Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə177/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   173   174   175   176   177   178   179   180   ...   219

 585 

də yekrəng məkanı  əhatələyir. Dağların görünən konturları 

arasında hamar sahədir. Dənizin də rəngi dəyişir: bu, sözün əsl 

mənasında, günəşin diqtəsidir - o və ancaq o, günün  müxtəlif 

anlarında dünyanı    rənglərə boyayır.  Əbəs deyil ki, ibtidai 

insan hesab edirmiş ki, hər səhər günəş məhz ağacları, kolları 

və gülləri yapıb-doğurur. 

Gün – elə simfoniyadır, öz ritmi olmasa da, şübhəsiz ki, 

ovqat çaları yalnız onun özünə  məxsusdur – səhər alleqrosu, 

sonra axşam və gecə vaxtının andantesi, adajiosu. 

Təpələrin arxasında günəş itir, onun sarı-qızılı  şüaları 

dənizin məxmər səthində    bərq vurur. Ancaq qəribədir ki, bu 

görünüş  qüssə oyatmır, bəlkə ona görə ki, günəş çox qəlbi 

dayanıb, parlaqdır, əlçatmazdır. Ən  qüssəli qürub  narıncıdır. 

Yunan adaları elə türk adalarına bənzəyir. İnsanlar, musiqi, 

yeməkləri belə az qala eynidir. Dan yerinin ağarması  və 

zərlərin səsi… də oxşardır (Yeri gəlmişkən, təkcə söz, musiqi, 

ətir-qoxu, yeməyin tamı… yox, adicə  səs də  vətənə nostalji 

oyada bilər. Moskvada Kaşir  şossesində onkoloji mərkəzin 

ucu-bucağı görünməyən dəhlizi boyu irəliləyərkən birdən bu 

yerlər üçün heç də adi olmayan, ancaq mənə  doğmadan-doğma 

görünən səsi eşidəndə ürəyim sıxıldı – kimsə  zər atır, nərd 

oynayırdı). 

Beləliklə, türklər və yunanlar bu qədər bir-birlərinə 

yaxınkən nədən dolanmamalıdırlar? Yunanlar türkləri 

bağışlamırlar ki, əllərindən torpaqlarını alıblar, xüsusən 

Konstantinopolun – İstanbulun itirilməsi ilə qövr edən yara beş 

əsrdir ki, qaysaq bağlamır. Belə bir incini itirən yunanları 

anlamaq olar. Ancaq axı zamanında onlar da yad torpaqlarını 

istila etməklə  məşğul olmuşlar – Makedoniyalı  İskəndər az 

qala dünyanın tən yarısını istila etmişdi, həmin o torpağı  zəbt 

olunmuş xalqlar nə duymalıdır?  

İnsanların həyatına, bizim bəşər tarixinə, Yer kürəsinin 

tarixinə yadplanetlinin gözüylə baxmalı olsaq, orda absurddan 

başqa bir şey görmərik. Minlərlə, milyonlarla insan həyatını 



 586 

itirib, ancaq ona görə ki, hansısa tikilinin üzərində  məlum 

həndəsi işarə + (xaç) qoyulsun. Digərləri isə orda ayparanı 

görmək istəyir. Bunu hansısa ağlı başında (varsa əgər) olan 

kəsə izah etmək olarmı? Amansız insanları  vəhşi heyvan 

adlandırırlar – nə böyük haqsızlıqdır. Hətta ən yırtıcı heyvan da 

öldürə, parçalaya, yeyə bilər, ancaq pəncəsinin altında olan 

qurbanına  əzab verib, bu əzabdan həzz ala-ala məhv etmir. 

Bizantiya imperatoru VI Konstantini elə öz anası taxtdan 

salmış, bu azmış kimi gözünü çıxartdırmış (oğlunun gözünü – 

!) və onu adadakı monastra yollamışdı. Öz növbəsində Nikifor 

tərəfindən devrilən  şahzadə  İrina da bu monastra məhkum 

edilmiş, oradaca ölmüşdü. O zaman saray qarşısında hansısa 

əməlinə görə günahlandırılan adamları pişik və ilanlarla bir 

yerdə torbaya salıb dənizə tullayarmışlar. 

Bunu ancaq insan edə bilər. Heç bir vəhşi heyvan bunu 

etmir. Yırtıcı heyvan insan ətini gəmirəndə belə o, yalnız təbii 

ehtiyacını – aclığını ödəyir.  İnsansa öz həmcinslərinə hansı 

formada  əzab və  işgəncə verməyini düşünüb tapır. Madriddə 

Çingiz Abdullayevlə korridaya getdik. Hər ikimiz ilk dəfə 

olaraq bunu canlı  şəkildə görürdük. Bu mənzərə  məndə 

dəhşətli ikrah hissi oyatdı. Çingiz bu qanlı döyüşün 

özünəməxsus estetikaya malik olmasını sübut etmək üçün 

ədəbiyyat və incəsənətdən misallar çəkirdi (Heminquey, 

Pikasso). Ancaq çox tez bir zamanda bu cəllad oyununun bütün 

dəhşətini dərk edərək o da məyus oldu. Bəlkə də biz ispanların 

milli  əyləncəsinə çevrilən bu oyunun gözəlliyini və gizli 

mənasını anlamırıq, elə ispanların özləri də bizim qoyun 

qurban kəsməyimizi heç cürə anlaya bilməzlər, ancaq mən 

yalnız gördüyümüz mənzərədən keçirdiyimiz hisslər barədə 

yazıram. Bu hissiyyat insanı  məcbur edir ki, insan təbiəti 

haqqında dərindən düşünüb-daşınsın. Korridanı az qala sənət 

əsəri səviyyəsinə qaldıran insan cəllad kimi, həm də  mənasız 

yerə ölüm törədir. Qoy deməsinlər ki, torreador da həyatını risk 

edir. Torreadorun seçimi var. Bu riski onun özü qəbul etmişdir, 



 587 

şöhrətə, pula, yaxud nəsə başqa bir şeyə nail olmaq üçün, yəni 

könüllü  şəkildə. Öküzünsə heç bir seçim imkanı yoxdu. O, 

yalnız kor-koranə özünü müdafiə edir. Hansısa təhlükədən 

sığortalanmayan öküz səbəb-nəticə  əlaqəsini yaradan məntiqi 

düşüncədən məhrumdur, yəni milyon illərin təkamülü 

nəticəsində Təbiətin, yaxud Tanrının yer üzündə yeganə ağıllı 

canlıya bəxş etdiyi nemətdən məhrumdur.  



*** 

Leonid Bejinin Çin şairi haqqında yazdığı "Du Fu" 

kitabından (JZL, 1987, səh.80): "Li Bo, damarlarından türk 

qanı axan şair".  



*** 

Quberniyanın sakit bir guşəsində, Astapovkada, stansiya 

rəisinin evində Tolstoy can verirdi. 6 noyabrda, ölüm 

ərəfəsində oğlu Sergeyi çağırdı, yaxın gələndə sakit səslə dedi: 

"Seryoja… mən həqiqəti sevirəm, sevirəm həqiqəti". Bu, onun 

sonuncu sözləriydi.  



*** 

Rəsul Həmzətov Şamil damğalanarkən onu "çeçen canavarı, 

inquş ilanı" adlandırmışdı. Bu, təkcə Şamilə qarşı yox, həm də 

o vaxt sürgün edilmiş çeçen və inquş xalqlarına qarşı təhqir idi. 

Həmzətov bilməmiş deyildi ki, Şamil elə onun özü kimi 

avardır.  



*** 

Hegel "Tarixin fəlsəfəsində" yazırdı: "Aralıq dənizi 

dünyanın üç hissəsinin körpüsüdür və ümumdünya tarixinin 

parlaq nöqtəsi olan Yunanıstan burada yerləşir. Suriyada isə 

iudaistlərin və xristianların mərkəzi olan Yerusəlim yerləşir, 

cənub-şərqdə  Məkkə  və  Mədinə, Məhəmmədə iman 

gətirənlərin vətəni, qərbdə Delf, Afina, ucqar qərbdə isə Roma. 

Aralıq dənizinin sahillərində Aleksandriya və Karfagen 

yerləşir. Beləliklə, Aralıq dənizi qədim dünyanın döyünən 

ürəyidir, məhz o, həmin dünyanın mövcudluğunu şərtləndirir".  

Yeri gəlmişkən, Gertsen hesab edirdi ki, XX əsrdə Atlantik 



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə