N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə169/194
tarix01.08.2018
ölçüsü1,57 Mb.
#60258
1   ...   165   166   167   168   169   170   171   172   ...   194

 

605


göstərirdi. Həqiqətən, bu dövrdə lüğət tərkibinin inkişafı, 

yeni söz yaradıcılığı sosial-ictimai şəraitdən doğan 

dinamikaya mütənasib vüsət götürür. 20-ci illəri həyatın 

bütün sahələri üzrə, o cümlədən, dil cəhətdən qarşılıqlı təsir 

dövrü adlandırmaq olar. Bu dövrün leksikası üslubi 

rəngarəngliyə malik variantlarla zəngindir. Leksik 

normadakı qeyri-sabitlik, dəyişkənlik nitqin müxtəlif 

sahələrində onun dərk edilməsindəki özünəməxsusluqla, 

norma hüdudlarının müəyyənləşməsindəki qəribəlik, 

anlaşılmazlıq və dolaşıqlıqla xarakterizə olunur. 

20-30-cu illər, ümumiyyətlə, ədəbi dilin tarixində az 

təsadüf olunan situasiyalar dövrüdür. Belə ki, ədəbi dilin 

vəziyyətini, eyni zamanda, iki baxımdan təsvir etmək olar – 

öz təbii inkişafı və qısa müddətdə xarici dillər çərçivəsində 

yaradılmış süni konservasiya. İlk dövrlərdə köhnə sözlərlə 

yeni sözlərin mübarizəsi gedir, sosial-iqtisadi, elmi-texniki 

inkişafla, əlaqədar daxili imkanlar hesabına yeni sözlər 

yaradılmasına böyük ehtiyac hiss edilir. Alınma sözlərin 

potensialı artır və bununla yanaşı, onların işlənmə 

perspektivlərini tənzim etmək lüzumu ortaya çıxır. 

Beləliklə, dilin lüğət tərkibinin də normalaşdırılması 

sahəsində mübarizə başlayır. Bu mübarizədə dilin daxili 

imkanlarının ön plana çəkilməsi əsas və həlledici 

əhəmiyyətə malik olmuşdur. Lakin lüğət tərkibinə olan 

münasibət ayrı-ayrı mərhələlərdə müxtəlif səciyyə 

daşımışdır. Belə ki, məsələn, 20-30-cu illərdə lüğət 

tərkibində baş verən dəyişmələrlə 50-60-cı illər arasındakı 

dəyişmələrdə əsaslı fərq müşahidə olunur. Ədəbi dilin lüğət 

tərkibinin ayrı-ayrı mərhələlər üzrə inkişaf 

xüsusiyyətlərinin izlənilməsi sabitləşən, köhnələn və yeni 

yaranan dil vahidlərinin ümumi mənzərəsini də təsəvvür 

etməyə imkan yaradır. 




 

606


Xalqların həyatındakı sosial-iqtisadi, siyasi və mənəvi 

inkişaf amilləri sayəsində milli münasibətlər genişlənir və 

ümumi xarakter alır. Şübhəsiz ki, milli münasibətlərin 

inkişafında və genişlənməsində, dillərin lüğət tərkibinin 

zənginləşməsində bu dillər üçün ümumi olan leksik 

vahidlərin rolu böyükdür. Burada dialektik vəhdətdə olan 

iki proses müşahidə edilir. Bir tərəfdən, sosial-siyasi və 

iqtisadi amillərlə əlaqədar yaranmış ümumi dil vahidləri 

milli münasibətlərin inkişafına müəyyən təsir göstərir; 

digər tərəfdən, milli münasibətlərin inkişafı müxtəlif 

xalqların dillərində ümumi səciyyə daşıyan sözlərin 

potensialının artmasını şərtləndirir. 

Milli əlaqə və münasibətlərin genişlənməsi ilə xalqlar 

arasında mədəni-kütləvi kommunikasiyaya meyil artır və 

onların ümumi mədəniyyətlərinin yaxınlaşması və dil 

əlaqələrinin genişlənməsi özlüyündə hər bir dilin lüğət 

tərkibinin zənginləşməsi amillərindən biri kimi çıxış edir. 

Dillərin ümumi inkişafına təsir göstərən amillərdən biri 

də bu dövrdə kütləvi kommunikasiya vasitələrinin rolunun 

daim artmasından ibarətdir. 

Kütləvi kommunikasiya vasitələrindən olan qəzet, 

jurnal, radio, televiziya, kino, teatr və s. ədəbi dilin 

inkişafına, yazılı və şifahi nitqin cilalanmasına, habelə yeni 

sözlərin meydana çıxmasına çox böyük təsir göstərir. Hələ 

20-ci illərdə ədəbi dilin inkişafında kütləvi kommunikasiya 

vasitələrinin güclü təsiri özünü göstərməyə başlamışdı. Bu 

cəhət inqilabdan əvvəlki və sonrakı dövrün ədəbi dil 

xüsusiyyətlərinin müqayisəsində daha aydın şəkildə 

müşahidə edilir. Kütləvi kommunikasiya vasitələri 

gündəlik zəruri hadisələri əks etdirdiyindən burada sosial-

siyasi həyatın bütün sahələri, ictimai-mədəni inkişaf, elmi-

texniki tərəqqi ilə bağlı mühüm yeniliklər işıqlandırılır. 




 

607


Yeni dövrün hadisələrini əks etdirən dil vahidləri kütləvi 

kommunikasiya vasitələrinin köməyi ilə daha tez 

ümumxalq xarakteri ala bilir. Keçmiş ictimai quruluşla 

bağlı bir sıra dil vahidləri işləklikdən qalır və yeni ictimai 

quruluşla əlaqədar yarananlar üçün həqiqi mənada geniş 

meydan açılır. 

Əsas kütləvi təbliğat vasitələrindən olan mətbuat ədəbi 

dilin üslublarının diferensiallaşmasında, qrammatik 

normalaşmada, lüğət tərkibinin, xüsusilə terminoloji 

vasitələrin zənginləşməsində böyük rol oynayır. Ədəbi dilin 

inkişafında mətbuat dilinin rolu bir də ona görə mühümdür 

ki, burada müxtəlif janrda yazılmış materiallar özünə yer 

tapır. 

Bu dövrdə Azərbaycan ədəbi dilinin inkişafında 



mətbuat dilinin xüsusi çəkisi vardır. Həyatda baş verən ən 

mühüm ictimai-siyasi hadisələrlə bağlı olan sözlər, yeni 

ifadə formaları qəzet dili vasitəsilə daha kütləviləşir. 

M.Şirəliyev yazır: “Qəzet dili ancaq ədəbi nitq nümunəsi 

olmaqla qalmır, o eyni zamanda ədəbi dilin kütləvi şəkildə 

yayılması funksiyasını yerinə yetirir, çünki “Kommunist” 

qəzetinin dili bütün rayon qəzetləri və Azərbaycanda başqa 

mətbuat orqanları üçün nümunə hesab edilir”.

1

 

Qəzet dili, ümumiyyətlə, yeni terminlərin



metaforaların, xalq dili ifadələrinin, üslubi neologizmlərin, 

dialektizmlərin, arxaizmlərin, tarixizmlərin və s. işlədilməsi 

baxımından ədəbi dilin inkişafında mühüm rol oynayır.

2

 



Azərbaycan ədəbi dili bu dövrdə əvvəlki dövrlərin heç 

birində müşahidə olunmayan coşqun inkişaf yolu 

                                                           

1

 



М

.

Ширалиев



Роль


 

газеты


 “

Коммунист

” 

в

 



развитии

 

азербайджанского



 

литературного

 

языка


Специальный

 

сборник


посвященный

 XXV-

летию


 

газеты


 “

Коммунист

”, 

Баку


, 1944, 

стр


. 36. 

2

 Bax: M.Adilov. Qəzet dili, Bakı, ADU nəşri, 1973, səh. 114 




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə