MüSƏlmanin 24 saati



Yüklə 0,5 Mb.
səhifə6/9
tarix20.10.2017
ölçüsü0,5 Mb.
#6126
1   2   3   4   5   6   7   8   9

"...Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz" ("Bəqərə" surəsi, 216).
Allahın bildirdiyi kimi, biz nəyin xeyirli, nəyin zərərli olduğunu bilə bilmərik, bunu ancaq Uca Allah bilir. İnsanın yeganə vəzifəsi sonsuz mərhəmət sahibi olan Rəbbimizi dost etmək və Ona tam bir təslimiyyətlə təslim olmaqdır.

İnsan dünya həyatında sahib olduğu hər şeyini bir anda itirə bilər. Bir yanğın evini, iqtisadi böhran bütün sərmayələrini və ya bir hadisə sevdiyi, qiymətləndirdiyi əşyalarını itirməsinə səbəb ola bilər. Allah Quranda insanların bu şəkildə sınaqdan keçirilməsindən belə bəhs edir:



"Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!" ("Bəqərə" surəsi, 155).

Allah insanlara müxtəlif şəkillərdə sınaqlardan keçiriləcəklərini xəbər verərkən qarşılaşdıqları bu çətin vəziyyətlərdə səbir edənlərə də gözəl bir müjdə vermişdir. Allahın ayədə tərif etdiyi səbir, məsələn, itən əşyanı tapmayınca yaranmış vəziyyəti məcburən qəbul edərək səbir etmək deyil. Səbr itən əşya nə qədər böyük və əhəmiyyətli olursa olsun, insanın bunu eşitdiyi və ya bildiyi andan etibarən son dərəcə təvəkküllü, təslimiyyətli davranmasıdır. Hər şeyi edənin Allah olduğunu ağlından çıxarmadan, sabit rəftar və davranışını davam etdirməsidir.

İnsan gün ərzində daha mühüm itkilərlə də qarşılaşa bilər. Məsələn, ehtiyaclarını ödəmək üçün gününün əhəmiyyətli bir hissəsini keçirdiyi iş yerini itirmək bütün gələcəyinin yalnız ona bağlı olduğuna inanan insanlar üçün çox əhəmiyyətli məsələdir. Belə ki, cahil əxlaqa sahib olan insanlar uşaqlıqdan etibarən yaxşı bir iş sahibi olmaq üçün yetişirlər. Belə adamlar həyatlarının hər anında daha yaxşı bir işdə işləməyi və ya işində yüksəlməyi arzulayırlar. Buna görə də sahib olduqları işi itirmək onların böhran və sıxıntı dolu günlər keçirməsinə, elə öz sözləri ilə desək, "həyatlarının alt-üst olmasına" səbəb olur.

Digər tərəfdən, mömin ona ruzi verən qüvvənin Allah olduğunu və işin yalnız bir səbəb olduğunu bilir. Başqa sözlə, iş mömin insan üçün Allahın verdiyi nemətlərin ona çatmasında yalnız bir vasitədir. Buna görə də işdən çıxarılmaq kimi hadisələr iman gətirən insanların səbir və təvəkküllə qarşıladığı hadisələrdir. Onlar belə bir halda gözəl şəkildə səbir edir, Allaha dua və təvəkkül edirlər. Ruzini verənin və onu istədiyi zaman alanın yalnız Uca Allah olduğunu heç bir zaman unutmurlar.

Quranı özünə rəhbər tutan bir insan işini itirmək, ziyana düşmək, istədiyi bir məktəbdə oxuya bilməmək kimi bir vəziyyətlə qarşılaşanda o an öz davranış və düşüncələrini nəzərdən keçirir. Allahın razı olub-olmadığı bir hərəkətinin olub-olmaması barədə düşünür və ağlından aşağıdakı ehtimalları keçirir: "Ola bilərmi ki, itirdiyim mal-mülk və ya əşya üçün kifayət qədər şükür etməmiş olum?"; "Ola bilərmi ki, ixtiyarıma verilən nemətlərdə xəsislik və ya nankorluq etmiş olum?"; "Allahı və axirəti unudaraq malıma, mülkümə hərisliklə sahiblənmiş ola bilərəmmi?"; "Ola bilərmi ki, sahib olduqlarıma görə təkəbbür göstərib Allahın yolundan və Quran əxlaqından uzaqlaşmışam?"; "Allah rizası üçün deyil, başqalarının razılığını, tərifini qazanmaq və ya öz nəfsinin istək və arzularını təmin etmək üçün çalışa bilərəmmi?" və s.

Mömin bu suallara öz içində vicdanlı və səmimi bir şəkildə cavab verir. Verdiyi cavablara əsasən də Allahın razı olmadığı davranışlarını düzəltməyə çalışır və bu davranışlarını düzəltmək üçün Allaha dua edir. Səmimi bir şəkildə Allaha yönəlir. Yanılaraq və ya fərqində olmadan etdiyi və ya düşündüyü hər səhv şeydən Allaha sığınır. Allah iman gətirənlərin belə dua etdiklərini Quranda xəbər verir:



"Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən..." ("Bəqərə" surəsi, 286).

İnsan imtahan olaraq bir-birinin ardınca itkilərlə də qarşılaşa bilər. Ancaq dərin imana sahib olan bir insan burada da hikmətlər olduğunu bilir. Bu hikmətlərin ən önəmlilərindən biri isə insanın çətinliklərlə mənəvi cəhətdən tərbiyə olunmasıdır:



"Allah sizi əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməməyiniz üçün qəminizin üstünə qəm qoydu. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!" ("Ali-İmran" surəsi, 153).

"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz!" ("Hədid" surəsi, 22-23).

Mömin üçün gün ərzində bir-birinin ardınca qarşısına çıxan çətinliklər onun imtahanda olduğunu xatırlamasına, laha yaxınlığının artmasına, kamilləşməsinə və Quran əxlaqına sarılmasına səbəb olur. Mömin insan Allahın bununla onu tərbiyə etdiyini və axirətdəki sonsuz nemətlərə hazırladığını bilir.


Xəstələndiyi zaman

İmanlı bir düşüncəyə sahib olan bir insan hər hansı xəstəlik halında da son dərəcə səbirli və təvəkküllüdür. O, xəstəliyin də Allahın bir imtahanı olduğunu bilir. Buna görə xəstəliyi nə qədər şiddətli olsa da səbir edir və Allaha səmimiyyətlə dua etməkdə davam edir. Çünki xəstəliyi yaradan da, şəfa verən də Uca Allahdır. Möminin xəstəlik dövründə göstərdiyi səbri Allah Quranda "yaxşı əməl" adlandırır və tərifləyir:



"...Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbir edənlərdir. Doğru olanlardır. Müttəqi olanlar da onlardır!" ("Bəqərə" surəsi, 177).

Möminlər gözəl bir şəkildə səbir edərkən sağlığına qovuşmaq üçün lazım olan müalicəni qüsursuz şəkildə qəbul edir. Hissiyyata qapılmır, uşaq kimi davranaraq özünü ətrafdakıların diqqət mərkəzinə gətirməyə çalışmır. Xəstəliyinin müalicəsi üçün təklif olunan dərmanları və müalicəni ağılla və diqqətlə qəbul edir. Bu davranış onun Allaha olan əməli duasıdır. Mömin eyni zamanda Quran əxlaqına uyğun yaşamasının bir nəticəsi olaraq Allahın ona yardım etməsi və şəfa verməsi üçün daim dua edir. Allah iman gətirənlərin bu davranışına Quranda Hz.Əyyubu nümunə göstərir. Hz.Əyyub xəstələnəndə Allahın mərhəmətinə belə sığınmışdı:



"Əyyubu da bir vaxt Rəbbinə yalvarıb dua edərək belə demişdi: "Mənə bəla üz verdi. Sən rəhmlilərin ən rəhmlisisən!"" ("Ənbiya" surəsi, 83).

Bunu da xüsusilə vurğulamaq lazımdır ki, istifadə olunan dərmanların hamısı xəstəliyin sağalması üçün bir səbəbdir. Əgər Allah istəsə, qəbul edilən müalicəni səbəbə çevirərək adamın sağalmasına icazə verir. Xəstəliyin müalicəsində istifadə olunan tibbi imkanları, dərmanların hazırlanmasında istifadə olunan mikroorqanizmləri, heyvanları və bitkiləri yaradan qüvvə Uca Allahdır. Qısası, şəfanı yaradan yalnız Allahdır. Allah Quranda bu həqiqətə Hz.İbrahimin "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir" ("Şuara" surəsi, 80) ifadəsi ilə diqqət çəkir.

Cahil cəmiyyəti təşkil edən fərdlər isə xəstələnərkən o an üsyankar bir davranış göstərirlər. "Niyə mənim başıma belə bir hadisə gəldi?" deyə alın yazısı, qədər, tale həqiqətinə son dərəcə zidd bir davranış göstərirlər. Bu yanlış məntiqlə hərəkət edən insanların bir xəstəlik anında təvəkkül etməsi və ya qarşılaşdıqları hadisəyə xeyir gözü ilə baxması mümkün deyil.

Halbuki möminlər xəstəlikləri Allaha yaxınlaşmaq üçün çox önəmli bir fürsət kimi dəyərləndirir və xəstəliklərin arxasındakı gizli hikmətlər barədə düşünürlər. Onlar sağlamlığın nə qədər böyük bir nemət, insanın isə nə qədər aciz olduğunu bir daha anlayırlar. Adi bir xəstəlik sayılan qrip mikrobu belə insanın yatağa düşməsinə səbəb ola bilər. Belə bir vəziyyətdə insan nə qədər güclü, qürurlu və zəngin olursa-olsun yenə acizdir, dərman içmək və istirahət etmək məcburiyyətindədir. Bu vəziyyət insana Allaha möhtac olduğunu xatırladır, Allahın adını ürəkdən anmasına və Ona yaxınlaşmasına bir vasitə olur. Bundan başqa, hər xəstəlik möminə dünyanın faniliyini, ölümün və axirətin yaxınlığını xatırladan bir xəbərdarlıq xarakteri daşıyır.


Pis və cansıxıcı şəraitdə

göstərdiyi davranış

İnsan bəzən sıxıntılı və narahat şəraitlərdə ola bilər. Zibil yığınları ilə dolu bir yol kənarı, ürəkbulandıran qoxuların hakim olduğu bir mətbəx, dar, qaranlıq və xəlvət yerlər kimi... Möminlər üçün hər şey kimi pis və cansıxıcı mühitlərin yaradılmasının da hikmətləri var. Bu tip yerlər möminə cəhənnəmi, dünyadakılarla müqayisə edilməyəcək dərəcədə pis bir mühitdə davam edən əzabı xatırladır. Həmçinin Allah Quranda cəhənnəmin pis bir yer olduğunu "Doğrudan da o, nə pis məskən, nə pis yerdir!" ("Furqan" surəsi, 66) ayəsi ilə bildirir, cəhənnəmdəki çirkin təsvirləri, qaranlığı, pisliyi bir çox ayələrdə xəbər verir:



"Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərində olanlar!) Kimdir onlar?! Onlar səmum yeli (qızmar atəş) və qaynar su içində, qapqara duman kölgəsində olacaqlar! Nə sərin, nə də xoşagələndir" ("Vaqiə" surəsi, 41-44).

"Onlar əlləri boyunlarına bağlı vəziyyətdə o atəşdən dar bir yerə atıldıqları zaman ölüm diləyərlər. Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!" ("Furqan" surəsi, 13-14).

Allahın bu ayələrini xatırlayan adam o an onu cəhənnəm əzabından qoruması üçün Rəbbimizə dua edir, etdiyi xətalara görə bağışlanma diləyir.

Allahın Quranda bildirdiyi təsvirlərə görə, cəhənnəm pis iy qoxuyan, dar, gurultulu, qaranlıq, hisli, dumanlı, cansıxıcı bir yerdir. Təhlükəsiz olmayan şəraitləri, hüceyrələrə işləyən yandırıcı bir istiliyi var. Ən iyrənc yeməklər və içkilər cəhənnəmdədir. Orada alovdan paltarlar var və cəhənnəmdəki bütün əzablar fasiləsiz şəkildə davam edəcək. Dərilərin odda qovrulacağı, insanların çıxmaq üçün yalvaracaqları, hətta ağrıya görə ölmək istəyəcəkləri cəhənnəm bəzi tərəflərinə görə nüvə müharibəsindən sonrakı dünyanı təsvir edən filmlərdəki mühitə bənzədilə bilər. Ancaq bu filmlərdəki qaranlıq, olduqca pis yerləri cəhənnəmdəki mühitlə müqayisə etmək mümkün deyil. Bu, sadəcə bir bənzətmədir. Cəhənnəm bizim dünya həyatına baxaraq təsəvvür edə biləcəyimiz ən pis mühitlərdən daha pis, daha qorxulu bir yerdir.

Dünyada dar, pis, qaranlıq və isti yerlər insan nəfsinə çox əziyyət verən yerlərdir. Cəhənnəmdə isə bu boğucu atmosfer çox möhkəm bir şəkildə hakimdir. Dünyadakı istiyə qarşı bir çox tədbirlər görə bilən insan cəhənnəmdə çarəsizdir. Mühit ən isti çöldən daha isti, ən qaranlıq, cansıxıcı hücrələrdən daha cansıxıcı və pisdir. İsti Rəbbimizin bir ayəsində bildirdiyi kimi, insanın ən kiçik parçası olan hüceyrələrinə qədər işləyir. İnkarçılar üçün qovurucu istiyə qarşı bir qoruyucu, rahatlanmaq və ya sərinləmək imkanı yoxdur. Bunlarla bərabər cəhənnəmdə duyğu üzvlərinin dünya həyatındakından daha həssas və qüvvətli olduğu bir həyat var. Dünyada hiss edilən ağrıların bir çoxu qısa bir müddət sonra yüngülləşməyə başlayır, yaralar yaxşılaşır, hətta şiddətli ağrı verən bir çox yanıqların yaraları belə bir müddət sonra sağalıb bitişir. Cəhənnəmdə isə insan ağrı-acını bütün mümkün hallarda və həmişə, özü də ən şiddətli dərəcədə hiss edir və bu ağrı - Allahın diləməsi xaricində - heç vaxt bitmir.

Dünyada insanın qarşılaşdığı pis və baxımsız məkanların digər bir hikmətini isə bu nümunə ilə izah edə bilərik: insan unutqanlıq və ya diqqətsizlik səbəbi ilə bir yeri təmizləməyə bilər. Ancaq o, haqqında bəhs edilən pis məkanı görən kimi Allahın ona əslində nə qədər böyük lütf etdiyini və bunun müqabilində də özünün nə qədər səhv davrandığını anlayır. Çünki Allah ona yaşaya biləcəyi ideal bir yer vermişdir və o bu yerdə bir qonaqdır. Buna görə də ona verilən hər neməti ciddi qorumalı və Allaha şükrünü əməlləri ilə də göstərməlidir. Əks halda o, Allahın razı olmayacağı şəkildə hərəkət etmiş olur. Bunu düşünən mömin o an səhvini anlayaraq Allaha sığınır, lazımi təmizliyi edərək xətasının əvəzini ödəyir və bir daha belə bir xətaya düşməməyə çalışır.


III HİSSƏ
QURAN ƏXLAQINA UYĞUN

YAŞAMAĞIN İNSANDA YARATDIĞI

ÜSTÜN KEYFİYYƏTLƏR

Şeytanın vəsvəsələrinə

qarşı diqqət və sayıqlıq

Allahın Quranda bildirdiyinə görə, şeytan insanları daim doğru yoldan azdırmağa, Allahın dinindən və Quran əxlaqından uzaqlaşdırmağa çalışır. Şeytan günün 24 saatı bu fəaliyyətinə müntəzəm davam edir, varlı, kasıb, gənc, yaşlı, gözəl, çirkin fərqi qoymadan hər insanı yoldan çıxarmaq üçün cəhd göstərir. Çünki şeytan hər kim olursa-olsun bütün insanlara böyük bir kin duyur.

Şeytanın bu kini ilk insanın yaradılması ilə başlayıb. Allah Hz.Adəmi yaratdıqdan sonra şeytandan ona səcdə etməsini istəmiş, ancaq şeytan öz təkəbbürü, qısqanclığı ucbatından Allaha itaət etməmiş və Hz.Adəmə səcdə etməyi rədd etmişdir. Şeytan bu üsyanına və kobudluğuna görə Allahın hüzurundan qovulmuşdur. Rəbbimiz bu hadisəni bizlərə bu şəkildə xəbər verir:

"Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. Allah: "Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?" - deyə buyurdu. O: "Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!" - dedi. Allah buyurdu: "Oradan aşağı en. Orada sənə təkəbbürlük göstərmək yaramaz. Oradan çıx, çünki sən alçaqlardansan!"" ("Əraf" surəsi, 11-13).

Allah şeytanın bu vəziyyətə düşməsinə səbəb olan insanları azdırmaq üçün Allahdan möhlət istəməsini və qiyamət gününə qədər azdırma fəaliyyətinə başlamasını isə Quranda belə xəbər verir:



"O dedi: "Mənə qiyamətə qədər möhlət ver!" Allah buyurdu: "Sən möhlət verilənlərdənsən!" O dedi: "Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!" Allah buyurdu: "Oradan rüsvay olmuş və qovulmuş halda çıx. Onlardan hər kim sənə uysa cəzasını alacaq. Əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!" ("Əraf" surəsi, 14-18).

Şeytanın hədəfi başda Allahın dininə sıx sarılan möminlər olmaqla bütün insanlardır. Onun arzusu bacardığı qədər çox insanı özü ilə bərabər cəhənnəmə sürükləməkdir. Şeytan insanların Allaha səmimi bir şəkildə, qəlbən ibadət etməsinə mane olmağa, Allahın dinindən və Qurandan uzaq durmasını və bunun nəticəsində sonsuz əzab çəkməsini təmin etməyə çalışır.

İman gətirənlər isə özlərinin ən böyük düşməni olan şeytanın hər an iş başında olduğunu bilir. Onlar Allahın əmrlərinə ciddi itaət etmək məsələsinə diqqət yetirərkən şeytanın hiylə və oyunları qarşısında hər an ayıq-sayıqdırlar. Ondan gələn vəsvəsələrə, boş vədlərə, şübhələrə, Quran əxlaqına zidd olan qışqır-bağırlara, təxirə salmalara, unutdurma və ya Allahın yolundan döndərməyə yönələn cəhdlər qarşısında ayıq-sayıqdır (ətraflı məlumat üçün bax: Harun Yəhya, “İnsanın açıq düşməni - Şeytan"). Allah şeytanın insana verdiyi vəsvəsələrə "Bəqərə" surəsində belə bir örnək verir:

"Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə sizə bağışlanmaq və bərəkət vədəsi verər. Allah genişdir, biləndir" ("Bəqərə" surəsi, 268).

Məsələn, yuxarıdakı ayədə də bildirildiyi kimi, şeytan işini itirən bir insana hər canlının ruzisini Allahın verdiyini unutdurmağa və insanı pul tapa bilməyəcəyi, ac qalacağı ilə qorxutmağa çalışır. O bu şəkildə qorxu verdiyi kimi müxtəlif vəsvəsə və təlqinlərlə insanları öz yanına çəkmək üçün çalışır. Allah şeytanın vəsvəsələrinə qarşı insanlara Quranda belə yol göstərir:



"Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar" ("Əraf" surəsi, 200-201).

Şeytanın vəsvəsələrindən qorunmaq üçün lazım olan ən vacib iş Allaha sığınmaqdır. Unutmaq olmaz ki, şeytan da Allahın nəzarətindədir və Allah istəsə, onun heç bir şeyə gücü çatmaz. Allah Quranda insanlara şeytandan Ona sığınmaları üçün belə dua etməyi əmr edir:



"De: "Pənah aparıram insanların Rəbbinə. İnsanların ixtiyar sahibinə. İnsanların tanrısına. Vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. İnsanların ürəklərinə vəsvəsə salan, istər cinlərdən olsun, istər insanlardan!"" ("Nəs" surəsi, 1-6).

Quran əxlaqına sahib olan bir insan daim şeytandan Allaha sığınır və öz düşüncəsi imiş kimi zehnindən keçən şeytanın vəsvəsələrini özünün Quran əxlaqına uyğun olan düşüncələrindən ayırır. Hər an ayıq-sayıq davranaraq şeytanın söylədiklərinin heç birinə əhəmiyyət vermir. Etdiyi və ya düşündüyü bir işə şeytanın qarışmasına izn vermir. Məsələn, bir işlə məşğul olarkən, tək olarkən, biri ilə danışarkən, bir hadisə ilə qarşılaşarkən, qarşısına bir çətinlik çıxarkən şeytanın pusquda gözlədiyini və onun Allahın razı olmayacağı davranış və sözləri təlqin etdiyini bilərək hərəkət edər. Hər vəziyyətdə, hər şəraitdə Qurana uyğun şəkildə danışır və hərəkət edir. Şeytanın fəaliyyətinin möminə təsir göstərməməsinin səbəbi məhz budur. Rəbbimiz haqqında bəhs edilən həqiqəti Quranda bu şəkildə xəbər verir:



"Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur! Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!" ("Nəhl" surəsi, 99-100).
Anlayış, mehribanlıq və bağışlayıcılıq

Möminlər Allahın "Ata-anaya, qohum-əqrabaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın dosta, müsafirə, sahib olduğunuza yaxşılıq edin!" ("Nisa" surəsi, 36) hökmünə uyğun olaraq ətraflarındakı insanlara qarşı gözəl rəftar edirlər. Heç bir zaman davakar, tərs, pozucu bir əməl nümayiş etdirmir və ətraflarındakı insanları da bu məsələdə doğru yola yönəldirlər. Möminlər Quran əxlaqına uyğun yaşadıqları üçün ən əvvəl özləri hər zaman sülhsevər, anlaşmaya meylli və yaradıcı bir xarakter göstərirlər. Onlar dindən uzaq yaşayan insanların tez-tez yaşadıqları "küsmək", "davakarlıq", "mübahisə etmək" kimi pozulmuş davranış tərzinə Quran əxlaqında yer olmadığını bilirlər. Buna görə də nə olursa-olsun bağışlama, xoşməramlılıq və qarşı tərəfi gözəl olana çəkmək yoluna gedirlər. Allah bir ayədə "Hər kəs səbir edib bağışlasa, bu, çox bəyənilən əməllərdəndir!" ("Şura" surəsi, 43) ifadəsi ilə bunun üstün bir əxlaq xüsusiyyəti olmasına diqqət çəkir.

Allah insanlara bir-birinə qarşı anlayışlı, mehriban və bağışlayan olmağı əmr edir. Buna diqqət çəkilən ayələrdən birində belə buyrulur:

"Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrabaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Onları əfv edib, vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir!" ("Nur" surəsi, 22).

Buna görə də mömin gün ərzində rastlaşdığı insanlarla son dərəcə anlayışlı və mehriban davranmağa diqqət edir. Məsələn, səhər yatarkən səs-küy salaraq onu oyandıran adamla anlayışlı davranır. O insanın yalnız Allahın nəzarətində hərəkət edə bildiyini başa düşür. Həmin an onun oyanmasını istəyən Allahdır və Rəbbimiz o insanı buna səbəb etmişdir. Halbuki belə bir hal bəzi insanlar üçün hirslənməyə, mübahisə etməyə əsas yaradır. Mömin insan ona səhvən zərər verən, diqqətsizlik nəticəsində bir qəzaya səbəb olan insanlarla da gözəl şəkildə rəftar etməyə çalışır. Qarşılaşdığı hal nə qədər ani və əhəmiyyətli olursa-olsun əsəbiləşib hirslənmir, özünü itirmir, ətrafındakıları incitmir. Özünün də səhv etdiyini və belə bir vəziyyətdə eyni davranışı qarşı tərəfdən də gözlədiyini düşünür. Rəbbimizin bir az əvvəl bildirdiyimiz "Nur" surəsinin 22-ci ayəsində diqqət çəkdiyi kimi, mömin insan sonsuz şəfqət və mərhəmət sahibi olan Allahın onun etdiyi günahları bağışlamasını umur. Əgər mömin Allahın "Bağışlayan" sifətinin öz əxlaqında əks olunmasına cəhd göstərməsə, onun bu əməlinin Quran əxlaqına zidd bir davranış olacağını bilir.

Quran əxlaqına uyğun yaşayan bir insan ən gözəl əxlaqın sahibidir. Labüd gərginlik və sıxıntıların qarşısı onun evdə, işdə, yolda, gün ərzində göstərdiyi müsbət davranışlar sayəsində alınır. Bundan başqa, mömin göstərdiyi bu ləyaqətli davranışla qarşısındakı insanlara da nümunə olur. Ən önəmlisi isə odur ki, o, Quranda tərif olunan bir davranışı yerinə yetirmiş və Allahın bəyəndiyi kimi hərəkət etmiş olur.

Hədis alimləri Peyğəmbərimizin (s.ə.v.) ətrafındakılara qarşı göstərdiyi nümunəvi davranışı belə bildirmişdir:



"Hüzurunda oturan hər kəsə mübarək üzündən nəsibini verir, iltifat buyururdu. Buna görə hüzurundakı hər kəs onun nəzdində özündən daha dəyərlisinin olmadığı düşüncəsinə qapılırdı. Bəli, onun oturuşu, insanları dinləməsi, sözləri, gözəl lətifələri və təvəccühü həmişə nəzdində oturanlar üçün idi. Bununla bərabər onun məclisi həya, təvazökar və etibar məclisidir... Səhabələrinə ikram və könüllərini açmaq üçün künyələri ilə çağırır, künyəsi olmayanlara künyə taparaq onunla xitab edirdi. Hirslənməkdən son dərəcə uzaq idi və bir şeyə tez riza göstərərdi. İnsanlara qarşı insanların ən şəfqətlisi idi. Bəli, insanların ən xeyirlisi insanlara xeyri dəyən, insanların ən yararlısı da insanlara faydalı olandır".

Əlbəttə, bizlərin də özümüzə nümunə götürməyimiz vacib olan cəhət Peyğəmbərimiz Hz.Muhəmmədin (s.ə.v.) bu, ən gözəl davranışıdır. Quran əxlaqına uyan və Peyğəmbərimizin (s.ə.v.) sünnəsini tətbiq edən insanlar Allahın izni ilə dünyada gözəl bir həyat yaşamağı, axirətdə də Allahdan böyük bir mərhəmətlə əvəz görməyi uma bilərlər.


Səbirli olmaq

Allahın Quranda tərif etdiyi gözəl əxlaqın bəzi cəhətlərinə uyğun yaşayan insanlar hər bir cəmiyyətdə var. Bu insanlar yeri gələndə fədakar, mülayim xasiyyətli, mərhəmətli, ədalətli, yardımsevər insanlara xas davranış göstərə bilirlər. Ancaq haqqında bəhs edilən adamlar gözəl əxlaqlı olduqlarını nə qədər iddia etsələr də, bu əxlaqda səbir göstərə bilmədikləri anlar mütləq olur. Məsələn, səhər-səhər imtahana çatması vacib olan bir insan saatı xarab olduğu üçün yatıb yuxuya qala bilər. Sonra da oyanıb böyük bir təlaşla məktəbə çatmağa tələsərkən çox uzun bir yol tıxacına düşə bilər. Məktəbə gecikdiyini xəbər vermək üçün telefonla zəng etmək istəyərkən telefon xəttinə düşməyə bilər. Bu zaman yanındakı bir insan ondan bir söz soruşanda o adama sərt şəkildə, səsinin tonunu yüksəldərək cavab verə bilər. Hətta heç cavab vermədən tərs bir baxışla baxa bilər. Bəhs edilən bu adam özünün hər zaman yardımsevər və anlayışlı bir insan olduğunu iddia etdiyi halda, belə bir vəziyyətdə artıq "səbrinin tükəndiyini" söyləyərək bunun əksi olan anlayışsız bir davranış göstərə bilər.

Mömin insan isə hansı şəraitdə olursa-olsun həmişə və hər şəraitdə Quran əxlaqına uyğun yaşamağa cəhd göstərir. Qarşısına çıxan insanların səhv, xoş olmayan sözlərinə və ya davranışlarına da gözəl bir səbrlə cavab verir (ətraflı məlumat üçün bax: Harun Yəhya, "Quranda səbrin əhəmiyyəti"). Məsələn, yolda gedərkən biri avtobusa minmək üçün onu kənara itələyə bilər. Bir dostu əsəbiləşərək ona pis sözlər söyləyə bilər. Və ya yolda gedərkən yanından keçən maşının sürücüsünün diqqətsizliyi nəticəsində hər yeri başdan-ayağa palçığa bulaşa bilər. Bu misalları əlbəttə ki, çoxaltmaq da mümkündür. Ancaq Quran əxlaqını mənimsəyən bir insan bütün bu hadisələrin onun qədərində (taleyində) bu şəkildə yaradıldığını anlayaraq gözəl bir şəkildə səbir edir və əsla hirsli, tərs bir davranış göstərmir. Əlbəttə, bir yandan da bu tip hadisələrlə təkrar qarşılaşmamaq üçün hər cür tədbir görür və əlindən gələn bütün gücündən istifadə edərək sıxıntı yaradan məsələləri aradan qaldırmağa çalışır. Quran əxlaqına görə, insanın özünə zərər verən bir hadisədə də qarşı tərəfə səbir göstərməli, pisliklərə yaxşılıqla cavab verməlidir. Allah Quranda möminlərin göstərdikləri səbir sayəsində pislikləri ən gözəl şəkildə uzaqlaşdırdıqlarına belə diqqət çəkir:


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə