Ssenarilər, tərcümələr



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə30/167
tarix25.07.2018
ölçüsü2,65 Mb.
#58774
1   ...   26   27   28   29   30   31   32   33   ...   167

 93 

Xaqan bu sözlərdən bərk qəzəbləndi. 

—Aparın bu nankoru, yenə zindana salın, — dedi. 

Gecə Beyrək zindanın bir guşəsində qısılıb uzanmışdı. 

Birdən zindanın ağır qapıları ehtiyatla açıldı.  İçəri cəngavər 

paltarı geymiş bir adam girdi. 

Cəngavər qılıncını açıb divardan asdı, sonra paltarlarını bir-bir 

soyunmağa başladı — bu Selcan xatun idi. Selcan soyunub Beyrəyin 

yatağına girdi. Beyrək yerindən sıçradı. Selcanın qılıncını qapdı, 

siyırdı, qızla öz arasına qoydu. 

Selcan: 

—Qılıncını götür, igid, — dedi, — murad ver, murad al. Sarılaq.  

Beyrək: 

—Yox, xaqan qızı, — dedi. — Mənim həsrətim var. İki ildir, 

sənin atanın dustağıyam. Ataya, anaya, qohum, qardaşa, alagözlü 

yarıma həsrətəm. 

Selcan: 

—İgid, — dedi, — onlar uzaqda, mən yaxındayam. Onlar səni 

çoxdan unudub, nişanlın çoxdan ərə gedib. Al məni, sarılaq, 

qovuşaq, dadlı damaq verib soruşaq ala yorğan altda. 

—Yer kimi yarılım, torpaq kimi sovrulum, qılıncıma doğranım, 

oxuma sancılım, oğlum olmasın, olsa da gün yaşamasın  əgər mən 

atamın, anamın üzünü görmədən səninlə bu yatağa girərsəm. 

Selcan xatun durub geyinməyə başladı. 

—Yaxşı mən gedirəm, — dedi, — amma onu bil ki, sən ömürlük 

bu qalada dustaqsan. Heç bir vaxt atanın, ananın, yarının üzünü  

görməyəcəksən. Onlar uzaqda, mən yaxında, hər gecə yanına 

gələcəm. 

—Mən də hər gecə aramıza qılınc qoyacam. 

—Nolar? Görək kim kimə inad gələcək. Axır ki, bir gecə bu 

qılıncı qınından çıxarmayacaqsan. 

*** 

...Tacirlərin karvanı yolları fərsəng-fərsəng udurdu... 



*** 

Dədə Qorqud öz məzarının yanında oturub qopuz çalır, deyirdi: 

—Tacirlərin özü yolda, Banıçiçəyin gözü yolda, Beyrək Parasarın 

Bayburd hasarında dustaq, sizə kimdən deyim Qazan oğlu 

Turaldan...  

Qazılıq dağının yaşıl yamacına al-qırmızı lalə topaları 




 94 

səpələnmişdi. 16-17 yaşlı Tural bu laləlikdən çiçək dərirdi. Tural 

ayın on dördünə bənzər alagözlü bir gəncdir. O, dərdiyi çiçəklərdən 

dəstə bağladı, yamacdan arana endi, söyüdlü bulağa tərəf addımladı. 

Söyüdlü bulağın başına qızlar, gəlinlər toplaşırdı. Qızlardan bir 

neçəsi baş barmaqlarına ip bağlamışdılar, bir neçə  kərə suyun 

üstündən tullandıqdan sonra ipi kəsib suya atırdılar. Bu onların 

ürəklərində tutduqları tez ərə getmək niyyəti ilə bağlı idi. 

Beyrəyin kiçik bacısı Günel də bulaq başındaydı, amma o, başqa 

qızlardan kənarda qəmli-qəmli dayanmışdı, səhəngini suyla 

doldurmaq üçün növbə gözləyirdi. Boğazca Fatma ona yanaşdı.  

—Günel, — dedi, — anan necədir? 

Günel:  

—Necə olacaq? Ağlamaqdan onun da gözləri atamın gözləri kimi 

tutulur, — dedi. Fatma koksünü ötürdü: 

—Olacağa çarə yoxmuş. Görünür Beyrəyin alnına belə yazılıbmış 

— dedi, — bilirsənmi ki, bu payız Banıçiçəyin möhləti tamam olur. 

Qardaşı onu Yalıncığa ərə verir. 

 

Günel dinmədi, amma doluxsundu, gözlərinin bıldır-bıldır yaşı 



rəvan oldu, üzünü kənara çevirib için-için ağladı. 

Fatma bildi ki, qızın sızlar yerini bir də sızlatdı. 

Uzaqdan gələn Turalı görüb sözünü dəyişdi: 

—Ora baxsana, Günel, — dedi, — Qazan xanın oğlu Tural bəriyə 

gəlir. — Günel bu sözlərdən diksinmiş kimi oldu, çevrilib o da baxdı. 

Fatma bic-bic qımışıb: 

—Ayrı  vədə heç buralardan keçməz, — dedi. — Di gəl sən 

buraya gəldinmi, yolunu burdan salasıdır. Ay qız, sən də  qızardın, 

yoxsa arada bir mətləb var. Düzünü de, mən belə  işlərdə birçək 

ağartmışam. Daha niyə utanırsan, bir qız bir oğlanındır. İllah da ki, 

oğlan belə gözəl, göyçək növcavan ola, özü də Qazan xanın oğlu. 

Düzdür, heç atasına çəkməyib, atası kimi şaqqalı igid deyil, özü də 

qız kimi utancaqdır, amma hələ cavandır da, oğlancıqdır, nə bilir? 

Günel səhəngini doldura-doldura Tural olan tərəfə boylanırdı. 

Boğazca Fatma da hey üyüdüb tökürdü: 

—Getsənə, — dedi. — Yazığı çox gözlətmə...  

Günel obalarına tərəf düzəldi. Tural ona yanaşdı. 

—Salam, Günel, — dedi, lalə dəstəsini ona uzatdı. 

Günel: — Nə gözəl lalələrdir! — dedi. 



 95 

Tural: — Qızılıq dağının quzeyi bütün lalə içindədir, — dedi. — 

Dağ qıpqırmızı qızarıb, odur ora bax. 

Günel döndü baxdı, amma dağa tərəf çevriləndə  bərk-bərk 

yaşmaqlandı, sifətində bircə gözləri qaldı:   

Tural dedi: 

—Günel, sən niyə dağlara baxanda həmişə yaşmaqlanırsan, üzünü 

gizlədirsən? Günel xəfifcə gülümsündü: 

—Bunu bizə anamız öyrədib, — dedi, — ona da nənəmiz öyüd 

verib. Deyirlər ki, Qızılıq dağı bizim — oğuz qızlarının, gəlinlərinin 

qayınatasıdır. Bu dağı görəndə gərək sifətimizi örtək. 

Tural da gülümsündü. Sonra da bir müddət susdular. Turalın alnı    

puçur-puçur tərləmişdi. Ürəyində sözü vardı, demək istəyirdi, deyə 

bilmirdi. Gəlib lap Bayat obasına çatmışdılar. Birdən Tural: 

—Günel, sənə bir sözüm var, — dedi, — istəyirəm ki, yüksək-yüksək 

dağların sənə yaylaq olsun. Günel, mən səni göz açıban görmüşəm, 

konül verib sevmişəm. İndi söz sənindir. 

Günel: 


—Ah Tural! — dedi. — Qoy mənə arsız gəlin deyincə, ərsiz qız 

desinlər, abırsız deyincə, bəxtiqara desinlər. Mən hara, ərə getmək 

hara? Mən də, bacılarım da əhd eləmişik, Beyrəyin ölüsünü, dirisini 

öz gözlərimizlə görməyincə bir igid sevər olsaq, ərə getsək, sarı ilan 

olub bizi çalsın. 

Gəlib obaya çatdılar. Günel lalələri Turala qaytardı: 

—İncimə Tural, — dedi, — lalələr çox gözəldir, amma mən bu 

çiçəklərlə yaslı-şivənli evimizə necə gedim, anamın, atamın, 

bacılarımın üzünə necə baxım? Günel çevrilib getdi. Tural qəmli-

qəmli onun ardınca baxdı. Obadan xısın-xısın ağlaşma səsi gəlirdi.  

...Yol kənarındakı daşın üstündə Bəybura oturmuşdu, kor gözləri 

yol çəkirdi. 



*** 

...Qazan xanın divanında igidlər səf-səf  əyləşmişdi, yeyib 

içirdilər. Qazan igidləri qürurla seyr edirdi, döndü sağa baxdı 

gülümsədi, sola göz gəzdirdi şadlandı: 

—Bəs oğlum Tural hanı? — dedi. 

Alp Aruz dedi: 

—Bayaq onu Qazılıq dağının yamacında görüblər, çiçək dərirmiş. 

— O bunu gizli bir istehzayla dedi. 

Qazan tutuldu: 



Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə