MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə169/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   165   166   167   168   169   170   171   172   ...   228

 

314


kökü torpağa sürətlə işləyir. Torpaq səthinə ilk dəfə nazik ağımtıl gövdə yönəlir, hələ səthə çıxmamış onun uc 

hissəsində xırda sarımtıl açıq –yaşıl rəngli yarpaqcıqlar əmələ gəlir. Onlar 2-3 sm böyüyərək, iri mişar dişli yar-

paq formasını alır. Bu yarpaqların arasından isə ilk nazik zoğlar inkişaf edir.  

Fenoloji müşahidələrimiz göstərdi ki, Şamaxı rayonu şəraitində püstə cücərtiləri iyunun 25-30-na qədər boy 

atır, sonra isə böyüməsi olduqca ləng gedir, bəzən isə dayanır. Dəvəçi rayonu şəraitində püstənin böyüməsi iyu-

nun 10-15-nə, Zəngilan rayonunda isə iyunun 5-10-na kimi davam edir. Bütün regionlarda yamacın  şimal və 

şimal-şərq hissələrində püstənin böyüməsi yamacın digər tərəflərinə nisbətən sürətlə gedir.  

Birinci boyatma prosesi dayanan kimi püstə bitkisində  xırda tumurcuqlar əmələ  gəlir. Sakitlik dövründə 

gövdədə odunlaşma, yarpaqlarda isə qalınlaşma (sərtləşmə) gedir. Bu zaman yarpaqların rəngi açıq yaşıldan 

tünd qonura çevrilir. Püstədə ikinci boyatma sentyabrın ikinci ongünlüyündə başlayır və  zəif gedir. Şamaxı 

rayonunda dəniz səviyyəsindən 850 m hündürlükdə ikinci boyatma oktyabrın ikinci yarısında, 950 m 

hündürlükdə isə oktyabrın birinci ongünlüyündə dayanır. İkinci boyatma dövründə püstə ağacları yalnız 6-8 sm 

böyüyür.  

Tədqiqat işləri göstərdi ki, püstənin boy atması ekoloji şəraitdən, toxumun saflığından və iriliyindən, 

həmçinin səpilmə dərinliyindən asılı olaraq müxtəlif sürətlə gedir. Şamaxı rayonunda dəniz səviyyəsindən 850 

m yüksəklikdə püstə ağacları normal böyümüşdür. Dəvəçi rayonunda 15 yaşlı püstə ağaclarının boyu 2,5-3,0 m 

olmuşdur.  

Püstənin boyatmasına torpağın nəmliyi də böyük təsir göstərir. Avqust və sentyabr aylarında torpaqda 

nəmlik az olduğundan püstənin böyüməsi dayanır. Terraslarda nəmliyin nisbətən çox olması püstənin normal 

boy atmasına şərait yaradır.  

Dəvəçi, Zəngilan və Şamaxı rayonlarında terrasların tökmə hissəsində bitkilərin böyüməsi kəsmə hissəsinə 

nisbətən yüksək olmuşdur. 

Püstə yetişdirilən terraslarda rütubəti saxlamaq məqsədilə sahə daş və alaq otlarından təmizlənir.  

Sahədə nəmliyi qorumaq üçün başlıca aqrotexniki tədbirlərdən biri də terras yatağının şumlanaraq yumşaq 

halda saxlanmasıdır. Terras yatağı yumşaq olduqda yağış suları ona asanlıqla hopur və nəmliyini artırır. Alaq 

otlarını məhv etmək üçün yumşaltma işi martda və aprelin əvvəlində aparılmalıdır.  

Dəvəçi rayonunda terraslarda əkilən püstə  ağacları ilk dəfə 8 yaşında meyvə vermişdir. Lakin erkək 

nüsxələr çox olduğundan sahədən az məhsul götürülmüşdür. İlk məhsul terrasın tökmə hissəsində yaxşı inkişaf 

etmiş  ağaclarda müşahidə edilmiş  və  hər ağacda 200-500 q meyvə olmuşdur. Sonrakı illərdə  məhsul verən 

ağacların sayı çoxalmışdır. Çox quraq keçən illərdə terraslarda rütubət az olduğundan püstə ağacları az meyvə 

gətirir.  

Qeyd etmək lazımdır ki, hazırda Abşeron müstəsna olmaqla respublikamızın digər dağ  və dağətəyi 

regionlarında geniş miqyasda badam bağlarının salınması  işinə diqqət verilmir, respublikamızda Dəvəçi, 

Şamaxı, Zəngilan və  Ağsu rayonları  ərazisində Krımdan gətirilən qiymətli badam sortlarını terraslarda 

yetişdirməklə elmi-tədqiqat işləri aparılmışdır. Bu məqsədlə həmin rayonlarda təcrübə sahələrində (terraslarda) 

Dreyk, Krım, daş badam, Nikita-62, Nikita gecçiçəkaçan, Yalta, şahzadə  və digər badam sortlarının toxumla 

səpini və şitillərlə əkini aparılmışdır. Müşahidələr göstərdi ki, terrasların tökmə hissəsində cücərmə və bitiş faizi 

kəsmə hissəyə nisbətən xeyli yüksək olur.  

Tədqiqatlar göstərdi ki, bir qayda olaraq terrasın tökmə hissəsində kəsmə hissəsinə nisbətən badam yaxşı 

boy atır.  

Tədqiqat aparılan 3 rayonda toxumla və  şitillə becərilən badam sortları 4-5 yaşında məhsul vermişdir. 

Şamaxı rayonunda toxumla becərilən daş badam və Krım sortları meyvə verməmişdir. Lakin bu sortlar Zəngilan 

və Dəvəçi rayonlarında meyvə gətirmişdir. Şamaxı rayonunda həmin sortların bar verməməsi onların başqa sor-

tlara nisbətən tez çiçəkləməsi ilə əlaqədardır.  

Tədqiqatlar göstərir ki, Dəvəçi rayonunda 15 yaşlı badam ağaclarında 6-7 kq, Zəngilan rayonunda 8 yaşlı 

badam ağaclarında 2-3 kq, bəzən isə 5-6 kq meyvə olmuşdur.  Şamaxı rayonunda 1982-ci ildə Krımdan 

gətirilmiş badam ağaclarından 1-2 kq meyvə  yığılmışdır. Badamın kök sisteminin xarakteri onun eroziyaya 

uğramış torpaqlarda yaxşı davam gətirməsi və normal inkişaf etməsinə  şərait yaradır. Badamın bol və güclü 

inkişaf edən əmici kökləri torpaq hissələrini bir-birilə yaxşı bərkidir, onda dənəvər struktur yaradır.  

Terraslarda torpağa və bitkilərə yüksək aqrotexniki qayğı göstərildikdə bol məhsul əldə etmək olar. Bunlar-

dan ən başlıcası terras çəkilib qurtardıqdan sonra onun yatağının 30-35 sm dərinliyində şumlanması, daşlardan 

təmizlənməsidir. İkinci yumşaltma işi səpin və ya əkindən qabaq aparılmalıdır (15-20 sm dərinlikdə).  

Terraslarda cücərtilər alındıqdan 1-2 ay sonra bitki olan çalaların ətrafı alaq otlarından təmizlənməli, torpaq 

yumşaldılmalıdır. Bitkilərə aqrotexniki qulluq işlərindən biri də ağacların artıq budaqlarının kəsilib götürülməsi 

və ona forma verilməsidir. Təcrübə sahələrində 3 yaşından başlayaraq ağaclarda budama işləri aparılmış və on-

lara forma verilmişdir. Məlum olduğu kimi, badam bitkisində çoxlu qarışıq zoğlar əmələ gəlir, onların uzunluğu 

40-50 sm-ə çatır. Budama zamanı bu zoğların əksəriyyəti kəsilir. Meyvə zoğlarında yalnız 7-8 ədəd tumurcuq 

saxlanılır. Ağaclarda tozlamanı təmin etmək üçün sahəyə arı ailələrinin  köçürülməsi məsləhətdir.  




 

315


Badam bitkisinə üzvi və mineral gübrələr verdikdə onun meyvə məhsuldarlığı artır. Şamaxı rayonunda ter-

raslarda peyin, fosfor və kalium gübrələri verilən ağacların boya və diametrə görə inkişafı sürətlənmiş, onlarda 

geniş budaqlanma getmişdir.  

A.A.Rixter tərəfindən Krım Nikita Botanika bağında alınmış və respublikamızda təcrübədən keçirilən bəzi 

badam sortları ilə tanış olaq.  

Nonparel sortu. Kaliforniyadan gətirilərək, Nikita Botanika bağında introduksiya olunub, dünyanın hər 

yerində becərilir. Bu sort Orta Asiyanın əlverişli iqlimi olan əraziləri və Abşeron üçün rayonlaşdırılmışdır. Or-

taboylu (4-6 m) ağacdır. Meyvələri orta irilikdə, oval formalı, qabığı açıq sarı  rəngdə olub hamardır. 

Kağızqabıqdır, asan sınır. Ləpə  çıxarı 50-60%-dir. Ləpələri yağlı (52-57%), dadlı  və  şirindir. Azərbaycanda 

geniş becərilir. Şamaxıda apreldə, Zəngilan və Dəvəçidə martda çiçək açır. Burada 7 yaşlı ağacların boyu 2,0-

3,0 m-ə çatır. Nonparel sortu üçün Dreyk, Texas, Nek-Plyus-Ultra yaxşı tozlayıcı hesab olunur.  



Nikita-62 sortu iri  ağac olub, (5-7 m) dağınıq çətirlidir.  Şaxtaya davamlıdır.  İri meyvəsi olub, yumşaq 

qabıqdır. Bir ədəd meyvəsinin çəkisi 4,4 q-dır. Ləpə  çıxarı 40,3%, yağlılığı 57,1%-dir, dadlı  və  şirindir. 

Şamaxıda terraslarda 8 illik ağacın boyu 2,8-3,0 m-dir. Gec çiçək açır. Zəngilan və Dəvəçi rayonlarında martda, 

Şamaxıda isə aprelin ikinici ongünlüyündə çiçəkləyir.  



Nikita-2240  gecçiçəkaçan sort olub yaz şaxtalarına çox dözümlüdür. Şamaxıda apreldə, Zəngilan və 

Dəvəçidə martda çiçəkləyir.  Şamaxıda yığdığımız meyvəsinin ləpə  çıxarı 38,4% olmuşdur. 7 illik ağacların 

boyu 2,8-3,0 m-ə çatmışdır. 

Krupnoplodnı (irimeyvəli) sortu Nikita – 62 və Nikita – 1 sortlarının calanmasından alınmışdır. Bir 

ağacın orta meyvə  məhsuldarlığı 7,1 kq-dır. Ağacların 7 yaşında boyu 2,8-2,9 m-dir, onlardan 1,50-2,0 kq 

meyvə yığılmışdır. Şamaxıdakı terraslardan yığılan badam meyvəsinin ləpə çıxarı 39,8% olmuşdur. Ləpəsi şirin 

və ləzzətlidir, yağlılığı 61,1%-dir.  



Predqornı sortu yaz şaxtalarına çox davamlıdır.  Şamaxıda aprelin ikinci ongünlüyündə, Zəngilan və 

Dəvəçidə martda çiçək açır. Dəmyə  şəraitində 5 kq-a qədər meyvə verir. Tədqiqat sahəsində 7 illik ağacların 

boyu 2,8-3,1 m-dir. Bu yaşda hər ağac 1,5-2 kq meyvə verir. Şamaxıdan yığılan meyvələrinin ləpə çıxarı 45,6%, 

yağlılığı 51,4% olmuşdur.  



Vınoslivı sortu. Şamaxıda terraslarda becərilir. Uzun müddət dinclik dövrü keçirir. Gec çiçəkləyir, 

Şamaxıda apreldə çiçək açır, təcrübə sahəsində meyvələrin ləpə çıxarı 56,4% olmuşdur. Tozlayıcısı əsasən pri-

morski, sovetski, desert sortlarıdır. Şamaxıda 7 yaşlı ağacların boyu 3 m, diametri 6,3 sm-dir.  

Nazikqabıq sort. Şamaxı və Zəngilan rayonlarında toxumla və şitillə becərilir. Şamaxıda 7 illik ağaclar 1,5 

kq meyvə  gətirir, onların ləpə  çıxımı 45,6% olmuşdur. Tozlayıcısı desert, Yalta, Nonparel və Nikita 

gecçiçəkaçan sortlarıdır.  

Kağızqabıq, ləpəsi asan çıxan badam sortu erkən çiçəkləyir. Şamaxıda martın ortalarında çiçək açmışdır. 

Buradakı 7 yaşlı  ağacların boyu 2,8-3,0 m, diametri isə 7,5 sm-dir. 1979-cu ildə çiçəklərini  şaxta vurmuş  və 

meyvə məhsulu olmamışdır. 1982-ci ildə Şamaxıda yığılmış meyvəsinin ləpə çıxımı 50,5% olmuşdur.  

Terraslarda qərzəkli ağac cinslərinin daha yaxşı inkişaf etməsi və eroziyaya qarşı daha effektli nəticə 

verməsi üçün yeni səmərəli qarışdırma sxemi tətbiq edilmişdir. Belə ki, Ağsu,  Şamaxı, Dəvəçi və  Zəngilan 

rayonlarında püstə və badam terraslarda eldar şamı ilə cərgələrdə qarışdırılmış, eyni zamanda hər 3 ağac cinsi 

sırf cərgələrlə  əkilmişdir. Terraslar arasında qalan zolaqlarda isə kol cinsləri – sumaq, ölməz kol və göyəm 

əkilmişdir. Belə sxemlə yaradılmış meşə-bağlar öz yerüstü hissələri və kök sistemləri ilə yamaclarda eroziya 

prosesinin qarşısını müvəffəqiyyətlə ala bilir. 1968-ci ildən başlayaraq indiyə  qədər göstərilən rayonların 

ərazisində terraslarda salınan belə meşə-bağların sahəsi 2007 hektar təşkil edir. Bu meşə-bağların  ən jeniş 

massivləri Dəvəçi və Siyəzən rayonları  ərazisində olub 1000 hektara yaxındır. Burada yarımsəhra  şəraitində 

vaxtilə daşlı, bəhrəsiz olan yamaclar indi təbiətin yaşıl bir guşəsinə çevrilmişdir. Ağaclar boya-başa çatdıqca bu 

dağların gözəlliyi ilbəil artır. 1983-cü ildən başlayaraq terraslarda salınacaq yeni meşə-bağlarda əkin sxemlərinə 

daş palıd, iydəyarpaq armud və Krım şamı, zeytun da daxil edilmişdir.  

Elmi-tədqiqat işlərinin nəticələri və ayrı-ayrı rayonlarda mövcud olan qərzəkli ağacların tədqiqi göstərdi ki, 

respublikamızın əksər regionlarında, o cümlədən, Böyük və Kiçik Qafqazın aşağı dağ-meşə qurşağı və dağətəyi 

massivlərində, Naxçıvan zonasında, Abşeronda qiymətli püstə və badam sortları yetişdirmək, onların sahəsini 

genişləndirmək olar. Hazırda respublikamızın ayrı-ayrı rayonlarında eroziyaya uğrayaraq kənd təsərrüfatı 

bitkiləri üçün yararlı olmayan torpaqların sahəsi 100 min hektara çatır. Bu ərazilərdə püstə və badamdan istifadə 

edib bağlar, meşə-bağların salınması respublikamızda meyvəçiliyin inkişaf etdirilməsinə kömək edəcəkdir. 

Salınacaq yaşıllıqlar bəhrəsiz quru, daşlı yamacları cana gətirəcək, oranın iqlimini yaxşılaşdıracaq, ov 

heyvanları və quşların çoxalması, ərazinin estetik vəziyyətinin daha da gözəlləşməsi üçün zəmin yaradacaqdır.   

 

14.13. Azərbaycanda mövcud tarlaqoruyucu meşə zolaqları 

Respublikamızda kənd təsərrüfatı istehsalının əsas hissəsi iqlimi quraq keçən yarımsəhra aran rayonlarında 

yerləşir. Burada bitkinin normal inkişafını təmin etməkdə digər aqrotexniki tədbirlərlə yanaşı, təbii meşəliklərin 

mühafizəsi və bərpası, həmçinin tarlaqoruyucu və irriqasiya meşə zolaqlarının salınması da mühüm rol oynayır. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə