FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə101/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   97   98   99   100   101   102   103   104   ...   129

 

- 311 -


Kapital elə bir sinkretik hadisədir ki, o, hər hansı bir 

diyara təşrif gətirəndə özü ilə  bərabər təkcə maddi nemətlər 

deyil, həm də bu maddiliyin hökmranlıq iddiasını gətirir və mə-

nəvi müstəvidə  ənənəvi olaraq qərarlaşmış  nə varsa, hamısını 

alt-üst etməyə çalışır.  

Şüurda təhkimçiliyin, ehkamçılığın, pis mənada  ənənə-

çiliyin qoyduğu qadağalar aradan götürülür, buxovlar qırılır, 

şlüzlər açılır, işgüzarlığın və inqilabi təfəkkürün köpüklənən 

dalğaları  mənəvi çəpərləri də çör-çöp kimi qabağına qatıb 

aparır. Yeni şlüzlərin tikilməsi, yeni ictimai meyarların, yeni 

mənəvi qadağaların formalaşması isə xeyli vaxt tələb edən çətin 

bir prosesdir. 

Sözün böyük mənasında azadlığa gedən yol, təəssüf ki, 

əvvəlcə azad iqtisadiyyatın bazar labirintlərindən keçir. Buna 

müqavimət göstərə biləcək yeganə qüvvə isə milli ruh və onun 

daşıyıcıları olan ziyalılardır. Bu baxımdan  əsrin  əvvəlində 

Azərbaycanın mədəni-mənəvi məkanında ziyalıların 

məqsədyönlü fəaliyyətinin güclənməsi  əslində bilavasitə yeni 

iqtisadi münasibətlərə keçidin yox, onun mənəvi müstəvidəki 

dağıdıcı  təsirlərinə reaksiyanın, mədəni-mənəvi müqavimət 

hərəkatının nəticəsi idi. Gənc Cabbarlının öz yaşını 

qabaqlayaraq əsri vaxtında haqlayan və inersiya ilə ola bilsin ki, 

lazım olduğundan da qabağa gedən impulsiv yaradıcılığı da, o 

dövrdə  məhz artıq yetkin ziyalı mühitinin yaratdığı milli-

mənəvi reaksiya hərəkatının dalğalarında sürət və vüsət almışdı.  

 

* * * 



 

Millət qarşısında duran ən mühüm vəzifələrdən biri qlo-

bal proseslərin keşməkeşlərindən salamat keçmək, özünü 

qoruyub saxlaya bilməkdir. Lakin bunun üçün əvvəlcə özünü 

dərk etmək, qlobal proseslərə qarşı  çıxmaqdansa, öz milli 

koloritini itirmədən bu proseslərin ahənginə daxil olmaq tələb 

olunur. XX əsr bütün millətləri sınağa çəkir. Kimlərsə sadəcə 

olaraq ümumi axına qoşulur, irəlidə gedənlərin cığırına 

düşürlər. Camaat, kütlə  təsirə qapılmaq məcburiyyətindədir. 

Çünki onlar hadisələri yaşayırlar. Halbuki, milli özəlliyin yeni 

ampluada saxlanması mahiyyətlər müstəvisində invariantların 



 

- 312 -


qorunmasını  tələb edir. Bu ağır tarixi vəzifə millətin 

mütəfəkkirlərinin üzərinə düşür.  

Görünür, Cabbarlı bu gün ona görə son dərəcə aktualdır 

ki, o zahiriliyi deyil, alt qatlardakı qanunauyğunluqları, 

hadisələri deyil, mahiyyətlər arasındakı münasibətləri qələmə 

almışdır. Mahiyyətlər isə zaman keçdikcə müxtəlif libaslarda 

təkrar olunur: necə ki, kapitalizmə keçid dövrünün 

təbəddülatlarını Azərbaycan iki dəfə yaşamalı olmuşdur; bir 

əsrin əvvəlində, bir də sonunda.  

Bəli, belə bir dövrü biz artıq ikinci dəfə yaşayırıq. Və bu 

günün mütəfəkkirləri və  ədibləri dövrün nəbzini tutmağa, çox 

qarışıq və mürəkkəb proseslərin fəlsəfi məğzini anlamağa 

çalışdıqları bir zamanda və  ədəbiyyatımızda müəyyən bir 

boşluq duyulduğu dövrdə  məlum olur ki, narahatlıq üçün heç 

bir  əsas yoxdur. Sən demə, böyük klassiklərimiz bizi bu dar 

gündə  tək buraxmayıblarmış. Böyük Cavid, böyük Cabbarlı 

həm də bu gün üçün yazırlarmış.  

Bu gün, yeni əsrin  əvvəlində, artıq Azərbaycan Avropa 

Şurasına tam hüquqlu üzv qəbul olunduğu bir vaxtda, Cabbarlı 

dramaturgiyasının aktuallığı bir daha diqqəti cəlb edir. Onun 

əsərində  hətta «azadlıq» ideyası da o vaxt kommunistlərin ön 

plana çəkdiyi «istismardan azad olmaq» mənasından fərqli, 

xeyli geniş  mənada başa düşülür və ilk növbədə insanın daxili 

azadlığı ön plana çəkilir. 

Hər hansı bir həyat tərzi, hər hansı bir əqidə, hətta hər 

hansı bir geyim insana kənardan, icbari yolla qəbul etdiril-

məməlidir. Namus, ismət də kişi diktatının və ya çadranın 

sayəsində deyil, mənəvi bütövlüyün ayrılmaz tərkib hissəsi ki-

mi, daxildən gələn bir tələbat kimi mövcud olmalıdır.  İnsanın 

bütün həyatı,  əməli fəaliyyəti onun şəxsi arzu və istəklərinə 

uyğun gəlməli, istək və  əməl bir harmoniya təşkil etməlidir. 

Cəmiyyət insana öz ürəyinin hökmü ilə yaşamaq imkanı 

verməlidir. Cabbarlının  əsrin  əvvəlində qoyduğu bu tələblər 

Avropada, Amerikada hələ indi-indi gah «insanın hüquq və 

azadlıqları», gah «qadın hüquqları», gah «gender» problemləri 

adı ilə gündəmə  çıxarılır və bizə müasir Qərb dəyərləri kimi 

təqdim olunur. lakin Qərb bu dəyərlərin milli-mənəvi invariant-

larla uyğunlaşdırılması problemini həll edə bilməmişdir. 




 

- 313 -


                                                          

Cabbarlı isə  əsrin  əvvəlində bir addım da qabağa getmiş  və 

cəmiyyətin yaratdığı 

çəpərləri uçurtmaq tələbi ilə 

kifayətlənməyərək.  İstəklərin özünü yüksək mənəvi pilləyə 

qaldırmaq, qadağaları könüllülüklə, könlün ucalığı ilə  əvəz 

etmək mövqeyindən çıxış etmişdir. Yeri gəlmişkən, Cabbarlının 

nəfsin tərbiyə olunması ilə bağlı mövqeyi bizim milli fəlsəfi 

fikir ənənələrimizin davamı kimi ortaya çıxır. Belə ki, XII-XIII 

əsrlərdə yaşamış böyük sufi Əbu Həfs Sührəvərdi «hal və mə-

qam» konsepsiyası ilə dünya fəlsəfi fikir tarixində  nəfsin 

tərbiyə olunmasının  ən mükəmməl təlimini yaratmışdır. Bu 

təlim Azərbaycan fəlsəfi fikrində uzun müddət yaşamış, davam 

etdirilmişdir. Təsadüfi deyil ki, XVI əsrdə böyük Füzuli də 

«nəfsin kamillik yolundan» danışırdı.

1

 



«Aydın»da, «Od gəlini»ndə və digər əsərlərində Cabbarlı 

həmin təlimi  ədəbi-bədii müstəvidə daha da inkişaf etdirir və 

digər milli fəlsəfi konsepsiyaların sinkretik kontekstinə daxil 

edir. 


İdeal və gerçəklik. Arzu, istək və real həyatın özü. İn-

sanın qəlbində, fikrində yaratdığı  və yaşamaq istədiyi xəyali 

dünya, bir də yaşamağa məcbur olduğu gerçək dünya. Arzular 

səltənətinin, röyalar dünyasının isti qucağı, mülayim melo-

diyaları və gerçək həyatın sərt iqlimi, acı həqiqətləri!..   

Çox vaxt xoşbəxtliyin də, faciənin də kökündə bu iki 

dünya arasında uyğunluq və fərq dayanır. İstək nə qədər güclü 

olsa və onun reallaşması nə qədər əlçatmaz olsa, faciə də bir o 

qədər qaçılmazdır. Bu iki dünya arasında uyğunluq 

yaradılmasının bir yolu gerçək dünyadakı  fəaliyyətimizi 

arzularımız istiqamətində yönəltməkdirsə, digər yolu arzu və 

istəyin özünün reallığın imkanları istiqamətində  tərbiyə olun-

masıdır. Mötədil insanlar məhz arzularını cilovlayır, «ayaqlarını 

yorğanına görə uzadırlar», bəzən hətta «palaza bürünüb elnən 

sürünürlər». Burada biz yaşadığımız hadisələr dünyasının 

reallağı ilə yanaşı arzuların reallığı  və  əlçatanlığı  məsələsi ilə 

rastlaşırıq. Burada arzu və istəyin nisbiliyi və mütləq-

ləşdirilməsi məsələsi ortaya çıxır. Lakin Cabbarlı maksimalist-

dir və  təzadların mütləqləşdirilməsindən çıxış edir… O, 

 

1



 M.Füzuli. Mətləəl etiqad. B., «Yazıçı», səh. 33. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə