TəRTİBÇİDƏN


GENERAL-LEYTENANT YERMOLOVUN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

GENERAL-LEYTENANT YERMOLOVUN 
SƏRDARLIĞI VƏ QIZILBAŞLARLA SÜLHÜ 
 
1232 (1816)-ci ilin oktyabrında cənab general-leytenant Yermolov Qafqaz 
dairəsinə  və Gürcüstan sərdarlığına təyin olunub Tiflisə  gəldi. Buranın işlərini 
qaydaya saldıqdan sonra 1233 (1817)-cü ilin aprelində hazırlıq görüb bir neçə 
inanılmış generallarla Sultaniyyəyə getdi, burada Fətəli  şah və  Qızılbaş dövlət 
başçıları ilə görüşdü. Rtişşevin sülh sazişi imperatorun arzusu və onun mübarək 
rəyi üzrə imzalanmışdı. Yəni Qaplanguhu sərhəd təyin etmişdilər, amma 
Yermolov işin  əhəmiyyətini nəzərə alaraq, Araz çayını  sərhəd təyin edib, geri 
qayıtdı  və vilayətlərin nizam və intizam işlərinə başladı. Bütün işləri özünün 
tərtib etdiyi plan və nizam üzrə qurdu. Bəzi yerlərdə yerli şəraitə görə yeni 
qanunlar qoydu. Bu dövrdə Qarabağ  və  Şirvanın aşağıda göstərilən xanlarını 
qızılbaşların yanına çağırdı. 1238 (1822)-ci ildə  əvvəlcə Mustafa xan, 1239 
(1823)-cu ildə Mehdiqulu xan qızılbaşların tərəfinə keçdilər. Şəki xanı da həmin 
il vəfat etdi. Bu üç xanın vilayətləri Rusiya dövlətinin idarəsi altına keçdi. Cənab 
Yermolov bu vilayətlərdə divanxanalar açıb, komendantlar təyin etdi. 
Dairə  rəislərinin iqamətgahı Qarabağ xanlarının mərkəzi  Şuşa qalası idi. 
İşlərin icrası Yermolovun özünün tərtib etdiyi qanun üzrə olurdu. 
O, 1238 (1822)-ci ildə bütün görülən işləri toplayıb, hamısını  dəftərə qeyd 
etdirdi. Cənabi Yermolov 1235 (1819)-ci ildə Dağıstan tərəfə hərəkət edib orada 
böyük vuruşlara girişərək, böyük fəthlərə nail oldu. Neçə il Dağıstanda arası 
kəsilmədən müharibələr etdi. Bunların hamısı geniş surətdə ayrıca bir kitabda 
qeyd edilmişdir. 
1241 (1825)-ci ildə  Şirvan və Qarabağ xanları qaçandan sonra Kumık 
ölkəsinin hakim və qazısı Surxay xan öz oğlu Nuhxan və nəvəsi Məhəmmədxan 
ilə Dağıstandan qaçıb qızılbaşların yanına getdilər. Bu neçə ildə  qızılbaşlarla 
sülh dövrü olduğu üçün heç bir yerdə dostluğun ziddinə hadisə üz vermirdi. 
Cənab Yermolov vilayətlərin işlərini yaxşılıqla və düşüncə ilə aparırdı. Eləcə də 
general-mayor knyaz Mədətov dairə rəisi kimi Talış mahalında qərar tutmuşdu. 
Mədətovun rəşadəti, igidliyi, cəsarəti və  şücaəti hər yerdə məşhur idi. Dinc 
yaşayış, səmimiyyət, dostluq, birlik hər iki dövlət arasında mövcud idi. Həmişə 
Mədətovla Qızılbaş dövlətinin başçıları arasındakı yazışmalar dostluğun 
artmasına səbəb olurdu. 
 
  
 69


GENERAL MƏDƏTOVUN 
ABBAS MİRZƏ İLƏ GÖRÜŞMƏSİ 
 
Cənab general Mədətov çox məğrur, alicənab bir şəxs idi. Böyük adamların 
hamısı ilə özünü bir əqidə və bir fıkirdə bilirdi. Vəliəhd şahzadə Abbas Mirzə o 
zaman qış  fəslində  gəzmək və  şikara çıxmaq məqsədilə Muğana, Araz çayının 
kənarına gəlmişdi. General Mədətov bu dövlətin başçılarının izin və icazəsi ilə 
şahzadə ilə görüşmək arzusunu bildirdi. Buna görə  də öz ölkəsinin məşhur 
bəylərindən, Qazax atlılarından bir neçəsini götürüb Xudafərin körpüsünün o 
tayına, Abbas Mirzənin yanına getdi. Şahzadə Abbas Mirzə  Mədətovun 
barəsində lazım olan ehtiramı  və izzəti göstərdi. General Mədətov  şahzadənin 
ordusunun içərisində rus adətilə atəşfəşanlıq və bayram keçirilmək üçün ona 
icazə verilməsini xahiş etdi. Abbas Mirzənin icazəsilə yaxşı atəşfəşanlıq 
tədarükü görüldü. Bir gecə elə atəşfəşanlıq göstərdilər ki, Abbas Mirzə ordusu 
atlarının çoxu cilovlarını qırıb ordu içərisinə qaçdılar. Sübhə kimi çox adamlar 
öz atlarını tapa bilmədilər. Qızılbaşlar bu atəşfəşanlığa, onun ustalıqla 
düzəlməsinə, təşkil edənlərinə heyrət edib afərin dedilər. Bir dəfə  Mədətov 
şahzadə ilə olan söhbət və danışıq zamanında ona demişdi: “Siz gərək Göyçə və 
Sədərəkdən  əl çəkib bizim ixtiyarımıza verəsiniz ki, Tiflis və Gürcüstan 
xalqlarının otlaq yerləri geniş olsun”. Şahzadə Abbas Mirzə  Mədətovun belə 
cəsarət və ədəb qaydalarına riayət etməməsinə təəccüb edərək qəzəblənir. İkinci 
gün general Mədətovun dayısı Bidrus bəy şahzadənin yanına gedir. 
Şahzadə Abbas Mirzə ona şikayət edib deyir: 
- Sənin bu bacıoğlun çox cahildir. Heç sözünə həd və ölçü bilmir, o bir nəfər 
generaldır, Rusiya şahının onun kimi minlərlə generalı var, heç kəsin bu cür 
söhbətlər eləməyə ixtiyarı yoxdur. Şah babam Tehranda, rus padşahı da 
Peterburqda oturmuşdur. Ancaq onlar belə sərhəd və vilayətlər barəsində danışıb 
bir-birinə bağışlaya bilərlər. Mənə  və ona bu cür söhbətlərdən danışmaq 
yaraşmaz. Siz ki qoca və böyüksünüz, ona nəsihət ediniz. Burada yaxşı demişlər: 
“Elə ki cavanın cavanlığı cuşa gəldi, təqsir qocadadır ki, onu aram etməyir”. 
Bidrus bəy o saat cavabında deyir: 
- Cavanın cavanlığı cuşa gələndə qocanın məsləhəti onun qulağına girməz. 
Abbas Mirzə Bidrus bəyin bu hazırcavablığından xoşu gəlib onu tərif etdi. 
 
  
 70


QIZILBAŞLARLA RUSLAR ARASINDAKI 
SÜLHÜN POZULMASI, ABBAS MİRZƏNİN 
QARABAĞDA MƏĞLUB OLMASI 
 
Qızılbaşlarla ruslar arasında olan sülhün müddəti on bir ildən bir az əskik 
çəkdi. Bu neçə ilin müddətində əhali və İran qoşunu asudə, rahat yaşayırdı, heç 
bir güclü düşmən, güclü qoşun tərəfindən bir hadisə üz vermirdi. Ölkə içərisində 
kiçik toqquşma və ya iğtişaş baş verdikdə onu bir dəstə qoşunla sakit etmək 
mümkün olurdu. Abbas Mirzə özünü qüdrətli, istedadlı, mətanətli və qürurlu 
hesab etdiyi üçün və bir də digər səbəblərə görə Rusiya ilə sülh və dostluğun əsa-
sını pozdu. Dostluğunu yüksək Rus dövləti ilə vuruşma və dava ilə  əvəz etdi. 
Bunun birinci səbəbi ingilislərin hər il İrana müntəzəm olaraq top, tüfəng və 
başqa hərbi ləvazimat verməsi idi. 
İngilislərin bunda əsas məqsədi rusların qurudan ingilis torpaqlarına olan 
yolunun qarşısını almaq idi. Fətəli  şahın böyük oğlu və onun vəliəhdi olan 
naibüssəltənə Abbas Mirzə  tədricən Azərbaycan vilayətində ingilis hərbi 
mütəxəssisi vasitəsilə qoşun üçün əsgər və topçu hazırlamağa başladı.  İngilis 
dövləti həmin illərdə osmanlı, türkmən və qeyriləri ilə bir neçə vuruşmalarda 
oldu və həmişə onlara qalib gəldi. İranlılar belə xəyal etdilər ki, ruslarla olacaq 
müharibə həmin ordular arasındakı müharibələr kimi keçəcəkdir. Bəzi cahillərin 
başına ruslarla müharibə etmək düşdü. Lakin onu bilmirdilər ki, pişik siçan 
tutanda şirdir, pələnglə vuruşanda isə özü bir siçandır. 
İkinci səbəb: neçə ildir ki, Göyçə  və  Sədərək sərhədləri barəsində bu iki 
dövlət arasında danışıqlar və mübahisələr gedirdi. Hər iki tərəf heç bir razılığa 
gəlməyib fürsət gözləyirdi. 
Üçüncü səbəb: Mollalar Dağıstan vilayətində  şəriət və din adından tüğyan 
edərək müqəddəs dini müharibəyə çağırırdılar. Hiylə  və fitnəkarlıqla məşğul 
idilər. Rus qoşunlarının sərkərdələri ilə dağıstanlılar arasında ixtilaf əmələ gəldi. 
Bu məqsədlə də mollalar və müctəhidlər müqəddəs müharibə və cihad haqqında 
kitablar yazıb onu şirin sözlər ilə  təbliğ edirdilər. Ətabətdə yaşayan Ağa Seyid 
Əli müctəhid Fətəli şaha belə bir məktub yazır: “Ruslarla olan müharibəni dini 
və müqəddəs müharibə hesab etmək olar. Mənə yuxuda xəbər veriblər ki,filan 
ayda fəth və qələbə sizinlədir. Əgər qoşunlarınız bu vaxt Rusiya üzərinə hücum 
edərsə, qalibiyyət sizinlə olacaqdır”. 
 
  
 71


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə