Ci illər peyzaj: Hüseyin Arif



Yüklə 214,12 Kb.
səhifə47/51
tarix07.06.2023
ölçüsü214,12 Kb.
#115792
1   ...   43   44   45   46   47   48   49   50   51
Allah komeyimiz olsun

"Atabəylər" Azərbaycan ədəbiyyatında mənzum dramaturgiyanın da, tarixi dramların da inkişafında mühüm sənət hadisəsi sayılmağa layiqdir. XX əsrin 80-ci illərində yazılmasına baxmayaraq, bu əsərdə ideoloji təmayüllər deyil, dövlətçilik maraqlarının və milli mənafelərin əks etdirilməsi əsas kimi qəbul edilməsi zamanına görə müəllifin vətəndaşlıq cəsarətinin və uzaqgörənliyinin ifadəsi idi. "Atabəylər" geniş mənada Azərbaycan milli dövlətçilik ideyasının dramıdır. N. Həsənzadə hələ müstəqillikdən qabaq yazdığı bu əsərlə Atabəylər dövlətinin simasında Azərbaycanda müstəqil dövlət qurub yaratmağın mümkünlüyünü diqqət mərkəzinə çəkmişdir. Əsərdəki Atabəy Qızıl Arslan Azərbaycan dövlətçiliyinin əzəməti ilə yanaşı, daxili ziddiyyətlərini, saray mühitinin faciəvi məqamlarını da açmağa imkan verən möhtəşəm obrazdır. Müəllif Qızıl Arslanın ətrafında cərəyan edən hadisələri, tarixi prosesləri dərindən öyrənmiş və bədii ədəbiyyatın, dram sənətinin yüksək imkanları səviyyəsində təqdim edə bilmişdir. Bu mənzum tarixi dram Azərbaycan tarix elminin Atabəylərini təkrar etmədən, amma tarixdən qidalanaraq milli ədəbiyyatımızın Atabəylərini yaratmaq sahəsində əldə edilmiş böyük və yekun nəticədir.
Əsərdə Azərbaycanın "qızıl dövrü" kimi qiymət verilən Atabəylər dövlətinin yüksək səviyyəsi, həm də Qızıl Arslan kimi müdrik, vətənpərvər, ölkə mənafeyini hər şeydən üstün tutan hökmdarların bütöv və parlaq siması ilə müəyyən olunur. Nəriman Həsənzadə Atabəylər dövlətinin qüdrətini həm də sənətkar Əcəmi dühasının vüsəti ilə təqdim edir. "Atabəylər" dramında tarixilik Qızıl Arslanla yanaşı, Əcəmi ilə bağlı hadisələrlə də canlandırılır. Böyük memarın Atabəy hökmdarı Şəmsəddin Eldənizin xanımı Möminəxatunun şərəfinə ucaltdığı möhtəşəm məqbərə dövrün əhəmiyyətli mədəniyyət hadisəsi səviyyəsində təqdim olunur. Bununla, belə, türk-müsəlman dünyasında qadına ucaldılmış bu birinci nəhəng abidənin müəllifi Əcəmi Naxçıvani əsərdə həm də mütəfəkkir şəxsiyyət kimi nəzərə çarpdırılır.
Azərbaycan elmi-ədəbi fikrində ilk dəfə olaraq XII əsrin iki qüdrətli sənətkarı-Nizami Gəncəvi və memar Əcəminin Naxçıvanda görüşməsi hadisəsi "Atabəylər" dramında təsvir edilmişdir.
Əsərdə vahid dövlət içərisində dramatik konflikt saraydaxili qütbləşmə və çəkişmələr əsasında qurulmuşdur. Qızıl Arslan, Nizami, Əcəmi, Cahan Pəhləvanın oğlu Əbubəkr, Bağban, Ozan Azərbaycan dövlətçiliyinin bütövlüyünü təmsil edən ümummilli ideali bütün enerjisi ilə ifadə edirlər. Cahan Pəhləvanın arvadı, saray çəkişmələrini ölkə miqyasında ziddiyyətlər və fəlakətlər səviyyəsinə çatdıran İnanc xatun Azərbaycan dramaturgiyasında yaradılmış mürəkkəb qadın obrazıdır. "Bəzəkli ilana" bənzədilən bu fəndgir qadının dərinliklərini incəliklərinə qədər açması Nǝriman Həsənzadənin özünəməxsus dramatik xarakterlər yaratmaq ustalığının göstəricisi sayıla bilər. Oğlu Mahmud, Cahan Pəhləvanın əmirləri Ayǝba, Ruz, Qızıl Arslanın ögey qardaşı, səlcuqların sonuncu nümayəndəsi Toğrul bəy və başqaları milli dövlətçilik ideallarının deyil, hakimiyyət hərisliyinin, şəxsi maraqların, mənsəbpərəstliyin daşıyıcıları kimi təqdim olunurlar. Bədii təxəyyülün məhsulu olan Gülaçar obrazı ilə müəllif gərgin və mürəkkəb saray mühiti əhatəsində yüksək mənəviyyatı yaşatmağın mümkünlüyünü, yaxud zəruriliyini göstərmək niyyətini meydana qoymuşdur.
Nəticədə "Atabəylər" mənzum tarixi dramı həm də xarakterlər dramı kimi yadda qalır. Şeirdə əsasən kövrək, həzin, incə, lirik duyğuları tərənnüm edən Nəriman Həsənzadə dramaturgiyada sərt, mürəkkəb, ciddi mətləbləri və xarakterləri ifadə edərək həyatın, ictimai-siyasi mühitin görünən və görünməyən qatlarını açan sənətkar kimi diqqəti cəlb edir. Təzadlı hadisələrdən, saray intriqalarından, "İsfahan qütbü" və Atabəylər xanədanı çəkişmələrindən yaranan faciələr yekun qənaətlər kimi müəllifə "Vətəni birliyə çağırmaq", ölkə üçün qılıncın və sənətin birliyinin hikmətini açmaq, milli şüurun oyanışının zəruriliyini diqtə etmək mənasında tutarlı vasitəyə çevrilmişdir. Təxminən otuz il əvvəl, fərqli ictimai quruluş zamanı yazılmış və "Atabəylər" tamaşasının yekun müddəası kimi düşünülmüş aşağıdakı misralar indiki dövrümüz üçün də (sabah üçün də) aktualdır. "Atabəylər" mənzum tarixi dramı cəmiyyətin əsas təbəqələrini əhatə edən milli birlik ideyasının uğurlu tamaşasıdır. Bu əsər Azərbaycan ədəbiyyatının və milli teatrın böyük nailiyyətidir.
Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" mənzum dramı (1997) da tarixə müasirlik işığında bədii yanaşma əsasında meydana çıxmışdır. Əsərdə bizim eradan əvvəlki birinci əsrdə Roma sərkərdəsi Pompeyin Qafqaza yürüşü əsasında Qafqazda, o cümlədən Azərbaycan Albaniyasında gedən ictimai-tarixi proseslər öz əksini tapmışdır. Ümimuyyətlə, Nəriman Həsənzadə mövzu etibarilə Azərbaycan poeziyasının və dramaturgiyasının üfüqlərini geniş mənada Qafqaza qədər yüksəltmişdir.
"Qafqaz" poeması "Pompeyin Qafqaza yürüşü" mənzum tarixi dramının proloqu təsiri bağışlayır. Nəriman Nəsənzadənin şeirində də, dramaturgiyasında da Qafqazın mənəvi zənginliyi və ucalığı yaşayır. "Pompeyin Qafqaza yürüşü" əsəri həmin mənəvi zənginliyin və ucalığın dramatik cəhətdən bədii təsdiqindən ibarətdir. Əsərdə əsas hadisələr canlandırılmazdan əvvəl Qafqaza ümumi poetik nəzər salınır, buranın əzəməti və mahiyyəti diqqət mərkəzinə çəkilir. Ölkəsindən qaçaraq Kolxida knyazlığında sığınacaq tapmış hökmdar Murdatı ələ keçirmək üçün Roma sərkərdəsi Pompeyin Azərbaycan Albaniyası ərazisindən keçərək hərbi yürüş etmək niyyətinin axarında yadelli işğalçı və vətənpərvər xalq motivi əsərin ana xəttini təşkil edir. Alban çarı Uruzun müdrikliyi hökmdar və xalq probleminin səhnə təcəssümü üçün geniş meydan açmışdır. Nəriman Həsənzadə Çar Uruzun simasında utopik ideal hökmdarı deyil, real, gerçək, xalqa və torpağa bağlı vətənsevər ölkə başçısı obrazını yaratmışdır. "Qafqazın qartalı" adlandırılan İberiya knyazı Çar Artakla Alban hökmdarının möhkəm və etibarlı ittifaqının Azərbaycan və Gürcüstan xalqlarının birliyi və müttəfiqliyinin möhkəm bünövrəsini təşkil etməsi ideyası Nǝriman Həsənzadənin ümumi Qafqaz evi baxışlarının əsasında dayanır. Hələ eradan əvvəl Ermənistan çarı ikinci Tiqranın Qafqazın birliyi düşüncəsindən çox uzaq olub, saxta "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək yolunda ikiüzlü və məkrli siyasət yeritməsinin ön mövqeyə çəkilməsi erməni xislətinin tarixi genezisini aydın təsəvvür etməyə şərait yaradır. Oğul şahzadə Tiqranın hakimiyyətə yiyələnmək baxımından öz atasına xəyanətkar mövqedə dayanması ilə bağlı məqamların səhnəyə çıxarılması uydurma "Böyük Ermənistan" ideyasının da mahiyyətində hakimiyyət maraqlarının üstünlük təşkil etdiyini tamaşaçıya çatdırmaq üçün tarixdən alınaraq ədəbiyyata gətirilmiş real hadisələrdir. "Pompeyin Qafqaza yürüşü" tarixi dramındakı Məlikə Aydan ana obrazı müdrik, mütəfəkkir Azərbaycan qadınlarının mənəvi simasını dolğun şəkildə ümumiləşdirir. Alban çarının anası olan Məlikə Aydan geniş mənada dövlət başçısı səviyyəsində düşünməyi bacaran, ölkə üçün ağıllı və qəhrəman hökmdarlar tərbiyə edib yetişdirə bilən vətənpərvər Ana kimi mənsub olduğu xalqın da ucalığını və uzaqgörənliyini ifadə edir. "Atabəylər" dramındakı mürəkkəb, məkrli İnanc xatun obrazı və "Pompeyin Qafqaza yürüşü" əsərindəki ağıllı, müdrik Məlikə Aydan surəti Nəriman Həsənzadənin Azərbaycan ədəbiyyatına gətirdiyi hərtərəfli şəkildə işlənmiş, bütün qütbləri ilə təqdim edilmiş orijinal qadın obrazlarıdır. Eyni zamanda, "Atabəylər"dəki Gülaçar və "Pompeyin Qafqaza yürüşü"ndəki İlkcan dramatik obrazlar olmaqla yanaşı, taleyi və xarakteri etibarilə lirizmi ilə yadda qalan qadın obrazları kimi də diqqəti cəlb edirlər.
Bütövlükdə "Pompeyin Qafqaza yürüşü" mənzum tarixi dramı Şərq müdrikliyinin işığında xeyirin qələbə çalacağına inam hissi ilə tamamlanır. Həmçinin Nəriman Həsənzadə əsər boyu işğalçılığın, namərdliyin heç vaxt qələbə çala bilməyəcəyini də bədii cəhətdən əsaslandırır. Müəllif Qafqazın mənəvi zənginliyini və ucalığının Qərbin qılıncından daha kəskin və uzunömürlü olduğunu da göstərə bilir.
Nəriman Həsənzadənin "Midiya sarayı" dramı geniş yayılmış Astiaq ǝsatirinin dram formasına salınmış, səhnələşdirilmiş şəklidir. Əsərdə hakimiyyət çəkişmələri, xəyanətin acı aqibəti, mənəvi iflasa məhkumluğu ideyası təlqin olunur. Saray həyatından bəhs etməsi, qarşı tərəflərin gərgin dramatik çəkişmələrinin göstərilməsi, şər notlarının qabarıqlığı "Midiya sarayı" əsərinin Nəriman Həsənzadəni digər dramlarına yaxınlaşdırır. Lakin yaxın, oxşar möv- zuda qələmə alınmasına baxmayaraq, Nəriman Həsənzadə məsələyə fərqli bucaqdan baxmağı bacarmışdır. Bu əsərdə xəyanət kimi təqdim olunan hədisənin mahiyyətində əslində saraylarda anlaşılması çətin olan insani bir münasibət də vardır... Bununla belə, fikrimizcə, "Midiya sarayı" əsəri natamamdır, bitməmişdir.
Göründüyü kimi, xalq şairi Nəriman Həsənzadə Azərbaycan dramaturgiyasını tarixi mövzular və müasirlik ideyası ilə zənginləşdirmişdir. XX əsrin axırlarında Azərbaycan ədəbiyyatında mənzum dramaturgiya ənənəsinin yaşadılması və inkişaf etdirilməsi Nəriman Həsənzadənin mühüm ədəbi xidmətidir.
Tarixi mövzuları əhatə etməsi Nəriman Həsənzadənin mənzum dramlarının özünəməxsusluğunu, fərqli səciyyəvi xüsusiyyətlərini müəyyən edir. Tarixilik və elmilik bədii məqsədin, sənətkar ideyasının ərsəyə gətirilməsi və inkişaf etdirilməsi üçün istinad edilən mənbə funksiyasını həyata keçirir. Bundan başqa, tarixi mövzuya bədii yanaşma xalq şairi Nəriman Həsənzadə üçün sadəcə və qətiyyən ədəbi yaradıcılığın qayda-qanunları çərçivəsində olub keçənləri yada salmaq, bərpa etmək, çatdırmaq mənalarını daşımaqla bitmir. Və xalq şairi Nəriman Həsənzadə tarixdən bu günə çatdırılması zəruri və əhəmiyyətli olan sözü ən yüksək bədii səviyyədə və müasirlik işığında ifadə etməyin böyük ustadıdır
63. Poeziyada lirik-romantik təmayül. Nəbi Xəzri
Realist poeziyada şair-sənətkarın tərənnüm və təsvir obyektində həyatın gerçəklikləri dayanır. Realist poeziyanın romantik imkanlarını müəyyənləşdirmək, romantikanın realist şeirdə iştirakının səviyyəsini və funksionallığını konkret müəlliflərin yaradıcılığında üzə çıxarmaq dissertasiyanın əsasını təşkil edir. Bu da öz müqabilində iki ciddi nəzəri problemə toxunmağı labüdləşdirir. Bunlardan birincisi realist poeziya, digəri isə romantikadır. Realist poeziya ilə romantikanın sintezindən meydana gələn realist poeziyada lirik-romantik təmayül kimi xarakterizə olunur. Bu istiqamət təmiz realist üslubda yazılmış şeir mətnlərindən fərqlənir.
Şair həyatda, reallıqda, gerçəklikdə olanın əlamətlərinə istinad edib, öz xəyallarının “Mən” ini yaradır. Xəyali “Mən”, xəyali surət real “Mən” dən çox-çox genişdir.Səməd Vurğunun romantik lirikasında psixoloji paralellizm güclüdür. O öz obrazını cəmiyyət amili üzərinə deyil, daha çox təbiət fakturasına köçürür. Bu, ümumiyyətlə, XX əsr Azərbaycan şerinin əsas yaradıcılıq istiqamətindən birincisi olan lirik-romantik təmayülə xas xüsusiyyətdir. Səməd Vurğun və Mikayıl Müşfiqin ardınca Nəbi Xəzri, Hüseyn Arif, Musa Yaqub, Məmməd İsmayıl, Zəlimxan Yaqub və s. kimi bu təmayülə mənsub şairlər təbiətin təkcə gözəlliyini tərənnüm etməklə kifayətlənməyib. Vətən rəmzi olan təbiətin təbii, sadə və səmimi fəlsəfəsini insanlığın ədəbi səadəti kimi poeziyaya gətirmişlər.
Nəbi Xəzri- Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi.
Nəbi Xəzri Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunmuşdur. Uşaqlıq, ibtidai məktəb illərindən şair olmaq istəyini bildirmişdi. “Günəş adlı ilk ciddi şeirini isə 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır.
Bakı, Abşeron torpağının yetirməsi kimi Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürmüşdür.
Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Dünən və bu gün, tarixilik və müasirlik, ən ağrılı anlarda gələcəyə nikbin bağlılıq, ölümdə belə ölümsüzlük görmək, kövrək, incə notlar, həssaslıq onun poezyasının ruhunu təşkil edir. Başqa sözlə, Nəbi Xəzri Müstəqillik illərinin ağrılı keçid dövründə, ictimai-siyasi kataklizmlərində belə, yolundan sapmadı, susqun olub durmadı, yüksək Vətənpərvərlik və Vətəndaşlıq poeziyasına sadiq qaldı, Səməd Vurğun ədəbi məktəbinin ləyaqətli davamçısı kimi, “Əyilməz vicdanın böyük heykəli!” amalını uca tutdu
Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş, müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.
Nə­bi Xəz­ri öz şeir­lə­rin­də yal­nız Azər­bay­ca­nın dey­il, dün­ya xalq­la­rı­nın dərd­lə­ri­ni qə­lə­mə al­mış­dır. Şa­i­rin po­eziya­sı­nın əsa­­sın­da in­san kon­sep­siy­a­sı du­rur. Bu in­san dünya­nın hər bir öl­kə­sin­də in­san­dır. Müa­sir dövr­də Yer kürə­si ey­ni dərd­lər­lə çır­pı­nır. Ona gö­rə də Nə­bi Xəz­ri hər han­sı bir xa­rici dün­ya­nı qə­lə­mə alan­da, hər han­sı bir xa­rici öl­kə­dən ya­zan­da da, ora­da Azər­bayc­a­nı görür, incə və zə­rif li­ri­ka, mə­na­lı tə­bi­ət mən­zə­rə­lə­ri, fəl­sə­fi düşüncə­lər, və­tən­daş­lıq pa­fo­su ilə aşı­lan­mış eti­ra­f­lar bir-bi­ri­nə qo­vu­şur, bir-bi­ri­ni tamam­lay­a­raq zə­ng­in və bütöv po­etik ob­raz, bə­dii pa­no­ram ya­ra­dır. Şa­ir nə­dən ya­zır­sa-yaz­sın, onun şe­ri­nin ru­hu, ca­nı, may­a­sı Azər­bay­can­­dır. Hət­ta uzaq mət­ləb­lə­rə to­xu­nan­da, baş­­qa el­lə­ri tə­s­vir edən­də də mis­ra­la­rın ar­xa­sın­dan ana yurd boy­la­nır, ana tor­pağ­ın nəb­zi, nə­fə­si duyu­lur: Dünyalar içində bir ayrı dünyam- Azərbaycan!
Nəbi Xəzri 60-dan çox kitabın müəllifidir.
64. Poeziyada milli istiqlal düşüncəsi. Məmməd Araz
Şairin yaradıcılığında əsaslı, aparıcı yer tutan, mövzu-mündəricəsini təşkil edən Araz mövzusu eyni zamanda ədibin möhürünə, onun ədəbi ünvanına, təxəllüsünə çevrilir. Şairin “Arazın nəğməsi”, “Bu gecə yuxumda Arazı gördüm”, “Araz üstə çinar gördüm”, “Yenə Arazı gördüm”, “Arazın işıqları”, “Mən Araz şairiyəm” və b. kimi şeirləri, “Araz axır” poeması məhz Arazla ayrı bölünmüş vətənin bütövlük həsrətinə həsr olunub. Bu əsərlərdə paralanmış Azərbaycanın dərin nisgili yer alıb. Buna görə də: “Qələm gəldi əlimə - Araz gəlir dilimə”, - deyə Araz mövzusu şairin sənət kredosu və yaradıcılığının baş mövzusuna çevrilməklə bütün sənət idealını özündə cəmləşdirir. “Mən Arazın səsiyəm” deyən şair həm də ona görə “Böyük Azərbaycan”çı şairdir ki, Araza həsr olunan əsərlərində Azərbaycançılıq məfkurəsi ilə yaşadığını əks etdirməyə nail olmuşdur. Çünki şair Araza təkcə bir çay kimi deyil, həm də tarix kimi, bütöv Azərbaycanın açarı, bütöv vətən idealının rəmzi kimi baxır. Buna görə də şairin yaradıcılığında Araz çox zaman obrazlaşır: Araz özünün dərdli, həsrətli, bəlalara, ayrılıqlara salınmış taleyi, əzəmətli xarakterilə yer alır və dil açıb danışır. Bu baxımdan Araz onun yaradıcılığında həm Azərbaycandır, bir ölkənin, vətənin tarixi, taleyi, bir xalqın, millətin ayrılıq dərdi, həsrətidir, həm də bir vətəndaş-şairin nisgili, qəlb yarası, sənət mövzusudur.
Məmməd Araz həm də milli istiqlalımızın önəmli simalarından biridir. Şairin “Ayağa dur, Azərbaycan” və bu kimi şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi təkan rolunu oynayıb. Ədibin “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndir. Xalq şairi Məmməd Araz yaradıcılığında Araz mövzusu ilə vətənin bütövlüyü ideyası istiqamətində bir çox milli məsələləri işıqlandırdığı kimi, XX əsrin axırlarında xalqımızın bəxtinə yazılan Qarabağ problemini də vətəndaşlıq yanğısı ilə əks etdirib. Xalq şairi öz yaradıcılığına Azərbaycan xalqının yeni əsr, yeni minillikdə başına açılan problemlərini də gətirib, Qarabağ dərdini, qaçqınlıq, köçkünlük faciəsini, xalqın taleyinə yazılan dərdləri əhatəliliklə işıqlandırıb. Əsərlərində qüvvətli mübarizə idealı olan Məmməd Araz milli oyanışa, Qarabağ savaşına aid yazdığı əsərlərində mübarizə əzmini qoruyaraq “Ayağa dur, Azərbaycan” əsərində “Atın məni tank altına, Qundaqdakı bir körpəni xilas edim. Neçə “səni”, neçə “məni” xilas edim”, - deyə babalardan gəlmə döyüş və mübarizə qeyrətini, vətən sevgisi və fədakarlığını nümayiş etdirib. Xalq şairinin “Ya rəbbim, bu dünya sən quran deyil”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Əsgər oğul”, “Dilənçi qaçqın”, “Kəlbəcər qaçqınlarına” və b. əsərləri məhz bu dövrün problemlərini əks etdirən qiymətli ədəbi nümunələrdir. Xalq şairi Məmməd Araz mövzusu nə olursa olsun, Azərbaycan həyatından, taleyindən, dərdindən, sevincindən yazaraq yenə də bir ideala - Azərbaycanın bütövlüyü və azadlığı idealına xidmət edib. Elə “Ya rəbbim, bu dünya sən quran deyil” əsərində də əsas motivlər “Ya rəbbim, bizlərə qaytar bizləri”, “Ya rəbbim, əl açdıq, tut əlimizdən, Çıxmasın bu doğma yurd əlimizdən” kimi motivlər üzərində qurulub. Xalq şairi Məmməd Araz milli istiqlal tariximizdə oynadığı rola görə idi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif edilib.
Vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Araz bu nəğmənin sözlərini də məhz bal-şəkər ana dilində yazıb. Onun şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir. Azərbaycançılığı bütün ruhu ilə ifadə edən Xalq şairi Məmməd Araz ana dilinin bütün poetik qüdrəti ilə yaratdığı əsərləri ilə Azərbaycançılığın dərslik kitabını yazıb. Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb. Mənalarına görə sözlərin dəqiq yerləşimi, fikrin ifadəsi üçün tutumlu ifadə və dolğun, dəqiq sözlərin tapılması böyük sənətkarlıq nailiyyəti olaraq Məmməd Araz sənətkarlığının səciyyəsidir. Bəzən ən az istifadə edilən sözlərin belə tapılıb istifadə edilməsi Məmməd Araz yaradıcılığının leksik zənginliyi kimi diqqəti cəlb edir. Şairin: “Dolular qırımlı, daşlar döyənək, Sən kimə gərəksən, mən kimə gərək” və yaxud: “Haray durnam, qatarımı itirdim, Havar çəkdim, havarımı itirdim. Dalğasında avarımı itirdim”, habelə: “Keçməzliyə keçid olan Çəhlimlərin açarını”, “Girəvə-marıqda yatar birisi” və sair kimi misralarında olanlar tək elə sözlər işlənir ki, bu sözlər ana dilimizin söz, məna zənginliyi və forma gözəlliyini əks etdirən mükəmməl göstəricilərdir. Ana dilinin belə kamil işlənməsi və təcəssümünə görə onun yaradıcılıq dilinə xüsusi qiymət verən tədqiqatçılar, o cümlədən, yazıçı Sabir Rüstəmxanlı da haqlı olaraq yazırdı: “Məmməd Araz üçün ana dili taleyin əlilə ölçülüb-biçilib. Ana dili onun şeirində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. ...Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şeirdir”. Yazıçı Anarın bu fikirləri də ifadə və tutum baxımından daha dəqiqdir ki: “Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burda, nə də darısqal dil köynəyində çırpınan düşüncələr”.
çırpınan düşüncələr”.

Yüklə 214,12 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə