Roman, povestlər



Yüklə 3 Mb.
səhifə72/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   68   69   70   71   72   73   74   75   ...   158

 249 

Zauru tez başından eləmək üçün deyir. Bir də təkrar elədi. — 

Özüm sənə zəng vuraram. Hələlik. 

Zaur da: 

—Hələlik, — dedi və  Təhminə  dərhal dəstəyi asdı. 

Telefondan kəsik siqnallar eşidilməyə başladı, du, du, du... 

 

*** 

Günlər keçirdi, Zaur evdə də, işdə də, hər telefon zəngindən 

diksinir, dəstəyə  tərəf atılırdı, amma Təhminə  zəng vurmurdu 

ki vurmurdu. 

Zaurun  əsəbi vəziyyətəni anası da duyurdu... və buna ayrı 

rəng verirdi... Zaurun Moskva səfəriylə bağlı inadını, tərsliyini, 

höcətliyini görüb, Zivər xanım dərk eləmişdi ki, hərbə-zorbayla 

oğluna təsir göstərə bilməyəcək, başqa yol seçmək lazımdır — 

hər şeyi "pişim-pişim"lə həll eləmək gərəkdir. Zivər xanım indi 

Təhminəni açıq yamanlamırdı, dolayı yollarla söhbət salıb, 

Zauru ona qarşı doldurmaq istəyirdi. Onu da bilirdi ki, sözü 

hərləyib-fırlayıb Təhminənin üstünə  gətirən kimi Zaur 

çəmkirib otaqdan çıxacaq, söhbəti uzatmağa qoymayacaq, odur 

ki, Zivər xanım az sözlə çox şey demək məharətinə yiyələnirdi: 

oğlu sözünü kəsib otaqdan çıxanacan bir cümləylə, bir 

məlumatla onun qəlbinə şübhə toxumları səpməyə çalışırdı... 

—Eşitmişəm, Moskvada sənin rəqibin də olub ki, — 

deyirdi. — Nədi o televizor rejissoru, Muxtar Məhərrəmovdu 

nədi. Bəs davanız düşmədi? Məşdibad demişkən, qızın iki 

adaxlısı varmış ki... 

—Bəsdir, qurtar, — deyə Zaur başını götürüb qaçırdı, amma 

gələn səfər anası  qəsdən televiziya verilişlərindən söz salırdı, 

guya ki, təsadüfən Muxtarın adın çəkirdi, sonra isə: "sənin 

rəqibin" — deyə yenə işarə vururdu... 

Başqa bir səfər anası: 

—Hərənin öz yeri var da, — deyirdi, — ər ad üçün, adı 

olsun ki, ərdədir, ərli arvaddır. Spartak geyindirib-kecindirmək 

üçün, Muxtar işdə qabağa çəkmək üçün, sən... sən isə 




 250 

səfehqulu, elə-belə-gün keçirməkçün lazımsan ona. Ən pisi 

səninkidir, bu gün səninlə gününü keçirdər, sabah başqasıyla... 

Bəzən isə tamam qəribə mülahizələr yürüdürdü: "Bilirəm 

səndən niyə belə  bərk yapışıb, — deyirdi, — elə bilir ki, biz 

öləcəyik, bütün bu ev-eşik, bu var-dövlət ona qalacaq... Ay 

hay... asta ye, boğazında qalmasın..." 

Bu, lap gülməli fikir idi və Zaur əsəbiləşməkdənsə maraq 

göstərirdi: 

—Başa düşə bilmirəm, sizin ev-eşiyiniz hardan ona düşə 

bilər axı? 

—Bunu başa düşməyə nə var ki?.. Onun fikri budur ki, biz 

ölək, sənə  ərə getsin, bu ev-eşiyə sahib dursun... Asta ye, 

boğazında qalar... 

Zaur bu sayaqlamanı müəyyən bir məntiqə bağlamaq 

istəyirdi: 

—Axı, öz ərinə nə gəlib… 

—Külü qoyum elə ərin təpəsinə... Ondan boşanmağa nə var 

ki, bir stəkan su içmək kimi asan işdir o cür arvadın əlində. 

—Deməli, sənin məntiqindən belə  çıxır: Təhminənin indi 

evi də var, əri də.  Ərindən boşanır, evindən  əl çəkir ki, allah 

eləməmiş siz öləndən sonra bizim evə köçsün? Yəni buna 

səndən başqa bir inanan olar? 

—Sən  ələ sal, qoca anavı, atovu lağa qoy... Əlbəttə, 

Təhminə xanım sənə bundan yaxşı  şey öyrətməyəcək ki. 

Əlbəttə, könlündən keçir də... O qotur evlərini bizim bu cəh-

cəlallı mənzilə kim dəyişməz, aralığa salıb ərini də dəyişər, nə 

çətin imiş onunçün bu... O ev-eşiyi ki, atanla mən iynəylə gör 

qaza-qaza illərlə düzəltmişik, hazırına-nazir Təhminə xanım 

gəlib bütün bu var-dövlətə sahib durar. Ölmüşdü deynən Zivər 

ki, sən onun nəslinin başında turp əkəsən... Vallah öləm məni 

basdıralar ha, onda da qəbrimin içindən, yerin yeddi qatından 

durub gəlib, öz əllərimlə boğaram onu. 

Anasının fantastik fərziyyələri gülməli gəlirdi Zaura, həm 

gülməli, həm də  ağlamalı, amma bir yandan ona sevinirdi ki, 



 251 

əgər anasının fərziyyələri bu dərəcədə  həqiqətdən uzaq, boş-

bekara gümanlardısa, onda deməli, verdiyi bütün başqa 

xəbərlər, topladığı bütün başqa məlumatlar — o xəbərlər, o 

məlumatlar ki, onları qaşıq-qaşıq zəhər kimi hər gün Zaurun 

içinə tökürdü — onlar hamısı da mənasız və puç şayiələr imiş... 

Zivər xanım Moskvada Təhminəylə Muxtarın məhəbbət 

macəralarından danışırdı və Zaur bilirdi ki, bütün bu söhbətlər 

boş uydurmalardır, amma sonra fikirləşirdi ki, məgər 

Təhminənim Moskva səfərinin bütün təfərrüatına, hər saatına, 

hər gününəmi bələddir? Əlbəttə, yox... — Bakıya qatarla həmin 

o Muxtarla bir kupedə gəlib ki — deyirdi anası və Zaur bilirdi 

ki, bu, həqiqətdir, amma əlavə eləyəndə ki, "ikiadamlı kupedə 

gəliblər", Zaur bunun yalan olduğunu da dəqiq bilirdi. 

Təhminə, Muxtar və televiziyada işləyən iki qız — dördü bir 

yerdə — bir kupeyə bilet almışdılar, Zaurun yanında. 

Amma bəlkə... Niyə, axı nəyə görə Təhminəylə olanda onun 

vəfasına, sözlərinin həqiqiliyinə Zaurun şəkk—şübhəsi qalmır, 

amma elə ki, üç gün-beş gün görüşmədilər — "bütün şəhərin 

danışdığı" və anasının ona müfəssəl çatdırdığı şayiələr Zaurun 

içini didib-tökür, beynini gəmirirdi... Domodedovo meşəsində 

Təhminə: "bax indi, bu saat, bu dəqiqə biz xoşbəxtik və  ən 

böyük həqiqət da budur" — demişdi və Zaur da o zaman bunu 

həqiqət kimi qavramışdı, amma "bu saat, bu dəqiqədən" başqa 

da vaxt axarı vardı axı. Bəs bu vaxtın, Təhminəylə görüşmədiyi 

anların həqiqəti, Təhminənin onsuz, Zaursuz olduğu və kim 

bilir, kimlə olduğu dəqiqələrin həqiqəti nədə idi? Bəlkə də bu 

dəqiqələr kiminçünsə başqa birisiyçün ən böyük həqiqət idi, 

Təhminəylə başqa birisiyçün... Zauru dəhşətə gətirən də elə bu 

fikir idi... 

—Mən ölü, sən diri, — dedi Zivər xanım, — görəcəksiz, 

ərindən boşanacaq o. Öz planları var onun. Alya da deyir ki, 

televiziyaya keçib ki, o Muxtarı tovlayıb yoldan çıxartsın, ərə 

getsin ona... Özü bilər e, öz işidir, kimə gedir getsin, bircə 

səndən qəmişini çəksin. 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə