Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   2   3   4   5   6   7   8   9   ...   71

– Bazil, yayda günlər uzun olur – lord Henri dodaqucu pıçıldadı. – Yəqin ki, sən 
Doriandan əvvəl yorulub əldən düşürsən. Nə qədər kədərli olsa da, şübhəsiz, 
Dahilik Gözəllikdən daha əbədidir. Buna görə də biz həddən artıq çalışırıq ki, 
ağlımızı, idrakımızı inkişaf etdirək. Yaşamaq uğrunda amansız mübarizədə biz 
istəyirik ki, heç olmasa, nəsə əbədi, möhkəm, davamlı bir şey saxlayaq; başımızı 
faktlarla və hər cür zirzibillə doldururuq; belə bir mənasız ümidlə ki, həyatda 
yerimizi tutub saxlayaq. Yüksək təhsil görmüş məlumatlı insan – bax budur 
müasir ideal! O, antikvar dükanına bənzəyir; burada hər cür zirzibil və toz basmış 
antik əşyalar var ki, əsl dəyərlərindən qat-qat artığına satılır. Hə, Bazil, hər halda, 
düşünürəm ki, dostundan ilk olaraq sən doyacaqsan, gözəl günlərin birində sən 
ona nəzər yetirib görəcəksən ki, onun gözəlliyinin harmoniyası sovuşub və 
qəflətən onun dərisinin rəngi səni bezikdirəcək, ya da boş bir şeyi sənə xoş 
gəlməyəcək. Sən onu ürəyində məzəmmətləyəcəksən, bunda onun özünü 
günahkar hesab edəcəksən; və günlərin bir günü ən ciddi şəkildə fikirləşəcəksən 
ki, o, sənin dostun, nədəsə səninlə pis davranıb. Onunla növbəti dəfə görüşəndə 
isə sən ona qarşı soyuq və laqeyd olacaqsan. Çox təəssüf ki, bu, belə olacaq və 
gələcək dəyişkənliyə yalnız acı təəssüf etmək olar. Sənin mənə indi danışdıqların 
bilirsən nədir? Xalis roman! Belə də demək olar ki, incəsənət kökənli roman! Və 
insan öz əvvəlki həyat romanını yaşayandan sonra bayağılaşır və çox təəssüf ki, 
maraqsız adam olur. 
– Harri, sən Allah, belə demə! Mən bütün həyatım boyu Dorianın əsiriyəm! Sən 
məni başa düşə bilməzsən; axı sabit adam deyilsən! 
– Eh, əziz Bazil, elə buna görə də mən sənin hisslərini daha yaxşı anlamağa 
qadirəm. Sevgiyə sədaqətli olan adamlar onun yalnız bayağı varlığıyla ilgilənirlər. 
Sevginin faciəsini isə xəyanət edənlər anlayırlar. 
Lord Henri zərif, gümüşü siqar qutusunu çıxartdı, papiros yandırıb özündənrazı 
və məmnun bir görkəm aldı; o, sanki, bütün həyat fəlsəfəsini bircə ifadəyə 
yerləşdirmişdi. 
İşıldayan yaşıl sarmaşıq yarpaqları üstündə sərçələr dolaşır, civildəşir, buludların 
mavi kölgələri sürətlə uçuşan qaranquş dəstələrinin kölgəsi kimi otların üstündə 
qaçırdı. Bağçada həyat necə də gözəl idi! “Adamların hissləri onların 
düşüncələrindən daha maraqlı görünür!” Hər halda, bu, Henriyə belə gəlirdi. 
Henri düşünürdü ki, həyatda ən önəmli iki şey var – sənin qəlbin və dostlarının 
ehtirasları! 
O, xəlvəti bir məmnunluqla yadına saldı ki, Bazil Holvardın yanında ləngidi və 
bununla da öz xalasının dəvət etdiyi darıxdırıcı səhər yeməyi mərasimini 
unutmuşdur. Yəqin ki, indi onun xalasının stolu ətrafında bu gün lord Qudbodi 
oturub; və bütün söhbətlər o barədə gedir ki, kasıblar üçün nümunəvi yeməkxana 
və yataqxanalar açmaq lazımdır. Hər kəs öz xeyriyyəçilərini tərifləyir, halbuki 
onlar boş-boş guruldamaqdan başqa heç nə etmirlər; varlılar qənaətcilliyi təşviq 


edir, əllərindən heç bir iş gəlməyən adamlar da əməyin şərəfli olduğundan ağız 
dolusu danışırlar. Nə yaxşı oldu ki, o, bu darıxdırıcı ziyafətə getmədi! Lord Henri 
xalası barədə düşünərkən nəsə xatırladı və üzünü Holvarda tutub dedi: 
– Əziz dostum, yadıma bir şey düşdü... 
– Nə? 
– İndicə xatırladım... Dorian Qreyin adını harada eşitdiyimi... 
– Harada eşitmisən? – Bazil qaşlarını çatdı. 
– Mənə elə baxma, Bazil! Xalam Aqatagildə eşitmişəm... O deyirdi ki, bir cavan 
oğlan tapıb, guya, o da söz verib ki, İst Enddə1 xalama kömək edəcək. Gəncin adı 
da Dorian Qreydir. Amma deyim ki, o, mənimlə söhbətdə bir dəfə də Dorianın 
gözəl olduğunu demədi. Qadınlar – hər halda, səxavətli və xeyirxah qadınlar – 
gözəlliyə bir o qədər əhəmiyyət vermirlər. Xalam ancaq onu dedi ki, bu oğlan 
ciddi adamdır, xeyirxah ürəyi var; mən də dərhal təsəvvür etdim ki, bu adam 
eynəklidir, düz saçları, çil-çil bədəni və iri ayaqları var. Heyif, onda bilməmişəm 
ki, həmin Dorian sənin dostundur. 
– Harri, elə mən də sevinirəm ki, sən bunu bilməmisən. 
– Niyə belə deyirsən? 
– İstəmirəm ki, siz tanış olasınız. 
– Necə? İstəmirsən biz tanış olaq? 
– Yox, istəmirəm! 
Bu vaxt nökər bağçaya girib: 
– Ser, mister Dorian Qrey gəlib, – bildirdi. 
– Bax belə... yaxşı oldu, sən məni elə indicə onunla tanış etməlisən... – Henri 
gülə-gülə dedi. 
 
Rəssam nökərə sarı dönüb dedi: 
– Parker, xahiş edin ki, mister Qrey bir qədər gözləsin. Bu saat gəlirəm... 
Nökər təzim edib çıxdı; Holvard lord Henriyə dedi: 
– Dorian Qrey mənim ən yaxşı dostumdur; onun təmiz qəlbi, işıqlı ürəyi var. 
Sənin xalan düz deyib. Bax, Harri, onu korlama! Ona təsir eləməyi ağlına da 
gətirmə! Sənin ona təsirin pis nəticə verə bilər. Dünya genişdir, o qədər maraqlı 
adamlar var ki orada! Mənim yeganə sevimli dostumu əlimdən alma; o, mənim 
sənətimin ilhamverici mənbəyidir. Mənim rəssam kimi gələcək həyatım ondan 
asılıdır. Yadda saxla, Harri, mən sənin vicdanlı olmağına inanıram! 
O, asta-asta danışırdı; adama elə gəlirdi ki, sözlər qeyri-ixtiyarı onun ağzından 
süzülüb gəlir; o heç özü də bilmirdi nə danışırdı. 
– Nə boş-boş danışırsan? – lord Henri gülə-gülə dostunun sözünü kəsdi və Bazilin 
əlindən tutub onu evə dartdı. 
 
İKİNCİ FƏSİL 


 
Dorian Qrey emalatxanada royalın arxa tərəfində oturmuşdu, onları görmürdü və 
Şumanın “Meşə mənzərələri” albomunu vərəqləyirdi. 
– Bazil, bunu mənə bir neçə günlüyə verin! – o, ucadan səsləndi. – Mən bunları 
öyrənmək istəyirəm! Əla şeylərdir! 
– Verərəm, amma siz gərək bu gün yaxşı pozada1 durasınız! 
– Eh, mən oturmaqdan təngə gəlmişəm; bilirsiniz, mən öz rəsmimin natural 
formasını heç istəmirəm! – Dorian şıltaqcasına geriyə döndü və Lord Henrini 
görən kimi bir anlıq yanaqları qızardı və tələsik ayağa durdu. 
– Bazil, üzr istəyirəm! Bilmirdim ki, sizin qonağınız var! 
– Dorian, tanış olun, lord Henri Vottondur! Oksfordda bir yerdə oxumuşuq... Elə 
indicə ona deyirdim ki, siz yaxşı, sözəbaxan pozaçısınız, amma işləri korladınız... 
– Mister Qrey, sizinlə tanış olmaq məmnuniyyətinin işlərin korlanmasına heç də 
dəxli yoxdur, – lord Henri dərhal dilləndi və yaxına gəlib əlini Doriana uzatdı. – 
Mən sizin barənizdə xalamdan çox eşitmişəm, siz onun sevimlisisiniz... və 
qorxuram ki.... onun qurbanlarından biri olasınız... – əlavə etdi.   
– Oyy, mən indi ledi Aqatanın qara kitabına düşmüşəm, – Dorian uşaq 
sadəlövhlüyü ilə Henriyə baxdı. – Ona söz vermişdim ki, ötən çərşənbə axşamı 
onunla birgə Vaytçapel klubuna gedək; unutdum... Biz onunla duet çalmalıydıq 
orada, üç duet... Bilmirəm indi nə olacaq? Onun gözünə görünməkdən 
çəkinirəm... Görəsən, məni necə qarşılayacaq?! 
– Eybi yox, mən sizi barışdıraram. Aqata xala sizi çox sevir və sizin onunla 
birlikdə konsertdə çıxış etməməyiniz də, məncə, bir elə vacib deyil. Yəqin, 
tamaşaçılar düşünüb ki, elə duet çalınır; axı Aqata xala çalanda adam elə bilir iki 
nəfər çalır... 
Dorian gülümsədi. 
– Mən tərəfdən heç də yaxşı olmadı, – dedi. – Bu, əlbəttə, ledi Aqata üçün də 
pisdir... 
Lord Henri baxışlarıyla Dorianı süzdü. Bəli, o, doğrudan da, qəşəng, yaraşıqlı 
cavan idi; incə büküşlü al dodaqları, aydın mavi gözləri və qıvrım qızılı saçları 
vardı. Onun üzündə nəsə bir sehr vardı ki, adam dərhal ona inanmaq, etibar etmək 
istəyirdi; orada gəncliyin bütün səmimiyyəti və paklığı, məsumiyyət çoşqunluğu 
vardı. Ona baxan adama elə gəlirdi ki, həyat hələ bu gəncin təmiz qəlbini çirkaba 
bulaşdırmayıb. Bazil Holvardın onu ilahiləşdirməsi təsadüfi deyilmiş! 
– Sizin kimi gözəl bir gəncin xeyriyyəçiliklə məşğul olması mümkündürmü? 
Xeyr, mister Qrey, məncə, mümkün olan iş deyil! Siz belə bir iş üçün çox 
zərifsiniz! – lord Henri portsiqarını çıxarıb divanda əyləşdi. 
Rəssam taxta parçası üstündə boyaları qarışdırır, fırçasını hazırlayırdı; onun 
üzündə narahatlıq vardı və lord Henrinin sonuncu eyhamlarını eşidən kimi dönüb 
ona baxdı və bir anlıq tərəddüddən sonra dedi: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə