65
əlaqənin olması haqqında fərziyyə irəli sürməyə imkan yaradır.
Qobustanda,
Gəmiqayada, Kəlbəcər rayonunda qədim rəssamlar uzaqdan görünən, öz ölçüsü və
gözəlliyi ilə insanların diqqətini cəlb edən hündür qayalarda rəsm çəkirdilər. Yəqin
ki, keçmişdə nəslin himayədarı kimi sitayiş edilən dağlar müqəddəs dağlara
çevrilmişdir. Qobustanda Cingirdağı yerli camaatın Cingir Baba adlandırması da
əsassız deyildir.
Cingirdağ adının keçmişdə Dengir, Dengri kimi tələffüz olunması da maraq
doğurur. Tenqri «Oğuznamə»nin uyğur variantında ən ali Allah mənasını verir.
Alban tarixi mənbələrindən məlum olur ki, Tanqrıxanın daş müqəvvası olmuş,
burada at və ya digər heyvanları qurban kəsmişlər [266,98,209-210,223].
Qobustan dağının ətraf ərazilərində (Böyük Qobustan ərazisinin, xüsusilə
Qobustan qəsəbəsi əhalisinin şifahi məlumatları - M.F.) və Ordubadda (Gəmiqaya
dağında) qayaüstü incəsənətin dağlara sitayişlə əlaqəsi haqqında
təsəvvürlər
saxlanılmışdır [237, 12] .
Qobustan ətrafındakı müqəddəs yerlər - pirlər zirvəsi yastı dağ mənzərəsi ilə
uyğunluq təşkil edir.
Kiçikdaş dağında Qaraatlı piri vardır. Müqəddəs ocaq qaya üzərində
yerləşir. Böyükdaş dağının aşağı səkisində İmam Əlinin ayaq izi hesab olunan
çuxurlu daş vardır. Bu daşdan bir qədər aralı, 117 №-li qaya üzərində mehrabı
xatırladan təsvir həkk olunmuşdur. Qobustan dağlarının daşları
üzərində qayaüstü
təsvirlərin yaranması təcrübəsi həm dağlar, həm də daşlara sitayiş haqqında
təsəvvürlərlə bağlıdır. Kiçikdaş dağında, Qaraatlı piri yaxınlığında təbii çuxurlu
qaya vardır. Buraya insanlar niyyət etmək üçün qayaya gəlirlər. Niyyətlərin həyata
keçməsi üçün, adətən qayaya mıx vurub oraya və ya yaxınlıqdakı dağdağan
ağacının (Qafqaz dağdağanı -
Celtis caucasica Wiii) budaqlarına
kiçik parça
kəsikləri bağlayırlar.
Daşdan təsvirləri həkk etmək üçün material kimi geniş istifadə olunması
onun uzun ömürlülüyü haqqında təsəvvürlərlə əlaqədardır. Bu isə daşa sitayiş üçün
əsas hesab olunur. Azərbaycanda bu sitayiş müxtəlif növlərə bölünür: dağ, qaya,
daş və çaydaşına sitayiş. Azərbaycanın bəzi rayonlarında qəbirlərə qara daş da
qoyurdular və belə düşünürdülər ki, insan öldükdən sonra onun ruhu bu daşa keçir.
Çox güman ki, elə bu məqsədlə də kiçik insan heykəlləri basdırılırdı [10, 81].
Kökləri ilə uzaq keçmişə söykənən daşlara sitayiş hal-hazırda
da Şərqi
Hindistanın dağ rayonlarının bir çox tayfa və xalqlarında öz mənasını itirməmişdir
[113, 175-188].
Daşlara fövqəltəbii xüsusiyyət vermək, onlara sehrli qüvvə kimi baxmaq və
ovsun mərasimlərində istifadə etmək bir çox dünya xalqlarına yaxşı məlumdur.
Məsələn, Mərkəzi Avstraliya tayfalarında yerli əhali şər qüvvələri qovmaq üçün
daş atırdı. Bunun nəticəsində həmin yerlərdə minlərlə daş qalaqları yaranırdı.
Daşdan ovçuluq və yağış ovsunlarında geniş istifadə olunurdu [280, 53]. Qo-
bustanda aparılan arxeoloji ekspedisiyalar zamanı qəbirlərdən
külli miqdarda
66
üzərində qayaüstü təsvirlər olan daş-qayalar aşkar olunmuşdur [167, 99 103; 246,
42]. Bütün bunlar daşların ayin üçün nəzərdə tutulması haqqında fikir irəli sürməyə
imkan verir.
Üst paleolit mədəniyyətində animistik konsepsiyanın ən parlaq daşıyıcıları
bütün bəşəri başlanğıc təcəssümü olmuş qadın əcdadı obrazıdır. Bəzi arxeoloqların
fikrincə, qadının «xüsusi mövqeyi» və ona sitayiş hələ orinyak-solütre dövründə
meydana gəlmişdir. [180, 257] Bu mühitdə «ümumi qadın» obrazı hakim mövqe
tuturdu. Bunun bədii sübutu Qobustan qayalarındakı sifətsiz qadın təsvirləri və
paleolit dövrünün əksər «Venera»larıdır [68, 281, 226; 166, 92-95; 145, 200-203].
Mifoloji fantaziyalarla dolğun olan «ümumi qadın» obrazı nəslin artmasına nəzarət
edən əcdad ana-başçını təcəssüm etdirirdi.
Hələ üst paleolitin orinyak dövründə qadının antropomorf
təsvirləri dünya
təsəvvürlərinin və ideyalarının yaradıcılarından birinə çevrilir. Bu mövzu özünü
həm süjet formasında, həm də işarə yazılarında göstərirdi. Başsız qadın
bədənlərinin real və sxematik təsvirləri yeni həyatın sonsuzluğunu əks etdirirdi.
Bununla əlaqədar, Böyükdaş dağındakı «başsız» hamilə qadın fiqurları maraq
doğurur (yuxarı səki, 49 №-li daş), (ill. 58).
«Ümumi qadın» obrazı əvvəlcə kiçik formalarda məhdudlaşırdı, sonralar,
madlen dövründə isə mağaraların qayaları və divarlarında tək qadın təsvirlərinə
rast gəlinir. İbtidai incəsənətin yüksəliş dövrü üst paleolitin ortaları və sonuna
təsadüf edir. Bu dövrdə ən geniş yayılmış süjet qadın elementlərini əks
etdirən
obrazlardır. Oturaq həyat şəraitində qadın-əcdad, nəslin davamçısı, ocağın
qoruyucusu və ovçu - ovsun ayinlərini yerinə yetirən olmalı idi [76, 402-404].
Etnoqrafik müqayisələrin aparılması paleolit incəsənəti abidələrini düzgün
şərh etməyə imkan yaradır. Bizim günlərədək qorunub saxlanılan yeganə ayin
Qərbi Mikroneziyanın Pelau adalarında «nəslin davamçısı»na sitayişdir [186, 554;
184]. Azərbaycanda da ana nəslinin izlərini saxlamış ayinlər vardır.
Ayinlərdən birinə görə, yaşayış məskəninin qadınları öz aralarından «Şah»
seçirdilər. «Şah» xüsusi səlahiyyətə malik idi və müxtəlif mübahisələri həll edirdi.
Bundan başqa, Zaqafqaziyadan uzaqlarda yayılmış «al-anası»na özünəməxsus
inam qadınların həyatında vacib rol oynayırdı. Kürd qadınlarının və Azərbaycanın
digər rayonlarının nümayəndələrinin mövhumatçı təsəvvürlərində hündür kürən
qadın zalım və çox böyük gücə malik idi. Bu da həmyerlilərin dərin hörmətinə və
qorxusuna səbəb olurdu [9, 165-166]. Paleolit dövrü qadın təsvirləri ilə bağlı
ideyalar ibtidai insanların təsəvvürlərinin əsasını təşkil edir.
Çoxsaylı qəbirlərdə biz paleolit dövrü insanının (sonralar növbəti
dövrlərin
insanları da) axirət dünyasına inamını səciyyələndirən animistik təsəvvürlərin
mövcudluğu faktının təsdiqini görürük. Belə qəbirlər Qobustanın Firuz
düşərgəsində aşkar olunmuşdur. Arxeoloqlar mədəni təbəqədə 11 insan skeleti
aşkar etmiş və onları mezolit dövrünə aid etmişlər. Üstü oxra ilə örtülmüş və