Alatoran-15-an-son-2010-1: Layout qxd


Ə j d ə r   O l l a   m ü s a h i b ə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/81
tarix23.09.2017
ölçüsü5,01 Kb.
#1300
1   ...   41   42   43   44   45   46   47   48   ...   81

АЛАТОРАН № 15, YANVAR 2010
76
Ə j d ə r   O l l a   m ü s a h i b ə
-Şair kimi populyarlaşan Əjdər Ol necə oldu ki, nəsr
əsərləri-hekayələr, Namiq Abdullayev, Əlisəmid Kür
haqqında ədəbi portretlər, pyeslər yazmağa başladı? Şeir
öldümü?
- Yox, ölmədi. Ədəbiyyatda janr formadan başqa bir şey
deyil. Əsas özünüifadədir. Özünüifadə də bütün formalarda ola
bilər. Yazıçı bütün janrlarda risk etməyi bacarmalıdır. Mən qəzəl
də yazmışam, heca şeiri də, sərbəst şeir də. Bütün janrlar mənə
doğmadır. Kimsə bir janrda əla yazır, eləsi də var ki, bir neçə
janrda o ortaya fərli şey qoya bilmir.
-Bəs nəsrə niyə keçdiniz?
- Qafiyəsiz də danışmaq olar. Mən öz şeirlərimdə də ədəbi
fakturaya əsaslanmışam. Mənim şeirlərimdə dramaturji detallar
var. Fakturasız əsər isə əsər deyil. Düzdür, təxəyyül də lazımdır
və vacibdir. Lakin təkcə təxəyyüllə uzağa getmək olmaz. Poeziya
hisslərdir, nəsr təfərrüatdır. Nəsrdə ovqatını təfərrüatlarla ifadə
edirsən. Poeziya şirədir, sən duyğularının şirəsini çəkirsən. Həyat
da belədir. Orda duyğu da var, təfərrüat da.
-Yazıçılar Birliyinin qeyri-funksional məqamlarında
siz Ədəbi Klub yaratmısınız. AYB-nin bəzi funksiyalarını
yerinə yetirmisiniz. Bəs indi Yazıçılar Birliyinə
münasibətiniz necədir?
- Yazıçılar Birliyi keçən əsrdə yaradılmış təşkilatdır. Ora
yazıçıların ocağıdır. Yazıçılar Birliyinin güzəştləri olub, indi də
var. Kimlərsə ondan istifadə edir. Təşkilatsız inkişaf olmur.
Dünyanın hər yerində yazıçı qurumları var. Azərbaycanda XIX
əsrdən ədəbi məclislər olub. Onlar Yazıçılar Birliyinin
rüşeymləridir. Yazıçılar Birliyi bir çox yaxşı əsərlərin
yaranmasına dəstək olub. Gənclərin AYB rəhbərliyindən xoşu
gəlməməsi o demək deyil ki, AYB olmamalıdır. Təşkilat mütləq
olmalıdır. Təşkilatlanmamış millət heç nəyə nail ola bilməz. Biz
tarixdən, siyasi təcrübədən görürük ki, tarixboyu başımıza gələn
bəlaların çoxu vaxtilə milli təşkilatlarımızın olmamağıdır. AYB
yaşamalıdır. Amma ola bilsin, daha çevik, daha demokratik
üsullar tapılmalıdır. Hamının qəbul edəcəyi formalar tətbiq
edilməlidir. Mən belə düşünürəm ki,Yazıçılar Birliyinin
təqaüdləri, mükafatları istedada görə verilməlidir, sosial
vəziyyətin ağırlığına görə yox. Mən bunun qəti şəkildə
əleyhinəyəm.
- Yazıçılar Birliyindən kənardakı ədəbi qüvvələr var.
Onlar haqqında nə düşünürsünüz?
- Mən ümumiyyətlə, nifrətlə düşünməyi sevmirəm. Hər
şey dəyişir. Bu gün sənin bəyənmədiyin bir gənc yazıçı sabah
ortaya gözəl bir əsər qoya bilər. Hadisələr davam edir, proses
gedir. Proses başa çatmamış qiymət vermək olmaz. Gənclər
davamlı yazırlar, yaradırlar. Sizin nəsil gəncdir, biz isə artıq
yetkin yaşdayıq. Mən gənclərin yazdıqlarına soyuq başla
baxıram. Kiminsə zəif əsəri, naqis hərəkəti məni sizin qədər
qıcıqlandırmır. Məni onların ədəbi əsərləri daha çox maraq-
landırır, nəinki kimlikləri.
-Yazıçılar Birliyində olan gənclərlə Azad Yazarlar
Ocağı daxilindəki gənclərin fərqini nədə görürsünüz?
- Mən onların hamısına qələm dostlarım kimi baxıram.
Düzdür, onlar mətbuatda bir-birinə qarşı çıxırlar, bir-birlərinin
əleyhinə yazırlar. Amma mən onları ədəbi məclislərdə, xeyirdə-
şərdə bir yerdə görürəm. Siz bu fərqi hiss edirsiniz, amma mən
etmirəm. Onların didişmələri mənə xırda və ötəri görünür.
-Əjdər Ol bütün janrlarda öz gücünü sınamış yazar
kimi özünün şair, yazıçı, dramaturq, yoxsa esseist kimi
təqdim edilməsini xoşlayır?
- Mən sadəcə bir qələm adamıyam.
-Sizcə Azərbaycanda Nobel almağa haqqı çatan
yazıçı varmı? Tez-tez deyirlər ki, bizdə Nobel almağa haqqı
çatan yoxdur.
- Mənim “Ölümlə zarafat” hekayəmdə belə bir yer var.
Əmir Pəhləvan deyir ki, Nobel qardaşları haqqında əsər
yazmışam və Nobel komissiyasına təqdim etmişəm. Nobel
mükafatı komissiyası sürpriz etməyi sevir. Bəzən əsər təqdim
olunandan 10-15 il sonar təltif olunur. Demək istəyirəm ki, No-
belə təqdim olunmuş əsərimiz var. Mükafatlar ciddi məsələdir.
Nobel almaq üçün onun yolunu tapmaq, dalına düşmək
lazımdır. Əsər beynəlxalq dillərə tərcümə olunmalıdır. Dünyada
böyük satış şəbəkəsi olan nəşriyyatlar var. Kitab bazarına onlar
nəzarət edirlər. Nobel almaq üçün müəyyən kanallara çıxıl-
malıdır. Qabaq biz Sovetlərin tərkibində idik. Bizim yazıçılar
heç bu haqda düşünmürdülər də. Amma Pasternak antisovet
yəhudi yazıçıları vasitəsi bu mükafatı aldı. Heç yerdə, elə Azər-
baycanda da yerində oturmaqla mükafat almaq olmur. Gərək
gedəsən, müraciət edəsən, əsərini göndərəsən.
- Tutaq ki, Nobeli Əjdər Ol verir. Kimə verərdi bu
mükafatı?
- Sənə. Əlbəttə zarafatdır. Mən başqa bir şeyə toxunmaq
istəyirəm. Mükafatın arxasında ciddi dəyər dayanmalıdır. Pul
AYB YAŞAMALIDIR, AMMA DAHA ÇEVİK, 
DAHA DEMOKRATİK ÜSULLAR TAPILMALIDIR


АЛАТОРАН № 15, YANVAR 2010
77
mükafatın qarantıdır. Azərbaycan tarixində o qədər mükafatlar
veriblər ki. Kənd bağışlayıblar, qızıl, gümüş veriblər. XIV Lü-
doviqin bir yaxşı sözü var. Deyir bir adama yaxşı vəzifə verəndə
99 narazı və bir naşükür yaradırsan. Narazılar deyir niyə o vəz-
ifəni bizə vermədi, naşükür isə gileylənir ki, daha yüksək vəzifə
ala bilərdi. Biri idarə müdiri, biznesmen haqda bir kitab yazır,
o da ona elə böyük mükafat verir ki, bu pul hətta dövlətin
verdiyi təqaüddən də çox olur. Bu da mükafatdır.
- Azərbaycan ədəbiyyatında Sovet dövründə böyük
qruplaşmaların olması heç kimə sirr deyil. Sizin bu qruplaş-
maların heç birinə daxil olmamağınız yüksəlməyinizə, çap
olunmağınıza təsir etməyib ki?
- Zəif adamlar qruplaşırlar. Özünə arxayın olan qrup
yaradıb başqa qrupa qarşı mübarizə aparmaz. Bu ədəbiyyat işi
deyil. Bu qruplaşmalar ədəbi hakimiyyəti ələ keçirtmək üçün
yaradılır. Roman yazmaq üçün heç kim dəstəbazlıq etməz.
Kiminsə ehtiyacı olub, qruplaşıb. Mənim qarşımda elə bir
maneə olmayıb Mən heç kimdən minnət götürməmişəm, heç
kəsə minnət də qoymuram. Hardasa çap olunmaq üçün, hardasa
çıxış etməkdən ötrü sinov getməmişəm. Qruplaşanlar mütləq
bir gün hansısa şəkildə qrupdan çıxacaqlar.
- İlk şeiriniz nə vaxt dərc olunub?
- 1981-ci ildə “Azərbaycan” jurnalında çıxıb. Əkrəm
Əylislinin vaxtında.
- Bəs indi Yazıçılar Birliyinin jurnallarını oxuyur-
sunuz?
- Oxuyuram. Özüm də “Azərbaycan” jurnalının redak-
siya heyətinin üzvüyəm.
- Necə olur ki, Birliyin 1400 üzvü ola-ola jurnallar
min tirajla, Anarın kitabı isə 500 tirajla çıxır?
- Düz danışmırsınız. Anarın kitabı elə vaxt olub ki, 100
min tirajla çıxıb. İndi o vaxtlar deyil, ovqat dəyişib, kitab satışı
şəbəkəsi yoxdur. Səbəb ancaq budur. Mən bütün prosesi
izləyirəm. Bəlkə də çox az adam var ki, mənim kimi hamını ox-
uyur. Demək olar ki, ədəbi mühitdə hamının qabında nə
olduğunu bilirəm.
- Bəs birliyin jurnalları ilə “Alatoran” jurnalı
arasında nə fərq var?
- “Alatoran” jurnalı eksprimental jurnaldır. Amma
“Azərbaycan” və “Ulduz” jurnalı isə ənənəvidir. Bütün jurnal-
larda zəif əsərlər də çıxır, güclü əsərlər də. Bu jurnallar ədəbi
prosesin tərkib hissəsidir. Rasim Qaraca çox işləyir. Ədəbi pros-
esi canlandırır. Sizin üstünlüyünüz odur ki, cavankən çap olun-
dunuz. Sizə baxanda biz çox gec çap olunduq. Düzdür,çap
olunana qədər yetkinləşdik. Siz azadsınız. Amma bunun ziyanlı
tərəfi də var. İndi görürsən ki, 17 yaşlı birisi sağını-solunu biçə-
biçə gedir. Bəzən o heç ədəbi məsuliyyət də hiss eləmir. Hətta,
kövrək oxucuya bəzən təsir edir. Hərdən mənə elə gəlir ki, siz
özünüz yazıb özünüz oxuyursunuz. Oxucuya çıxmaq lazımdır.
Zəmanə dəyişib.
- Bəs ədəbiyyatın axırını necə görürsünüz? İndi hər
yerdə olduğu kimi ədəbiyyatda da keçid dövrüdür.
- Ədəbiyyat insan ruhunun maddiləşmiş formasıdır.
Çətin dövrlərdə insanlar mənəviyyatca geri çəkilirlər. Ruhi aşın-
malar gedir. Amma bu uzun sürmür. İnsan həmişə ruhunu
təzələmək istəyir. Yeni doğulan uşaqlarla dünya təzələnir.
Ədəbiyyat ruhdur, insan isə ruhsuz yaşaya bilməz. Ruh varsa,
ədəbiyyat var. Dünyada ruh daşıyıcıları yazıçılar var, bizim də
yazıçılarımız onların içində. Onlar kitablaşırlar, kitaba dönürlər.
Biz də kitabları oxuyanda o ruh yenidən dirilir. Söhbət etdiy-
imiz bu anda bəlkə heç 5 adam Füzulini oxumur. Bu o demək
deyil ki, Füzuli yaddan çıxıb. Ədəbiyyat hansısa dövrdə yaran-
mırsa klassiklər aktuallaşır. Klassiklər həmişəlikdir. Biz zaman-
zaman əlimizi kitab rəfinə atıb, onları yenidən oxuyuruq.
Onların kitab rəflərində yeri möhkəmdir.
- Bəs sizin tez-tez əlinizi rəfə atıb götürdüyünüz
kitabı kim yazıb?
- Elə yazıçılar var ki, mən onlara vaxtaşırı qayıdıram.
Füzulini, Seyid Əzimi tez-tez oxuyuram, Sabirin yazdıqlarının
demək olar ki, hamısını əzbər bilirəm. Amma Füzili çox
yazdığına görə hər dəfə ondan nəsə təzə bir şey tapıram.
Konkret bir yazıçının üstündə durmuram. Mopassanı,
Haqverdiyevi, Mirzə Cəlili, Çəmənzəminlini, Tolstoyu, Dos-
toyevskini, arabir vərəqləyirəm. Misal üçün, götürüb Çexovun
iki hekayəsini oxuyuram, kitabı qatlayıb qoyuram yerinə.
- Bəs sizin dünyanızda ən çox yer tutan kimdir?
- Allah…
- Bəs yazıçı?
- Mənim kumirim olmayıb. Hər yazıçının öz yeri var.
Bir yazıçını bütün yazarlara qarşı qoymaq cığalların işidir. “Ən
yaxşı” nisbi termindir. Ədəbiyyat uğurlu bir misra yazmış sair-
siz yarımçıqdır.
- Tutaq ki, 50 il sonra demək olarmı ki, Əjdər Olsuz
ədəbiyyatımız natamam görünür?
- (Gülür) 50 il sonra gəlib məndən müsahibə alarsan. O
vaxt bu barədə danışarıq.
Danışdı:Q.Turalı


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə