ŞƏrq ekspressində QƏtl (roman) I hissə faktlar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə54/55
tarix14.06.2018
ölçüsü4,8 Kb.
#49025
1   ...   47   48   49   50   51   52   53   54   55

– Hə, əlbəttə. Bunu bir az əvvəl bildim. Elə aydın bir şeydir ki, sizin də anlamış 
olmadığınıza məəttəl qalıram. – Hardmana dönərək soruşdu. – Bəs siz? 
Amerikalı:  
– Xeyr, – dedi. Maraqla belçikalı detektivə baxırdı. – Bilmirəm... Heç bilmirəm... 
Qatil onların içindən hansıdır? 
Puaro bir an cavab vermədi. Sonra da:  
– Cənab Hardman, hər kəsi buraya toplamaq nəzakətini göstərin, – dedi, – bu sirrin 
çözülməsinin iki yolu var və hər ikisini də hamınıza birdən danışmaq istəyirəm. 
 
IX fəsil 
Puaronun iki versiyası 
 
Yolçular birlikdə vaqon-restorana girdilər və masalarına oturdular. Hamısının 
üzündə, demək olar ki, eyni ifadə vardı: əndişəqarışıq maraq. İsveçli qadın hələ də 
ağlayır və xanım Habbard ona təsəlli verməyə çalışırdı. 
– Özünüzü ələ alın, gözəlim, hər şey düzələcək. Özünüzü əldən salmamalısınız bu 
qədər. Bəlkə, aramızdan biri murdar bir qatildir. Ancaq onun siz olmadığınızı 
hamımız çox yaxşı bilirik. Belə düşünə bilmək üçün insanın ağılsız olması 
lazımdır. Mən yanınızdan ayrılmayacağam. Siz heç narahat olmayın.  
Puaro ayağa qalxarkən səsi kəsildi. 
Yataqlı vaqonun bələdçisi qapının önündə dayanmışdı:  
– Burada durmağıma icazə verirsinizmi, cənab? 
– Əlbəttə, Mişel.  
Puaro xəfifcə öskürdü:  
– Xanımlar və cənablar, hamınız bir az ingiliscə bildiyiniz üçün bu dildə 
danışacağam. Buraya Samuel Eduard Retçettin, digər adıyla Kassettinin ölümünü 


araşdırmaq üçün toplaşmışıq. Cinayət iki şəkildə açıla bilər. Hər ikisini 
gözlərinizin önünə sərəcəyik və müsyö Bukla doktor Konstantindən hansının doğru 
olduğu haqqında qərar vermələrini istəyəcəyəm. 
Hadisəylə bağlı hər şeyi bilirsiniz. Cənab Retçettin cəsədi bu səhər aşkar edildi. 
Onun dünən gecə ən son 12.37-də həyatda olduğunu bilirik. Çünki o arada qapının 
arxasından yataqlı vaqon bələdçisiylə danışıb. Pijama pencəyinin cibindəki saatın 
əzildiyi aşkar edildi. Saat ikiyə on beş dəqiqə işləmiş dayanmışdı. Meyit tapıldığı 
zaman müayinə edən doktor Konstantin, Retçettin gecə on ikiylə iki arası 
öldürülmüş ola biləcəyini bildirdi. Hamınızın da bildiyi kimi, qatar gecəyarısı qar 
yığınına dirəndi. Ondan sonra da kiminsə qatardan enərək uzaqlaşması 
imkansızlaşdı. 
Nyu-Yorkdakı bir detektiv bürosundan olan cənab Hardmanın ifadəsinə görə – bir 
neçə nəfər dönüb Hardmana baxdı – onun kupesinin önündən kiminsə nəzərə 
çarpmadan keçib getməsi mümkün deyilmiş. Ən sondakı, on altı nömrəli kupedir 
bu. Bu üzdən, qatilin konkret bir vaqonda, yəni İstanbul–Kale vaqonunda olduğu 
nəticəsini qəbul etmək məcburiyyətində qalırıq. Bu, bizim versiyamızdır. 
Buk heyrətlə:  
– Necə yəni? – deyə bağırdı. 
– Ancaq indi sizə ikinci versiyamı açıqlayacağam. Cənab Retçettin qorxduğu 
konkret bir düşməni vardı. Bu düşməni haqqında cənab Hardmana etiraf edib və 
onun hücuma keçdiyi təqdirdə bu işi İstanbuldan ayrıldıqdan sonra ikinci gecə 
edəcəyini açıqlayıb. 
Xanımlar və cənablar, sizin diqqətinizə çatdırmalıyam, məncə, cənab Retçett 
danışdığından daha artıq şey bilirdi. Cənab Retçettin də təxmin etdiyi kimi, 
düşmən qatara Belqrad və ya Vinkovcidə minib. O arada perrona enmiş polkovnik 
Arbetnotla cənab Makkuinin açıq saxladığı qapıdan girib. Əvvəlcədən ehtiyat 
gördüyü yataqlı vaqon bələdçisi uniformasını paltarlarının üstündən geyinib. 
Özüylə bir universal vaqon açarı da götürüb, bunun vasitəsiylə qapını açıb cənab 
Retçettin kupesinə girə bilib. Cənab Retçett yuxu dərmanının təsiri altında olub. Bu 
adam onu müdhiş bir kinlə bıçaqlayıb və aradakı qapıdan xanım Habbardın 
kupesinə girib... 


Xanım Habbard başıyla təsdiqlədi.  
– Bəli, bəli, elədir ki var. 
– Keçərkən istifadə etdiyi xəncəri xanım Habbardın hamam torbasına soxub. O 
arada fərqinə varmadan əynindəki uniformanın bir düyməsini düşürüb. Sonra 
bayıra sivişərək koridorla gedib. Uniformanı təlaşla boş kupedəki çamadana basıb. 
Və bir neçə dəqiqə sonra öz kostyumunu geyinərək qatar hərəkətə gəlməzdən əvvəl 
perrona atılıb. Yenə eyni yerdən, yəni vaqon-restoranın yaxınındakı qapıdan çıxıb. 
Yolçulardan, rahat nəfəs alırmışlar kimi, ellikcə ah qopdu. 
Hardman:  
– Bəs saat necə olacaq? – dedi. 
– Bax elə bu saat hər şeyi açıq şəkildə göstərmiş olur. Cənab Retçett Çarbrodda 
saatını altmış dəqiqə geri çəkməli idi. Ancaq bunu etməyib. Saatı hələ də Şərqi 
Avropaya görə qurulmuşdu. Bu da Orta Avropa saatından altmış dəqiqə irəlidir. 
Cənab Retçett bıçaqlandığı zaman saat birə on beş dəqiqə işləyirdi, ikiyə deyil. 
Buk bağırdı:  
– Bu açıqlama heç bir şeylə düz gəlmir! Bəs birə iyirmi üç dəqiqə qalmış kupedən 
səsi gələn adam nə olacaq? Danışan ya Retçett ola bilərdi, ya da onun qatili. 
– Bu, o qədər də vacib deyil. Bu... belə deyək də... üçüncü bir adam da ola bilərdi. 
Fərz edək ki, Retçettlə danışmağa gedən və onu ölmüş halda görən biri. Cəsədi 
görüncə bələdçini çağırmaq üçün zəngi basıb. Sonra narahat olmağa başlayıb. 
Özünü qatil sanmalarından qorxub. Buna görə də bələdçiyə, sanki, Retçettmiş kimi 
cavab verib. 
Buk könülsüz də olsa:  
– Bu ola bilər, – deyə etiraf etdi. 
Puaro xanım Habbarda baxdı:  
– Bəli, madam, siz nəsə demək istəyirsiniz deyəsən?... 


– Doğrusu, nə deyəcəyimi mən də bilmirəm... Ancaq, necə bilirsiniz, saatımı geri 
çəkməyi mən də unutmuşam? 
– Xeyr, madam. Məncə, siz o adamın kupenizdən keçdiyini eşidəndə yarıyuxulu 
olmusunuz. Daha sonra siz kabus görmüsünüz, yuxunuza girib bir adamın 
kupenizə girməsi. Diksinərək oyanmısınız və bələdçini çağırmaq üçün zəngi 
basmısınız. 
Xanım Habbard mızıldandı:  
– Bəli... Ola bilər...  
Knyaginya Draqomirova gözlərini belçikalıya zilləyib ona israrla baxırdı: 
– Mənim xidmətçimin sözlərini necə açıqlayacaqsınız, müsyö Puaro? 
– Bu çox sadədir, madam. Xidmətçiniz ona göstərdiyim dəsmalın sizin olduğunu o 
saat tanıdı. Və çox naşılıqla sizi müdafiə etməyə cəhd göstərdi. Bələdçi 
uniformasında olan o adamla həqiqətən rastlaşıb, ancaq çox əvvəl, qatar Vinkovci 
stansiyasında olarkən. Xidmətçiniz, sanki, adamla daha gec rastlaşmış kimi 
göstərib özünü. Bu şəkildə sizi şübhələrdən qurtaracağını hesab edib. 
Knyaginya başını əydi:  
– Hər şeyi düşünmüsünüz, müsyö. Sizə... heyranam. 
Araya sakitlik çökdü. Doktor Konstantin qəflətən yumruğunu masaya vuranda 
hamı yerindən dik atıldı: 
– Ola bilməz! Ola bilməz! – deyə qışqırdı – Sizin izahlarınız doğru deyil! Bu, 
ağlabatan versiya deyil. Min dənə boşluq var bu versiyada. Cinayət tamamən başqa 
cür işlənib və bunu müsyö Puaro çox yaxşı bilir. 
Puaro maraqla onun üzünə baxdı.  
– Özümün o biri versiyamı açıqlamaq məcburiyyətində olduğumu anlayıram. 
Ancaq bu birinci versiyamı da tələsib kənara atmayın. Ola bilər, axırda onu qəbul 
etməli olarsınız.  
Təkrar auditoriyaya tutdu üzünü:  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə