın  aparmaq  olardı.  Evlərdə  gəbə-xəli  qalmamışdı  -  bir  ov  tüfəngini,  lap  təklülə 

olsun,  bir  xalçaya  dəyişirdilər.  Bir  kisə  patron  ver,  bir  gəbəni  götür  get.  Bu  bostanı  uralamaq 

üçün hər yerdən tökülüb gəlirdilər, hətta Gürcüstandan belə. Maşın-maşın, özü də insafsızcasına 

daşıyırdılar.  Daşıyırdılar  Dünyanın  Ən  Varlı  Şəhərinin  var-dövlətini  Tanrı  bilmirdilər, 

peyğəmbər bilmirdilər, soğan kimi soyurdular Dünyanın Ən Varlı Şəhərini. 

Bu camaat həm soyulurdu, həm qırılırdı, həm də lağ yeriydi: 

- Nə oldu, ə! Yekə-yekə danışırdız?! İndi ermənilərlə bacarmırsız! 

Soyulmağa, qırılmağa birtəhər dözmək olurdu, amma bu lağa yox. Bu lağ camaata erməni 

gülləsindən pis dəyirdi. 

Başqa  bölgələrdən  qeyrətə  boğulub  gələn  könüllülərdən  savayı,  xalqın  çoxu  bu 

müharibəyə Ermənistanın Azərbaycana müharibəsi kimi deyil, Ermənistanın Dünyanın Ən Varlı 

Şəhəri ilə müharibəsi kimi baxırdı. 

Və indi Komandir çox gözəl bilirdi ki, özününkülər də daha əvvəlki kimi deyil, çoxu quru 

yurdda qalıb, şillə ilə üz qızardırlar, amma başqa çarəsi  də  yoxuydu. Gəlmə könüllülərdən pul 

istəmək ayıb olardı, onsuz da kasıb-kusub uşaqlarıydılar. Onlara da kimsə silah bağışlamamışdı. 

Onlar  da  əllərindəkini-ovuclarındakını  satıb  almışdılar  bu  silahları.  Vəziyyəti  yaxşı 

bildiklərindən hətta son zamanlar yemək-içməklərini də özləri ilə gətirirdilər ki,  yerli camaatın 

boğazına şərik çıxmasınlar. 

Komandir də buna çox pərt olurdu: 

- Adam xəcalət çəkir. Həm gəl burda vuruş öl, həm də yeməyini özünlə gətir. 

Komandir gəlmə könüllülərin çoxunu bir az imkanlı ailələrə qonaq vermişdi. Onlar da bu 

könüllüləri öz balalarından ayırmırdılar: 

- Qeyrətinizə qurban olaq! 

Komandir pulu Pələngə verəndən sonra aralandı. Amma üç-dörd addım atandan sonra nə 

fikirləşdisə dayandı: 

-  Bura  gəl!  -  barmağındakı  nişan  üzüyünü  də  çıxarıb  verdi  Pələngə.  -  Birdən  çatmaz, 

bunu da qoy üstünə. 

*** 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə