Гуранда шаирляр щаггында айя


SƏNƏ NİYƏ BELƏ ZÜLÜMLƏR OLDU ?



Yüklə 3,16 Mb.
səhifə10/19
tarix26.09.2017
ölçüsü3,16 Mb.
#1962
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

SƏNƏ NİYƏ BELƏ ZÜLÜMLƏR OLDU ?

Sənə niyə belə zülümlər oldu?

Bağrının başında dilimlər oldu,

Zindana atıldın ölümlər oldu,

Hər gün tayfalaşdın, bölümlər oldu,

Torpağı, sərvəti talan millətim,

Əzablar içində qalan millətim.
Sən ellər içində - el idin axı?

Coşanda çağlayan sel idin axı?

Dumana düşəndə yel idin axı?

Bir mizrabı vuran tel idin axı?

Özün müsibətə salan millətim,

Əzablar içində qalan millətim.


Bir zaman köləlik daşını atdın,

Qorxunu, gözünün yaşını atdın,

Meydana düşünən başını atdın,

Yenə tayfalaşdın, yuxuya yatdın,

Ey cəhənnəmi pay alan millətim,

Əzablar içində qalan millətim.


Azadlıq deyərək bir gün çağladın,

Oğlun şəhid düşdü, candan ağladın

Yağı yurdu basdı – sinə dağladın,

Ümidi, Tanrıya haqqa bağladın,

İndi saçlarını yolan millətim,

Əzablar içində qalan millətim.


Bugün işğal altda Qarabağın var,

Sinənə çəkilmiş min bir dağın var,

Minüzlü, hiyləgər, azğın yağın var,

Əsir yurdlarında kor çırağın var,

Könlü parçalayan ürək ağın var,

Dərdləri üst-üstə kalan, millətim.

Əzablar içində qalan millətim.
Əskərin, polisin, ordun da bizim,

Yad ayağı altda yurdun da bizim,

Hər çaqqalın, tülkün, qurdun da bizim,

Özün öz boynunu vurdun da bizim,

Acından, soyuqdan solan millətim,

Əzablar içində qalan millətim.


Övladın səpilib dünya üzünə,

Güzəran axtarır bugün özünə,

Özgələr qızınır niyə közünə?

Məhəl qoyan yoxdu niyə sözünə?

Özü öz canına ilan millətim,

Əzablar içində qalan millətim.


Aldığın məvacib qarın doydurmaz,

Ac qalan mədəni yuxu uydurmaz,

Könlü qalınları ahın duydurmaz,

O yatmış ağlından nədən hay durmaz?

Haqqı yadlara qul olan millətim,

Əzablar içində qalan millətim.


O Milli Məclisin quyuruq yedi,

Haqqına xor baxan buyuruq yedi,

Sənin halına çox uyuruq dedi,

Ziyayıq, hər şeyi duyuruq dedi,

Diliylə Allaha nalan millətim,

Əzablar içində qalan millətim.


Şadimanın üzü pərişanədi,

Hər misra ilhamdan bir nişanədi,

Ürəyi ahından şanə-şanədi,

Qəminin oxuna qəlb nişanədi,

Hələ xəyallara dalan millətim…

Əzablar içində qalan millətim.

11. X1, 2003
QAN - QADALI MƏMLƏKƏTİM

Azərbaycan – dərdi böyük, şəhidlərin yurdu diyar,

Hıçqırığın boğazında kilidlənib ürək oyar,

Yadellilər azğınlaşıb əleyhinə imza qoyar,

Sərvətini talayanlar, hər nəyin var satar, sovar,

Yığdığını gizlədənlər yığdığından nə vaxt doyar?…

Varlığına qənimlərin gül hüsnünə haçan uyar?

Səndən başlar, Gözəl Vətən, Allahıma ibadətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.
İçindəki göz yaşını boğub, susub dayanmısan,

Fitnələrdən, fəsadlardan al qanına boyanmısan,

Qollarında qandalların ya yatıb, ya oyanmısan,

Alışmısan ocaq üstə, atəşlərə çox yanmısan,

Ağızımın dadı, Vətən, təbim, ruhum, bərəkətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Sən səadət arayarkən, səadətin öldü getdi,

Düşmən gəldi torpağını tikə-tikə böldü getdi,

Xainlərin, bədxaxların hey üzünə güldü getdi,

Atəşini sovurdular, ocaqların küldü, getdi,

İzlərində, cığırında niyə donub hərəkətim?

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Sənə canı qurban dedim, qurbanını götür apar,

Atıl savaş meydanına titrət ərzi, tufan qopar,

Əliqanlı cəlladların içdə, çöldə bağrı çapar,

Ürəyim od tutub yanar, dərdlərinə misra yapar,

Harda itib, harda batıb milli hissə nəzakətim?!

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Düşmən çapır yurd-yuvanı övladların susur, durur,

Döşənibmi ayaqlara bəy babama layiq qürur?

Cəlladların Qarabağda ağac çapır, yuva qurur,

Öz ağlımız içimizin atəşini suya vurur,

Dodaqlarım kilidlənib cövlan edir sükunətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Cavidimin, Cavadımın, Mümtazımın ahı səndə,

Məmməd Əmin amalını batırdınmı duman, çəndə?

Övladının gəzdirdiyi ürəkmi, ya daşmı təndə?

Ölülərin dirilərə ağı deyir bu Vətəndə!!!…

İqtidarım – müxalifim susub, öndə fəlakətim…

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Al canımı birdəfəlik, canım sənə fəda olsun,

Başın üstə bu sonuncu itgi olsun, qada olsun,

Dikəlt əyilən qəddüvü, dur savaşa səda olsun,

Ayağının altın qazan övladların gəda olsun,

Düşməninə, satqınına bu mərtəbən əda olsun,

Xain çıxsam, quşlarının yemi olsun təndə ətim!…

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.
Səndən əziz kimim var ki, de cahanda ulu yurdum?

Ürəyinin atəşindən bu könlümə ocaq qurdum,

İçimdəki qorxuları kötüklədim, boynun vurdum,

Alacaqmı işğalçıdan torpağını Milli Ordum?

Bu məramla mən yuxumda gecəgözlü şəri yordum,

Səndən başlar Qanunuma, Kitabıma ibadətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.
Qarabağın qıfılına düşməyirmi heç bir açar?

Şəhidimin məzarının goru çatlar, yerim qaçar,

Bədənimin əti gedər, vücudumdan dərim qaçar,

Eyləmişik özümüzü qul fikirli qəmə düçar,

Əri olan bir ölkənin yurdu qalmaz düzdə naçar…

Boğulubmu kişi həddim, ər dözümüm, dağ cürətim?

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.
Bizi tarix dolaylarda min bir yerə çapdı keçdi,

Sinəmizin aynasına qara çirkab yapdı keçdi,

İtdişlilər ağzımızdan sözümüzü qapdı keçdi,

Övladların ocağını kül eylədi, sapdı keçdi,

İçimizdən xain çıxdı, oldu xara qul heyrətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Dağlar başı duman olar, yel dumanı qovar gedər,

Sel coşanda bənd-bərəni, çal-çəpəri ovar gedər,

Gözdən axar qan yaşlarım yanan könlü suvar gedər,

Sinəmizdən qorxuları gurşadların yuvar gedər,

İçimdəki sərsəmlərə üsyan edər can qeyrətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Nədir belə qoruyuruq canımızı tən altında?

Kürsülərə aşiq olduq, hiss boğuldu mən altında,

Ağlımızı ovxalayır iradəmiz çən altında,

Sərçələrin sürüləşib, qartalların dən altında…

Öz gözümün güzgüsündən gözəl görünür surətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Kərkükümə,Təbrizimə, Dərbəndimə ağı Vətən!

Övladların özü oldu yurd-yuvana yağı, Vətən!

Getməz qeyrət hissi olan sinədən el dağı, Vətən!

Vuruşmasaq, döyüşməsək, bitməz işgal çağı,Vətən!

Dur ayağa çalxat yeri, qopart göydən tağı, Vətən!

Kəs Xətayi qılıncınla əllərindən bağı, Vətən!

Ürəyimdə yaram sızlar, təbib bulmaz bir illətim,

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.


Şadimanın bağrı partlar, dözməz sənin möhnətüvə,

Qarabağın əldən gedib, düşmən gülür möhlətüvə,

Dodaqların dilin tutub, mat qalmışam millətüvə,

Pardaqlanır yağlananlar, fərman verir zillətüvə,

Qolun harda qopub düşüb nə olubdu qüvvətüvə?

Tanrı özü təkan versin donub qalan sürətüvə,

Haçan qalxar ayaqlardan ucalığa ləyaqətim?!…

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim.

Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim…

3. 05. 2003


SATIRAM
/ “ Ay alan!…Məmləkəti – Rey satıram “

M. Ə. Sabir /
Qoymuşam məmləkəti bazara,

Vətən övladı düşsün azara,

Ya ki, dönsün evi məzara,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.
Verin fabrik, zavodu həraca,

Bunun ki, bir xeyri yoxdu aca,

Xəlqdə ki, var tüstü, həm də baca,

Qoymayın ümid qalsın əlaca,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.


Şükürliyəm necə istiqlala?

İstiqlal çatdırar istiqbala,

Acam deyib hay-küy salma, bala,

Ötürüm mal-mülkü bala-bala,

Qoy dönsün lap camaat hambala,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.
Qızıldan qiymətli torpağımız,

Meyvələri sapsarı bağımız,

Əcnəbiyə çatsın bu çağımız,

Nə ağzı var kəm baxa yağımız?

Firavanıq, daha yox dağımız,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.
Ac uşaqlar küçədə dilənsin,

Ocağımız sönərək küllənsin,

Kəhrizimiz qurusun küllənsin,

Qarnımız lap acından dillənsin,

Sobada boş qazanlar yellənsin,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.
Neft və qaz Vətənin cah - cəlalı,

Haram yeyənlərin yox məlalı,

Nə illət tapacaqdı həlalı?

Deməyin ki, başımız bəlalı,

Yetdik mərama azad olalı,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.
Tökmə çox bəbəkdən yaşı belə,

Neyləsin ac qazanda aşı belə?

Tökə ğöydən Rəbbim daşı belə,

Heç sanma özünü naşı belə,

Hiddətindən çatma qaşı belə,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.
Cəmi bir şəhərlik millətimiz,

Niyə olsun bu qədər zillətimiz?

Dollara bağlı hər hörmətimiz,

Öz evimizə yetər qeyrətimiz,

Xalqın ki, dərdi deyil illətimiz,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.
Vallah, bu xəlq mənə canı verər,

Ürəyindən axan qanı verər,

Ömründən ən şirin anı verər,

Evinin içini, hər yanı verər,

Rəbbim hələ xoş dövranı verər,

Vətəndə çoxdu bərəkət, satıram,

Ay alan, gəl, məmləkət satıram.

7. 02. 2002


YAĞI ƏLLƏ QƏMƏ BATDI EL, VƏTƏN
Yağı əllə qəmə batdı el, Vətən,

Allah, gördüm nahaq qanlar, ölmədim.

Yurd istədi hər torpaqsız, hər ötən,

Şəhid oldu min-bir canlar, ölmədim.


Azərbaycan yüz yol belə döyüldü,

Dəyirmanda yerli-yersiz üyüldü,

Haqqın dedi, bir qul kimi söyüldü,

Quduz imiş bu insanlar, ölmədim.


Hər tərəfə baxdım qara əl gördüm,

Köksümüzə balta çalan dil gördüm,

Qanımızdan don geyinmiş il gördüm,

Başsız qaldı çox ünvanlar, ölmədim.


Cavanşirlər susduruldu yerində,

Div dözümü varmış, Allah, yerin də,

Evi zindan hər igidin, ərin də,

Qara geydi qəmsiz anlar, ölmədim.


Qana batdı çox körpələr bələkdə,

Halımızdan saçın yoldu fələk də,

Taleyimiz çox ələndi ələkdə,

Haqq bilməyən nə dil anlar, ölmədim.


Bağrı para Salatınlar şəhiddi,

O Allahsız qəvi düşmən qəlb diddi,

Çörək verdik, ocaq verdik, haqq itdi,

Hanı şahid o zamanlar, ölmədim?


Dərd yandırdı diri-diri hər təni,

Qan içində hey qoydular Vətəni,

İrşəsindən nə üzüldü haqq dəni?

Ərşə qalxdı ah-amanlar, ölmədim.


Dünya yoxmuş başbilənin, böyüyün,

Çox sinəyə damğa basdı körüyün,

Qanlar tökür haqdan deyən bölüyün,

Dəbdən düşüb çox fərmanlar, ölmədim.


Ey Şadiman, gəl inanma peymanə,

Çəkdi kamə səni haqsız zamanə,

Könül xəstə, yetən hanı amanə?…

Yaram közdü, yox dərmanlar, ölmədim.

28. 03. 1991
BU YAZIQ XALQA QALAN BOŞ,

QURUCA ZƏHMƏT OLUR


Talanır sərvətimiz xarici işbazlar üçün,

Nədir millət amalı ağlı dayaz qazlar üçün?

Banglərə dollar yığılır hər diləyi sazlar üçün,

Vətənin eşqi niyə sözləri avazlar üçün?

Nə ki var, var-yoxumuz yadlara bir nemət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Sorulur neftimizin ən dərin qatları belə,

Aranır, axtarılır qatların çatları belə,

Təki başdakıların olsun büsatları belə,

Çağlasın min neçə cür haram həyatları belə,

Başımızda nə ki var, əcnəbiyə alət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Torpağın tən yarısı işğala möhtac edilib,

Millətin çoxu hələ qarnı tamam ac edilib,

Bu kimi işlərimiz taleyə amac edilib,

Varsa imkan qapısı, xariciyə bac edilib?

Bizlərin bəxtlərinə düşən hələ zillət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Sözə gələndə elə min cürə cəh-cəh vurulur,

Daşınan varımıza gör necə qəh-qəh vurulur.

Damağı çağlar üçün badələr pəh-pəh vurulur,

Əlləri əllərinə nəşədən bəh-bəh vurulur,

Əzilən kütlələrə bəxş edilən illət olur,

Bu yazıq xalqa qalan, boş quruca zəhmət olur.


Bayrağa, həm himnə nə zatlar fərman eləyir?

Yazıq istiqlal hələ yadlara dərman eləyir,

Gopu min dağlar aşan dillərə aman eləyir,

Nə qədər imkanı var, hər işi yaman eləyir?

Ayağ altda əzilən yenə də bu millət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Amerka xammalının dəyməyib heç bir qatına,

Sərvəti başdan aşır, nur tökülür həyatına,

Düşmüşük biz də elə taleyin bata-batına,

Baxırıq Avropanın gözqamaşan busatına…

Səsimiz çıxsa əgər, lap böyük bir qələt olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Əlimiz başımıza kül eyləyir vay-vay ilən,

Gözümüzdən yaş axır dəli-dolu min çay ilən,

Bizə hər nə verilir ölçü-biçi və say ilən,

Nəyimiz var daşınır bankələrə lap tay ilən?

Ahı ərşi dağıdan bir neçə cür halət olur?

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Bizim kor bəxtimizə gülmədi heç Xuda niyə?

Diləyimiz çin olur gecələr yuxuda niyə?

Əcnəbinin burunu qalıbdı qoxuda niyə?

Ötüşür günlərimiz bəs qara-qorxuda niyə?

Bizə çor, xariciyə bir o qədər hörmət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Nə ki, Bakı nefti, bölgələr də dəbə düşüb?

Talananlar talanır, ürəklər də həbə düşüb,

Əlində hökmü olanlar nə yaman təbə düşüb?

Binəva millətimiz xariciyə təbə düşüb…

Ölkəyə, ay həzarat, bəs bu necə qiymət olur?

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.


Şadiman bir parasın söylədi bu ahımızın,

Doğulanlara görə nəyi var sabahımızın?

Özümüzdə görürəm çoxunu günahımızın,

Yetməyir bizlərə heç haqq nuru Allahımızın!…

Gələcəyi görməyən bəxti qara millət olur,

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

Bu yazıq xalqa qalan boş, quruca zəhmət olur.

19. 02. 2005


«YANIQ KƏRƏM »*
«Yanıq Kərəm » –

« Əsli, Kərəm » dastanın qəm havası,

İki qəlbin İlahiyə eşq duvası,

İki canın ovsunlanmış dərd yuvası,

Dövranına, zamanına can davası…!
«Yanıq Kərəm » –

Sevdalanmış könüllərin müsibəti,

Yandı ürək həm aşkarda, həm xəlbəti,

Göz yaşıyla axıb dolan qan səbəti,

İki gəncin bəxti qara məhəbbəti.
«Yanıq Kərəm » –

Məhəbbətin Rəbb sevdası, cana qida,

Səadəti qara gəlmiş iki qəlbdən qopan nida.

Barmaqları sarı simə haray salan dəli sevda,

İki gəncin alışdığı eşqə vida…
«Yanıq Kərəm » –

« Əsli, Kərəm » dastanın can fəryadı,

Bir millətin iki dində nalə dadı,

O xaçpərəst Albanyanın İslam adı,

İsa (s) ilə Mühəmmədin(s) Rəbb imdadı!…
«Yanıq Kərəm » –

Əsrlərin o tayında din savaşı,

Bir millətin gözlərindən axan yaşı,

İslamını tutan Kərəm dərdə naşı.

O xaçpərəst Əsli ilə can sirdaşı.
«Yanıq Kərəm » –

İki gəncin bir məhəbbət sinfonyası,

Bir tayfanın iki dində hicran yası,

Kərəm deyib yanan qızın qız həyası,

Külə dönən iki gəncə dövran ası.
«Yanıq Kərəm » –

Əsrlərin o tayının vicdan ahı,

Dinə müti o keşişin din günahı,

Lal eyləyib bu müsibət al sabahı,

Fəryad edir yerin, göyün tək Allahı…
«Yanıq Kərəm » –

Sarı simə toxunaraq dinsin sazlar,

Oynamaqçın, ay adamlar, çox avazlar,

Bu havanın sədasıyla qaynamazlar,

Bu faciə havasında oynamazlar!…

Bu faciə havasında oynamazlar!…

12. X1. 2005
(* Şe’rdə “Əsli və Kərəm” dastanından götürülmüş

saz havasından söhbət gedir.)

TAĞAYIM


Poema
« Salam olsun şövkətüzə, elüzə…»

Şəhriyar
Səndə qalıb uşaqlığın illəri,

Əndirmənin ilan mələr çölləri,

Yaşıdların şirin-şəkər dilləri,

Qızlar gəlsin bulağına, Tağayım,

Səsim yetsin qulağına, Tağayım.


Sən açılan sabahımın özüsən,

Mənim üçün bu dünyanın üzüsən,

Dodağımdan qopan yurdum sözüsən,

Çiçəklərdən tül toxuyan, Tağayım,

Yuxularda gül qoxuyan, Tağayım.
Anam Xəzər tellərini hörəndə,

Səhər şehin bağ-bağçaya sərəndə,

Üzümündən, əncirindən dərəndə,

Dad qalardı dilimizdə, Tağayım,

Şirələnmiş əlimizdə, Tağayım.
Gilavarın arxasınca uçardıq,

Çay aşağı dəli kimi qaçardıq,

Hər qayadan qayaya yol açardıq,

Göy Xəzərdən gün qalxardı, Tağayım,

Gilhinçayı lal axardı, Tağayım.

Asmakörpü çay üstündə durardı,

Qızmar Günəş başımıza vurardı,

Qızlar gildən gəlin-evcik qurardı…

Körpü üstə oynayardıq, Tağayım,

Qarışqa tək qaynayardıq, Tağayım.


Gün çıxanda adamların hay-hoyu,

Ötürərdi heyvanları gözboyu,

«Kəndyeri»nə ot çıxardı diz boyu,

Biz də quzu otarardıq, Tağayım,

İsti düşdü yatırardıq, Tağayım.
Hərə bir gün çobanlığı dadanda,

Al səhərin gül havasın udanda,

Quşlar nəğmə oxuyardı hər yanda,

Gün doğardı canımızda, Tağayım,

Alışardı qanımız da, Tağayım.
Çıraqqala dumanlardan çıxanda,

Məsud, məlul bizə tərəf baxanda,

Uzaqlarda dağdan şimşək çaxanda,

Biz də qorxub qaçışardıq, Tağayım,

Kəpənək tək uçuşardıq, Tağayım.
Bilməz idik xəstəlik nə, mərəz nə?

Dava-dalaş, umu-küsü, qərəz nə?

Dürməclərdik şor-lavaşı çərəz nə?

Göz olardı el nəzəri, Tağayım,

O illərin yox bənzəri, Tağayım.
Bir zamanlar sellər dağdan gələrdi,

Gilhinçayı kəndi iki bölərdi,

Suya düşən qoyun-quzu mələrdi,

Sel bilməzdi bağça-bostan, Tağayım,

O illərin özü dastan, Tağayım.
Elin ağzı kəndi belə öyərdi,

«Yuxarıbaş », « Aşağıbaş » deyərdi,

Novruz oldu bir-birinə dəyərdi,

Gur tonqallar alışardı, Tağayım,

Uşaq-böyük yarışardı, Tağayım.
Nə ətirli kəndin gözəl yazları,

Alyanaqlı, ucaboylu qızları,

Yandırardı oğlanları nazları…

Coşdurardı diləkləri, Tağayım,

Oxşayardı ürəkləri, Tağayım.
Uşağlığım o illərin qoynunda,

Taleyimiz fələk qoyan qanunda,

Mat qalmalı röyaların oynunda,

Ram elərdi qorxuları, Tağayım,

Şirin-şəkər yuxuları, Tağayım…
Qız-gəlinlər bulaq üstə gələrdi,

Dərdi-sərin bir-biriylə bölərdi,

Xısın-xısın pıçıldaşıb gülərdi,

Beş addımdı bulaq bizə, Tağayım,

Səs dolardı evimizə, Tağayım.
Anam səhər işə-gücə qaçardı,

Qapımızı ana nənəm açardı,

« Bala » deyib bizi eşqlə qucardı,

« Nənə qurban » kəlməsiylə, Tağayım,

Sevinərdik gəlməsiylə, Tağayım.
Bəy xanımı Səfurənin odundan,

Heç doymadım sözlərinin dadından,

Oğul dağlı loğman-şair qadından…

Bayatılar dinləmişəm, Tağayım,

Dinlədikcə inləmişəm, Tağayım.
İslam əmi muğamatı xoşlardı,

Tarın səsi bəbəklərin yaşlardı,

O yazdığı şeirlərlə huşlardı,

Nura həsrət gözləriylə, Tağayım,

O yanıqlı sözləriylə, Tağayım.
İlk müəllim, bizə Sabir dayımız,

Dərsi o gün bilməsəydik vayımız,

Döyülərdik, qalmaz idi hayımız,

Dərsdən evə dönməz idik, Tağayım,

Necə həlim, dinməz idik, Tağayım?
Evə gəldim, taxçamıza çıxardım,

Tapşırılan dərsliklərə baxardım,

Şeir oldu elə bərkdən oxardım,

Lap ürəkdən alışardım, Tağayım,

Öz səsimlə yarışardım, Tağayım.
O Mənsurə anamın can kəlməsi,

Tikəsini bizim ilə bölməsi,

O Gülsabah bibimin gənc ölməsi…

Onda gördüm fələk üzün, Tağayım,

Qohumların yaşlı gözün Tağayım.
Hacıbaba qardaşımın zəhimi,

Dərs zamanı müəllimlik fəhimi,

Uşaqlara hərdən qəfil rəhimi-

O illərdən bir xatirə, Tağayım,

Bir tarixdi hər sətirə, Tağayım.
Ağabala atamın mərd ərliyi,

Anamızla o məhəbbət birliyi,

Atalığı, evdarlığı, dirliyi,

Bir örnəkdir bu günlərə, Tağayım,

Bugünki toy-düyünlərə, Tağayım.
Nə düşərdi tərs Fərhadın beyninə?

Təzə paltar geyinməzdi əyninə,

Pis gələrdi onun uşaq eyninə,

Qurban olum cəfasına, Tağayım,

Qardaşımın vəfasına, Tağayım.
Xanimənin dodağında gülüşü,

Gül bacımın o nazənin yerişi,

Sehir idi başdan-başa hər işi,

Çox almısan qadasını, Tağayım,

Canlar üzən ədasını, Tağayım.
Mirvarinin şirin-şəkər yeməsi,

Bişmişləri yeməyəcəm deməsi,

Dür bacımın hələ özün öyməsi,

Dəyməzdi heç bir xətirə, Tağayım,

O günlərdən bir xatirə, Tağayım.
Heyran idim Mətanətin nazına,

Qardaşımın yeddi gözəl qızına,

Mən nə deyim, fələk, o kəc yazına?-

Qəribliyə düşdü canım, Tağayım,

Sənlə keçdi ən xoş anım, Tağayım.
Gül anamın hələ saxsı nehrəsi,

Gəlinimiz Minanın ay çöhrəsi,

Xanımana nənəmin yun cəhrəsi-

Hanalarda çiçəklərdi, Tağayım,

Xalılarda gerçəklərdi, Tağayım.
Oğlanların çırtma vurub oxması,

Uşaqların dambacadan qorxması,

Qız-gəlinin çal-çəpərdən baxması,

Dil-dodağda noğullaşdı, Tağayım,

O illər də nağıllaşdı, Tağayım.
Səbirənin hər sözünün ballığı,

Gəlnimizin böyük-kiçik hallığı,

Kənd qızına xas üzünün allığı,

Bir səadət bağışlardı, Tağayım,

Nə müqəddəs baxışlardı, Tağayım?
Neçə-neçə gəlinin dul qalması,

Qarıların yaslarda saç yolması,

Ağacanın tək dam altda qalması,

O İranın qərib oğlu, Tağayım,

Bəxti kimi yolu bağlı, Tağayım.
Toydan qabaq qızların cəm olması,

Yunu didib yorğan-döşək salması,

Kəndimizin bulaması, dolması

Ağızlarda dada döndü, Tağayım,

Qohumlar da yada döndü, Tağayım.
O Cəmilə nənə olan somiyə,

Tanış idi sadəliklə hamiyə,

Pişikləri eyləyərək hamiyə,

Tən bölərdi payını da, Tağayım,

Çoxaldardı sayını da, Tağayım.
Kənd məscidi ağzı bağlı olandan,

İmanımız avazıyıb solandan,

Cavanların sərxoş olub qalandan…

Hey boşaldı tabaqların, Tağayım,

Nə yaxşıydı qabaqların, Tağayım?!..
Şəfiqənin qəfil gələn ölümü,

Zalım fələk eyləyəndə zülmü,

Gördüm ağlar məzar üstə elimi,

Yazıq bibim şam tək söndü, Tağayım,

Göz yaşımız selə döndü, Tağayım.
Xalam oğlu o Teyubun vəfatı,

Cavan ikən nakam olan həyatı,

O fələyin qara gələn saatı…

Aldı Güllü bacısını, Tağayım,

Verdi bəxtin acısını, Tağayım.
On dörd yaşlı canım xəstə düşəndə…

Ürəyimi yaralıyıb deşəndə,

Zalım əcəl yatağımı eşəndə,

Əzrayılın üzün gördüm, Tağayım,

Başım üstə özün gördüm, Tağayım.
Qazı baba kənddən küsüb gedəndə,

Təpə üstə dam salıb yurd edəndə,

Qocalığı rəhmətliyi güdəndə,

Onda bildim dünya fani, Tağayım,

Hər can üstə ömür ani, Tağayım.
Qarıların yayma-lavaş yayardı,

Qoşalayıb sonra cüt-cüt sayardı,

Kənddə hərə bir ayama qoyardı,

Ağızlara yaraşardı, Tağayım,

Dildən-dilə dolaşardı, Tağayım.
Dəliqanlı cavanların dəlliyi,

Qocaların çalmaları, belliyi,

Toyda, yasda adamların elliyi…

Ev də evə həyan idi, Tağayım,

Bir-birini sayan idi, Tağayım.
Sərincimiz südlə dolub-daşanda,

Ala inək çöl eşqiylə coşanda,

Süd ocağda qazanları aşanda,

Anam bizə söylənərdi, Tağayım,

Sonra gülüb əylənərdi, Tağayım.
Bəzənəndə toyxanalar əl-əlvan,

Nüsü dayı olardı bir pəhləvan,

Güləşərdi güləşçi tək o rəvan,

Zillənərdi zurna səsi, Tağayım,

Zurnaçının xoş nəfəsi, Tağayım.
Gəlin köçən qızların naz satardı,

Başlarına al örtüklər atardı,

Qayınata belə kəmər çatardı…

Gəlin üzün gizlədərdi, Tağayım,

Bəy evini gözlədərdi, Tağayım…
Novruzgülü torpaq altdan çıxanda,

Buludların bahar gözün sıxanda,

Uşaq ikən mən də dolub baxanda,

Alışardım yellər ilə, Tağayım,

O müqəddəs illər ilə, Tağayım.
Bayram gəldi elin pilov asmağı,

Torba atıb qapıları pusmağı,

Çərşənbədə damdan qulaq asmağı,

Sancılıb qan yaddaşıma, Tağayım,

Dönüb ürək sirdaşıma, Tağayım.
Aman Allah, elim, obam qanımda,

Ocağımın odu hələ canımda,

Kəndin özü röyalarda yanımda,

Qoynunu aç övladına, Tağayım,

Sal məni də bir yadına, Tağayım.
24-25.03.1998/ Neft Daşları

ULU TANRIM, NARAHATAM


Min bəlalı sabahlarçın,

Necə deyim mən rahatam?

Dünya tutmaz günahlarçın

Ulu Tanrım, narahatam.


El içində elsiz olmuş,

Öz yurdunda dilsiz olmuş,

Cahan nahaq qanla dolmuş,

Ulu Tanrım, narahatam.


qədər ki, haqq qəfəsdə,

Fitnə-fəsad min həvəsdə,

Yağlamaq hər nəfəsdə,

Ulu Tanrım, narahatam.


Nə qədər ki, yalan gülür,

Vaxt-vədəsiz bel bükülür,

Əcəlsiz də İNSAN ölür…

Ulu Tanrım, narahatam.


Cılızlaşan qeyrətlərçin,

Asiləşən millətlərçin,

Dağıdılan nemətlərçin,

Ulu Tanrım, narahatam.


Söndürülmüş ocaqlar var,

Fənd yuvası qucaqlar var,

Qan tökülmüş bucaqlar var,

Ulu Tanrım, narahatam.


Çəkilməyən dərdlərimiz,

Namərdləşən mərdlərimiz,

Keçilməyən sədlərimiz,

Ulu Tanrım, narahatam.


Tale mənə bıçaq düşüb,

Dərdi saçaq-saçaq düşüb,

Vicdan başdan qaçaq düşüb…

Ulu Tanrım, narahatam.

8-14.03.1990
GƏL TƏLƏSMƏ AĞARMAĞA, SAÇLARIM
Qocalığı duyuq salma, amandır,

Qoyma telə qarı yağa, saçlarım.

Vaxtsız düşən payız, qış da yamandır,

Gəl tələsmə ağarmağa, saçlarım.


Bu dünyanın kədəri bol, qəmi bol,

Min havada yaxşı, yaman dəmi bol,

Qəlb dolanda gözlərimin nəmi bol,

Gəl tələsmə ağarmağa, saçlarım.

Mərdlik də var, namərdlik də dünyada,

Düyünlərdən baş çıxarmır dünya da,

Ekiz olub şadlıq, kədər, xülya da,

Gəl tələsmə ağarmağa, saçlarım.


Dünya böyük düşünən çox, duyan az,

Yaman olur «mənəm », deyəndə dayaz,

Qarlı qışdan sonra gəlir bahar-yaz,

Gəl tələsmə ağarmağa, saçlarım.


Baş ağrıyır addım düz olmayanda,

Payız nədir yarpaqlar solmayanda?

Namərdlərdə vicdan, ar qalmayanda,

Gəl tələsmə ağarmağa, saçlarım.


Məhəbbətdən, sədaqətdən danışdıq,

Ucalıqçın zirvələrlə yarışdıq,

Çətin anda əğyarla da barışdıq,

Gəl tələsmə ağarmağa, saçlarım.


Biz bir olsaq dünya sevinclə gülər,

Kürəmizə nəşə, şadlıq tökülər,

Bünövrəsiz daş binadan sökülər,

Gəl tələsmə ağarmağa, saçlarım.


Qaçhaqaçda, qovhaqovda bu zaman,

Dünən gəldi, bu gün getdi il, aman!

Şirin Xanım inci tapar dəryadan…

Gəl tələsmə ağarmağa, saçlarım.


14.11.1987
ÜRƏK NİYƏ AĞRIYIRSAN?
Nə dolmusan qəmlər ilə,

Köksün için dağlayırsan.

Dərdi-səri bilə-bilə,

Ürək, niyə ağrıyırsan?


Toysuz, vaysız bir günmü var?

Bir açılan düyünmü var?

Yorulmayan beyinmi var?

Ürək, niyə ağrıyırsan?


Sözə sadiq çıxan da var,

Nahaqdan ev yıxan da var,

Xain gözlə baxan da var,

Ürək, niyə ağrıyırsan?


Gülmək də var, ağlamaq da,

Dərddən qubar bağlamaq da,

Bəzən coşub-çağlamaq da,

Ürək, niyə ağrıyırsan?


Yaxşı sözün yaman olar,

Ömründə çən-duman olar,

Səadətin güman olar,

Ürək, niyə ağrıyırsan?


İş hər gün düz gətirərmi?

Namərd haqqı yetirərmi?

Mərd mərdliyin bitirərmi?

Ürək, niyə ağrıyırsan?


Çox deyərlər qara – ağa,

Çox dözərlər min bir dağa,

Qəlbə leysan yağa-yağa,

Ürək, niyə ağrıyırsan?


Vaxt olar ki, tale gülər,

Sevinc açar, qəm bükülər,

Göydən yerə nur tökülər,

Ürək, niyə ağrıyırsan?


Şadimandan ibrət elə,

Onun dərdi gəlməz dilə,

Sən bunları bilə-bilə

Ürək, niyə ağrıyırsan?


30.07.1985/ Yasamal


Yüklə 3,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə