Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   33   34   35   36   37   38   39   40   ...   70

_______________ Milli Kitabxana _______________ 
149 
 
Baxdıqca qorxuncdur, sanki məzardır. 
Qara bulud kimi o çirkin diyar 
Neft kimi alışıb, tutuşub yanar. 
Yenə yola düşdü zavallı qoca, 
Bütün günü gəzdi yollar boyunca. 
O bəxtsiz oğlunu görəndə birdən, 
Oynadı qocanın qəlbi yerindən. 
Məcnunda yox idi həyatdan əsər, 
Varlığı dəriydi, bir də sümüklər. 
Varlıq dünyasından düşmüşdü qaçaq, 
Sövda yolundan da gəzirdi uzaq. 
Xəyaldan asılmış çöpə bənzərdi, 
Ölümdən qurtarmış bir tük qədərdi. 
Yer üstdə it kimi çabalasa da, 
Yer altdakindən də heçdi dünyada. 
Qaynaqdan düşmüşdü həyat qazanı, 
Ayaqdan düşmüşdü, huşsuzdu canı. 
Yarılmış başından düşmüşdü papaq
Yerdə ilan kimi hey qıvrılaraq, 
Əl boyda dərini o tərki-vətən 
Fitə tək tutmuşdu öz göbəyindən. 
Ata sığalladı onun başını, 
Saxlaya bilmədi öz göz yaşını. 
Axıtdı sel kimi ciyər qanını, 
Uçurdu könlünün xanımanını... 
Açıldı Məcnunun bu dəm gözləri, 
Qəlbə munis gördü o bir nəfəri. 
Baxdı atasına o bəxti qara, 
Lakin tanımayıb qaçdı kənara. 
Bir adam özünü unutsa əgər, 
Başqa bir insanı tanıyar məgər? 
Dedi: "Sən nəçisən, de görüm kimsən? 
Gəldiyin yollara qurban olum mən". 
"Mən sənin atanam, ey ciyər param
Nə vaxtdır, bir səni mən axtarıram". 
Məcnun atasını tanıdı bu an. 
Düşüb ayağına ağladı al qan. 


_______________ Milli Kitabxana _______________ 
150 
 
Ata qucaqladı yazıq oğlunu, 
O bunu öpürdü, bu isə onu. 
Ah, tuta bilməyib bir yerdə qərar, 
Min novhə çəkərək çox ağlaşdılar. 
Atanın göz yaşı çay kimi axdı, 
Sonra boy uzunu oğluna baxdı. 
Gördü, ölü kimi o çıl-çılpaqdır. 
Başı papaqsızdır, yalın ayaqdır. 
Bir xələt götürüb öz heybəsindən, 
Geydirdi oğluna, örtüldü bədən. 
Başmaq da, papaq da verdi, müxtəsər, 
Bəzədi təpədən dırnağa qədər. 
Sonra da atalıq nəsihətiylə, 
Ona öyüd verdi öz adətiylə. 
Dedi ki: "Ey ruhum, bu yuxudan qalx, 
Cüt atlı zəmanə tələsir, bir bax. 
Bu yolun hər otu qılıncdır, oğlum, 
Gəl, çəkin bu yoldan, qurbanın olum. 
Yediyin zərbələr çox asan deyil
Tutaq ki, sən dözdün bir ay, ya bir il. 
Yenə ox atacaq rəhmsiz fələk, 
O, sənin qanını açıq tökəcək. 
Tutaq bir neçə gün yenə dözdün sən, 
Lakin bu yerlərdə can verib ölsən, 
Canavardan tutmuş pələngə qədər 
Sənin bədəninlə doyar vəhşilər. 
Qürbətdə ölmə gəl, nə varmış bunda? 
It olmaq yaxşıdır ana yurdunda. 
Baş götürüb qaçdın vəhşi çöllərə, 
Qocaldın, çatmadı əlin bir yerə. 
Əzablar çəkməyin mənası varmı? 
Daima zillətə dözmək olarmı? 
O sular yatağı çaylağa bir bax, 
Seldən xarab olmuş gördüyün çaylaq. 
O sellər axıdan dağa qıl nəzər, 
Onu da zəlzələ dağıdıb tökər. 
Bu zillət, bu əzab pəncəsində sən 


_______________ Milli Kitabxana _______________ 
151 
 
Dəmirdən də olsan çürüyəcəksən. 
Getdi ömrüm-günüm sənin dərdinlə
Ram olub bir zaman atanı dinlə. 
Baş getdi, cilovun bərkdir, ey insan, 
Alışdı ürəyim, sən yenə xamsan. 
Çöldə ləhləməkdən bir dəfə əl çək, 
Vəhşilər yanında kim at sürəcək? 
Divlər yatağına gəl olma məhrəm, 
Qaçma zəmanədən, ey talei kəm. 
Başından bir dağıt bu qayğıları, 
Özünü xəyalla gəl aldat, barı. 
Bir arzuyla yaşa, o, puç olsa da, 
Arzuyla şadlanar aqil dünyada. 
Yalan da, doğru da olsa hər dilək, 
Bari, bir nəfəsə bəzəkdir, bəzək. 
Əvvəl sən rahatca nəfəs al ki, bir, 
Sonrakı nəfəsin gör necə gəlir. 
Səadət qapını açmasa bu gün, 
Kəsmə umudunu ondan büsbütün. 
Çoxları buğdanı saxlanc etdilər, 
Qazanc görmədilər bir arpa qədər. 
Ömrün ixtiyarı öz əlindəykən, 
Işini gör, qurtar hamıdan erkən. 
Sabah cilovunu tutanda əcəl 
Bir də üzr istəmə bu dünyadan gəl. 
Dediyin şərbəti verməzlər sana, 
Bil ki, yaratdığın düşər payına. 
Qadın nə toxusa əyninə keçər
Kişi əkdiyini toplayıb biçər. 
Bu gün bir üzərlik yandır ki, sən də 
Duyasan iyini bəlkə öləndə. 
Ölüm dəhşətini qabaqca sına, 
Axırda dözəsən hər ağrısına. 
Ölümü kim duysa ölümdən qabaq, 
Ölüm pəncəsindən xilas olacaq. 
Baş vaxtından əvvəl ucalsa əgər, 
Özü təpəsinə sillə endirər. 


_______________ Milli Kitabxana _______________ 
152 
 
Səfər xəyalilə gülən bir dodaq 
Öz bişirdiyindən pay aparacaq. 
Adamsız qalmışdır meydanın, bir dur, 
Yetər divanəlik gəl sakit otur. 
Hər kəsin bir könül həmdəmi olar, 
Hər çəkilən dərdin bir sonu da var. 
Söz yox ki, ucadır insanlıq səndə, 
Lakin it də yaşar, ölər vətəndə. 
Əgər insansansa, insanlığı sev. 
Bir div olsan belə, anla ki, hər dev 
Bir insan şəklində görünmək istər, 
Divdənsə dərs alıb adamlıq göstər. 
Ah, oğul, insansan, şərəflisən sən, 
Özünü divlərə taymı edirsən? 
Azdır yoldaşlığım bu yolda sənə. 
Canım yedəyindən gen qaçma yenə. 
Gəl mənə yoldaş ol, həmcinsin mənəm, 
Bari, təsəlli ver qəlbimə bir dəm. 
Bu gecə sən məndən üz döndərsən, ah! 
Bil ki, gec olacaq axtarsan sabah. 
Sözlərim gəlirsə qəlbinə ağır, 
Bu da, bil, fələyin qəzasındandır. 
Qaçma, yaxına gəl, iş gör əlinlə
Zamanın hökmünü bir yaxşı dinlə. 
Mən ömrü bitirdim, sən şad ol yazıq, 
Şərabı sən iç ki, mən məstəm artıq. 
Ölürəm, ömrümü çatdırdım başa, 
Qəm öldürdü məni, sənsə şad yaşa. 
Inan ki, göylərə sovruldu külüm, 
Günəşim saralır, yaxındır ölüm. 
Günəş axşam oldu, hardasan səhər 
Oğlum, mən ölürəm, bir kömək göstər. 
Oğul, gəl, atayın pis gününə çat, 
Gəl, canı çıxmamış ona əl uzat. 
Mən əldən, ayaqdan düşməzdən əvvəl 
Sönmüş ocağımı qızdırmağa gəl. 
Yerimdən qoparsa məni ruzigar, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə