Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
125 
təkcə dilçi və filosofların inhisar obyektinə çevrilməyibsə
bu artıq xoşdur. “Dilimiz təfəkkürün sərhədlərini sıxmır ki?” 
soruşursan. Diqqət et: “dilimiz” deyirsən, “təfəkkür” deyir-
sən. “Təfəkkürümüzün” demirsən. Bu çox vacib məqamdır. 
Doğrudan da, ya intuitiv, ya da bilərəkdən “dilimizi” bizimki 
(yəni, milli, Azərbaycan dili) edirsən, təfəkkürü isə yox. Hə-
qiqətən də, sənin “təfəkkür” dediyin anlam beynəlmiləl ma-
hiyyətlidir, ayrı-ayrılıqda heç kimə aid deyil, hamıya aiddir 
(bütün insanlara!). Amma heç kimdə belə bir təsəvvür də 
yaranmasın ki, “dilimiz” deyəndə söhbət hansısa  əlahiddə 
bir dildən gedəcək. 
Etimad.  Yəni, belə başa düşə bilərikmi ki, bizim dili-
miz təfəkkürə münasibətdə o biri dillərdən fərqlənmir? 
Kamal Abdulla. Bəli, bu belədir. Düşünə bilirsənmi, 
əslində, heç bir dil təfəkkürün imkanlarını yüzdə yüz reallaş-
dıra bilmir. Bizim dilimiz, eləcə  də  hər hansı başqa bir dil 
bizim içimizdə, beynimizdə, batinimizdə baş verənləri oldu-
ğu kimi büruzə verə bilmir. Bəlkə  də, belə daha doğrudur. 
Təmiz düşüncə tərzi son dərəcə "intim"dir. Onun olduğu ki-
mi görünməsi iç dünya ilə dış dünya arasında hansısa fəzada 
bərabərlik işarəsi qoyardı, yaşamaq, bəlkə, daha maraqsız 
olardı. Nə isə... 
Şairlər zaman-zaman bu uyğunsuzluğa münasibət bil-
diriblər. Məkan və zamanca bir-birindən dünyalar qədər 
uzaq olanları da Mövzu birləşdirib. Tütçev belə yazıb: “İfadə 
olunmuş fikir artıq yalandır” (sətri tərcümə). Füzuli isə de-
yib: "Aldanma ki, şair sözü, əlbəttə, yalandır”. Amma ən 
gözəli Napoleonun xariciyyə naziri Taleyrana məxsusdur: 
“Dil insanlara verilib ki, onlar nə barədə fikirləşdiklərini 


 
126 
gizlədə bilsinlər”. Bu sonuncu fikrin Mövzu ilə çox uzaq və 
bir qədər də şübhəli bağlılığı var. Bunu Mövzunun qeyri-cid-
di tərəfinin də olmasına dəlil kimi dedim. Dil də “Şərq kimi 
çox incə bir mətləbdir”. 
Salam. Bəs Azərbaycan dili necə?! Bu dil axı məkanca 
da Şərqdə yerləşir... 
Kamal Abdulla. O ki qaldı Azərbaycan dilinə, tam sə-
mimiyyətlə bunu deyim ki, bu dil millətin yaratdığı dəyərlər 
sistemində normal bir bəndənin hamıdan gizlənə biləcəyi ən 
birinci və yaxud, istərsəniz,  ən sonuncu (eyni şeydi – şərt 
hansı  tərəfdən baxmaqdır!) mənəvi məkandır. Mən Azər-
baycan dilini nəfəs almaq, yaşamaq üçün bütün elementar və 
hətta ondan bir az da artıq qəşəng şərtlərə malik olan normal 
bir məkan kimi təsəvvür edirəm. Bu məkan bəzən bir qəsrdi, 
hər otağında öz dahisi ilə – sən gör kimlərlə qarşılaşırsan, 
bəzən adi evdi, bəzən koma, hücrə... 
Dilimizin imkanları isə  təfəkkürümüzün (təfəkkürün!) 
imkanlarından,  əlbəttə, daha bəsit, daha primitivdir. Belə 
yaxşıdı. Orası, Platon demiş, göylərə məxsusdu (yada salaq 
Platonun ideyalar aləmini!), dil – yerə. Bütün digər dillər ki-
mi bizim əziz dilimiz də onların heç birindən, yəni, digər heç 
bir dildən  əlahiddə deyil, fərqlənmir, nə daha qədimdir, nə 
də daha yenidir. Amma qoy heç kimin qanı qaralmasın, bu-
nun üçün təəssüflənməyə  dəyməz! Bütün dillər mütləq 
şəkildə qədim bir uludil məkanına gedib çıxır. 
Etimad. Bəzən Azərbaycan dilinin bir uşaq kimi (guya, 
onun buna ehtiyacı varmış) qayğısına qalmaga, yeri gəldi-
gəlmədi, onun təəssübünü (buna əsas olmasa da) çəkməyə 
çalışırlar. Məsələni bilərəkdən və ya bilməyərəkdən şişirdib 


 
127 
"dağ"a döndərirlər. Millət üçün "sino" gedənlər fəryad qopa-
rır, nərə  çəkir, “dilimiz əldən getdi” deyə  şəbih çıxarırlar. 
Nədi-nədi, küçədə kimsə rusca danışıb... 
Kamal Abdulla. Olur belə hallar.  Amma  şəbehə ehti-
yac yoxdur. Əslində, bir dil ki, küçədə kiminsə başqa bir dil-
də danışmağı ilə əldən gedəcək, bu dil elə əldən getsə yax-
şıdır. Fəryad qoparanlar dilimizin qüdrətini, möhtəşəmliyini 
bilməyib başa düşməyənlər və ya təhtəlşüuri qəbul etmək is-
təməyənlərdir. Onların bu cür sinə vurmalarına ancaq təəs-
süflənmək olar. Azərbaycan dilinin bu üzdəniraq "müdafi-
əçi"lərə heç bir ehtiyacı yoxdur. Dilimizin bugünkü durumu 
və  gələcək inkişafına heç nə ilə müdaxilə etmək, ziyan 
vurmaq mümkün deyil. Onu ayrı-ayrı adamlar yaratmayıblar 
ki, onlar da korlasınlar və ya məhv etsinlər. Belə düşünmək 
absurddur. Bu dili qədim Oğuz cəmiyyəti, Qədim Azər-
baycan dövlətçiliyi, Nəsimi və Füzuli yaradıb, Xətai yaradıb, 
Mirzə  Cəlil,  Əbdürrəhim bəy, Cavid, Sabir yaradıb. Nəha-
yət, bu dili Dədə Qorqud yaradıb. Bu dili bu gün Anar, İsa 
Hüseynov, Elçin, Əkrəm Əylisli, Ramiz Rövşən, Vaqif Ba-
yatlı, Rafiq Tağı, Salam, Etimad, Aqşin, Murad... yaradırlar. 
Küçədə kimsə rusca danışıbmış! "Əcəb gülməlisən, xani-
man-xarab..." Çox pisdi ki, bizdə küçədə kimlərsə ancaq rus-
ca danışırlar. Bu gün Bakı küçələrində gərəkdir rus dilindən 
başqa ingilis, alman, fransız... eskimos dillərində  də danış-
sınlar. Necə deyərlər, bacarana can qurban. Bəyəm belə olar-
sa, Azərbaycan dilinin konstitusyon hüququna zərər gələr?! 
Qətiyyən!! Sən, baba, çalış, dövlət idarələrində, elə haman 
Milli Məclisdə  sənədləşmələr başqa dildə olmasın. Sən 
qeyrət göstər,  başqa məmləkətlərdə Azərbaycan dilində  qə-


 
128 
zet çıxar, məktəblər aç...  Ən azından bu barədə "həyəcan 
təbili" çal, dövlət proqramları düzənlə. 
Çox zaman isə belə  də deyirlər ki, televiziyalar, müx-
təlif  şou proqramlar dilimizi korlayır. Yenə  də diletant ya-
naşma! Bütün bu hallar "yel olub dilin yanından ötə bilməz". 
Bu, bilirsinizmi, əslində, başqa bir müstəqil mövzudur və 
tərəf-müqabildə ciddi elmi hazırlıq tələb edir. Arzu edənlərə 
"likbez" keçmək olar. Bu şərtlə ki, bu adamlar səmimiyyətlə 
yanlış yapsınlar. Gözə kül üfürməklə gündəmə gəlmək, dil-
lərə düşmək istəməsinlər. Azərbaycan dilinə isə inanmaq 
lazımdır. Onun heç kimin, xüsusilə də, bu cür "fəryad" qopa-
ranların köməyinə ehtiyacı yoxdur. Köməyi bu və ya başqa 
səbəbdən bu dili zəif bilənlərə etmək lazımdır. Onların 
qarşısına elə bir dil çıxarmaq lazımdır ki, bu dildə yaradılmış 
elə ədəbiyyat yaratmaq lazımdır ki, bu dildə zor gücünə yox, 
mənəvi vurğunluq gücünə danışsınlar. Bu dil "fədailərin"ə 
isə bir sual, cəmi bir sual vermək lazımdır: "Azərbaycan di-
linin ki, belə  təəssübkeşisən, yəqin ki, bilməmiş deyilsən, 
dilimizin onurğa sütunu bu dildə yaradılan  ədəbiyyatdır. 
Lütf elə, bir söylə görək, Azərbaycan dilində axırıncı  dəfə 
hansı kitabı oxumusan?" Cavab, elə bilirəm, sizə yaxşı bəlli-
dir. "Rumi ki dedin, qəziyyə məlum..." Bir də ki, "dabbaqda 
gönü məlum olan" belə dil "fədailəri"nə bunu deyərdim: 
adam gərək bildiyi şeylərdən danışsın (yəni, bildiyi kola ba-
şını soxsun). Bu barədə bu qədər. Bəlkə  də... hələlik bu 
qədər. 
Salam. Kamal müəllim, dil söhbəti qurtaran deyil. Əl-
bəttə, hər adam bildiyi şeylərdən danışsa, daha yaxşı olar. 
Belə olsaydı, daha bizim dərdimiz nəydi ki?! Amma gəlin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə