FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə100/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   96   97   98   99   100   101   102   103   ...   129

 

- 307 -


niyyət adi danışıq dilində, adi şüur səviyyəsində açıqlanır. Və 

yeni  əsrin zirvəsindən baxdıqda bu «adi şüur»un arxasında 

böyük bir zəka sahibinin, milli-sosial təfəkkürün dayandığı 

aşkar olur, əsl ziyalı qəlbinin çırpıntıları, millətin taleyi ilə bağlı 

hiss-həyəcanları duyulur.  

Ziyalılıq nədir və yeni əsrin, yeni minilliyin başlanğıcın-

da Azərbaycan ziyalısının ən böyük qayəsi nədən ibarətdir? Bu 

barədə müxtəlif fikirlər olsa da, bütün tədqiqatçılar, demək olar 

ki, bir mövqedə yekdildirlər: ziyalı ilk növbədə milli tərəqqi 

yolunu işıqlandıran, xalqın maariflənməsinə xidmət edən 

insandır. Lakin, təbii ki, ziyalı özü elə bir mərtəbəyə 

qalxmalıdır ki, buradan millətin nicat yolu görünmüş olsun. 

Xalqa xidmət etmək istəyi hələ azdır. Bu istək ancaq yüksək 

təfəkkür səviyyəsi ilə birləşdikdə ziyalılıq yaranır.  Əvvəlcə 

millətin tərəqqi yolunu, nicat yolunu özü üçün aydınlaşdırmaq, 

tədqiq etmək, dərk etmək tələb olunur. Cavid öz fəlsəfi biliyi 

ilə, öz sənəti ilə  məhz belə bir zirvədə dayanırdı. Onun əsl 

məramı bədii əsərlərindən də hasil olur. Lakin müəllim Cavidin 

tövsiyələrini başa düşmək daha asandır. Maarif yolu da ən 

vasitəsiz, ən kəsə bir yoldur. «Demək ki, bir millətin hər halını 

tədqiq etmək üçün ən doğru meyar, ən kəsdirmə yol o millətin 

məktəbləridir». (Hüseyn Cavid. «Həsbi-hal – 1»). 




 

- 308 -


 

 

 

 

 

 

 

 

 

CABBARLI VƏ MİLLİ FƏLSƏFİ FİKİR 

 

 



C.Cabbarlı bütün yaradıcılığı ilə elə bir dövrün ideya-

bədii təcəssümü idi ki, bu dövrdə  hər  şey  Şərqlə  Qərbin vəh-

dətinin labüdləşməsindən xəbər verirdi. Sənayeləşən Bakı, 

şəhərləşən Azərbaycan yeni sivilizasiya müstəvisinə  qədəm 

qoymuşdu və burada daha əvvəlki düşüncə ilə yaşamaq müm-

kün deyildi. Digər tərəfdən Azərbaycandakı sosial və  mədəni-

mənəvi mühit yeni düşüncə  tərzinə malik insanlar üçün hələ 

tam yetişməmişdi. Avropada təhsil alıb gəlmiş bir insan 

konservativ sosial-mədəni mühitin kapitalla daha da 

bayağılaşmış ağır havasında nəfəs ala bilmirdi. 

Şərqlə Qərbin vəhdətini şərtləndirən, lakin vəhdətin hələ 

hasil olmadığı, hələ yarımçıqlıq sindromu ilə  səciyyələnən bu 

yeni situasiyanın daxili ziddiyyətlərini Cabbarlı «Aydın»da 

ailə-məişət miqyasında  şərh edir və Yeni Dövrün qəhrəmanını 

obrazlı  şəkildə oxucuya belə  təqdim edir: «Günbatan fikirli, 

gündoğan duyğulu bir sima», yaxud «Beyni kitab arasında 

Parisdən, ürəyi isə mizraq ucunda Altay dağlarından 

alınmışdır». Göründüyü kimi, burada Qərb-fikir, Şərq isə duyğu 

timsalı kimi təqdim olunur. Və bu çox qısa, lakonik izah 

C.Cabbarlının  Şərq-Qərb problematikasını necə  dərindən 

mənimsədiyinə, öz pyesində bu problemin məhz mahiyyətindən 

çıxış etdiyinə dəlalət edir. 

Qədimdə də, indi də – bütün tarix boyu insan qarşısında 

həmişə eyni fəlsəfi problemlər dayanır. Bunlar ilk növbədə 




 

- 309 -


insanın cismi, nəfsi və  mənəviyyatı arasındakı münasibət və 

mücadilənin şəxsi və sosial prizmada, ailə və tarix miqyasında 

müxtəlif təzahürləridir. Bir tərəfdən, cismani tələbat, nəfs və 

onun ödənilməsinə yönəldilmiş fiziki-bioloji üstünlük, var-

dövlət,  əmlak üstünlüyü və hökm, rəyasət, taxt-tac üstünlüyü. 

Digər tərəfdən, maddi yükdən azad olmaq, imtina etmək 

hesabına daxili mənəvi yüksəliş, intellektual və əxlaqi üstünlük. 

Sosial müstəvidə  nəfs iqtisadi və siyasi prizmalardan keçərək 

başqa donlara girsə  də, mahiyyəti eynidir. Bütün dövrlərdə 

böyük sənətkarlar bu problemlərə müraciət etmiş  və onları öz 

dövrünün və öz mühitinin konkret cizgiləri ilə qələmə almışlar.  

Cabbarlı da istisna deyil. O da Nizami kimi, Şekspir, 

Axundov, Dostoyevski, Cavid kimi var-dövlət və  mənəviyyat 

qarşıdurmasına, sosial determinizm və ictimai azadlıq əksliyinə 

dəfələrlə müraciət edir və problemi öz dövrünün və öz 

mühitinin rəngində, konkret təzahürlərində qələmə alır.  

Cabbarlıda gənclik və müdriklik qoşadır. O hələ ən gənc 

yaşlarında sənətin poeziyasını qoca fəlsəfənin hüzuruna gətirir. 

Və eyni ustalıqla qocaman cəmiyyətin qart problemlərinə 

çağdaş həyatın al-əlvan libasını geyindirir.  

 

* * * 


 

SSRİ dağıldıqdan və Azərbaycan müstəqillik  əldə et-

dikdən sonra, yenidən kapitalist ictimai-iqtisadi münasibətlərini 

özünə inkişaf yolu kimi seçən ölkəmizin qarşılaşdığı problemlər 

bədii ədəbiyyatda öz əksini necə tapır? Müasir dövrdə ictimai-

siyasi, sosial-iqtisadi və mədəni-mənəvi müstəvilərdə baş verən 

böyük dəyişikliklər, heç şübhəsiz, insanların fərdi həyatına da 

müdaxilə edir. Cəmiyyətlə insan arasında harmoniya pozulur. 

Dağılmış köhnə münasibətlərin üzərində Yeni Dövrün 

tələblərinə uyğun yeni münasibətlər formalaşanadək, sosial-

mənəvi harmoniya yenidən  qərarlaşanadək insan «xaosun 

qaydaları»  əsasında yaşamalı olur. Bax, həmin bu təbəddülatlı 

keçid dövrünün dramatizmini əks etdirən yeni ədəbiyyat da 

harmonik həyata qayıdışın mühüm vasitələrindən biri olur.  

Bəs hanı bu yeni ədəbiyyat?! Zahiri yeniləşmə, həyatın 

üst qatlarındakı müasirlik, hadisəçilik səviyyəsində problemlər 




 

- 310 -


və konfliktlər  ədəbiyyatda da öz əksini tapmaqla onu cılız-

laşdırır, keçid dövrünün keçici hadisələri sırasına müvəqqəti 

cari  ədəbiyyat da əlavə olunur. Cari problemlərin alt qatlarını 

açmağa, müasir cəmiyyətdə gedən proseslərə insanlığın  əzəli-

əbədi problemləri kontekstində baxmağa qadir olan, 

mahiyyətlər səviyyəsindəki invariantlara söykənən böyük 

ədəbiyyat isə elə bil ki, yorulub fasilə vermiş  və  nəfəsini heç 

cür dərib qurtara bilmir. Lakin məhz bu keşməkeşli keçid 

dövründə bizə haradan gəlib haraya gedəcəyimizi nişan verə 

bilən həqiqi böyük ədəbiyyat lazımdır.  

...Bu günümüzü mahiyyət müstəvisində  əks etdirə bilən 

böyük  ədəbiyyat intizarında ikən diqqətimiz istər-istəməz ötən 

əsrin  əvvəlində  Cəfər Cabbarlının inşa etməyə başladığı 

əzəmətli sənət abidələrinə yönəlir. Və yenə  də heyrətlənməyə 

bilmirsən. Onun bir sıra pyeslərində elə bil ki, bu günün prob-

lemləri əks olunur. (Bəli, böyük klassiklər həmişə müasirdirlər). 

Digər tərəfdən isə görünür, zaman özü təkrar olunur. Biz yenə 

də ilkin kapital yığımı dövrünü, yeni zənginlərin yaranması – 

milli burcuaziyanın formalaşması  ərəfəsində özünə pozitiv 

funksiya tapa bilməyən pulun törətdiyi eybəcərliklər dövrünü 

yaşayırıq. Yenə də kapital dünyasının açdığı yeni imkanlar ona 

adekvat olan yeni əxlaqın formalaşması tempini qabaqlayır... 

Yenə  də azad dünyaya açılan qapılardan yeni texnologiya ilə 

yanaşı çürük mənəviyyat, pozulmuş  əxlaq da daxil olmağa 

çalışır.  

XX  əsrin  əvvəllərində Bakıda kapitalizm özünün ən 

klassik formasında sürətlə inkişaf edirdi. Avropada yüz illər 

ərzində gedən proses neft səltənətində on illər  ərzində  həyata 

keçirdi. Sosial-iqtisadi və  hətta siyasi mühitin sıxlıq dərəcəsi 

xeyli artmışdı. Hadisələrin gedişini sürətləndirən bir amil də 

xarici kapitalın və onun Avropada artıq formalaşdırmış olduğu 

həyat tərzinin hazır  şəkildə transformasiyası idi. Həm də belə 

sürətli ictimai-iqtisadi yeniləşmə böyük mədəni yüksəlişlə 

müşayiət olunurdu. Milli dirçəliş, milli özünüdərk prosesləri 

artıq başlanmışdı. Bu, əlbəttə, yaxşı idi. Lakin şəxsi mənafeləri 

naminə öz istəklərindən asılı olmadan milli iqtisadi dirçəlişə də 

təkan verənlər bu prosesin mədəni-mənəvi dirçəlişlə müşayiət 

olunması zərurətini təbii ki, nəzərə almırdılar.  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə