Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 5,1 Kb.
Pdf görüntüsü
səhifə64/137
tarix15.03.2018
ölçüsü5,1 Kb.
#31832
1   ...   60   61   62   63   64   65   66   67   ...   137

 
172 
məhdudiyyət  və  bölünmələrin  fövqündə  dayandığını  aydın  və  açıq 
səslə  bəyan  edirdi.  O,  “Tərcümeyi-halım”  (1961)  şeirində  qəlbinin 
dərin  səmimiyyəti  ilə  dünyaya  öz  evinin,  ölkəsinin,  Vətəninin  yeni 
ünvanını bildirirdi: “Evim – avtobuslar, vaqonlar, təyyarələr. Kəndlər, 
şəhərlər, səyyarələr – dayanacağım. Milyon kilometrlərlə ömür  yaşa-
mışam. Kim bilir, harada dayanacağam” [10, s. 31]. 
Yeni  lirik  qəhrəmanın  dünyasını  yeni  meyarlar  və  anlayışlar 
səciyyələndirir.  Onun  evi  statik  bir  məkan  deyil,  ünvanı  isə  adi  və 
ənənəvi  kənd,  şəhər,  ölkə  bölgüsünə  uyğun  gəlmir.  Onun  ömrü  hələ 
başlanğıcındadır,  dayanacaqlar  haqqında  düşünmək  belə  istəmir.  Bu 
yeni  insan  öz  ömrünü  də  yeni  ölçü  vahidləri  –  milyon  kilometrlərlə 
hesablayır.  Yığcam  və  cəmi  bir  neçə  misralıq  şeirdə  biz,  həqiqətən, 
tamamilə  təzə,  heç  kimə  bənzəməyən  bir  poetik  şəxsiyyətlə  tanış  ol-
duğumuza əminlik hasil edirik. Yeni qəhrəman dünyasının, həyat tər-
zinin  bütün  ölçü  və  meyarları  zamanın  aparıcı  ictimai-siyasi  yasaq-
larını, sinfi məhdudiyyətlərini kökündən inkar edirdi. 
Bu  nöqteyi-nəzərdən  şairin  “Fəhləyəm”  (1964),  “Usta  ev  tikir” 
(1963), “Eyniyik” (1961), “Söhbət” (1962), “Mənim fəhlə dostlarım” 
(1963) və s. şeirlərində dövrün ədəbi siyasətinə uyğun gəlməyən bədii 
təhlil  və  qərarlar  diqqəti  cəlb  edir.  Yuxarıdakı  poetik  nümunələrdə 
sovet  poeziyasından  miras  qalmış  monumental  və  mücərrəd  fəhlə 
obrazının  poetik  demontaj  edilməsi,  başqa  sözlə,  bədii  praktikada 
yenidən qurulması və formalaşdırılması prosesini müşahidə edirik. Bu 
şeirlərin  heç  birində  ictimai-siyasi  mənşəyin  və  sinfi  mənsubiyyətin 
ideallaşdırılması  qətiyyən  nəzərə  çarpmır.  Əksinə,  sinfi  və  siyasi 
bölgünün  əhəmiyyətsizliyi,  insanların  müxtəlif  mənsubiyyətlərindən 
asılı olmayaraq mahiyyətən birliyi və eyniliyi vurğulanırdı. “Eyniyik” 
şeirində biz məsələyə məhz bu cür yanaşmanın şahidi oluruq. Bir neçə 
misralıq  şeirdə  müəllif  cəmiyyətin  ən  mürəkkəb  və  siyasi  cəhətdən 
həssas probleminə aydınlıq gətirir: 
 
Sənin əlin qabar-qabar 
Mənim ürəyim, 
Onun beyni. 
Hamımız eyni cür fəhləyik qardaş
Eyniyik, eyni! [10, s. 60]
 
 
Fikrət Qoca sovet ədəbiyyatının ən məşhur və əsas obrazlarından 
birini  məhz  ümuminsani  kontekstdə  tərənnüm  etməyə  səy  göstərib. 
Onun  şeirlərində  fəhlə-kəndli  hökumətinin  və  ümumən,  cəmiyyətin 


 
173 
hegemon gücünü, obrazını deyil, sadə və adi bir insanın əksini görü-
rük:  “Gücümü  nəhəng  insan  yuvaları  –  binalara  döndərmişəm,  qoy-
nuna ailələr köçür. Barmaqlarımın izi var döşəmənizin hər misrasında. 
Evinizin içində də ayağınızı qəzəblə döşəməyə vurmayın siz, axı bar-
mağımı  əzirsiniz”.  “Usta  ev  tikir”  şeirində  də  qurucu  və  yaradıcı 
insanın cəmiyyətdəki siyasi mövqeyi və mərtəbəsi, mənsubiyyəti yox, 
insani  keyfiyyəti,  mənəviyyatı  və  ürəyinin  istisi  müəllifin  diqqət 
mərkəzindədir: “Ev tikir, barı hörür usta. Daşların üstdə barmaqlarının 
izi  barıya  hörülür.  Əlinin  istisi  barıya  hörülür.  Daşların  arasına  hö-
rülür, Ustanın oxuduğu nəğmələr” [10, s. 8].  
“Mən ünvansız yaşayıram” (1960) şeiri 50-ci illərin sonu və 60-
cı  illərin  əvvəllərində  Azərbaycan  ədəbiyyatında,  xüsusən,  poeziyada 
vüsət alan mənəvi estetik dəyişmə və yüksəlişi parlaq surətdə əks et-
dirir. Bu şeir yeni lirik qəhrəmanın dünyaya münasibətinin aydın ifa-
dəsidir. Onun bu özünəməxsus  manifestində  uzaq vaxt,  uzun illər  ər-
zində  məhdudiyyətlər  və  qoruq-qaytaq  içində  iztirab  çəkən  insanın 
qurtuluş sevinci əks edib. Bu, əlbəttə, böyük mənadakı ictimai və milli 
qurtuluş  deyildi.  Bu  ruh  yüksəkliyi  sanki  zindandan  qurtulan  sərbəst 
hərəkət və yaşamaq səadətinə qovuşmuş adamın sevincinə bənzəyirdi. 
Bu  mənəvi  vəziyyəti  və  halı  başqa  altmışıncıların  yaradıcılığında  da 
müşahidə etmək mümkündür. Sovet cəmiyyətində həmin dövrdə ger-
çəkləşmiş  müəyyən  azadlıq  və  sərbəstliklər  sevinci  gənc  altmışın-
cıların ilk lirikasında ürəkdən vəsf olunub. Fikrət Qocanın lirik “mən”i 
də  məhz  bu  ovqata  köklənmişdi.  Amma  o  öz  istəyini,  arzusunu  özü-
nəməxsus  tərzdə  ifadə  edirdi.  O  da  bol-bol  sərbəstlik,  səma  kimi 
ucsuz-bucaqsız azadlıq, günəş kimi isti və mehriban həyat arzulayırdı:  
 
Mən ünvansız yaşayıram – 
günəş kimi, səma kimi... [10, s. 46] 
 
Müəllif öz sərbəstliyini və ictimai-siyasi yasaqlarla hesablaşma-
dığını xüsusi vurğulayır. “Günəş” və “səma”nı gənc lirik qəhrəmanın 
öz  həyat  tərzini  səciyyələndirən  təbii-bədii  simvollar  kimi  seçməsi 
xüsusi  ilə  diqqətəlayiqdir.  Eyni  zamanda,  bu  sərbəstliyin  zamanı  və 
hüdudları  müəllif  tərəfindən  dəqiq  cızılıb:  “səhərdən  axşama  kimi”. 
“Ünvansızlıq”  metaforası  yeni  lirik  qəhrəmanın  mahiyyətini  ifadə 
edən  bədii  vasitədir.  Amma  bu  metafora  lirik  qəhrəmanın  həyatının 
heç  bir  ölçüyə  və  ya  zaman-məkan  sərhədlərinə  uyğun  gəlməməsini 
bildirmir.  Onun  həyatının  öz  meyarları  və  sərhədləri  mövcuddur. 
Şeirdə  ikinci  və  bizcə,  əsas  xüsusiyyət  müəllifin  öz  varlığını  təbiətlə 


 
174 
eyniləşdirməsidir.  Günəşlə,  səmayla,  yaşıl  düzlər,  meşələrlə,  yollarla, 
dağlar və çaylarla öz həmcinsliyini vurğulamaqla müəllif sanki dünya 
ilə,  bütün  insanlıqla  birliyini  təsdiq  etmiş  olur.  O,  ümumən,  insanın 
dar,  məkani  bağlılığını  və  tabeliyini  qəbul  etmir.  Burada  təkcə  sovet 
cəmiyyətinin,  sovet  adamının  deyil,  ümumən,  insanın  məhdudiyyət-
lərindən və sıxıntılarından bəhs edilir: “Bircə küçə... Bircə otaq... belə 
ünvan nəyə gərək?..” [10, s. 46]. Lirik “mən” bu cür qapalı və darısqal 
həyat,  mövcudluqla  barışmaq  istəmir.  Onun  hərəkəti  və  fəaliyyəti 
üçün geniş məkanlar, üfüqlər və yollar lazımdır. O öz mənzillərinə və 
hədəflərinə  buludların  sürəti  ilə,  küləklərin  şiddəti  ilə  çatmaq  istəyir: 
“Yol  yoldaşım  buludlardır,  ünvanımdır  mənim  külək.  Ünvanımdır  – 
hər  çiçəyin,  gülün  yanı”.  Şair  öz  məqsədini  və  arzusunu  gizlətmir;  o 
bütün  dünya  boyunca,  bütün  kürreyi-ərzdə  yaşamaq,  yaratmaq  və 
mövcud olmaq istəyir: “Bəs bu ünvan deyilmi ki, Yaşamaqçün Bu gün 
Mənzil  seçdim  bu  dünyanı.”  [10,  s.  46]  Lirik  qəhrəman  dünya  ilə 
birliyini  vurğulamaqla  yanaşı,  dünyanın  da  ona  mənsubluğunu  təkid 
edir  və  öz  həyatını,  gələcək  taleyini  dünyadan  ayrı,  yalnız  öz 
ölkəsində, öz küçəsində və öz evində təsəvvür etmək istəmir:  
 
Çox sevirəm 
mən bu təhər yaşamağı!.. [10, s. 46] 
 
“Vətənpərvər”  (1963)  şeiri  gənc  şairin  yeni  estetik  dünyagörü-
şünə yiyələnməsi prosesinin incəliklərini təsəvvür etməyə və görməyə 
imkan yaradır. Məlumdur ki, vətənpərvərlik, xüsusən, hərbi-siyasi və-
tənpərvərlik  sovet  ədəbiyyatının  bütün  janrlarında  sıx-sıx  müraciət 
edilən  ən  mühüm  və  aktual  mövzulardan  olub.  Altmışıncılar  ictimai-
estetik  fikirdə  dərin  kök  salmış  bütün  tarixi  və  müasir  anlayışlara, 
həqiqətlərə  öz  yenilikçi  meyarları  ilə  yanaşırdılar.  “Sovet  Vətəni”, 
hətta  tarixi-etnik  Vətən  və  vətənpərvərlik  düşüncələrini  də  mövcud 
qəlib  və  bölgülərə  uyğun  gəlməyən  müstəvilərdə  dəyərləndirirdilər. 
“Vətənpərvər” şeiri məhz altmışıncıların öz estetik dünyagörüşü ölçü-
lərində  doğulmuş  və  bu  gün  də  oxucuları  düşündürmək  enerjisinə 
malik  lirik  nümunədir:  “Oğluna  qoyub  vətəninin  adını,  Milli  geyimə 
vərdiş  elətdirir  arvadını.  Elə  arvad-uşağına  sərf  eləyib  ömrünü,  iste-
dadını”  [10,  s.  32].  Yeni  lirik  “mən”  təmtəraqlı  Vətən  görüşləri  ilə 
razılaşmır. Vətən, altmışıncıların dərin inamına görə, ağır sınaqlardan 
və dəhşətlərdən keçib gəlmişdi. Sadəcə olaraq, övladına öz vətəninin, 
millətinin  adını  qoymaqla  kifayətlənənlər,  təbii  ki,  yanılırdılar.  Və-
tənpərvərlik  –  altmışıncılar  tərəfindən  böyük  və  taleyüklü  bir  iş  kimi 


Yüklə 5,1 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə