59
olub əvvəlki yerinə qayıdır ki, gəlib Cəbrayıla üçcə kəlmə söz desin:
Allah köməyin olsun! Lakin orada alapaça uzun yallı ceyran bir kəhərin
dayandığını görüb təəcüblənir. Elə bilir onu qara basır, əllərini gözlərinə
çəkir. Yox bu yuxu, röya deyildi, bir həqiqət idi. Atın qızılı lələkli
qanadları vardı. O qanadlarını, qabırğalarını sıxmışdı, yerindəcə
oynaqlayır, kişnəyir, fınxırıb dırnaqları ilə geriyə torpaq atırdı. Hümmət
bu həqiqətə, həkimin ata çevrilməsinə inanmır, günahı öz qorxaqlığında,
cəsarətsizliyində görüb həkimə alqış eləyir.
– Həkim, Allahın kölgəsi sənin üstündən əskik olmasın, canım elə
rahat, elə dinc oldu ki… At gülüb qanadlarını çırpır, dal ayaqları üstə
qalxıb Hümmətə sarı gəlir və insan kimi dil açır:
– Hümmət, gəl səni evinə aparım, mənə alqış eləmək lazım deyil,
mənim borcum yorulub yolda qalanı mənzil başına çatdırmaqdır.
Hümmət qorxub qaçmaq istəyir. At onun fikrini anlayıb israr edir:
– Gəl, gəl, ay Allahın ağıldan şikəst bəndəsi, mən sənə yaxşılıqdan
başqa heç bir pislik, yamanlıq etməyəcəm. Hümmət tərəddüd edir. At
üçüncü dəfə dil açıb onu mütərədüdlikdən qurtarır.
– Mən Allahın əmrilə gəlmişəm. Hümmət atın belinə qalxır. At
tapşırır:
– Yalmanımdan möhkəm yapış, gözlərini də yum, mən yel olub
uçacam, ildırım olub çaxacam, eşitdiyim səs– küy, inilti-gurultu səni
qorxutmasın. Eşitdiklərin mənim qanadlarımın səsi olacaq. Hümmət
gözlərini yumur, atın yalına yapışır. At ayaqlarını yerə vurub, göyə
qalxır. Hümmət gözlərini açıb aşağı baxır, başı gicəllənir, gözləri qaralır.
Cismi-canını lərzə bürüyür. O gözlərini qapayıb atın yalmanından bərk-
bərk yapışır.
– Sənə dedim gözlərini yum – deyə at ona ikinci dəfə xəbərdarlıq
edir – Gözlərini bir də açsan ya qorxudan ürəyin dağılacaq, ya da yıxılıb
parça-parça olacaqsan. Bir saatlıq uçuşdan sonra Hümmət küləyin,
gurultunun kəsdiyini hiss edir, havanın isindiyini duyur, ancaq icazəsiz
gözlərini açmır. – Bura haradır? Hümmət göz qapaqlarının arasından
qorxa-qorxa baxanda özünü yerdə, öz bağlarının içində görür. At isə
qeybə çəkilmişdi. Sevindiyindən dəli kimi olur, yüyürüb bağdakı hər
ağacı qucaqlayıb öpür, həyətinin hər daşına, hər ağacına səcdə edir.
Hümmət ibadət eləyəndə səhər idi. Hər yanda payız güllərinə bülbüllər
səhər nəğməsi oxuyurdu. Göylərdən yerə nur çilənirdi. Hər yan işıqlı,
ətirli idi. Cənnət havası yayılmış bağ behiştin bir guşəsi kimi öz
rahiyəsilə Hümməti sehirləyir, əfsunlu təsirilə xumarlandırır,
60
nəşələndirirdi. Göylərlə yerin hikmətli kəraməti elə bil yalnız bu yerdə
Hümmətin bağında bir-birinə qovuşub əsrarəngsiz bir cənnət guşəsi,
bütövlükdə bir mənzərə yaratmışdı. Hümmət bu dəm xoşbəxt idi. O
nəninki səfərin, ümumiyyətlə, ömrü boyu çəkdiyi bütün iztirabları bu
məsudiyyətin qucağında tamamilə unutmuşdu. Sanki bəxtiyarlığın
qapıları açılıb öz mərhəmətini onun başına, ətrafına çiləyirdi. Gülpəri
ərini bağda görən kimi yüyürüb onun yanına gəldi.
– Əşi, niyə belə gec qayıtdın? Hümmət arvadına kəc bir nəzər salır,
dillənmir: Gülpəri hədələyici səslə xoruzlanır:
– Ağzını açmamağa and içmisən?! Hümmət səsini çıxarmır.
Gülpəri gileylənir.
– Sən də allahdan pul alıb gətirən kişi olsaydı nə dərdim olardı!
Hümmət yerindən cəld qalxır, arvadının biləyindən tutub onu arxasınca
evə sürüyür. Gülpəri ömründə birinci dəfə gördüyü bu qabalıqdan
dəhşətə gəlir. Axı, Hümmət ona heç zaman belə bir kobudluqla
yanaşmamışdı. Hümmət bardaş qurub oturur. – Arvad mənə çörək ver,
yeyim. Gülpəri qaş-qabağını sallayıb onun qabağına süfrə sərir, iki çörək
və bir kasa qatıq gətirir. Hümmət çörəyi yeyib qurtarandan sonra deyir:
– Bu on tümən. Arvad, su da gətir içim. Gülpəri parçı doldurub
onun əlinə uzadır. Hümmət suyu içib pıçıldayır: – Bu da on tümən.
Sonra əl aftafasını götürüb bayıra keçir, qayıdıb arvadı ilə üz-üzə
dayanır: – Bax, bu da on tümən. Gülpəri qışqırır:
– Demək, Allahdan pul almamış gəlmisən?! Mən neynirəm sənin
kimi əri! Kül sənin kimi ərin başına ki,halvanı da uda bilmir. Gülpəri
ağzına gələni ərinin üstünə yağdıra-yağdıra cehizlərini yır-yığış
eləyir,qapıdan çıxıb getmək istəyəndə Hümmətin şilləsi onun üzündə
açılır.
– Hara gedirsən? Gülpəri o həlim, yumşaq təbiətli ərinin şiri-nər
zabitəli adam olub qayıtmağından vəcdə gəlir, daha doğrusu, bu zəhmli
adamın Hümmət olduğuna inanmır. Hümmətə diqqətlə baxır. Ərinin
qığılcım səpilən ağıllı gözlərindəki nüfuz ərkəsöyün arvadı yenidən
titrədir. O küncə qısılıb əllərilə üzünü örtür. Ona sarı təmkinlə və
möhkəm addımlayan ərinin qətiyyətli səsinə əlini üzündən götürür,
qulaqlarını açıb onun dediklərinə qulaq asır: – Allah bizə çox şey
veribmiş, biz onun qədrini bilməmişik. Ağılsız tamahkardan, ağıllı kasıb
yaxşıdır. ŞÜBHƏ Müstəcəb gəmidən zəng eləyib arvadı Rüsxarəyə
bildirmişdi ki, bir saatdan sonra səfərə çıxacaqdır. Ancaq iş elə gətirdi
ki, gəmi yük altında çox dayanmalı oldu. Üçüncü mexanik – "Təzə
61
evlənmisən, evə tərpən. Mən sənin əvəzinə növbədə dayanaram. Gəmi 8
saat körpüdə dayanacaqdır",
– deyə bildirdikdə, Müstəcəb tez-tələsik paltarlarını dəyişib, ikinci
dəfə evə zəng vurub Rüsxarəni xəbərdar etmək istədi ki, bir yerə
tərpənməsin. Axı bayaq Rüsxarə anasıgilə gedəcəyini söyləmişdi. Lakin
kapitanın kiminləsə başladığı söhbətin çox uzun çəkəcəyini görüb
Müstəcəb yolundan qalmadı. Müstəcəb tankerdə ikinci mexanik
vəzifəsində işləyirdi. Özü demişkən həmişə dəmir-dümürlə
əlləşdiyindən əzələləri möhkəmlənmiş, bədəni bərkiyib polada
dönmüşdü. Dənizçilərə məxsus mis rəngli zəhmli sifətində, qətiyyətlə
parlayan iri qumral gözlərində ağıllı bir ifadə gəzirdi. Müstəcəb zəngi
basmadan özündə gəzdirdiyi ikinci açarla qapını açıb içəri girdi. Yataq
otağının qapısı örtülməmişdi. Şifonerin qabağındakı yumşaq ev
ayaqqabıları, dişlərində bir çəngə tük tutaraq tualet stolunun ayaqları
altına düşmüş daraq, stulun sövkənəcəyinə atılmış xalat göstərirdi ki,
Rüsxarə evdə yoxdur, harasa getmişdir. "Buna bax, gəlməyəcəyimi
eşidən kimi, nə tez əkilib? Yəqin işi-peşəsi özünə sığal verib səhərdən
axşamacan küçələri ölçməkdir". Müstəcəb əlindəki kağız bağlamanı
divanın üstünə atıb qayınanasıgilə getmək istəyirdi ki, su şırıltısı eşidib
dayandı. "Kranı da açıq qoyub. Yaxşı ki, gəldim, yoxsa su axıb evə
dolardı". O, mətbəxə keçdi. Lakin hər şey yerli-yerində idi. Qaz, işıq
söndürülmüşdü. Kranın əyri burnunda isə bircə damcı su görünürdü.
Müstəcəb, yenə də koridora çıxdı. Şırıltı bir də eşidildi. Bu su haradan
axır? Əlbət qonşunun bizim mətbəxdən keçən su kəmərinin şırıltısı imiş.
Müstəcəb elə bu zaman hamamdan gələn kişi səsi eşitdi.
– Saçını üzündən yığ.
– Zəhrimara qalmış dayanır məgər, elə açılıb üzümə tökülür. İkinci
səs qadın səsi idi. Müstəcəbə elə gəldi ki, o səs Rüsxarənin səsidir.
Müstəcəbin canında can qalmadı. Yerində dondu. Dəhşət onu elə
sarsıtmışdı ki, o, hamamdakıların danışıqlarını daha eşidə bilmədi.
Pəhləvan cüssəli oğlan özünü saxlaya bilməyi üçün enli kürəyini güclə
divara söykədi. Addımlayanda ayaqları altında yer titrəyən bu adamın
tərpənməyə halı, iqtidarı qalmamışdı. Müstəcəb xəyalən yaxın-keçmişi
xatırladı: …Rüsxarə ilə çəhrayı salonda oturub kinonun başlanmasını
gözləyirdilər. İşıqlar yanıb-sönərək tamaşaçıları içəri çağırırdı.
Müstəcəbgil orta sıraların birində əyləşmişdilər. Üzü bəri gələnlərin
çoxu onları görürdü. Bəzisi dərin, bəzisi ötəri nəzər salıb yerinə
otururdu. Lakin velyur drapından şlyapası, ağ köynəyi, yaşıl qalstuku,
Dostları ilə paylaş: |