ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   2   3   4   5   6   7   8   9   ...   59

qurumuş bir kərtənkələni andırırdı, üçüncüsü isə balacaboy, amma öz ağasının namusu və  şərəfinin 
qarovulçusu olmaqdan qürurlanan bir adam idi. 
Əmim yavaş-yavaş nərdivandan endi. Mən onu qucaqladım və ehtiramla onun sol çiynini öpdüm – 
əslində xalq arasında belə bir şeyə ehtiyac yox idi. Arvadlarına da heç gözucu da baxmadım. Biz faytona 
mindik.  Əmimin arvadları ilə  xədimağaları qapalı faytonlarla bizim arxamızca gəlirdilər. Dəstəmizin 
möhtəşəm görünməsi üçün Bakı əhli əmimin zənginlik və əzəmətinə heyran qalsın deyə faytona sahil 
yolundan sürməsi üçün faytonçuya əmr verdim. 
Nino da bulvarda dayanıb, gülər gözləri ilə mənə baxırdı. Əmim isə alicənablıqla saqqalını sığallayaraq 
şəhərdə təzə nə xəbər olduğunu soruşdu. Mən ona yeni bir xəbər olmadığını dedim. Çünki vəzifəmin 
söhbətə xırda lazımsız xəbərlərlə başlamaq və gerçəkdən lazımlı olan xəbərlərə daha sonra keçməli 
olduğunu bilirdim. “Dadaş bəy keçən həftə Axundzadəni bıçaqlayaraq öldürdü. Axundzadə  səkkiz il 
əvvəl Dadaş bəyin arvadını qaçırdığı üçün təhlükənin hələ sovuşmadığını bilə-bilə şəhərə qayıtmışdı. 
Axundzadə, şəhərə qayıdan gün bıçaqlandı. İndi polis Dadaş bəyi axtarır. Amma onu polis tapa 
bilməyəcək. Baxmayaraq ki, hamı Dadaş bəyin Mərdəkanda olduğunu bilirdi. 
Çünki ağlı başında olan kişilər Dadaş bəyin çox düz hərəkət etmiş olduğunu söyləyirlər. 
Əmim sözlərimi başı ilə təsdiqləyib dedi: 
- Bəli, Dadaş bəy düz etmişdir. 
Daha nə yeni xəbərlər vardır? Bəli, ruslar Bibiheybətdə yeni neft yataqları tapmışlar. Dənizin bir 
qismini təmizləyib neft axtarışına başlamaq üçün Nobel firması böyük birp alman maşını 
gətirtmişdilər. Əmim heyrət içində idi: “Allah, Allah!” deyərək üzgün bir tərzdə dodaqlarını tərpətdi. 
- Evimizdə isə hər şey öz qaydasındadır. Allah izn versə bir həftəyə qədər gimnaziyanı bitirəcəyəm” - 
dedim. 
Danışmağa davam etdim, yaşlı əmim də  məni diqqətlə dinlədi. Nəhayət faytonumuz evimizə 
yaxınlaşanda mən gözlərimi yan tərəfə zilləyib sözarası dedim: 
“Rusiyadan Bakıya adlı-sanlı bir həkim gəlib. Deyirlər ki, o, çox zəngin biliyə malikdir. Adamın üzünə 
baxan kimi onun keçmişini və hal hazırdakı vəziyyətini xəbər verir. 
Darıxdığı üçün əmimin gözləri yarı qapalı idi. Tamamilə laqeyd tərzdə əmim o müdrik həkimin adını 
soruşdu. Mənim söylədiklərimdən  əmimin məndən çox məmnun qalmış olduğunu anladım. Çünki 
bütün bunlar bizdə əxlaqın və alicənab tərbiyənin əlamətləri sayılırdı. 
 
II 
 
Düm-düz dama yumşaq, rəngarəng və üzərilərində cürbəcür naxışlar olan Qarabağ xalıları sərilmişdi. 
Axşam üstü xalıların üstündə atam, əmim və  mən bardaş qurub oturduq. Bizim arxamızda əllərində 
fənər tutmuş xidmətçilər dayanmışdılar. Qabağımızdakı xalının üzərinə sərilmiş süfrə isə hər cür şərq 
yeməkləri ilə dolu idi: Ballı-badamlı çörəklər, şəkərləndirilmiş meyvələr, kabab, bişmiş toyuq və 
kişmişli plov. Əvvəllər də olduğu kimi atamla əmimin incəliklərinə heyran idim. Onlar sol əllərini 
tərpətmədən sağ əlləri ilə lavaşdan kəsib içinə ət doldurub, dürmək düzəldərək ağızlarına qoyurdular. 
Əmim çox incəliklə sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə saldı, və bir az plov götürdü. 
Onları küftə kimi yumurlayıb, bir düyünü belə yerə salmadan ağzına qoydu. 
Çəngəl, bıçaqla yemək vərdişlərində ruslar bilmirəm nədən bu qədər öyünürlər. Hətta ən axmaq adam 
belə, bir ay ərzində bu cür yemək tərzini öyrənə bilər. Şəxsən mən çəngəl, bıçaqla çox rahat yemək 
yeməyi bilirəm və avropalıların ziyafət süfrəsində necə hərəkət etməyi də yaxşı öyrənmişəm. Lakin, on 
səkkiz yaşım olmasına baxmayaraq, mən atam və yaxud əmim kimi tam alicənablıqla yemək yeyə 
bilmirəm. Onlar yalnız sağ əlin üç barmağı ilə saysız-hesabsız şərq yeməklərini elə yeyib qurtarırdılar 
ki, hətta  əllərinin üstü belə  tər-təmiz qalırdı. Nino bizim yemək üslubumuza barbar üslubu kimi 
baxırdı. Kipiani ailəsinin evində daima masa arxasında oturub avropasayağı yemək yeyirdilər. Bizim 


evdə isə ancaq rus qonaqlarımız olduğu zaman yemək bu cür yeyilərdi. Nino, mənim xalça üstündə 
oturub əllərimlə yemək yediyimi görəndə dəhşətə gəlirdi. Amma Nino öz atasının ancaq iyirmi yaşına 
çatdıqdan sonra ilk dəfə çəngəl, bıçaq işlətməyə başladığını unudurdu. 
Yemək sona çatdı. Biz əllərimizi yuduq, əmim qısa bir dua oxudu. Sonra yeməkləri süfrənin üstündən 
yığışdırdılar. Kiçik fincanlar içində tünd çay gətirildi. Yaxşı bir yeməkdən sonra əmim qoca adamlar 
kimi havadan, sudan və boş-boş şeylərdən danışmağa başladı. Atam heç danışmırdı, mən də susub 
oturmuşdum. Çünki adət belə  tələb edirdi. Yalnız əmim söhbət edirdi və  hər dəfə Bakıya gələndə 
etdiyi kimi sarayında çox mühüm, amma mənim üçün hələ  də tam aydın olmayan bir rol oynadığı 
böyük Nəsrəddin şahın zəmanəsindən bəhs edirdi. Əmim sözünə davam edib dedi: 
-“Tam otuz il Şahən-şahın göz bəbəyi idim. Əlahəzrət üç dəfə Avropa səyahətinə çıxarkən məni də 
özü ilə aparmışdı. Bu səyahətlər zamanı mən, kafirlərin dünyası ilə hamıdan yaxşı tanış oldum. Biz 
kralların, kayzerlərin saraylarını və zamanın ən tanınmış xristianlarını ziyarət etdik. Qərblilərin dünyası 
qəribə bir dünyadır. Hamısından qəribəsi qadınlarına olan münasibət idi. Qadınlar, hətta kralların, 
kanslerlərin arvadları belə saraylarda çıl-çılpaq gəzirdilər. Onlara kimsə bir söz demirdi. Bəlkə 
xristianlar  əsl mənada kişi deyillər, bəlkə  də bunun daha bir başqa səbəbi vardır. Allah bilir səbəb 
nədir? 
Əhəmiyyətsiz şeylər bu kafirləri qəzəbləndirirdi. Bir dəfə Şahənşah həzrətləri çarın sarayındakı bir 
ziyafətə  dəvət edilmişdi. Çariça da onun yanında əyləşmişdi. Şahənşahın boşqabında yaxşı bir 
toyuqbudu vardı. Əlahəzrət o gözəl, yağlı toyuq budunu üç barmağı ilə çox zərif bir şəkildə tutaraq 
qaldırdı və çariçanın boşqabına qoydu: Çariçanın rəngi birdən-birə  dəyişdi və qorxudan öskürməyə 
başladı. Sonradan Şahənşahın göstərdiyi bu nəzakət çar sarayındakı bir çox prinsi və böyük rütbəyə 
malik olan şəxsləri çaşdırdı. O gecəki ziyafətdən sonra fransız səfiri, çarın arvadını qolları arasına alıb 
eybəcər müsiqi müşayiəti ilə böyük ziyafət salonunda rəqs edirdi. Çarın özü və onun bir çox mühafizə 
zabitləri bu səhnəyə tamaşa edirdilər. Lakin onların heç biri çarın namusunu, şərəfini qorumağa 
qalxmadı... Berlində isə daha bir qəribə şeyin şahidi olduq. Bizi “Afrikalı qadın” operasına dəvət 
etdilər. Səhnəyə bir kök qadın çıxıb, eybəcər şəkildə oxumağa başladı. Qadının səsindən heç birimizin 
xoşu gəlmədi. Kayzer Vilhelm də bu qadının eybəcər oxumağını görüb, yerindəcə onun 
cəzalandırılmasını əmr etdi. Axırıncı pərdədə səhnəyə çoxlu zənci gəlib, səhnənin ortasında böyük bir 
tonqal qaladılar. 
Qadının  əl-qolunu bağlayaraq onu tonqalın ortasındakı dirəyə sarıdılar. O, tonqalın ortasında yavaş-
yavaş yanmağa başladı. Sonralar bir nəfər bizə tonqalın simvolik olduğunu söylədi. Amma biz buna 
inanmadıq. Çünki qadının çığırtısı Tehranda olduğumuz zaman şahın əmri ilə diri-dirə yandırılan kafir 
qadın “hürriyyət-ül-Ayin”in çığırtısı qədər dəhşətli idi.  
Əmim bir müddət düşüncə və xatirələrinə qərq olub oturduğu yerdə susdu. Sonra dərin nəfəs alaraq 
söhbətini davam etdirdi: “Bu xristianların başa düşə bilmədiyim bir başqa şeyləri də var. Düşməni 
məğlub etmək üçün onların yaxşı silahları, əsgərləri, üstəlik hər şey istehsal etmək üçün yaxşı zavodları 
da vardır. Başqa insanları kütləvi şəkildə ən asan yolla məhv etmək üçün hər hansı bir nəfər yeni ixtira 
edərsə, həmin adam böyük məbləğdə pulla, orden və medallarla mükafatlandırılır. Amma, o biri 
tərəfdən də Avropalılar durmadan saysız-hesabsız xəstəxanalar tikirlər. Müharibə zamanı düşmən 
əsgərlərini müalicə edən və ya düşmən əsirlərini bəsləyən şəxslər də eyni cür hörmətə layiq görülürlər. 
Onlara da orden və medallar verilir. Möhtəşəm hökmdarın Şahənşah həzrətləri, həmişə təəccüblənib 
deyirdi ki, bir-birinə zidd işlər görən insanların eyni dərəcədə mükafatlandırıldıqlarını görəndə çaşıb 
qalırsan. Bir dəfə Şahənşah həzrətləri Vyanada bu mövzu barədə Avstriya imperatoru ilə görüşdü. 
Lakin Avstriya imperatoru lazımı dərəcədə mövzunu açıqlaya bilmədi. Bütün bunların əksinə, 
Avropalılar bizə nifrət edirlər... Onlar deyirlər ki, siz dörd arvad saxlayırsınız, halbuki onlar çox zaman 
dörddən də artıq qadınlarla yaşayırlar. Buna baxmayaraq Allahın buyurduğu kimi yaşayıb hökmranlıq 
etdiyimiz üçün onlar bizə nifrət bəsləyirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə