Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə212/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   208   209   210   211   212   213   214   215   ...   219

 691 

da görməyəsən. Yuxular da çox vaxt bizi incidir. Keçmişimizi 

canlandırmaqla, itirdiklərimizi aldadıcı, müvəqqəti 

qaytarmaqla işgəncə verir bizə.  



*** 

Heç cür anlaya bilmirəm, musiqini başa düşmək (ya 

düşməmək) nə deməkdir. Küləyi, yağışı, ay işığını başa 

düşmək, ya düşməmək olar? Yəni musiqinin hansısa gizli 

sirrinə agah ola bilmirsən? Yəqin ki, musiqiçilər, bəstəkarlar, 

dirijorlar, ifaçılar, nəzəriyyəçi-musiqişünaslar musiqinin 

texniki xüsusiyyətlərini təhlil edə bilər, onun ifadə vasitələrinin 

özəlliklərini araşdıra bilərlər. Amma belə olduqda da bu

tutalım,  ədəbi  əsərin, elmi, ya fəlsəfi konsepsiyanın 

mahiyyətini təhlil etmək kimi bir şey deyil. Musiqini yalnız 

hiss etmək, duymaq olar – bu, mənim qəti qənaətimdir. Musiqi 

qəlbimizdə müəyyən ovqatlar yaradır. O, xatirələrimizi 

canlandırır, anılar zəncirini sapa düzür və  məlum deyil ki, 

hansı yollarla bizim şüurumuzun dərinliklərinə sirayət edərək 

daxili dünyamızda əks-səda verir, müəyyən impulslar alışır və 

bu impulslardan hansısa yeni fikirlər, hisslər doğulur, indi 

eşitdiyimiz musiqiylə heç bir zahiri əlaqəsi olmayan duyğular 

oyanır. Mən proqramlı musiqini, musiqinin proqramlı olmasını 

qəbul etmirəm. Mənimçün əhəmiyyəti yoxdur ki, simfonik əsər 

necə adlanır – "Eqmont", "Françeska da Rimini" ya Qara 

Qarayevin "Leyli Məcnun"u… Bu əsərləri dinləyəndə daxili 

aləmimdə onların ədəbi qaynaqlarını, süjetlərini, personajlarını, 

mətnlərini canlandırmıram. Bu musiqi əsərlərinin öz ömrü var, 

onlara ad vermiş  ədəbi qaynaqlardan birbaşa asılı olmayan 

dramaturgiyası, məzmunları var. Bəlkə də bəstəkar ilk impulsu 

bu  ədəbi mətnlərdən alıb, yox, yəqin ki, belədir, amma bu 

bəstəkarın işidir, mənim, dinləyicinin işi isə bu sənət əsərlərini 

müstəqil musiqi örnəyi kimi duymaq və qavramaqdır.  



*** 

İnsanları tanımaq hələ  həyatı  dərinlə,  əsəblərinlə duymaq 

demək deyil, çünki başqasının təcrübəsini anlaya, tanıya, 



 692 

qavraya, dərk edə bilərsən, amma bütün varlığınla yaşaya 

bilməzsən.  

*** 

Bakıda indi "birmərtəbəli Amerika" mövcuddur. Daha dəqiq 

desək, birmərətəbəli kapitalizm. Ondan da dəqiq ifadə – birinci 

mərtəbələrin, alt mərtəbələrin kapitalizmi, sözün məcazi yox

hərfi mənasında. Bəlkə bu təbirə yalnız zirzəmiləri, yaxud 

yarızirzəmiləri də  əlavə etmək olar. Fikrimi izah edim. Zirək 

sahibkarlar, iş adamları siçanlar yuvası, nəm, qaranlıq 

zirzəmiləri qısa müddətdə yaxşı isidilən və  işıqlandırılan 

mağazalara, restoranlara, klublara çevirdilər. Birinci mərtəbələr 

şık bazar dünyasının bütün parlaqlığını əks etdirir. Ən müxtəlif 

mallar düzülmüş vitrinlərin bər-bəzəyi göz qamaşdırır. 

(Doğrudur, bu malları almaq az adama nəsib olur). Zövqlü 

(bəzən də zövqsüz) dizayn, var-dövlət, par-par parıldayan 

reklamlar. Amma birinci mərtəbələri vəhşi kapitalizm 

tərəfindən zəbt olunmuş binaların elə ikinci mərtəbəsi bizi 

yenidən doğma sosializmin kommunal dünyasına qaytarır – 

çirkli, üfunətli pilləkənlər, yerə atılmış siqaret kötükəri, sidik 

iyi…  İkinci, üçüncü, dördüncü, beşinci mərtəbələr – istilik 

verilməyən soyuq mənzillər, vaxtaşırı sönən elektrik işığı, 

qışda tez-tez kəsilən qaz, yayda tez-tez kəsilən (ya günlərlə heç 

gəlməyən) su… Beşinci mərtəbədən yuxarı isə bütün həmin 

"gözəlliklərə"  əlavə – tez-tez sıradan çıxan lift. Lift növbəti 

dəfə  işləmədiyindən iş gününün yorğunluğunu çiyinlərində 

altıncı, yeddinci, səkkizinci mərtəbəyə daşıyırsan. Çoxdan 

təmirə ehtiyacı olan mənzilinə daxil olursan. Əgər  əlbəttə, 

mənzilini yeni azərbaycanlıya (yeni rusa, yəhudiyə, çeçenə, 

gürcüyə, yaxud köhnə avropalıya, amerikalıya, türkə, iranlıya, 

ərəbə, yapona, bilməm daha kimə) kirayə veməmisənsə. Bəli, 

indi lap dəqiq demək olar – bakılılar adlı bir millət mövcüddur. 

Mersedesləri, mobil telefonları, norka kürklü gənc top-model 

məşuqələri və boyun-boğazlarından qızıl-brilyant sallanmış 

arvadları olan bir millət – onlarındır bu birmərtəbəli Bakı – 




 693 

bahalı restoranları, mağazaları, kazinoları, yüz cür kef yeri olan 

şəhər. Bir mərtəbə yuxarıdakılar isə bir sinif aşağıdakılardır. 

(Əlbəttə, avrotəmir edilmiş mənzillərin sakinləri istisnadır).  

Belə birinci mərtəbələr bizimçün deyil. Olsun. Çoxdandır 

beşmərtəbəli evin altıncı  mərtəbəsinə  də qalxmırıq. Olsun. 

Amma küçə ki hələ mənimdir – hər tinində dilənçilər dayanmış 

küçə, qırmızı işıqda dayanan avtomobillərə sarı qaçıb şüşələrini 

silib qəpik-quruş alan uşaqların küçəsi. O küçə ki, hər iki 

adamdan biri məni tanıyır, hər üç adamdan biri salamlaşır, hər 

dörd adamdan biri məndən nə isə xahiş edir və  hər beş 

adamdan biri məni bütün bədbəxtçiliklərinin baisi sayır.  

Bəzən mənə elə  gəlir ki, birinci mərtəbələr uzun və  əlvan 

kəndirlər və ya zəncirlərdir, mənim  şəhərimin ayaqlarını bu 

kəndirlərlə bağlayıb, bu zəncirlərlə  zəncirləyiblər. Ya bəlkə 

mənə elə gəlir….  



*** 

Elmiranın ölümünün ili ərəfəsində yuxu gördüm. Səhnədə 

piano, royal yox, piano. Elmira çalır, amma səslər eşidilmir. 

Qəbiristanlıqda, Elmiranın məzarı yanında Fərhada 

(Bədəlbəyliyə) yuxumu danışdım.  

-Antonioni kadrlarıdır, – dedi. Kino assosiasiyalarına qalsa, 

mənə elə gəlir ki, Antonioni yox, Berqman kadrlarıdır.  

*** 

Folknerin məşhur sözü var ki, yazıçının uşaqlığı keçən 

yerləri andıran və onun özünün uydurduğu Yoknopatafa dairəsi 

(bizim təbirlə rayonu, bəlkə qəsəbəsi) xəritədə bir poçt markası 

boyda olsa da, dünyanın bütün mürəkkəbliyini və  dərinliyini 

ehtiva edir. Eynən bu cür bir ailənin tarixçəsində də bütöv bir 

əsrin taleyini əks etdirmək olar. 

*** 

"Keçən keçdi, olan oldu" xatirələr romanımın janrını ikiqat 

memuarlar, daha doğrusu, üç qat memuarlar adlandırmaq olar. 

Mən yalnız öz xatirələrimə  əsaslanmıram, atamın, anamın 

xatirələrini də canlandırıram. Konkret bir mətndə  həkk 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə