Akademikin Son eseri



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə19/75
tarix01.07.2018
ölçüsü0,89 Mb.
#52682
1   ...   15   16   17   18   19   20   21   22   ...   75

Ziyad bəy elə bu cavabı eşitmək istəyirdi, buna baxmayaraq hirsini boğdu:
– Onda niyə ikigündənbir televizorda bannıyırsınız ki, ordu şəhərə girməyəcək. Bu
ikiüzlülük sizin kimi ciddi vəzifə sahiblərinə yaraşan iş deyil. Xalqın başının
altına yastıq qoymaqda məqsədiniz nədir? Qoy xalq daha çox yığışsın bu simvolik
barrikadalara və siz də bar-bar bağırasınız ki Azərbaycan silahlanıb, orduya
müqavimət göstərir. Bakıda qırğın törədiləcəyini kim deyib sizə? Hanı o məlumat
– bizə də göstərin. Sumqayıt haqqında mənim yazdığım geniş məqaləni
oxumusunuz yəqin. Oxumayıbsınızsa oxuyun. Bəlkə Bakıda bir mili qırğın
tamaşası yaratmağa çalışırsınız. Hamınız yığışmısınız bura. Rejissorlar,
rəssamlar, musiqi tərtibatçıları, aktyorlar. Köhnə ssenaridir: 1905, 1918-ci illərdə
sınaqdan keçirilib. İndi təzələmək istəyirsiniz onu?
– Hörmətli akademik, bu ağır ittihamdır.
– Bu, ittiham deyil, faktdır. Bəs Ermənistandan vəh​şicəsinə qovulan bizimkiləri
niyə müdafiə etmirdiniz? Onlar sovet vətəndaşları deyil? Bakıda bircə erməninin
burnu qanamayıb, bundan sonra belə bir hadisə olacaqsa onun məsuliyyəti bunu
arzulayanların boynuna düşəcək.
Generallardan hansısa dillənmək istəyəndə Ziyad bəyin səsi yüksəldi.
– Siz Bakını tanımırsınız, mənim əzizlərim. Bur​​​da azərbay​canlı, rus, erməni,
yəhudi qardaşcasına yaşayır, eyni taleyi bölüşürlər. Mənim çoxlu erməni dostum
var. Biz iç-içə, ürək-ürəyəyik. Bakı küçələrindən qaçqınları yığıb Ermənistana
qaytarın, yaxud Dağlıq Qarabağda yerləşdirin. İstəsələr ermənilərlə evlərini
dəyişsinlər, məsələ bitsin. Siz erməniləri bizdən yox, bizi ermənilərdən qoruyun.
***
O gecənin müşahidələri Ziyad bəyi sarsıtmışdı. Generalların, marşalların
geyimləri doğrudan da gözəl idi. Zər-ziba, ulduzlar, yüksək dövlət mükafatlarının
nişanları. Ancaq o, birdən-birə hiss elədi ki, bunlarla onun ordu anlayışı uyğun
gəlmir. Yox! Bunlar müharibə yollarında, rütbə, mükafat güdmədən irəliləyən, hər
əsgərə, hər Sovet adamına öz övladı, bacı-qardaşı kimi baxan komandirlərə
bənzəmir. Bunlar ayrıdı. Bədəninə dolayıb qoruduğu alay bayrağını görəndə özü
də onun yanında yerə sərilib, onu qucaqlayıb ağlayan komandir hara, bunlar hara...
Ordunun Bakıya yeridilməsinin mənasız və düş​mən​çilik olduğunu anlatmağa
çalışmışdı. “Siz başa düşmürsünüz, mən hələ də özümü bu ordunun əsgəri sayıram,
eyni zamanda, sizi narahat edən mitinqlərdə də çıxış edirəm. İndi öz ordumu
mənim üstümə göndərəcəksiniz?”
Bu cəhdlər nəticə vermədi. Moskva ordunun şə​hərə girmək əmrini verməklə xalq
hərəkatını zəif​​lətmək, Bakını mərkəzin ətəyindən daha da bərk yapışmağa məcbur


etmək, SSRİ-nin müxtəlif guşələrində başlanmış azadlıq hərəkatının ən gur yanan
ocağını söndürmək, “milli azadlıq” deyənlərə qanlı bir dərs vermək istəyirdi.
Fəlakət addım-addım yaxınlaşırdı. Şəhərin üstünü qara buludlar almışdı.
Ayrılarkən üzünü Yazova tutub dedi:
– Mən döşümdəki Qızıl Ulduzla fəxr edirəm. Onu qanımla qazanmışam. Həm də o
bir deyil, iki olmalı idi. Bütün ömrüm boyu özümü əsgər saymış və ordumuzun
möhkəmlənməsinə çalışmışam. Lakin bu gün sizinlə bu söhbətdən sonra mənim
ürəyimdə Sovet ordusunun zabiti və qəhrəmanı olmaq qüruru öldü. Bu ulduzu
döşümdən çıxarmayacağam, yox, bu, özümün və şəhid dostlarımın qəhrəmanlıq
nişanəsidir, ancaq ürəyimdə Sovet ordusuna bəslədiyim sevgini bu gündən çıxarıb
atdım. 1988-ci ildə gördüm ki, Ordu Qarabağda sakitlik yaratmaqdansa, vəhşiliklə
dinc əhalini əzir, Bakıda camaatın evindən bayıra çıxmasını yasaqlayır,
komendant saatı elan edir. Burda nə hökumət dəyişən var, nə sərhəd pozan, nə
erməniyə hücum edən – hərə öz həyatını yaşayır, ermənilərdən kimsə
Ermənistandan köçürülən azərbaycanlıyla evini dəyişib köçüb gedirsə, bunda
yaranmış şərait və bu şəraiti yaradan Qarabağ iddialıları günahkardır. Onları
susdurmaqdansa, Bakını qanında boğmaq Böyük Vətən müharibəsində öz neftiylə
qələbəni təmin etmiş bir şəhərə təhqirdir. Hansı vicdanla görəcəksiniz bu işi?
***
Sonuncu iki gündə şəhərin küçələrində birdən-birə mo​tosikletçilər dəstəsi peyda
oldu. Gurultu ilə şəhərin bu başından vurub o başından çıxırdılar. Halbuki Bakıda
nadir halda motosikl görmək olardı.
Axşam erməni dostlarından Abram Ağacanyan zəng vurdu:
– Ziyad İsayeviç, salam. Bəs heç demirsən mənim er​məni qardaşın hardadır, nə iş
görür, bu qarışıqlıqda başına bir iş gəlməyib ki?
Ziyad bəy onun zənginə sevindi. Bakı erməni​lərinin ləhcəsi ilə:
– Ara, Abram, sən elə böyük vəzifə sahibisən, gərək rəiyyəti sən axtarasan.
Abram bərkdən güldü. Ziyad bəyin cavabı döşünə yatmışdı.
– Qardaş, akademikə rəiyyət demək olar? Rəiy​yət bizik. Vəzifə var –hörmət də
var, vəzifə getdi– hörmət də getdi.
– Yaxşı, nə var, nə yox?– deyə Ziyad bəy soruşdu.
– Qorxuram Ziyad, çox qorxuram. Aranı qatırlar. Teleponda nə deyim e? Axşam
bir bizə gəl də! Uşaxlar da sevinər. Bir çay içax, dünyanın işlərini bilmax olmaz.
Axşam 7-nin yarısında maşın göndərərəm dalınca.
Abram əslən Qarabağ ermənisiydi, ancaq Bakıda doğulmuşdu. Uzun müddət
Mərkəzi Komitədə, Nazirlər Kabinetində işləmişdi. İndi deyəsən, Kirov rayonu


İcraiyyə Komitəsinin sədri idi. Vaxtı ilə bir məhəllədə yaşamışdılar.
Təklif Ziyad bəyin ürəyindən oldu. Bakı ermə​nilərinin vəziyyətini Abramdan yaxşı
bilən olmazdı.
Maşın dəmir yol vağzalından stadionun alt qapısına doğru uzanan yolun üstündəki
iki mərtəbəli həyət evinin qarşısında dayandı. Ziyad bəy burda dəfələrlə olmuşdu.
Yaz-yay aylarında həyətdəki iri tut ağacının altında çox nərd atmışdılar. Ancaq
indi qış idi. Və xəzri adamın iliyinə işləyirdi. Yay olsa Ziyad bəy həyətə girən
kimi Abram nərdi gətirib qoyardı tut ağacına söykəli uzun masanın üstünə, heç
Ziyad bəyin təklifini eşitməmiş başlayardı.
– Qardaşcan, sənin bu nərddən başqa bir işin yoxdur. Bəs bu kitabları ha vaxt
oxuyur, yazırsan.
– Götür at zəri, sonra deyim. Erməni olanda nə olar, səni bir ağıllı adam sayıram.
Başa düşmürsən ki, hər dəfə səni udanda kitabımın yeni bir fəsli yaranır.
Abram bundan da ağır zarafatlara öyrəncəli idi:
– Bax, gör məni İrəvan tarixçilərinə öldürtdürə bilərsən. Deyəcəklər o kitabların
hamısını sən yazdırmısan. Uduzmasan yaza bilməzdi.
Ziyad bəyin gülüşü həyəti doldurardı.
– Deməzlər. Aralarında mənə hörmət edən çoxdur. Yalvarırdılar e, deyirdilər, köç
gəl İrəvana.
Abram ciddiləşərdi:
– Yaxşı eləyib getmirsən, onlarla səninki tutmazdı. Onlar bir az ayrı cürdü e. Sən
bizim Karabax ermənilərini onlarla bir tutma. Fərqimiz çoxdur, dilimiz də ayrıdır.
Heç anlamırlar ki bizi. Biz sizə daha yaxınıq.
Ziyad bəy:
– Sən bəlkə də zarafat kimi deyirsən bunu, amma yüzə-yüz düz deyirsən. Qarabağ
erməniləriylə biz din ayrı qardaşıq... – deyib ayrılığın hardan başlandığını bir
daha təkrar edərdi.
...Orta boylu, yumru bir adam olan Abram yenə də onu həyətdə qarşılayıb hal-
əhval tuta-tuta birinci mərtəbənin açıq qapısına doğru apardı. Otağın işığında
akademik köhnə dostunun rənginin solğunlaşdığını gördü. İçəridə iki nəfər başqa
qonaq da vardı. Ziyad bəy onlardan birini tanıyırdı. Levon Bakıda ermənicə çıxan
ədəbiyyat jurnalının redaktorudur; Abram ikinci qonağın, yəni Armaisin İrəvandan
gəldiyini dedi. Axşamlar Abramın evi qonaq-qaralı olardı.
Aynabənddən həyət görünürdü. Sağ tərəfdə, kü​lək tut​mayan yerdə Abramın şoferi
manqalın közünü yayırdı. Ancaq masanın üstündə növbənöv qəlyanaltı, pendir, gö​-
yərti, kələm turşusu vardı. Kababı gözləməyəcəkdilər. Abram üstünə yapışdırılmış
kağız parçasına “tut” yazılmış şüşələrdən birini açdı.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə