Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   15   16   17   18   19   20   21   22   ...   103

 
82 
Qoşun bir-birinə qarışdı, camaat biri-birinə dəydi, hamı Məlik 
Məhəmmədin dalısınca tökülüb onu oxa basdılar. Məlik 
Məhəmməd atı çapıb, bir dəqiqədə gözdən itdi və yenə  gəlib 
haman küçədə tükü yandırdı, zümrüd hazır olanda paltarları və 
atı verib, dükanı açıb oturdu. 
Bir azdan sonra, balalarım, dərzi başına-gözünə döyə-döyə 
dükana gəldi. Məlik Məhəmməd durub yalandan ustasının o 
tərəf-bu tərəfinə keçib dedi: 
– Ay usta, qurbanın olum, nə olubdur? 
Usta dedi: 
– Nə olacaq, padşahın evinin qabağında at çapışmada 
hardansa suya dönmüş, sarı paltarlı bir atlı gəlib bir az o başa, 
bir az bu başa  çapıb, birdən qılıncını çəkib padşahın oğlunun  
boynunu vurdu, dalınca töküldülər, tuta bilmədilər. 
Məlik Məhəmməd yalandan bir az heyfsilənib, gedib 
yerində oturdu. 
Aradan bir neçə vaxt da keçdi, padşahın böyük oğlunun 
qırxı çıxdı. Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna 
toy eləyir, usta gəlsin paltar biçməyə. Dərzi yenə sevinə-sevinə 
qayçısını götürüb yola düşdü. Məlik Məhəmməd də dükanda 
qaldı. Usta gedəndən bir azca sonra Məlik Məhəmməd yenə 
durub dükanı bağladı. Haman küçəyə gedib, zümrüdün tükünü 
yandırdı. Yandıran saatda zümrüd hazır olub dedi: 
– Mənə görə qulluq? 
Məlik Məhəmməd dedi: 
– Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir 
qırmızı at gətirərsən. 
Zümrüd «baş üstə» deyib, bir dəqiqədə gedib, atı və paltarı 
gətirdi. 
Məlik Məhəmməd qıs-qıvraq geyinib, padşahın imarətinə 
tərəf getdi. Orada yenə qoşun, çamaat düzülüb, padşahın 
oğlunun at çapmağına tamaşa eləyirdi. Məlik Məhəmməd atı 
meydana salıb, bir o başa, bir bu başa çapdı və sonra padşahın 
ortancıl oğlunun başını qılınc ilə vurub qaçdı. Qoşun nə qədər 
 
83 
onun dalınca çapdısa, tuta bilmədi və ox atdılarsa da dəymədi. 
Qoşun, camaat təzədən qara geyib, yasa batdı. 
Məlik Məhəmməd paltarını  dəyişib, dükana gəldi. Yenə 
dərzi başına-gözünə döyə-döyə geri qayıtdı. Məlik Məhəmməd 
dedi:  
– Ay usta, sənə nə olub ki, elə hər yerə gedəndə baş gözünə 
döyə-döyə qayıdırsan? 
Usta dedi: 
– Mərdimazar kimdirsə, qırmızı paltarda gəlib, padşahın 
gözünün ağı-qarası bircə  oğlu qalmışdı, onun başını vurub 
qaçdı, dalınca da nə qədər töküldülər, tapa bilmədilər; ox atdılar 
dəymədi. 
Balalarım, bu işdən bir neçə vaxt keçdi. İl ötdü, ay dolandı, 
günlərin bir günü yenə usta ilə  şagirdi dükanda oturmuşdu, 
birdən şagird ustaya dedi: 
– Dur get padşahı muştuluqla ki, balaca oğlunu tapmışam. 
Usta döyükdü, dedi: 
– Adə, dəli olmamısan, padşah deməzmi balaça oğlum 
haradadır? Onda nə cavab verim? 
Məlik Məhəmməd başına gələn qəza və qədəri açıb dərziyə 
nəql elədi. Balam, dərzi buradan sevinə-sevinə bir baş padşahın 
evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən 
ayağı daşa ilişib yıxıldı. Padşah pəncərədən bunu görcək dedi: 
Yəqin dərzidə bir əhval var, gedin onu bura gətirin. 
Qul-qarabaş tökülüb dərzini padşahın qulluğuna gətirdilər. 
Dərzi yetişən kimi padşaha baş endirib dedi: 
– Padşah, sənə fəda olum, muştuluğumu ver, balaca oğlun 
Məlik Məhəmmədin yerini deyim. 
Padşah az qaldı özündən getsin, dedi: 
– Bəs Məlik Məhəmməd quyuda ölməyibmi? Bəs indi 
haradan gəldi çıxdı? 
Dərzi dedi ki, muştuluq verməsən deməyəcəyəm. Padşah 
vəd verdi ki, özü ağırı qızıl versin. Dərzi Məlik Məhəmmədin 
başına gələn qəza və  qədəri nəql eləyib, indi də ona şagird 


 
84 
olmağını dedi. 
Ay məni istəyən, dərziyə xələt! 
Dərziyə o qədər xələt verdilər ki, çəkib apara bilmədi. 
Vəzir, vəkil tökülüb Məlik Məhəmmədin dalınça getdi. Əvvəl 
onu hamama aparıb  şahzadələrə layiq paltar geydirib, sonra 
atasının qulluğuna apardılar. Padşah oğlunu görcək duz kimi 
yaladı. 
Məlik Məhəmməd başına gələn qəza və qədəri atasına nəql 
eləyib dedi: 
– Ata, böyük qardaşlarımı da öldürən mən idim. Quyuda 
neçə vaxt divlər ilə  əlləşib, üç qız gətirmişdim. Bəs allah 
götürərdimi ki, onlar mənim kəndirimi kəsib, nişanlımı özlərinə 
götürəydilər. 
Padşah ağlaya-ağlaya oğlunun alnından öpdü və çox şükür 
elədi ki, Məlik Məhəmməd sağ qalıbdır. 
Sabahı gün kiçik qızın kəbini Məlik Məhəmmədə  kəsildi, 
böyük qızın da birini vəzirin oğluna verdilər, birini vəkilinkinə. 
Qırx gün qırx gecə toy vurulub, gəlin gəldi. 
Onlar yedilər yerə keçdilər, siz də, balalarım, böyük dövrə 
keçin. 
Nağıl qurtarmışdı, uşaqlardan biri balaca əllərini sinəsinə 
qoyub, nənəsinin dizi üstə yuxulamışdı; balacası ocağın 
qırağında mürgü döyürdü. Bircə böyük uşaq  şəhadət barmağı 
ağzında, gözlərini nənəsinin üzündən çəkmirdi. 
Şiddətli külək yenə pəncərəni şıqqıldadırdı... 
 
1910
 
85 
AĞSAQQAL 
 
Gülsüm qarı yuxudan gülə-gülə ayılıb, yatacağının üstə 
oturdu. ”Günəş çıxıb, pəncərədən otağa düşmüşdü. Gülsüm qarı 
”günəşə baxıb, öz-özünə dedi: «Günü çıxardan allaha qurban 
olum. O allah mənim allahımdır; gör yuxumu necə çin edəcək. 
Elə bu gün Alıpaşa ağanın qızına elçi gedəcəyəm». 
Qarı bir az fikrə gedib gülümsündü: 
– Fərəcimin puldan pulu, boydan boyu, əsnaf olanda nə 
eyib elər... Fərəcə də qurban olum, bəyzadə nişanlısına da. 
Qarı çoxdan oğlunu evləndirmək fikrində idi, amma 
bilmirdi kimi alsın.  Əsnaf qızı ilə arası yox idi, bəy qızı da 
almağa cəsarət etmirdi, çünki bəylər qızlarını  əsnafa 
verməzdilər; kasıb da olsa idi, özləri kimi «nəcib» və əsil-kök 
bəylərə verirdilər. Biçarə Gülsüm qarıda bu əsil-kök harada idi: 
əri sövdəgər Hacı, oğlu da tacir; sabah dəftər qoltuqlarında 
bazara gedib, axşama qayıdardılar. Daha bunlarda bəylərə layiq 
şücaət, təmkin və vüqar tapılmazdı. Barı bir qırğı isə də hərdən 
qollarına alıb gəzdirməzdilər ki, bəyə oxşasınlar. Bu «kəsafət 
mədə» ilə də Gülsüm qarı atıla-atıla gedir ki, oğluma gərək bəy 
qızı alam! Yenə bu yuxu əhvalatı olmasa idi, qarı  bəlkə 
fikrindən daşına idi; bu yuxu da belə  aşkar idi ki, xeyir işdən 
boyun qaçırmaq olmazdı. 
Gülsüm qarı yuxuda görmüşdü ki, samanlıqda at arpa 
çuvalını iyləyib,  şıllağa qalxdı  və ayağı mehtərin aftafasına 
dəyib töküldü. 
Qarı qorxusundan sıçrayıb, yuxudan ayıldı; və 
gördüklərinin yuxu olduğunu duyduqda gülə-gülə yozmağa 
başladı: «Atcığaz» muraddır. Bunuca bilirəm,–dedi,–«aftafa» 
da ki, paklıqdır. «Su» da aydınlıqdır. O ki, qaldı «şıllaq»?.. 
Qarı bir az fikrə getdi. Başladı qoltuğunun altını qaşımağa. 
Ondan, burnunu qurdaladı  və sonra birdən qəhqəhə  çəkib, 
gülməyə başladı: «Şıllaq» nə olaçaq ki,–dedi,–o da toydur, 
şadyanalıqdır.... 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə