Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə



Yüklə 2,59 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix21.03.2018
ölçüsü2,59 Kb.
#32753
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

- 50 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
Belə bir şəraitdə SSRİ rəhbərliyi «Pərçəm»i yenidən Əfqanıs-
tan siyasi səhnəsinə qaytarmaq planı üzərində işləməyə başladı. 
Oktyabrın sonlarında B.Karməlin mühacirətdə olduğu Praqada 
«Pərçəm» rəhbərliyinin görüşü keçirildi. Burada Əminə qarşı 
müqavimətin təşkili və onun hakimiyyətdən uzaqlaşdırılması 
üzrə fəaliyyət planı hazırlandı. Təqribən eyni vaxtda Moskvada 
A.A.Qromıkonun sədrliyi ilə Sov.İKP MK Siyasi Bürosunun 
Əfqanıstana dair iclası keçirildi. İclasdan üç gün sonra SSRİ 
DTK-nın sədri Y.V.Andropov Karməli Moskvaya çağırdı. 
Göründüyü kimi, Əminin hakimiyyətə gəlişindən az sonra 
sovet rəhbərliyi onunla işləməyin mümkün olmadığı qənaətinə 
gəlmişdi. Buna görə də Əfqanıstan rəhbərliyinin, o cümlədən, 
şəxsən Əminin sovet qoşunlarının Əfqanıstana yeridilməsi barə-
də çoxsaylı müraciətlərinə münasibətdəki imtina və tərəddüdlə-
rini kənara qoyub birbaşa hərbi müdaxiləyə və Karməlin haki-
miyyətə gətirilməsinə hazırlaşırdı.
Qeyd etmək lazımdır ki, Əfqanıstana «məhdud kontingen-
tin» yeridilməsi haqqında qərar təkcə Əminin siyasi və hərbi 
qüvvələr arasında parçalanmanı dərinləşdirən idarəçiliyi, ölkədə, 
xüsusən əyalətlərdə vəziyyətin nəzarətdən çıxması və mücahidlə-
rin mövqelərinin günbəgün güclənməsi ilə əlaqədar deyildi. Bu 
addımın atılmasında, çox vaxt vurğulanmasa da, Əminin xarici 
siyasət xətti də önəmli təsirə malik olmuşdu.
Məsələ burasındadır ki, Əmin öz hakimiyyəti və bütövlük-
də ölkəsi üçün yaxınlaşan daha böyük fəlakətin fərqində idi və 
birtərəfli xarici siyasətin acı nəticələrini yaxşı görürdü. Düşdü-
yü seytnot vəziyyətində o, pozulmuş balansı düzəltmək üçün 
müəyyən addımlar atmağa çalışırdı. Bunun üçün ilk növbədə, 
ABŞ və Pakistanla münasibətlərdə dəyişikliyə nail olmaq lazım 
idi.  Əminin məhz bu yöndə fəaliyyət göstərdiyinə dair çoxsaylı 
faktlar vardır. Məsələn, M.İ.Əndişmənd yazır: «Həfizulla Əmin 
Moskvanın qəzəb və intiqamından qurtarmaq üçün başqa yolla-


- 51 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
ra da əl atdı. O, ABŞ və Pakistanla təmasa girdi. Pakistan hərbi 
hökumətinin rəhbəri general Ziyaül-Həqdən xahiş etdi ki, xarici 
işlər nazirini Kabula göndərsin. «Xəlq» fraksiyasının yüksək rüt-
bəli üzvlərindən biri olan S.M.Gülabzoyun iddiasına görə, Əmin 
Əfqanıstan İslam Partiyasının rəhbəri Gülbəddin Hikmətyarla 
əlaqəyə girib ona hakimiyyəti bölüşdürməyi təklif etmişdi. Bu iş-
ləri həyata keçirmək üçün Əminin uzun zamana ehtiyacı vardı və 
Moskva onun belə bir zamana malik olmasına imkan verməzdi» 
[127, 81].
Başqa bir əfqan müəllifi yazır: «Əmin artıq sovetlərə etima-
dını itirmişdi və Pakistan və ABŞ-la anlaşmaq, mücahidlərlə sül-
hə nail olmaq niyyətində idi… O, Brejnevin razılığı olmadan bir 
neçə dəfə Kabuldakı ABŞ səfirliyinin attaşesi ilə görüşmüşdü. 
Həqiqətən də, Əmin ABŞ və Pakistanla münasibətləri yaxşılaş-
dırmaq üçün addımlar atmağa çalışırdı. Dekabr ayının (1979-cu 
il – M.M.) birinci yarısında o, televiziya ilə çıxışında Pakistanla 
sərhəd ixtilaflarını aradan qaldırmağa hazır olduğunu bəyan et-
mişdi, qarşılıqlı olaraq, Pakistan dövləti də Əfqanıstan hökuməti 
ilə müzakirəyə hazır olduğunu bildirmişdi. General Ziyaül-Həqq 
bir hind jurnalistinə verdiyi müsahibədə demişdi ki, dekabrın or-
talarında Əminin səmimi məktubunu almışdır və xarici işlər na-
ziri Ağaşahini müzakirə aparmaq üçün Kabula göndərəcəkdir» 
[124, 150].
Həqiqətən də, dekabrın 22-də Ağaşahi Kabula yollanmağa ha-
zırlaşırdı, lakin güclü  qar yağması nəticəsində Kabul aeroportu-
na enmək mümkün olmadığı üçün səfər təxirə salındı və onun de-
kabrın 30-da baş tutacağı elan edildi, lakin dekabrın 27-də sovet 
qoşunlarının müdaxiləsi ilə Əfqanıstanda baş verən hakimiyyət 
dəyişikliyi buna imkan vermədi.
Bütün bunlar SSRİ rəhbərliyinin Əmini devirmək üçün niyə 
hərəkətə keçdiyinin daha bir səbəbi üzərinə işıq salır. Məsələ bu-
rasındadır ki, sovet (rus) və bir çox əfqan müəlliflərinin əsərlərin-


- 52 - 
ƏFQANISTAN: SOVET IŞĞALINDAN AMERIKA MÜDAXILƏSINƏ | MƏSIAĞA MƏHƏMMƏDI
də bu məqamın üzərindən sükutla keçilir və Əminin büsbütün 
mənfi obrazı oxuculara təqdim olunur. Bu mənfi obrazın yara-
dılmasında onun barəsində əfqan siyasətçiləri və tədqiqatçıları 
arasında geniş yayılmış MKİ (CIA) agenti  damğasından gen-bol 
istifadə olunur. Məsələn, əfqan müəlliflərindən biri onu «MKİ-
nin ƏXDP-də yatmış əjdahası» kimi təqdim edir [133]. 
Maraqlıdır ki, Bəbrək Karməl də hakimiyyətə gəlişindən üç 
gün sonra keçirdiyi mətbuat konfransında Əmindən dəfələrlə 
«MKİ agenti», «Amerika imperializminin casusu» kimi danış-
mışdır. Bununla bağlı ABC kanalı müxbirinin nəyə əsasən belə 
söylədiyinə dair sualının cavabında Karməl tezliklə bütün sənəd-
lərin mətbuatda dərc olunacağını bildirsə də, nə onda, nə sonralar 
belə bir sənəd ortaya çıxmadı. Bu baxımdan 1985-1989-cu illər-
də SSRİ Müdafiə Nazirliyinin Əfqanıstandakı operativ qrupunun 
rəhbəri olmuş general V.İ.Varennikovun yanaşması əsl mətləbi 
vurğulamaq baxımından diqqəti çəkir: «Bizdə belə təsəvvür var-
dı ki, Əminin MKİ ilə əlaqəsi var. Bu, əsassız təsəvvür deyildi. Bə-
ziləri Əminin əleyhinə ona görə çıxırdı ki, o, ABŞ-da təhsil alıb. 
Amma bu məsələ mühüm deyildi. Əsas məsələ Əminin fəaliyyəti 
və onun gördüyü işlərin nəticəsi idi. O, öz oyununa başlamışdı və 
ABŞ hökumətinin nümayəndələri ilə müntəzəm şəkildə görüşür-
dü» [135].
Bəli, sovet rəhbərliyi məhz Əminin «gördüyü işlərin nəticə-
si»nin nə olacağını yaxşı bildiyi üçün ləngimədən tədbir görmək 
qərarına gəldi. Yəni söhbət sadəcə bir «agentin» aradan götü-
rülməsindən deyil, SSRİ-nin maraqlarını təhlükə altına qoyan 
«oyunun» dayandırılmasından gedirdi.


Yüklə 2,59 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə